Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kiyev qələbə planına dəstək axtarışındadır

Kiyev qələbə planına dəstək axtarışındadır

29.10.2024 [08:37]

BMT TŞ Ukraynaya görə iclas keçirəcək

Ukrayna Prezidenti Volodimir Zelenski qələbə planını açıqladıqdan sonra beynəlxalq ictimaiyyətin, xüsusilə Qərb ölkələrinin bu plana dəstəyini almaq istəyir. Bu məqsədlə o, təxminən iki həftə vvəl Avropa ölkələrinə səfər etmişdi. Rəsmi Kiyev həmin plana hələ də kifayət qədər dəstək ala bilməyib.

Kiyev müraciət edib

Xatırladaq ki, qələbə planı beş bənddən və üç məxfi əlavədən ibarətdir. Zelenskinin sözlərinə görə, birinci bənd geosiyasi, ikinci və üçüncü bəndlər isə hərbi xarakter daşıyır. Dördüncü bənd iqtisadiyyata, beşinci bənd təhlükəsizlik məsələlərinə aiddir. O, bildirib ki, hər bir bənd müəyyən bir dövr üçün nəzərdə tutulub. Ukrayna Prezidenti diqqətə çatdırıb ki, ilk dörd bənd müharibə dövrünü əhatə edir və onun başa çatdırılmasını nəzərdə tutur. Beşinci bənd isə postmüharibə dövründə təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır.

Qərb ölkələrində planın təqdimatından sonra Ukrayna BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən İsveçrənin qurumdakı Daimi Nümayəndəliyindən bildirilib ki, oktyabrın 30-da Ukraynada sülh və təhlükəsizliyin qorunması üzrə iclas keçiriləcək. Ukrayna bunu ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya, Koreya Respublikası, Sloveniya və Maltanın dəstəyi ilə istəyib. Böyük ehtimalla Ukrayna həmin iclasda da qələbə planını təqdim edərək təşkilatdan dəstək istəyəcək. Amma BMT tərəfindən bu dəstəyin verilməsi real görünmür. İlk növbədə, Rusiyanın BMT TŞ-nın daimi üzvü olduğunu nəzərə alsaq, özünə qarşı olan bütün  sənədlərə veto qoyacaq.

Təşkilat daimi üzvlərin inhisarındadır

Qeyd edək ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə  uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Qurumun Təhlükəsizlik Şurasına  beş daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. Rusiya-Ukrayna müharibəsi fonunda bəzi Qərb dövlətləri tərəfindən Rusiyanın BMT TŞ-dan çıxarılması təklifləri də səslənirdi. Lakin bu, praktiki mümkün deyil. Təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Buna nümunə olaraq  Rusiyanın özü ilə bağlı sənədlərə qarşı veto hüququndan istifadə etməsini göstərmək olar. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin  rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur. Bütün bunları nəzərə alaraq, BMT TŞ-nın oktyabrın 30-da keçiriləcək iclasında Ukraynaya dəstək məqsədilə hansısa qərarın qəbul olunması mümkün görünmür.

İtirən Ukrayna, qazanan isə Qərbdir

Digər tərəfdən, Ukraynanın qələbə planında NATO-ya üzvlük məsələsi əsas yer tutur.   Zelenskinin sözlərinə görə, Rusiya onilliklər ərzində Avropadakı geosiyasi qeyri-müəyyənlikdən, yəni Ukraynanın NATO üzvü olmamasından istifadə edib: “İndi Ukraynanın NATO-ya dəvət edilməsi faktı sülh üçün həqiqətən də fundamental amil ola bilər. Biz başa düşürük ki, NATO-ya üzvlük bu günün deyil, gələcəyin işidir”. Onun fikrincə, dəvət qətiyyətdən başqa heç nə tələb etməyən güclü qərardır. “Buna görə də bu, qələbə planının başlanğıc nöqtəsidir və qətiyyətliliyin təsdiqidir. İndi qeyd-şərtsiz dəvət vacibdir. Bu, əminlikdir - tərəfdaşların Ukraynanın təhlükəsizlik arxitekturasındakı yerini əslində necə gördüyünün təzahürüdür”, - deyə Zelenski vurğulayıb. Lakin Ukrayna liderinin gözləntisinin əksinə olaraq, NATO Kiyevi alyansa dəvət etməyi düşünmür. Xüsusilə, ABŞ Ukraynanın indiki şəraitdə NATO-ya üzvlüyünü lazım bilmir. Qərb sadəcə, olaraq Kiyevə belə vədlər verməklə onu Rusiya ilə qarşıdurmaya təhrik etdi. Bu qarşıdurmadan zərər görən Ukrayna, qazanan isə Qərb ölkələridir. Çünki Rusiya-Ukrayna müharibəsi ilə başda ABŞ olmaqla Qərb ölkələri özlərinin geosiyasi maraqlarını həyata keçirirlər.

Belə bir şəraitdə BMT Təhlükəsizlik Şurasının iclasında Kiyev qələbə planına dəstək istəsə də, buna qarşı çıxanlar arasında Rusiya ilə yanaşı ABŞ da olacaq. Bütün bunların fonunda Təhlükəsizlik Şurasının iclası müzakirələrdən başqa irəli gedə bilməyəcək və Ukrayna ilə bağlı hansısa sənədin qəbulu istisna olunur.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30