Yuvasını yandıran vulkan
14.04.2026 [09:30]
İvan Qonçarovun “Uçurum” romanı haqqında
əvvəli ötən saylarımızda
Fəqət Qonçarov həmkarının tapındığı fəlsəfi ideala tamam başqa yöndən yaxınlaşır. Əgər Bazarov öz həqiqətini, mənəvi kamilliyini taleyin buxovlarını qırmaqla, çılğın bir epikürçü kimi yasaqların, qorxuların üstünə getməklə tapırsa, Qonçarovun qəlbinə yaxın qəhrəmanlar haqqa da, dincliyə də, müdrikliyə də təmkinli bir stoik kimi ehtirasları cilovlamaq, taleyə boyun əymək, təbiətlə həmahəng yaşamaq sayəsində çatırlar. Bu iki “düşmən” (əsas da ideoloji düşmən!) yazıçıya xas dünyagörüşlərin müqayisəsi bizi yenidən klassik Şərq ədəbiyyatının rindü-zahid qarşıdurmasına qaytarır. Hər iki tərəf insana dinclik, rahatlıq arzulayır, sadəcə, hədəflər, metodlar başqadır. Qonçarov antik dövrdən üzübəri yol gələn bir zahid, dövrünün Buddası kimi ehtirasları hədəf götürür, ruhani müvazinəti, zehni dincliyi intellektual asketizmdə tapır. “Uçurum” romanı məhz dünyəvi həvəslərin bihudəliyi, ehtirasların dağıdıcı gücü haqdadır - romanın həm adındakı, həm də özündəki uçurum insanı fəlakətə aparan bu müdhiş gücün rəmzidir. Bu kitabın elə bir səhifəsi tapılmaz ki, orada “ehtiras” sözü ən azı bir dəfə təkrarlanmasın. Bu qan-qırmızı kəlmə romanın sətirləri arasında yüzlərlə, bəlkə minlərlə yerdə yanıb-sönür, sanki bununla müəllif oxucusuna hər addımda nə qədər böyük bir təhlükəylə üz-üzə qala biləcəyini xatırlatmaq istəyir.
***
Şair təbiətli, təmiz ürəkli Boris Pavloviç Rayski, soyadından göründüyü kimi, ruhuna cənnət axtarır. Məsum, müti Nataşanın susqun sədaqəti, Marfanın dinc, təlatümsüz cənnəti onu darıxdırır, ona elə gəlir ki, xoşbəxtlik duyğular fırtınasında, ehtirasların coşub-daşmasındadır. Fəqət onun mədh elədiyi, vəsf elədiyi ehtiras heç kimə bəxtəvərlik gətirmir, tam tərsinə, hamını fəlakətə sürükləyir. Ehtiras onun Peterburqdakı qohumu Sofyanı rüsvayçılıq dirəyinə bağlayır, Veranı intiharın astanasınacan dartıb aparır, arvadının atıb qaçdığı Kozlovu tragikomik duruma salır, karikaturaya bənzər dul xanım Kritskayanı gülünc vəziyyətə qoyur, Marinanı xəyanətə, Savelini qısqanclığa, arvadını qətlə yetirməyə təhrik eləyir... Bunca fəsadlar verən ehtiras incə qəlbli incəsənət aşiqinə xoşbəxtliyi hansı əliylə, hansı qabda gətirəcək? Zatən onun yaxıcı, yıxıcı, dağıdıcı təbiəti; namərd, riyakar, hiyləgər xisləti var - tufan, ildırım, zəlzələ kimi; canavar, çaqqal, tülkü kimi. Rayski sevgini yalnız ehtiras qılafında təsəvvür elədiyindən, ikisinin arasına hava yeri qoymadığından məsələnin birmənalı, doğru həllini də tapa bilmir, ehtiras onu gah vəcdə gətirir, gah da qorxudur. O öz xoşbəxtliyini həvəslər, ehtiraslar laboratoriyasından aralanıb yaşanmış günləri qəlbinin güzgüsündə yenidən seyrə dalanda, olmuşları ruhunun süzgəcindən keçirib beynindəki taxçalara düzəndə, yəni bu kitabı yazanda - ehtirasdan ehtirassız bir halda danışanda tapacaq.
