Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yeni Kaledoniyada Fransaya qarşı azadlıq cəbhəsi

Yeni Kaledoniyada Fransaya qarşı azadlıq cəbhəsi

21.09.2024 [08:15]

Tarixi ənənələri olan Fransa bu gün ziddiyyətlər içindədir. Makron hakimiyyəti ölkəni böhranla üz-üzə qoyub. Artıq uzun müddətdir ki, ölkədə hökumət böhranı yaşanır. Elə bu günlərdə Makron özünün təyin etdiyi baş nazir Mişel Barnyenin yeni hökumət üçün təklif etdiyi nazirlərin ilkin siyahısını təsdiq etməyib. Bu, yeni hökumətə etimadsızlığın bariz nümunəsidir.

Daxili ziddiyyətlər fonunda Yelisey Sarayının xarici siyasətdə də uğursuzluqlara düçar olduğu xüsusi diqqət çəkir. O cümlədən Makronun Afrikada, dənizaşırı ərazilərdə daha mürtəce kolonalizm siyasəti aparması müstəmləkə ölkələrində kəskin etirazlarla qarşılanır. Həmin ölkələr rəsmi Parisin diskriminasiya və sümürmə siyasəti ilə barışmayaraq tam müstəqilliyə nail olmaq istəyirlər.

Qanlı tarix təkrarlanır

Yeni Kaledoniyanın yerli kanak xalqı artıq bir neçə aydır ki, rəsmi Parisin yeni “konstitusiya islahatları” aparmaq planlarına qarşı ayağa qalxıb. Vəziyyət getdikcə daha kritik hal alır. Fransa Silahlı qüvvələri sentyabrın 19-da yenidən Yeni Kaledoniyada dinc nümayişçilərə qarşı odlu silahlardan istifadə ediblər. İki mülki şəxs güllələnib ki, onlardan biri ölüb, digəri ağır yaralanıb. Bu barədə Fransa hökumətinin güc tətbiqinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsinin (FLNKS) yaydığı bəyanatda bildirilir. Bəyanatda qeyd olunub ki, Fransa idarəçiliyinə qarşı Martinikdə də etirazlar başlayıb: “Fransa hökuməti Yeni Kaledoniyada olduğu kimi Martinikdə də komendant saatı tətbiq edib. Dinc etirazçılara qarşı təhlükəsizlik qüvvələri aşırı güc tətbiq ediblər”.

Yelisey Sarayının daim Fransanı dünyaya demokratik dəyərlərə sadiq qalan ölkə kimi təqdim etdiyi hər kəsə bəllidir. Rəsmi Paris bir qayda olaraq qardaşlıq, bərabərlik, humanizm kimi ali dəyərlərin təşviqinə çalışdığını bildirir. Ancaq müstəmləkə ölkələrində, o cümlədən də Yeni Kaledoniyada yaşanan insanlıq faciəsi bir daha təsdiqləyir ki, Yelisey Sarayının bəyan etdiyi dəyərlər yalnız şüardır, söz yığınıdır, reallıqda isə Makron hökuməti bu dəyərlərə birdəfəlik arxa çevirib. Yeni Kaledoniyada etiraz aksiyalarını zor gücünə dağıdan, yerli əhalinin azadlıq istəyinə anlayış göstərməyən Fransanı demokratik ölkə adlandırmaq əsla mümkün deyil. Burada dinc sakinlərin sərbəst toplaşmaq hüququnun polis dəyənəyi ilə əllərindən alınması Yelisey Sarayının iç üzünü bütün dünyaya nümayiş etdirir. Bəyanatda bildirldiyi kimi, kanak xalqı üçün bu cümə axşamı matəm elan edilib: “Belə ki, Pyer Deklerkin üstü açılmamış qətlindən 43 il sonra və Viktor əməliyyatından 36 il sonra tarix təkrarlanır. FLNKS bu səhər Mont Dore kommunası olan Sent-Lui qəbiləsinə aid ərazidə iki gənc kanakın hüquq-mühafizə orqanları tərəfindən güllələnməsi ilə əlaqədar olaraq baş vermiş faciəli hadisəyə görə dərin qəzəb və kədərini bildirir.

FLNKS sözügedən gənclərdən birini öldürməyə çəkinməyən hüquq-mühafizə orqanlarının istifadə etdiyi barbar və alçaldıcı üsulları pisləyir. Bu ölümlərin sayı 2024-cü ilin may ayından bəri getdikcə artır. Artıq ikisi jandarm olmaqla 13 nəfər həyatını itirib. Biz ölkəmizin cənubunda, xüsusən də militarizasiya və təzyiqin olduğu Sent-Luis qəsəbəsində hərbi müdaxilələrin dərhal dayandırılmasını tələb edirik”, - deyə bəyanatda vurğulanıb.

