Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Qara fələyin ağ maskası

Qara fələyin ağ maskası

27.08.2026 [08:50]

Herman Melvillin “Mobi Dik, yaxud Ağ balina” romanı haqqında

1851-ci ildə bu roman işıq üzünə çıxarılanda müəllifinin vur-tut otuz iki yaşı vardı, ona qədər bir neçə kitabı böyük şöhrət qazanmışdı. Gözləmək olardı ki, yazıçının sonradan şah əsəri sayılacaq romanı onun ad-sanını dərhal ən uca zirvəyə qaldıracaq, çünki bu roman maraqlı süjetindən başqa dövrü üçün aktual olan zəngin ensiklopedik biliklər, elmi bilgilər, fəlsəfi suallar, sosial problemlər, məişət detalları, hətta dini-mənəvi məzmunla da yüklənmişdi. Müəllif elə bil gələcəyi gördüyünə görə bütün bildiklərini bir qalın kitaba yığmışdı, sabaha heç nə saxlamamışdı.

Həqiqətən, “Mobi Dik”in nəşrindən sonra - nə az, nə çox - qırx il yaşadısa da, bir daha ciddi ədəbi uğur qazanmadı, indi bütün dünyada adı adıyla qoşa çəkilən şah əsərindən yarımadı, yazmaqdan əli soyudu, vəfatı münasibətiylə yazılan qəzet nekroloqunda da yazıçı kimi yox, Nyu-York gömrüyünün müfəttişi kimi anıldı. Sağlığında yalnız şah əsərini ithaf elədiyi böyük qələmdaşı, dövrünün məşhur yazıçısı Nataniel Hotorn özündən on beş yaş kiçik həmkarının yaradıcı niyyətini düzgün anlamış, onun azman əməyinə yüksək qiymət vermişdi.

Çap olunduğu dövrdə ədəbi tənqidin soyuq qarşıladığı “Mobi Dik” romanı bir də yazıldığından yetmiş il sonra - yalnız iyirminci əsrin ikinci onilliyində dəyər-qiymətini almağa başladı. Əsrin böyük ədibləri onu örnək götürdülər, ondan misal gətirdilər, ona barmaq tuşutdular: Coys “Uliss”ə üslub soraqlayanda romanı özünə bələdçi tutdu, Kafka əsəri yaşadığımız həyatın irrasional alleqoriyası adlandırdı, Folkner “Mobi Dik” kimi monumental bir kitab yazmaq naminə bütün yaradıcılığından keçməyə hazır olduğunu deyib romanı dünya nəsrinin şah əsərləriylə bir cərgəyə qoydu, Heminquey “Qoca və dəniz”də ustadıyla dialoqa girdi, Kamü romanın qəhrəmanı Axavın timsalında özünün qiyamçı insan nəzəriyyəsinə istinad nöqtəsi, illüstrasiya tapdı, Bredberi Melvilli özünə müəllim saymaqla kifayətlənməyib 1956-cı ildə ekrana çıxmış “Mobi Dik” filminin ssenarisini yazdı...

Bütün bunlar müəllifin ölümündən on illər sonra baş verdi. Çox zaman belə olur, söz-sənət tanrısının qədri-qiyməti sağlığında bilinmir, boyu torpağın üstündə dimdik gəzirkən görünmür; onun fani cismi baqi ruhunun boy göstərməyinə əngəl törədir, adamlar onu əcəl gömrüyündən keçib çılpaq ruh şəklinə düşəndən sonra daha asan qavrayırlar.

***

“Mobi Dik” həm asan, həm də çətin oxunan kitablardandır. Romanın süjetinin əsasında balina ovuna çıxmış gəmi heyətinin okean macəraları durur. Ancaq altı-yeddi yüz səhifəlik əsər boyu ana xətdən çoxlu sapma var. Burada balina cəmdəyinin soyulub doğranıb emal olunmasına, o zamanlar Amerikada şam istehsalı üçün əvəzsiz xammal sayılan balina piyinin əridilib çəlləklərə yığılmasına, yaxud da təhkiyəçi qəhrəmanın timsalında müəllifin dini-əxlaqi düşüncələrinin bir traktat üslubunda ifadə olunmasına ayrılmış palaz-palaz səhifələr, fəsillər var. Roman təhkiyəçi personaj İzmailin dilindən qələmə alınsa da, bəzən neçə fəsil boyu baş qəhrəman unudulur, təhkiyənin ağırlığını müəllif öz üstünə götürür. Bəzi fəsillər, sonralar Coysun da “Uliss”də sınaqdan keçirəcəyi kimi, prozaik üslubda yox, dramatik formada, yəni pyes şəklində yazılıb.

Bu gün bir peşəkar redaktor bu kitabı asanlıqla yarıbayarı ixtisar eləyə bilər (Heminquey də romanda artıq fəsillərin olduğunu vurğulamışdı), ancaq yazıldığı dövr üçün əsər üslub örnəyi, yenilik nümunəsi sayılmalıdır. Bu fikri aşağı-yuxarı Stendalın, Balzakın romanlarına, “Səfillər”ə, “Hərb və sülh”ə də aid eləmək olar.