Mark Voloxov Rayskinin antipodudur. Bazarovun qan qardaşı olsa da, ona rəğbət bəsləmək, can yandırmaq çətindir. “Yeni nəslin” nümayəndəsi, nihilist, anarxist Voloxovu müəllifin sevmədiyi çətin sezilmir, hətta o dərəcədə ki, tənqidçilər bəzən yazıçını ona qərəzli yanaşdığına görə qınayırdılar. Müəllifin sevmədiyi personajı Vera kimi xarizmatik gözəl niyə bəyənib - burası da bilinmir. Mark Avropa siyasi anarxizminin banilərindən sayılan Prudonun pərəstişkarıdır. Tatyana Berejkovanın alma bağında Vera onu oğurluq başında yaxalayanda da Prudonun yardımıyla vəziyyətdən çıxır: “Xüsusi mülkiyyət - oğurluqdur”. Voloxov sübuta yetirməyə çalışır ki, almalar əslində onundur, oğru isə bağ yiyəsidir. Vera onun dərdiyi almaların halallığını verəndə Mark pərişan olub meyvələri qıza qaytarır. O, canlı-cansız bütün varlığın, cümlə məxluqatın üzərində özünün yiyəlik, ağalıq hüququnu tanıyır, bu hüququ başqalarına da tanıtmaq istəyir. Sədəqə dilənmək, pay almaq onluq deyil, gözü düşəni, meyli çəkəni kimsə ona könüllü bağışlayanda ürəyinə yatmır - onunku oğurlamaq, çalıb-çapmaq, talamaqdır. Voloxov adət-ənənə, qoruq-qaytaq, qanun-qayda tanımır, özünü qədim dünyanın ilk anarxistlərindən, sinizmin atalarından olan Diogen kimi aparmağa çalışır (kitabda antik filosofun adı dəfələrlə hallanır), hətta Markın Leontinin qapısındakı arabada bükülüb yatdığını görən Rayski Diogeni yamsıladığını onun üzünə vurur. Universitetdən qovulmuş bu nihilist üçün dünyada heç bir avtoritet, müqəddəs heç nə yoxdur. Nikahın əleyhinə çıxan Mark təbiətdə olduğu kimi azad sevgi tərəfdarıdır - sevəndə birləş, sevməyəndə qop. Ehtirasın qarşısına bənd vurmaq təbiətə qarşı çıxmaqdır. Fədakarlıq, borc, sədaqət kimi anlayışlar, onun fikrincə, insan xislətinə yaddır, yalan, saxtadır. Bir yaxşı cəhəti var ki, Voloxov yalan danışmır, nə düşünürsə, onu deyir, ona kölə sədaqətiylə bağlanmış məsum Veranı yalan vədlərlə aldatmır, qıza əbədi məhəbbət vədi vermir.
Ailəyə, sevgiyə, ənənəyə münasibətdə Veranın düşündükləri Markın dediklərinə yaxın da gəlmir. Ehtirası onu Voloxovun yırtıcı ağuşuna sürükləyir, ağlı isə bunun fəlakət olduğunu pıçıldayır. Turgenevin Asyası kimi Veraya da ideal qəhrəman lazımdır, Asyadan fərqli olaraq Vera özünü idealına qurban verməyə də hazırdır, amma neyləyəsən ki, onun bütü qurban qəbul eləmir. Vera nənənin dizinin qırağında, onun tərbiyəsiylə böyüyüb, onun aldığı tərbiyənin gözlüyündən baxanda Voloxov nəinki büt, ən tərbiyəsiz adamdır. İnsafən Mark özü də büt olmağa iddialı deyil.
Özündə güc tapıb Markdan qopanda qısnanmış ehtirasın fəsadı, üstəgəl suç duyğusu Veranı xəstə salır, qız uzun müddət həyata qayıda bilmir. Xəstəlik nənə-balanı bir az da doğmalaşdırır, nənə nəvəsinin günahlarını suya çəkir. Bir vaxt Tatyana Markovna özü də belə bir günahdan keçmişdi; fəqət bataqlıqdan çıxıb silkinəndən, kirini-pasağını saf suya axıdandan sonra müdrikləşdi, ailəsi-uşağı olmadısa da, bir rahibə səbriylə nəsil ocağının keşiyini çəkdi, nəvələrini böyütdü, valideynlərinin mirasını onlara salamat çatdırdı. Nənənin köhnə tikilinin yanında ucaltdığı təzə ev - evdən də çox məbəddir: xoşbəxtlik, bərəkət, dinclik məbədi.
***
Marfanı ərə verəndən sonra Tatyana Markovna Verayla bir dam altında qalır. Hərdəmxəyal Boris ötən yay onun tapdığı qızı bəyənməmişdi, indi Allah bilir Avropanın hansı şəhərində dolaşır, kimlərə uyub. Artıq Veranın taleyi haqda düşünmək vaxtı çatıb, Tuşin kimi layiqli namizəd də var. Şəhərdə söz gəzir ki, üzümüzə gələn yay onların toyu olacaq. Fəqət mən bu şayiələrə inanmıram, Vera da nənəsi kimi ərə getməyəcək: günah hissi, borc duyğusu onun canında ehtirasın bir daha baş qaldırmasına yol verməyəcək. Vera estafeti nənədən alıb nəslin ocaq qoruyanına, ata-baba yurdunun könüllü qarovulçusuna, cürbəcür xətdən gələn nəvələrinin hamisinə çevriləcək.
