Dublin yəhudisinin odisseyası
31.05.2025 [08:53]
Əvvəli ötən saylarımızda
Ceyms Coysun “Uliss” romanı haqqında
Coys yaradıcılığında nədənsə ikinci xətti seçib (Prust da onun kimi), savaş mövzusu ona yaddır (söhbət hansısa konkret müharibənin, döyüş səhnələrinin təsvirindən yox, sözün geniş mənasında savaşdan - fəlsəfi-ideoloji müharibədən gedir), ailə-məişət, məhəbbət motivləri də ona yalnız parodiya üçün gərək olub. Ancaq parodiya olsa da, fərq eləməz, xətt həmin xətdir (ona qalsa, “Don Kixot” da parodiyadır). Dahi yazıçıların əksəri “Odisseya” mərhələsinə qədər getsə də (heç o mərhələyə də çatmamış böyük qələm adamları çatanlardan qat-qat çoxdur), “İliada” mərtəbəsinə qalxa bilməyib. Təsadüfi deyil ki, məhəbbət dastanları da qəhrəmanlıq dastanlarından xeyli çoxdur.
Müharibə - kollektiv işi, vətən, xalq - kollektiv anlayışdır, burada, sufilər demiş, vəhdəti-vücud tələb olunur. Cəngavərin ailəsi xalq, evi vətəndir. Coysa gəlincə o, kollektivçi deyildi, fərdiyyətçiydi. Sevgi, ailə, ev - bunlar da fərdi yanaşma tələb eləyən individual anlayışlardır, bu cəbhədə gərək təkbaşına vuruşasan. Prust kimi, Kafka kimi Coys da yaradıcılığında (elə həyatında da) tənhalıq cəngavəri, heç bir ictimai norma, milli adət-ənənə, din, dövlət, qanun, sərhəd tanımayan sərgərdan anarxist idi. Onun evlənməyi belə təkliyinə yuva qurmaq, yalqızlığının sərhədini genəltmək, yoxluğuna maska taxmaq niyyəti güdürdü. Özünə tay kübar, ziyalı xanımla yox, məhz ərinin göstərdiyi möcüzələrdən xəbərsiz avam qadınla kəbinlənməsi (yeri gəlmişkən, ötən əsrin otuzuncu illərinə qədər iyirmi yeddi il nikahsız-kəbinsiz yaşamışdılar ki, bunun özü də anarxizmə xas həyat tərzidir) də onun nikahda (şüurlu, ya şüursuz) mənəvi bağ, ruhani birlik axtarmadığını, sadəcə, gövdəsinə yaxşı tutan bir calaq vurmağa çalışdığını təsdiqləyir.
***
“Odisseya”nın da, “Uliss”in də ana motivi “evə qayıtmaq”dır. Evə, ailəyə, sevimli qadına qovuşmaq. Troya savaşının qəhrəmanı Odisseyin qayıdışı on ilə başa gəlir, bu on ildə onun qarşısını ölümcül maneələr, fövqəltəbii güclər kəsir, ancaq ağıllı, hiyləgər qəhrəman əngəllərin, tələlərin hamısından salamat qurtulur. Səhər saat onda evdən çıxıb Dublin küçələrini dolaşan Blumunsa qayıdışı on altı saatdan sonra, yəni gecə saat ikidə baş tutur (ironiya lap üzdədir!). Onun evə vaxtında dönməsinə heç bir maneə yoxdur, əksinə, Blum özü özünə əngəl yaradır, evə qayıdışını cürbəcür bəhanələrlə özü yubadır; çünki gündüz saat dörddə onun arvadının yanına növbəti qastrolla bağlı görüləcək işləri müzakirə eləmək adıyla Buyan Boylan adlı impressario gələcək. Blum bilir ki, təkcə işbaz yox, həm də ədabaz olan Boylan onun arvadını yoldan çıxarmağa çalışır, əmindir ki, Molli həmin günün həmin saatında ona xəyanət eləyəcək, hətta şüursuz bir mazoxistik istəklə bu xəyanəti arzulayır.
Əslində, bu dəruni arzulama da səbəbsiz deyil: Blum bilir ki, xəyanətin qarşısını almaq gücü-qüdrəti yoxdur, ona görə də özünü bu işə könüllü razılıq verirmiş kimi, xəyanətə qəsdən şərait yaradırmış kimi aparır. Hər nədirsə, iyirmi il ərinin yolunu gözləyən, toxuduğu kəfəni söküb yenidən tikməklə qapısına dirənmiş adlı-sanlı elçilərdən aldığı möhləti uzadan namus-qeyrət mücəssiməsi Penelopa üç min ilin bu başına bu şəkildə gəlib çıxıb.
Fələklə çomaq döyüşdürən, divlərə, əcinnələrə dov gələn Odisseyin yerinə məzlum, səydərəm Blum, əfsanəvi Troya-İtaka marşrutu əvəzinə bomboz, solğun Dublin dolanbacları, inadkar, pəhrizkar Penelopanın yerinə ləçər, zinakar Molli. Budur bəşəriyyətin keçib gəldiyi təkamül prosesi, budur tərəqqi nərdivanının pik nöqtəsi!..
