Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Atalıq taxtından yıxılan kral

Atalıq taxtından yıxılan kral

19.07.2024 [11:02]

Vilyam Şekspirin “Kral Lir” faciəsi haqqında

Göründüyü kimi, kral Lirin nəzərində bir insanın təbiətin verdiyi doğub-törəmək qabiliyyətindən məhrum olması, bətninin quruması, soyunun kəsilməsi onun ən böyük bədbəxtliyi, fəlakətidir. Bundan da betər bədbəxtlik, fəlakət övladın nankor çıxmasıdır. Demək, nəsil instinkti kamına çatmayanda da, çatanda da, dünyaya övlad toxumları səpmək ehtirası bar verməyəndə də, verəndə də insanı bədbəxt eləyə bilər. Məşhur məsəldə deyildiyi kimi - cəhənnəmdə bir daş var, götürən də peşmandır, götürməyən də...

***

Reqana atasını böyük bacısından betər qarşılayır. Qonerilyanın əri hersoq Albanidən fərqli olaraq Kornuol hersoqu arvadından da qəddardır. O, Lirin elçisi Kentin ayaqlarını kündəyə vurdurur, krala sadiq Qlosterin gözlərini çıxardır. Bir sözlə, burada kral Lirlə böyük qızının evində olduğundan da pis davranırlar. Reqana onu layiqincə qarşılamağa hazır olmadığı bəhanəsiylə atasından yaxasını qurtarmağa çalışır, ona yüz cangüdənindən böyük bacısının tələb elədiyi kimi əllisini də yox, yalnız iyirmi beşini saxlamağı məsləhət görür.

Az sonra bacılar belə bir ortaq qərara gəlirlər: qocanın heç bir mühafizəçiyə ehtiyacı yoxdur. Bu səhnədə qoca Lirin ata hiddəti, üsyanı ərşə dirənir, kral Qonerilyaya üzünü tutub belə deyir:

...Ancaq sən yenə də mənim qızımsan,

Canımsan, qanımsan, ruhumsan mənim.

Nə deyim, bəlkə də mənim canımda

Yaranmış, kök atmış bir xəstəliksən.

Bəlkə törəmisən xarab qanımdan,

Çirk etmiş çibansan, qorxulu şişsən,

Hovlamış yarasan, irinli fırsan...

Beləcə, canını, malını verdiyi iki qızının dönüklüyünü görəndən sonra kral Lirin doğmalıq, qohumluq bağlarına, ata-bala münasibətinə, nəsil instinktinə heç bir etimadı qalmır, övladı mərəzə, çirkə, çibana, irinə bənzədir (Atalarımız da pis deməyib: “Övlad can yonqarıdır”). Qızlarının əlindən ölümcül yara alan qoca havalanıb çöllərə düşür. Ölümün astanasında onun bütün həyatı boyu bəslədiyi xəyallar çiliklənir, illüziyaları puça çıxır.

Bəli, bütün canlılartək insanın da döl verib artmaq, balasını boya-başa çatdırmaq, öz nəslinin qayğısına qalmaq kimi təbii haqqı, vəzifəsi var; fəqət heyvandan, quşdan, həşəratdan fərqli olaraq insan gərək övladına, valideyninə mənəvi tellərlə də bağlana bilsin, yoxsa heyvani münasibətdən uzağa getməyən valideyn-övlad ittifaqı bütün saxta birliklər kimi gec-tez iflasa uğrayar. Kral Lirin qızlarına bağlılığı mənəvi yox, öz eqosunu doyurmağa hesablanmış instinktiv bağlılıqdır, onun övlad heyranlığı ruhani məhəbbət deyil, vücudunu yer üzündə yaşatmağa yönəlmiş (hərçənd patriarxal cəmiyyətin qanunlarından çıxış eləsək, nəsli oğlan yaşadar, Lirinsə oğlu yoxdur) cismani-bioloji istəkdir. Bu səbəbdən böyük qızları onunla heyvanat aləmində olduğu kimi davranırlar - atalarından paylarını alıb azadlığa çıxandan sonra onu qəddarcasına unudurlar.

***

Kent yağışlı-tufanlı çöllükdə Liri tapıb havalanmış kralı bir komaya aparır. Buraya evsiz-eşiksiz, ac-susuz zavallılar, yaşadığı cəmiyyətdən, ailəsindən çıxdaş olunmuş xəstələr, dəlilər, yiyəsizlər toplaşıblar. Sərt təbiətin amansız qoynunda onlar həyatın maskasız-niqabsız gerçək simasıdırlar. Hələ dünən kral taxtında oturub hökm verən Lir indi adam sifətindən çıxmış bu adamlarla bir uçuq komanı bölüşür. Yalnız burada - həyatın dibində yoxsulların çəkdiyi əzabları yaşamaq ona nəsib olur. Bu əzabları çəkdikcə onun hovlamış qürurunun köpü yatır.

