Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tarixi ədalətsizliyin ən böyük qurbanı - Haiti

Tarixi ədalətsizliyin ən böyük qurbanı - Haiti

28.09.2024 [09:14]

Parisin müstəmləkəçilik siyasəti BMT tribunasından ifşa olunub

Fransanın təxminən 500 illik tarixə malik müstəmləkəçilik siyasəti özünün son dərəcə mürtəce və istismarçı mahiyyəti ilə fərqlənir. Bu ölkə müxtəlif yollarla nəzarəti altına keçirdiyi Afrika və dənizaşırı ərazilərə yaxşı heç nə gətirməyib, əvəzində yerli xalqları assimilyasiyaya məruz qoyub, yeni-yeni iqtisadi təzyiq vasitələri tətbiq etməklə koloniyalarının rəsmi Parisdən asılılığını artırıb və beləliklə də, sümürmə siyasətini daha da sərtləşdirməyə nail olub. Yelisey Sarayı ölkəsinin müstəmləkəçilik siyasətinin bu kimi eybəcər gerçəkliklərini gizlətməyə çalışsa da, üzqarası sayılan faktlar gec-tez üzə çıxır. Fransanın ağır müstəmləkəçilik siyasəti növbəti dəfə BMT tribunasından ifşa olunub. Bu barədə Haiti Respublikasının Keçid Şurasının (CPT) prezidenti Edqar Löblan Fis BMT Təhlükəsizlik Şurasının 79-cu sessiyasındakı çıxışında danışıb.

Ləyaqətli mübarizəyə görə cəza və yaxud tarixi ədalətsizliyin ən böyük qurbanı – Haiti

Haiti Respublikası Amerika qitəsində Karib dənizində yerləşən bir ada dövlətidir. Kubanın şərqində yerləşən Hispanyola adasını Dominikan Respublikası ilə paylaşır və adanın qərb hissəsindədir. Ərazisi 27750 km2 olan ölkənin əhalisi 10 milyondur, paytaxtı Port-o-Prins şəhəridir. Qədim fransız müstəmləkəsi olan Haiti, Şimali və Cənubi Amerikada Birləşmiş Ştatlardan sonra istiqlaliyyətini elan edən ikinci ölkədir.

Haiti bu gün Qərb yarımkürəsinin ən kasıb ölkəsi kimi tanınır ki, bu da bilavasitə Fransanın müstəmləkəçilik siyasətindən qaynaqlanır. Edqar Löblan Fis BMT tribunasında çıxışında dünyanın ilk müstəqil qaradərili ölkəsi olan Haitini həm də tarixi ədalətsizliyin ən böyük qurbanı kimi səciyyələndirib. Bu ədalətsizlik də onun inkişafını ləngitməklə bərabər, xalqını da çətin vəziyyətlə üz-üzə qoyub və bunun nəticələri hazırda da hiss olunur. “1825-ci ildə qəhrəmancasına mübarizə yolu ilə azadlığını qazandıqdan 21 il sonra Haiti müstəqilliyinin tanınması müqabilində müstəmləkəçi ölkə Fransaya böyük məbləğdə borc ödəməyə məcbur oldu. Təhdid altında qoyulan bu fidyə gənc dövlətin resurslarını tükəndirdi və onu hələ də xilas olmaq üçün mübarizə apardığı səfalət dövrünə qərq etdi. Bu borc Haiti xalqının köləlik zəncirindən qurtulmaq və ölkənin mövcudluğunu qoruyub saxlamaq üçün ləyaqətli mübarizəyə görə bir növ cəza idi. Bu, Haitinin qaradərili xalqının iqtisadi və sosial potensialını nəsillər boyu boğan ədalətsiz cəza idi”, - deyə Haiti Respublikasının Keçid Şurasının (CPT) prezidenti bəyan edib.

Lakin Yelisey Sarayının sərt cəzaları Haiti xalqının azadlıq, müstəqillik əzmini qıra bilməyib. Bunu yüksək tribunadan diqqətə çatdıran Edqar Löblan Fis bildirib ki, Haiti xalqı üzləşdiyi ağır sınaqlara baxmayaraq, ümidsizliyə qapılmayıb. Dağıdıcı zorakılıq, davamlı siyasi qeyri-sabitlik, ümumi təhlükə və səfalət kimi görünməmiş irimiqyaslı çağırışlar onun zəkasını və fəaliyyət qabiliyyətini sınağa çəkdi. Belə qarışıq, təlatümlü mühitdə Haiti həlledici qərar qəbul edərək, cəsarət nümayiş etdirməli olduğunu anladı – bu, dərin fikir ayrılıqlarına baxmayaraq, birlikdə ayağa qalxmaq və uzun müddətdir əziyyət çəkdiyi hərtərəfli böhranın həllinə doğru inamla irəliləmək üçün birləşməkdən ibarət idi. Və bu, baş verdi.