***
Roman üç bölümə ayrılır: ilk üç fəsil birinci, son üç fəsil üçüncü hissəni təşkil eləyir. Ortada qalan on iki fəsil kitabın ikinci bölümünə aiddir.
Birinci hissədə oxucu Martello qülləsində iki cavanla şərikli mənzil kirələmiş Stiven Dedalla tanış olur. Onun anası yaxınlarda qaraciyər xərçəngindən ölüb, ona görə də otaq yoldaşı Bık Malliqan ana mövzusunda hətərən-pətərən danışanda Stiven ondan inciyir, hərçənd sağlığında anasıyla münasibəti o qədər də hamar olmayıb. Səhər-səhər gənclərin söhbəti hərlənib-fırlanıb İngiltərə-İrlandiya qarşıdurmasının, daha sonra atasızlıq, atasından xəbəri olmamaq, ata sorağına çıxmaq mövzusunun üstünə gəlir, belə motivlər üzərində qurulmuş əsərlər, obrazlar yada düşür, Hamletin, İsa Məsihin, Odisseyin oğlu Telemaxın adı anılır. Atasından cüda düşmüş Stivenlə Telemax arasında paralellərin ilkin əlamətləri görünür.
Günə başlayandan iki saat keçmiş, yəni saat onda Stiven dolanışıq xətrinə tarix dərsi dediyi məktəbdə də bu mövzuya, eyni motivlərə qayıdır. Məktəbin direktoru ona bir məqalə verib xahiş eləyir ki, şəhərə gedəndə onu qəzet redaksiyasına çatdırsın. Saat on birdə gənc müəllim Dublin bulvarında peyda olur, gəmiylə qayıdası atasının yoluna göz dikən Telemax kimi dənizin seyrinə dalır, dəniz havası alır. Birin yarısında o burada otaq yoldaşı Bık Malliqanla görüşməlidir, ancaq görüşə ləngiməyəcək, Stivenin Bıkdan sıtqı sıyrılıb, ondan qopmağı düşünür.
Stiven Dedal istedadlı gənc şair, hər gün kitabxanaya baş çəkən savadlı, maraqlı bir intellektualdır. Müəllifin özü kimi yezuit (katolik məzhəbinə mənsub ruhani ordeni) kollecində oxuyub, ancaq dindən soyumaq, ateizmə yuvarlanmaq ərəfəsindədir. Adətən ən qatı ateist əvvəllər çox qatı dindar olmuş adamdan çıxır. Hansısa səbəbdən hansısa dinin, məzhəbin tanrısından qəlbi sınan, verdiyinin əvəzini ala bilməyən asi bəndə o tanrıdan, onun məiyyətindən, elçilərindən ağır qisas almaq üçün qiyamıyla anadangəlmə ateistləri belə heyrətə gətirir, mənəvi (imkanı çatsa, həm də fiziki) terrorun miqyasına görə kafirləri belə geridə qoyur. İnsan fikrini, əqidəsini dəyişə bilər - bu, görünməmiş hal deyil, ancaq dönüklük, sapıqlıq yaman dərddir, adamda həm özünə, həm də başqalarına səbəbsiz (zahirən səbəbsiz!) aqressiya yaradır, sonda adamı öz içindən çürüdür...
Beləcə, üç fəsildən ibarət birinci hissə Stiven Dedalın “macəralarıyla” başa çatır. Bu bölümdə əsas qəhrəmanı hələ görmürük. Xatırladım ki, Homerin dastanı da Odisseyin oğlu Telemaxla tanışlıqdan, ilahə Afinanın təhrikiylə iyirmi yaşlarında gəncin ata sorağına çıxmasından başlanır.
***
Stiven Dedal Martello qülləsində yuxudan silkinib dərsə hazırlaşanda şəhərin o biri başında Dublin Odisseyinin - irlandiyalı Ulissin həyata doğru 16 iyun yürüşünə start verilir. Gün başlananda onun ilk işi səhər yeməyi üçün qəssabdan donuz böyrəyi almaqdır. Evdə onu bir cüt məktub gözləyir: biri dünən on beş yaşı tamam olmuş, Mallinqar şəhərciyində fotoqraf assistenti işləyən qızı Millidən, o biri arvadı Molliyə saat dörddə onlara gələcəyi barədə xəbərdarlıq eləyən impressario Boylandandır.
Səhər yeməyindən sonra Blum jurnal varaqlaya-varaqlaya bəzi fizioloji ehtiyaclarını ödəyir, daha sonra saat onda evdən çıxır, çünki saat on birdə bir məktəbdə oxuduğu uşaqlıq yoldaşının dəfninə getməli, bu aralıqda isə bəzi xırda-para işlərin qulpundan yapışmalıdır. Bundan əvvəl Blum qəzetdə katibə axtardığına dair elan veribmiş, indi həmin elan əsasında Marta Klifford adlı bir qadın ona məktub yazıb. Blumun əsl niyyətini anlayan, ona katibə yox, sevgi əyləncəsi gərək olduğunu duyan xanım Klifford məktubunda açıq mətnlə onunla görüşmək istədiyini bildirir. Bunu oxuyanda Leopoldun erotik fantaziyaları qanadlanır, ancaq hələlik dəfnə tələsmək lazımdır.
Fəxri Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11