Nənənin ömrü nəvədə yenidən yaşanır, dünyada heç nə dəyişmir, tarix təkrar olunur. Nənəsi yaşa çatanda indi Vatutin tez-tez onlara gəldiyi kimi Tuşin də vaxtaşırı Veranı ziyarət eləyəcək, onun məclislərinin başında oturacaq. Qocalar hərdən-hərdən yanıb getmiş istəklərin külünü qurdalayacaqlar.
Rayskinin kitabları buralarda əldən-ələ keçəcək. Onlar belə böyük bir yazıçını tanıdıqlarına, hətta ona doğma olduqlarına görə öyünəcəklər.
O kitabların müəllifi də ömrü boyu subay qalacaq. Ayaq tutsa, günün birində Boris Pavloviç ata yurdunu ziyarətə gələcək. Ancaq Veranı görəndə əvvəlkitək həyəcan keçirməyəcək. Bu gəlişində onun uzun illər boyunca mükəmməl təlim görmüş atı kimsənin çal-çəpərini basmayacaq, kimsənin bağçasına girməyəcək, kimsənin tövləsinə soxulmayacaq. Bu dəfə o, hər kəsə, hər nəsnəyə ürəyinin şəffaf köşkündən, beyninin sükut mərkəzindən baxacaq...
Çünki ehtiras dediyin yanıb-yanıb sönən vulkan kimidir - nə odundan fayda var, nə külündən. Eləcə öz yuvasını yandırar.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Aprel 11:34
İqtisadiyyat
15 Aprel 11:26
İqtisadiyyat
15 Aprel 11:25
İqtisadiyyat
15 Aprel 11:25
Sosial
15 Aprel 11:24
Gündəm
15 Aprel 10:58
İqtisadiyyat
15 Aprel 10:33
Analitik
15 Aprel 10:21
Analitik
15 Aprel 10:13
Gündəm
15 Aprel 09:55
Analitik
15 Aprel 09:32
Sosial
15 Aprel 09:23
Ədəbiyyat
15 Aprel 09:17
Sosial
15 Aprel 08:51
Mədəniyyət
15 Aprel 08:33
Gündəm
15 Aprel 08:10
Dünya
14 Aprel 23:11
Dünya
14 Aprel 22:46
Dünya
14 Aprel 22:34
Dünya
14 Aprel 22:18
Dünya
14 Aprel 21:50
Xəbər lenti
14 Aprel 21:23
Dünya
14 Aprel 21:10
Dünya
14 Aprel 20:49
Xəbər lenti
14 Aprel 20:40
Dünya
14 Aprel 20:32
Dünya
14 Aprel 20:17
Dünya
14 Aprel 19:55
İdman
14 Aprel 19:20
Sosial
14 Aprel 19:05
Gündəm
14 Aprel 18:12
Siyasət
14 Aprel 17:54
YAP xəbərləri
14 Aprel 17:53
Elanlar
14 Aprel 17:52
YAP xəbərləri
14 Aprel 17:30
Hadisə
14 Aprel 16:41
Sosial
14 Aprel 16:38
Hadisə
14 Aprel 16:27
Elanlar
14 Aprel 16:16
Sosial
14 Aprel 16:14
YAP xəbərləri
14 Aprel 16:09
YAP xəbərləri
14 Aprel 15:59
Dünya
14 Aprel 15:37
YAP xəbərləri
14 Aprel 14:57
Sosial
14 Aprel 14:35
Gündəm
14 Aprel 14:29
Hadisə
14 Aprel 14:25
Gündəm
14 Aprel 14:21
Siyasət
14 Aprel 14:05
Dünya
14 Aprel 13:35
Dünya
14 Aprel 13:24
Gündəm
14 Aprel 13:02
YAP xəbərləri
14 Aprel 12:35
Gündəm
14 Aprel 12:25
Sosial
14 Aprel 12:21
İqtisadiyyat
14 Aprel 12:13
Hadisə
14 Aprel 12:09
İqtisadiyyat
14 Aprel 11:50
Gündəm
14 Aprel 11:38
İdman
14 Aprel 11:33
Siyasət
14 Aprel 11:15
YAP xəbərləri
14 Aprel 11:14
İqtisadiyyat
14 Aprel 11:10
Siyasət
14 Aprel 10:57
Gündəm
14 Aprel 10:32
İqtisadiyyat
14 Aprel 10:19
Dünya
14 Aprel 10:12
Sosial
14 Aprel 10:08
Gündəm
14 Aprel 09:56
Ədəbiyyat
14 Aprel 09:30