Müstəqilliyi pulla satan Fransa

Özünü saxta demokratiya libasına bürüyən Yelisey Sarayı istisnasız olaraq tabeliyindəki bütün müstəmləkələrində istismarın ən qəddar vasitələrinə əl atıb. Zaman-zaman rəsmi Parisin siyasi qərarları əsasında Əlcəzairdə, Ruandada soyqırımları törədilib, Martinikada saxta referendumlarla yerli xalqın azadlıq mübarizəsi boğulub. Bu gün eyni ssenarilər Yeni Kaledoniyada bədnam “konstitusiya islahatları” adı altında davam etdirilir. Siyahı çox uzundur. Haiti də istisnalıq təşkil etmir. Ağır fidyələr ölkənin inkişafına, xalqın sosial durumuna mənfi təsir göstərir. Prezident E.Löblan Fis qeyd edib ki, Haitidə təhlükəsizliyin dərhal bərpası və böyük humanitar ehtiyaclara cavab verilməsi səylərinə həmişəkindən daha çox diqqət yetirildiyi bugünkü kontekstdə Assambleyanın diqqətini müstəmləkəçilik keçmişinin nəticələrinə və fidyələrə cəlb etmək vacibdir. Haitinin inkişafına böyük təhlükə yaradan bu fidyələr Fransaya ödənilir. Müstəqilliyini od-alov və qanla əldə edən Haiti müstəqilliyinin əvəzini hələ də ödəyən yeganə ölkədir.

İndi dünya dəyişib. XXI əsrdə müstəmləkəçiliyin bütün təzahürlərinə son qoyulmalıdır. Sivil dünyada bir ölkənin, bir xalqın başqa bir dövlətin və yaxud xalqın üzərində istismarçılıq həyata keçirməyə haqqı yoxdur. Müstəmləkəçilik mühafizəkar keçmişin qalığıdır, bu gün üçün üzqarasıdır və ondan birdəfəlik imtina olunmalıdır. Dünyada ölkələr və xalqlar arasında bərabərlik, ədalət bəyanatlarda deyil, əməldə bərpa olunmalıdır.  “Dünya tarixində misli görünməmiş bu hadisənin iki yüz illiyi ərəfəsində verilən məbləğlərin geri qaytarılmasının vaxtı çatmayıbmı?”, - deyə Edqar Löblan Fis ritorik sualla Assambleya üzvlərinə müraciət edib.

Haiti Fransadan layiqli təzminat və prinsipial ədalət tələb edir

Yelisey Sarayı müstəmləkə ölkələrindən, o cümlədən də Haitidən aldığı fidyələrə görə üzr istəməli və təzminatlar ödəməlidir. Haiti təmsilçisi ölkəsinin Fransadan layiqli təzminat və prinsipial ədalət tələb etdiyini diqqətə çatdıraraq vurğulayıb:  “Bununla əlaqədar olaraq, ölkəm bəzi hökumətlərin, habelə Birləşmiş Millətlər Təşkilatının müəyyən qurumlarının keçmiş səhvlərin tanınması, bərpası və dəyən ziyanın qaytarılması məqsədilə konkret addımlar atmaq təkliflərini alqışlayıb. Haiti təməli xalqlar arasında bərabərlik uğrunda mübarizə və sülhün qorunması olan Birləşmiş Millətlər Təşkilatının, xüsusilə müstəmləkəçiliyin qurbanı olan ölkələr və keçmiş müstəmləkəçi dövlətlər arasında dialoqun asanlaşdırılması üçün müvafiq mexanizmlərin yaradılmasında öz rolunu oynayacağına qəti şəkildə əmindir”, - deyən prezident E.Löblan Fis ölkəsinin təbii resurslarının Fransa tərəfindən talanmasına son qoyulacağına inandığını bildirib. Diqqətə çatdırılıb ki, Baş Assambleyanın bu 79-cu sessiyasında Haiti, sadəcə, təzminat tələb etmir, həm də prinsipial ədalət məsələsini ortaya qoyur”.

“Biz mənəvi və tarixi borcun tanınmasını, xalqımızın bu ədalətsiz keçmişin görünməz zəncirlərindən xilas olmasına imkan verəcək ədalətli və layiqli təzminatların ödənilməsini tələb edirik”,-deyə Keçid Şurasının prezidenti qətiyyətlə bildirib. Qeyd edib ki, tarix xalqlara tək-tək deyil, güclərini birləşdirərək ümumi gələcəyin qurulması kimi qətiyyətli öhdəlik üçün ayağa qalxdığını öyrədib. Dünyada sarsılmaz azadlığın simvoluna çevrilmiş və bir neçə xalqın vəhşi müstəmləkəçilik boyunduruğundan xilas olmasına kömək edən Haiti xeyriyyəçilik deyil, ədalət, öz ləyaqətinə hörmət, ləyaqətli və firavan yaşamaq hüququ axtarır. Bu gün Haitinin qarşılaşdığı problemlər çox böyükdür, lakin onlar aradan qaldırıla bilər. Bu problemlər hamıdan ortaq baxış, ümumi insanlığı dərindən hiss etmək və böhranları yeniləşmə imkanlarına çevirmək əzmini tələb edir.

Böyük və ya kiçik, varlı, yaxud zəif olmasından asılı olmayaraq, hər bir xalqın, hər bir cəmiyyətin gələcəyi onun öz əlində olmalıdır. Fransa kimi böyük dövlətlər bu müstəsna hüququ onların əlindən almamalıdırlar. Burada beynəlxalq birlik, o cümlədən BMT kimi təsisatlar da öz təsirlərini göstərməlidirlər. Beynəlxalq birliyə xitab edən Haiti təmsilçisi “Qoy bu ümumi müzakirə sülhə, insan ləyaqətinə və davamlı inkişafa sarsılmaz sadiqliyimizi bir daha təsdiqlədiyimiz an olsun, çünki bu gün gördüyümüz işlər gələcək əsrlər boyu rezonans doğuracaq. Dövrümüzün çağırışlarına necə cavab verə bildiyimizi tarix mühakimə edəcək. Biz birlikdə həmrəylik və əməkdaşlıq ruhunda heç bir xalqın geridə qalmadığı bir gələcək qura bilərik və qurmalıyıq”, - deyə vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 363 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30