Əsərdə baş verənlər, deyildiyi kimi, baş qəhrəmanın dilindən nağıl olunur, roman onun özünü təqdim eləməsiylə başlanır: “Məni İzmail deyə çağırarsınız”. Ad Bibliyadan götürülmədir, İbrahim peyğəmbərin ərəblərin ulu babası sayılan oğlunun adıdır. Ümumiyyətlə, romanda Bibliya süjetləri, xüsusən də Allahın hökmüylə nəhəng balığın qarnından salamat çıxan Yunis peyğəmbər haqqında rəvayətlə intertekstual əlaqələr var.

İzmail quruda darıxdığından, həm də maddi korluq çəkdiyindən Nantaket limanına yollanır ki, balina ovuna çıxası gəmilərdən birinə matros yazılsın. Limana yaxın yerdə gecələdiyi meyxanada o, hansısa vəhşi, adamyeyən tayfa başçısının varisi, böyük balıqların qənimi, nizə atmağın ustası, qırıq-sökük ingilis dilində fikirlərini çətinliklə ifadə eləyən Kvikeqlə tanış olur. Bir otaqda qalan gənclər əvvəl dava həddinə çatsalar da, sonradan dostlaşırlar.

***

Ertəsi gün İzmail liman şəhərindəki kilsəyə gedib keşişin Yunis peyğəmbər haqqında moizəsini heyranlıqla dinləyir. Bilməyənlər üçün rəvayətin qısa məzmununu söyləyək:

Yunis Allahdan belə bir tapşırıq alır ki, Assuriyanın Nineviya şəhərinə gedib əhalini xəbərdar eləsin: əgər bəd əməllərindən əl çəkib günahlarını yumasalar, tövbə qapısında növbəyə durmasalar, Allah o şəhəri sakinlərinin başına uçuracaq, dağıdıb xaraba qoyacaq. Yunis nədənsə bu missiyanı boynuna götürmək istəmir, Tanrının gözündən yayınıb izini itirmək üçün gəmiyə minib başqa şəhərə yön tutur. Allah ərköyün qulunu ağıllandırsın deyə küləyə əmr verib dənizdə tufan qoparır. Gəmi yiyəsi kimin suçu ucbatından cəzaya uğradıqlarını bilməkdən ötrü rəml atıb fal açır, bütün əlamətlər Yunisi nişan verir. Qaçaq peyğəmbər özü də günahını boynuna alır, gəmidəkilərə onu dənizə atmağı məsləhət görür. Bundan sonra dalğalar yatıb gəminin yolunu açır.

Yunisi isə dəryada nəhəng bir balıq udur, Allahın hökmüylə qaçaq peyğəmbər üç gün-üç gecə o balığın qarnında qalır. Bundan sonra Yunis peşman olub tövbə eləyir, Tanrıdan qurtuluş diləyir. Tanrının buyruğuyla balıq onu kənara atır, Yunis Allahın əmrinə müntəzir hala gəlir. Ardınca Nineviyaya gedib küçə-küçə dolaşır, qırx gündən sonra şəhərin yerlə yeksan olunacağını əhaliyə car çəkir. Padşah başda olmaqla bütün şəhər əhli peyğəmbərin xəbərdarlığından bərk təsirlənir, hamılıqla qırx gün oruc tutub günahlarının bağışlanmasını istəyirlər. Allah da onların düz yola gəldiyini görüb tövbələrini qəbul eləyir, günahlarından keçir.

Ancaq Yunis peyğəmbərliyinin çin çıxmadığını görəndə pərt olub Allahdan inciyir, küsüb çölə üz tutur, özünə ölüm diləyir, qızmar günəş altında enliyarpaq bir bitkinin kölgəsinə baş qoyub yorğun canını yuxuya təslim eləyir. Tanrının hökmüylə o bitki quruyur, Yunisin başını deşən gün şüası onu yuxudan yarımçıq oyadır. Qiyamət ehtirasından nəsibini almayan peyğəmbər gileylənəndə Tanrı onu belə qınayır: sən başına kölgə salan bir yarpağın qurumasına dözmürsən, indi deyirsən mən heç nədən Nineviya kimi gözəl, möhtəşəm şəhəri yüz iyirmi minlik əhalinin, sağı soldan ayırmayan yüz iyirmi min zavallının başınamı uçurum?

Aydındır ki, Tanrı şəhər əhalisindən də çox öz elçisinin o dağıntılar altında qalmağına rüsxət vermir, ilk növbədə tövbəkar günahkarların yox, seçdiyi adamın dünyanın ən möhtəşəm, ən abad şəhərinin xarabalıqları altında əbədi əzaba, əbədi lənətə məhkum olunmasını istəmir. Yunis peyğəmbərin bu həqiqəti anlayıb-anlamadığını bilmirik, ancaq əgər peyğəmbərlər panteonunda yer tutubsa, demək, aldığı dərsdən sonra Əyyub kimi səbrinə sığınıb, əhdinə sadiq qalıb...

Davamı növbəti sayımızda...

F.Uğurlu

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31