Tom adı altında gizlənib özünü dəliliyə vurmuş Edqar da onların arasındadır. Gözləri çıxarılmış Qloster didərgin oğluyla çiyin-çiyinə səfillər ordusunun sıralarında sürünəndə həqiqət ona əyan olur, Edmundun onu aldatdığını, qardaşını şərlədiyini, ümumən ölkədə baş verən fəlakətlərin mərkəzində durduğunu anlayır. Edmund kral Lirin hər iki qızıyla şıdırğı alverə girəndə, mənsəb, hakimiyyət üçün həm əri öldürülmüş Reqana, həm də ərinin qanına susamış, ona ərinin qətlini sifariş vermiş Qonerilya ilə evlənmək əhdi bağlayanda zavallı Edqar kor atasının əlindən tutub səhrada ona bələdçilik eləyir.

Hər bir instinktin, emosiyanın, ehtirasın iki qütbü, iki başı var. Qlosterin övlad instinktinin də iki başından biri Edqar, o biri Edmunddur - biri yaşadır, o biri öldürür; biri müsbət, o biri mənfi emosiyadır; biri yaşamaq ehtirasının, o biri ölüm qorxusunun təcəssümüdür.

Eynən kralın da törəmə ehtirasının müsbət qütbündə gündüz kimi həyat paylayan Kordeliya, mənfi qütbündə gecə kimi ölüm saçan Qonerilya-Reqana bacıları keşik çəkir. Hər iki atanı övladlarına bağlayan nəsil instinktlərinin mənfi qütbləri bir-biriylə çox asanca dil tapır - cüt bacılar Edmundun rəğbətini qazanmaq uğrunda ölüm-dirim yarışına girirlər. Müsbət qütblərinsə hərəsi bir diyarda didərgin ömrü yaşayır - Edqar məcburi sürgündə, Kordeliya könüllü sürgündə. Yaxşıları bir araya gətirmək həmişəki kimi çətindir. Doğrudur, son məqamda xain Edmundu yenə də itaətkar övlad Edqar aradan götürür, ancaq bu nikbin sonluğun bütövlükdə faciəvi aqibəti dəyişməyə heç bir təsiri olmur.

***

Bacıların rəqabəti onunla nəticələnir ki, Qonerilya Reqananı zəhərləyir. Bu da onlar üçün təbii sonluqdur, çünki şər məqsədlər uğrunda ittifaqa girənlər, şər müstəvisində birləşənlər gec-tez bir-birini yeməyə məhkumdurlar. Qonerilyanın özünü öldürməsi də çox təbiidir, çünki hər bir aqressiv niyyət, təcavüzkar instinkt ikibaşlı xəncər kimidir - bir ucu başqasını, o biri ucu insanın özünü kəsər.

Kordeliya son anda atasının harayına yetsə də, onu müşayiət eləyən fransız ordusu məğlubiyyətə uğrayır. Bununla belə, kiçik qız ölüm ayağında olan atasına azacıq təskinlik verməyə, atası da ondan üzr diləməyə macal tapır. İntəhası, kralın bu gecikmiş xoşbəxtliyi də uzun sürmür, Edmundun göstərişiylə qətlə yetirilmiş Kordeliyanın ipdən asılı cəsədi qocaya fələyin, həmin o yaradıcı, doğucu təbiətin sonuncu zərbəsi olur. Pisliklə birgə yaxşılıq da qara torpağa gömülür, ana təbiət verdiklərini rəhmsizcəsinə geri alır. Fitnə-fəsad dəyirmanı Edmundu da dişli təkərinin altında qoyan zalım fələk insaflı hersoq Albaninin, mərhəmətli Edqarın timsalında bəşər nəslinin gələcəyinə optimist baxmaq üçün pessimizm girdabında çabalayan oxucuya xırdaca bir şans verir.

***

Kral Lir nəyin cəzasını çəkir, onun günahı nədir? Yalnız təkəbbürün, qürurun, özünəvurğunluğun, ərköyünlüyün müqabilində bunca ağır cəza həddindən artıq çoxdur. Bəs onda nə?

Məsələ burasındadır ki, Şekspirin qalan məşhur faciələri kimi bu pyesi də didaktik poema, nəsihətamiz pritça deyil. Şekspir resept vermir, resepti onun yazdıqlarından biz özümüz hasil eləyə bilərik.

Mənə qalsa, dahi dramaturq insanı hər cür ehtirasdan xali dinc həyata, stoiklərin apatiya, epikürçülərin ataraksiya, buddistlərin nirvana dediyi bir ruhani mərtəbəyə, mənəviyyat qatına çağırır. Şahzadə Hamlet çiynində ata yükü gəzdirirdisə, kral Lir kürəyində üç övladının cəsədini daşıyır. Hər iki hal insanın ayrıca fərd olmasına, müstəqil şəxsiyyət kimi formalaşmasına ölümcül əngəl törədir.

Əgər kral Lir də Əyyub peyğəmbər kimi mömin həyat sürsəydi, ya imperator Mark Avreli kimi müdriklik mərtəbəsinə qalxa bilsəydi, nə özünün, nə də övladlarının faciəsinə səbəb olardı. Onun faciəsi instinktlərə, heyvani-cismani bağlara həddindən artıq etimad bəsləməsindən doğur. Bioloji övlad həm də mənəvi övlada çevrilmirsə, gec-tez mütləq ona həyat verənin qəniminə çevriləcək.

F.Uğurlu

P.S. Mətndən sitat gətirdiyimiz parçalar mərhum tərcüməçi Sabir Mustafanın çevirməsindən götürülüb.

Davamı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30