Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cəzasız qalan polis zorakılığı ABŞ-da insanların yaşamaq hüququnun pozulduğunu göstərir

Cəzasız qalan polis zorakılığı ABŞ-da insanların yaşamaq hüququnun pozulduğunu göstərir

23.08.2014 [10:01]

ABŞ insan hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması sahələrində öz vəziyyətini yaxşılaşdırmayınca bu ölkədə Ferquson böhranına bənzər partlayışların daha kəskin şəkildə təkrarlanması qaçılmaz ola bilər
Məlum olduğu kimi, Birləşmiş Ştatlarda Sent Luis əyalətində qaradərili Maykl Braunun polis tərəfindən qətlinə etiraz mitinqləri hələ də davam edir. Xatırladaq ki, gərginliyin daha yüksək olduğu günlərdə nümayişçiləri dağıtmaq məqsədilə əyalətə və Ferquson küçələrinə ağır texnika yeridilmiş, etirazçılara qarşı gözyaşardıcı qaz, rezin güllələr, səs qumbaraları tətbiq edilmişdi. Etiraz aksiyalarında gərginliyin azalmasına baxmayaraq, nümayişçilərin saxlanması davam edir.
BRAUNU QƏTLƏ YETİRƏN POLİS MƏSULİYYƏTƏ CƏLB EDİLƏCƏKMİ?
Vurğulamaq yerinə düşər ki, Ferquson böhranı ABŞ ictimaiyyətində polis-vətəndaş münasibətləri və irqi məsələlərlə bağlı bir sıra problemlərə diqqəti cəlb edib. Bunlardan biri də polisin silahsız, dinc nümayişçilərin qarşısına həddən artıq silah-sursatla çıxmasıdır. Bu səbəbdən, zirehli maşınların və digər döyüş ləvazimatlarının polis bölmələrinə verilməsini nəzərdə tutan 1033 saylı proqram ciddi müzakirə obyektinə çevrilib. Bununla bağlı Massaçusets ştatından olan senatorlardan biri yerli polis bölmələrinin hərbiləşdirilməsinin müzakirəsi üçün gələn ay Senatda dinləmələr aparacağını vəd edib.
Bu arada, Maykl Braunun qətlindən narahat olanları düşündürən başlıca məqam məhkəmə prosedurunun ədalətlə aparılması və onu qətlə yetirən polis işçisi Daren Uilsonun məsuliyyətə cəlb edilməsidir. Lakin bir çoxları məsələni araşdırmalı olan Sent Luis əyalətinin baş müstəntiqi MakKalokun işi ləngitməsindən narazıdır. Bu səbəbdən də, müstəntiqin ofisinin qarşısına toplaşan etirazçılar onun prosesdən uzaqlaşdırılmasını tələb ediblər. Onlar iş üçün xüsusi müstəntiqin təyin olunmasını, məsələyə təxirə salınmadan məhkəmədə baxılmasını və azadlıqda dolaşan Daren Uilsonun dərhal həbs edilməsini istəyirlər.
Baş müstəntiq isə yerli ali məhkəmənin məsələyə oktyabr ayının ortalarınadək baxacağını, nə ilə nəticələnəcəyi bəlli olmayan federal təhqiqatın isə daha uzun vaxt tələb edəcəyini bildirib.
Lakin ABŞ ictimaiyyəti anlayır ki, silahsız gənci heç bir ciddi əsas olmadan qətlə yetirən polis işçisinin cəzalandırılması yaşadıqları “polis dövləti”ndə o qədər də asan olmayacaq. Yerli hüquq müdafiəçiləri qaradərili gənci öldürən Daren Uilsonun məsuliyyətə cəlb edilməsini çətinləşdirən faktor kimi, onun insan hüquqlarını qəsdən pozduğunu sübut etməyin çətinliyini göstərirlər. Məsələ ondadır ki, yerli qanunlara əsasən, polis səhvə yol verdiyinə, yaxud yanlış qərar qəbul etdiyinə görə, hətta əməli insan ölümünə səbəb olsa belə, məsuliyyət daşımır. Polis işçisini məsuliyyətə cəlb etməyin yeganə yolu onun məqsədli şəkildə, bilərəkdən zorakılığa əl atdığını sübuta yetirməkdir.
ABŞ MƏHKƏMƏLƏRİ POLİS ZORAKILIĞININ MÜDAFİƏÇİSİ ROLUNDA...
ABŞ-da polisin əli ilə törədilən çoxsaylı zorakılıq və qətl hadisələrinin nəticələri isə bunun çox nadir hallarda mümkün olduğunu göstərir. Adətən, polisin törətdiyi cinayət əməlinə görə hökmün çıxarılması uzun illərdən sonra baş verir, hökm isə çox zaman yüngül olur.
