Düşmənlərin əbədi izdivacı
28.02.2025 [08:59]
Qustav Floberin “Salambo” romanı haqqında
Əvvəli ötən saylarımızda...
Savaş bundan sonra da səngimir. Tanitin duvağı respublikaya qaytarılsa da, qiyamçılar yenidən Karfageni mühasirəyə alırlar. Spendi şəhərin su təchizatı sistemini dağıdır, bundan sonra Karfagenə vəba epidemiyası yayılır. Ağsaqqallar adət üzrə savaş tanrısı Moloxa dövlətli balalarından təcili qurban verilməsinin vacib olduğunu bildirirlər. Hamilkarın on yaşlı oğlu Hannibala növbə çatanda atası onu gizlədib yerinə qullarından birinin uşağını verir, sonra da yalandan yas saxlayıb kədərə qərq olur. Tanrı Moloxun çağırışından yayındırılan bu uşaq məktəblilərin qədim dünya tarixi dərsliklərindən tanıdığı həmin o Pun müharibəsinin məşhur qəhrəmanı Hannibaldır.
Molox qurbanları qəbul eləyir, ayindən dərhal sonra Karfagenə yağış yağır. Nar Havas şəhərə ərzaq keçirə bilir. Üstəlik, barbarların qələbəsindən çəkinən Roma, Sirakuz kimi dövlətlər də düşmən ölkənin tərəfini saxlamağa məcbur qalırlar. Nəhayət, qiyamçılar ağır məğlubiyyətə uğrayırlar. Onların düşərgəsində aclıq başlanır, sağ qalanlar ölənlərin ətini yeyirlər. Spendi həlak olur, Mato öz dəstəsiylə şiddətli müqavimət göstərməsinə baxmayaraq əsir düşür, Nar Havas toru onun başına öz əliylə keçirir. İnadkar döyüşçünün edamı Salambonun toyu gününə salınır. Edamdan qabaq Matonu şəhərin küçələriylə qolubağlı gəzdirirlər ki, hər kəs ona istədiyi şəkildə xətər yetirə bilsin. Əzabın, işgəncənin müddəti uzansın deyə məhkumun gözünü çıxarmaq, ürəyindən vurmaq qadağan olunur.
Gəlinlik donu geyinmiş Salambo bir zaman muzdlu qoşuna ziyafət verilən bağdan bu mənzərəni görəndə igid Mato özü boyda qan yumağına dönmüş olur. Didik canı caynaq-caynaq yağmalanan Matonun sona yalnız gözləri diri qalır, qanına bələnmiş cəngavər həmin diri gözlərini Salamboya dikib durur. Qız yalnız indi anlayır ki, bu oğlan ondan ötrü nə qədər cəfa çəkib. Çadırında Matonun ona necə nəvaziş göstərdiyini, ona sevgi dolu sözlər pıçıldadığını xatırlayır. Bu vaxt amansız işgəncələr altında son damla gücünü də itirən Mato yıxılıb canını tapşırır. Öz qələbəsindən məst olan Nar Havas ayağa qalxıb Salambonu qucaqlayır, şadyanalıq eləyən şəhər əhlinin gözü qarşısında Karfagenin şərəfinə qızıl piyalədən şərab içir. Salambo da əlində piyalə ayağa qalxır, şərabı dodağına aparmamış yenidən taxta çökür, gözəl başı dərhal çiyninə düşür. “Tanitin duvağına toxunmağının cəzası kimi Hamilkarın qızı beləcə öldü”, - roman bu cümləylə də başa çatır.
Nə qədər ki Salambo qızlıq örtüyü, həya pərdəsi altında məsum ruh kimi, mələk kimi dolaşır, ölümün ondan xəbəri olmur. Qız o pərdəni üzündən götürmək istəyəndə həyat mexanizmi bütün gücüylə işə düşür, bu çarx özüylə birgə ölümü də hərəkətə gətirir. Bakirə Tanitin duvağına əl aparan iki nəfərin ikisi də əcəldən son payını alır, bir-birinə daha möhkəm izdivacla bağlanır.
***
Tanit gözəllik, məsumluq, qızlıq simvolu, Molox igidlik, coşqu, ərlik rəmzidir. Molox ildırım çaxdıran qəzəbli göyü, Tanit bərəkət yetirən həlim yeri simvolizə eləyir. Salambo eşq tanrıçası Tanitin, Mato da savaş tanrısı Moloxun təcəssümü, hər biri öz allahının kahinidir - ikisi də bir-birini məhz bu cür tanıyıb qəbul eləyir. Zahirən bir-birinin tərs üzü olsalar da, üzlə astartək bir-birindən çox da uzaq deyillər, biri o birini tamamlayır, biri o birindən törəyir. Biri olmasa, o biri də olmaz, necə ki, Mato olmayanda Salambo da olmadı.
Tanitlə Molox maddi-bioloji dünyanın iki ayrılmaz qütbü, fələyin iki üzüdür - biri həyat bağışlayır, o biri öldürür, biri becərir, o biri biçir, biri verir, o biri alır. Tanit yunan tanrısı Erosun bacılığı, Molox Tanatosun qardaşlığıdır. Salambo ilə Mato kimi onlar guya qarşı duran düşmən cəbhələrdə təmsil olunsalar da, gerçəkdə bir-biriylə nəfəs alıb yalnız birlikdə var ola bilirlər. Üzdən elə görünür ki, bu antaqonist ünsürlərin izdivacı qışla yazın birliyi kimi dünya durduqca baş tutmaz, əslində isə onlar heç vaxt ayrılmayıb, bir an belə ayrı yaşamayıblar. Onlar təbiət ananın bir-birinə təməlindən calanmış, bir bətndə mayalanıb iç-içə bəslənmiş, bir yerdə doğulub böyümüş bir cüt əkiz övladıdır - olumla ölüm kimi. Onların kəbini aləmin ilk zərrəsi vücuda gələndə kəsilib. Biri cahan mülkündən silinəndə o birini də özüylə aparır - Mato Salambonu apardığı kimi. Heç bir savaş, düşmənçilik, heç bir ordu, heç bir qüvvə onları bir-birindən ayıra, təbiətin qüdrət qələmiylə imzalanmış bu izdivacı poza bilməz.
Yazıçının əsərinə ölüb getmiş sivilizasiyanı, yer üzündən silinmiş bir şəhəri məkan seçməsi də rəmzi məna daşıyır. Şərq poeziyasının Mədain xərabələri kimi Karfagen də Qərb ədəbiyyatı üçün fanilik, yoxluq simvolu, olum-ölüm arasındakı ziddiyyətlərin cah-cəlalı, ehtişamı puça çıxarıb sıfırladığı açıq məzardır. Karfagen ordusuyla barbarların qoşunu da həyatın bir-birinə qənim kəsilmiş, eyni zamanda bir-birinə güc verən iki təzadlı qütbünün timsalıdır. Ziddiyyətlər bir-biriylə düşmənçilik aparsa da, bir-birini yaşadır. Qədim dünyanın ən parlaq sivilizasiyalarından sayılan Karfagen respublikası da daxilindəki barışmaz təzadı aradan qaldırandan sonra məhv olur. Fani həyatın dəyişməz tək qanunauyğunluğu budur. Bu həyat bütün savaşan tərəfləri, bütün müsbət-mənfi emosiyaları bir tərpənməz, əbədi sıfır nöqtəsinə, sükunət instansiyasına çağırıb orada heçə çıxarır. Flober də insanlığa məhz o sıfır nöqtəsindən səslənir.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44