Yayılan bəyanatdan məlum olur ki, Fransanın siyasi rəhbərliyi müstəmləkə ölkələrində Parisin mütləq hakimiyyətini bərqərar etməyə çalışır. Yerlərdən gələn təşəbbüslər, dialoq təklifləri əsla qəbul olunmur. Bunun təsdiqi olaraq sənəddə oxuyuruq: “FLNKS-in 30 avqust - 1 sentyabr 2024-cü il tarixlərində baş tutmuş son qurultayından sonra Kumak Paqu Kommunasında vəziyyətin yumşalmasının şahidi olduq. Belə ki, bütün ərazi üzrə blokadalar tədricən qaldırıldı. Yalnız Sent Luisdə vəziyyət qeyri-stabil olaraq qalırdı.

Məhz bu məqsədlə azadlıq cəbhəsi FLNKS, CCAT (Ərazilərin Kooridinasiyası Şəbəkəsi) və Sent-Luis əhalisi arasında Konqresinin qərarlarını çatdırmaq üçün sentyabrın 8-də görüş təşkil etdi. Sonrakı günlərdə böhranın qan tökülmədən həll edilməsi məqsədilə qəsəbədə başçılarla Ali Komissiya arasında digər görüşlər də təşkil edildi. Lakin dövlət (Fransa) Ali Komissarlıq və Prokuror olan yerli nümayəndələri vasitəsilə (biz onların repatriasiyasını dəfələrlə tələb etmişik), ektremist sağçıların təsirilə ancaq kanakları öldürməyə qərar veriblər”.

Bu sətirlərdə Makronun necə “humanist” və “demokratik” ruhlu bir siyasətçi olduğu aşkar şəkildə üzə çıxır. Burada əlavə şərhə ehtiyac yoxdur. Fransa prezidentinə sual ünvanlamaq istərdik: Niyə Yelisey Sarayı Parisdən təxminən 20 min kilometr uzaq bir məsafədə yerləşən Yeni Kaledoniyanın daxili işlərinə qarşır, burada seçki “islahatları” yolu ilə yerli kanak xalqını assimilyasiyaya uğratmağa, onların hüquqlarını məhdudlaşdırmağa çalışır? Bəs təmtəraqla bəyan olunan dəyərlər harada qaldı?

Müstəqillik uğrunda son və qəti mübarizə

Təxminən 250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb.

Fransız missionerlərinin adaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.

Yeni “konstitusiya islahatları”na qarşı başlayan hərəkat azadlıq mübarizəsində yeni mərhələdir. Bu son mübarizədə yerli əhalidən qətiyyət və həmrəylik tələb olunur. Geri çəkilmək bütöv bir xalqın sonunu gətirə bilər. FLNKS bütün əhalini ağrılara və təxribatlara baxmayaraq, zorakılığa təslim olmamağa çağırıb. “Bu gün həmişəkindən daha çox sülh və ədalət üçün, ölkəmizin sabitliyinin qorunması naminə fəaliyyətlərimizə davam etməliyik”, - deyə sənəddə vurğulanıb.

Məlumdur ki, Bakı Təşəbbüs Qrupu (BTQ) digər müstəmləkə ölkələri kimi, Yeni Kaledoniyanın da azadlqı mübarizəsinə dəstək verir. Məhz BTQ-nun fəallığı sayəsində rəsmi Parisin Yeni Kaledoniyanı informasiya blokkadasına almaq cəhdi iflasa uğrayıb. Yerli kanak xalqının harayı BTQ platforması üzərindən bütün dünyaya çatdırılır. Ancaq Yelisey Srayının nümayiş etdirdiyi mühafizəkarlığa qarşı beynəlxalq həmrəylik daha da gücləndirlməlidir. Bəyanatda həmçinin beynəlxalq birliyə kömək üçün çağırış edilib. Sənəddə oxuyuruq: “Yeni Kaledoniyadakı vəziyyətin ciddiliyini nəzərə alınması üçün biz Fransaya və beynəlxalq ictimaiyyətə müraciət edirik. Biz əməliyyatların şəffaflığına zəmanət vermək və dialoqun bərpasına kömək etmək üçün bir daha beynəlxalq müşahidəçilərin göndərilməsini xahiş edirik. Numea sazişində götürülmüş öhdəliklərə uyğun olaraq kanak xalqının tam suverenlik istəklərinə cavab vermək üçün ölkəmizin institusional və siyasi gələcəyi ilə bağlı danışıqları yenidən başlamaq vacibliyini ifadə edirik”.

MÜBARİZ

Paylaş:
Baxılıb: 386 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30