Digər hallarda isə qanun icraediciləri kifayət qədər ağlasığmaz qərarlar verirlər. Məsələn, 1999-cu ildə 4 nəfər ağdərili Nyu-York polisi silahsız afrikalı miqranta 41 dəfə atəş açaraq öldürüblər. 2000-ci ildə məhkəmə həmin polis işçilərinə bəraət qazandırıb. 2001-ci ildə federal müstəntiqlər “polislərin lazımsız güc tətbiq etməkdə xüsusi niyyətlərinin olduğuna dair yetərli dəlil olmadığı üçün” işə baxmaqdan imtina ediblər və polislər birdəfəlik məsuliyyətdən yaxa qurtarıblar.
Federal müstəntiqlər 2006-cı ildə Sen Bell adlı başqa bir qaradərilini öz toy günündə öldürən Nyu-York polisinə qarşı da ittiham irəli sürməkdən imtina ediblər. Son illərdə Kaliforniya, İlinoys, Ohayo və Vaşinqton ştatlarında bənzər qətllər törədən polis işçiləri də məsuliyyətə cəlb olunmayıblar.
Bu səbəbdən də, ABŞ-da insanların çoxu polisə etimad göstərmir, onların təhlükəsizliyini qorumalı olan bu şəxsləri təhlükə mənbəyi kimi görürlər.
ABŞ-ın QARADƏRİLİ VƏTƏNDAŞLARI ÖZLƏRİNƏ QARŞI İNSANİ MÜNASİBƏT TƏLƏB EDİRLƏR
Görünən odur ki, sadalanan qətl hadisələrində olduğu kimi, polisin Maykl Braun olayında da məsuliyyətdən kənarda qalacağı təqdirdə cəmiyyətin məsələyə sakit yanaşacağını, yaxud Trayvon Martini qətlə yetirən Corc Zimmermanın bəraət aldığı zamankı kimi zəif reaksiya verəcəyini gözləmək olmaz. Çünki yerli hüquq müdafiəçiləri, qaradərili fəallar Maykl Braun olayında ədalətin qələbə çalması üçün daha ardıcıl çalışmaq əzmindədirlər. Belə ki, Ümumdünya Afrika Xalqları Təşkilatının lideri Zaki Baruti bildirib ki, Ferqusonda son günlərin nisbi sakitliyi heç də insanların vəziyyətlə barışması anlamına gəlmir: “Tələblərimiz qarşılananadək vətəndaş itaətsizliyi daha da güclü şəkildə davam edəcək”.
“Reuters”in məlumatına görə isə, Ferqusonda bir qrup qaradərili gənc Braunu qətlə yetirən polis işçisi məsuliyyətə cəlb olunanadək şəhərdə davamlı sabitliyin mümkün olmayacağını bildirib. Şəhərin yaşlı qaradərili sakinlərindən biri isə deyib ki, ölkədə polis-vətəndaş münasibətlərinin nizamlanmasına ehtiyac var: “Əminəm ki, indiki dövrdə polis işçisi olmaq çətindir, lakin bizimlə qeyri-insan kimi davrana bilməzsiniz. Dəyişiklik vaxtı gəlib çatıb”.
ABŞ-da yeganə qaradərili qubernator olan Massaçusets ştatının rəhbəri Deval Patrik isə yerli mediaya müsahibəsində ölkədəki irqi ayrı-seçkilikdən təngə gəldiyini deyib: “Mən silahsız qaradərililərin polis tərəfindən güllələnməsindən, küçələrdəki qanunsuzluqdan bezmişəm. Hesab edirəm ki, hamı bundan yorulub. Bu vəziyyətin öhdəsindən nə vaxt gələcəyik? Ümid edirəm ki, Baş prokurorla birgə federal qanun icraediciləri məsələ ilə hərtərəfli məşğul olacaqlar və tezliklə bir qərar veriləcək. Lakin bu, çox çətin missiyadır və mən bunu təcrübədən bilirəm”.
Göründüyü kimi, başqalarından insan hüquqlarına hörmətlə yanaşmağı tələb edən ABŞ-da vətəndaşların ən təməl hüquqları pozulur. Təsadüfi deyil ki, vətəndaşların təməl haqqı olan yaşamaq hüququnu pozan, insan həyatının dəyərsizləşdiyini göstərən, xüsusən də irqi azlıqlara qarşı yönələn belə halların daim təkrarlanması ABŞ ictimaiyyətində narazılıq və qəzəb hissini artırır, insanların səbrini tükədir. Əminliklə demək olar ki, Ferquson böhranı da məhz polis özbaşınalığına və qanunsuzluğa, irqi ayrı-seçkiliyə qarşı yığılmış həddən artıq qəzəbdən doğan sosial partlayışdır və ABŞ insan hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması sahələrində öz vəziyyətini yaxşılaşdırmayınca bu cür partlayışların daha kəskin şəkildə təkrarlanması qaçılmaz ola bilər.
Hülya MƏmmƏdli

Paylaş:
Baxılıb: 1065 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30