Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Oblomovla Bazarovun dialoqu

Oblomovla Bazarovun dialoqu

07.04.2023 [11:17]

Anton Pavloviç Çexovun “6 №-li palata” povesti haqqında

1889-cu ildə 29 yaşlı Anton Çexov məşhur jurnalist, naşir, tənqidçi Aleksey Suvorinə məktubunda yazırdı: “...Yeri gəlmişkən, Qonçarovu oxuduqca təəccüblənirəm. Öz-özümə deyirəm: nəyə görə mən indiyəcən Qonçarovu birinci dərəcəli yazıçılardan saymışam? Onun “Oblomov”u heç də fərli bir şey deyil. İlya İliç özü şişirdilmiş fiqurdur, elə azman deyil ki, ona bütöv bir kitab həsr eləyəsən. Belə piyli tənbəldən bizlərdə çoxdur, mürəkkəb natura deyil, kütləvidir, xırdadır, ictimai tip səviyyəsinə qaldırılmağa layiq deyil. Özümdən soruşuram: əgər Oblomov tənbəl olmasaydı, nə olacaqdı? Cavab verirəm: heç nə. Belədirsə, getsin mürgüləməyində olsun... Qonçarovun adını bütlərimin siyahısından silirəm”.

Suvorinə yazdığı başqa bir məktubda Çexov “Atalar və oğullar” romanından, onun baş qəhrəmanı Bazarovdan, eləcə də əsərin bir-iki ayrı personajından heyranlıqla danışır, Turgenevin dahiliyindən riqqətə gəldiyini deyirdi: “Bazarovun xəstəliyi necə ustalıqla təsvir olunubsa, mən özüm də haldan düşdüm, elə bildim onun mərəzinə mən də yoluxmuşam”.

Bu fikirləri qələmə alanda Anton Pavloviç yaşına görə gənc olsa da, ədəbiyyatda gənc deyildi, artıq nəsr yaradıcılığının üçüncü - ən yetkin mərhələsinə qədəm qoymuşdu. Ədəbiyyatşünaslar onun iyirmi yaşlarında “Antoşa Çexonte” imzasıyla əsasən “kiçik” adamlar haqqında yazdığı əksəriyyəti həcmcə yığcam hekayələri Çexov nəsrinin birinci mərhələsi sayırlar. Bunun ardınca lirik-psixoloji hekayələr, povestlər dönəmi gəlir. Yazıçı otuz yaşına çatmamış bu dönəm də bitir, Çexov nəsr yaradıcılığının yekun mərhələsinə adlayır. Bu dövrdə o, dünya teatr tarixində inqilab eləmiş, bu yüz neçə ildə bir gün də səhnədən düşməmiş pyeslər də yazır ki, bu, başqa bir söhbətin mövzusudur...

***

Cəmi 44 il ömür sürmüş Çexov “6 №-li palata” povestini 1892-ci ildə - 32 yaşında qələmə alıb. Bu povesti onun nəsrinin zirvəsi saysaq, yəqin böyük yanlışa yol vermiş olmarıq. Çexovun bir sıra hekayəsi Lev Tolstoyla ideoloji polemika zəminində yazılıb. “Qadası”, “Hərdəmxəyal”, “Firəng üzümü”, “Mujiklər”, “Çılğınlıq”, “Ad günü”, “Rotşildin skripkası” kimi hekayələri, zənnimcə, o sıraya aid eləmək olar. Bəzi ədəbiyyat xiridarları “6 №-li palata”nı da bu cərgəyə qatırlar, ancaq mən bununla razı deyiləm. Məncə, bu əsər Çexovun Tolstoyla yox, Qonçarovla polemikasıdır. Başqa sözlə, “6 №-li palata”da yazıçı Oblomovla Bazarovun dialoqunu yaradıb, sonda birincini qəddarcasına “cəzalandırıb”. Bəli, Anton Pavloviç həkim kimi nə qədər şəfqətliydisə, yazıçı kimi bir o qədər amansız, zalım, qəddar idi. Onun qədər həyatın maskalarını yırtan, insan qəlbini dibinəcən göstərən yazıçı az-az tapılar.

Çexov Dostoyevski, ya Tolstoy kimi əxlaq vaizi, din-iman carçısı, ideoloq, peyğəmbər deyil. Onun tapındığı mütləq həqiqət, universal ideya yoxdur. Çexovun həqiqəti də, ideyası da bunların yoxluğundan, daha doğrusu, nisbiliyindən, şərtiliyindən ibarətdir. O, eynən ustadı Turgenev sayaq mətləbi dərin qatda saxlayır, məramını, əqidəsini büruzə verməməyə çalışır, bunları çözməyi oxucunun ixtiyarına buraxır. Çexova görə, dini-fəlsəfi hökmlər vermək, insanları hansısa ideyanın, ehkamın ardınca aparmaq, həqiqəti barmaqla göstərmək, müəllim ədasıyla danışmaq yazıçının, sənətkarın işi deyil; yazıçı personajlarıyla münasibətdə hakim yox, müstəntiq yox, şahid mövqeyi tutmalı, yaratdığı obrazları mühakimə hədəfinə çevirməməlidir.

O, sənətdə də əsl həkim kimi davranırdı, həyatın nəbzini dinşəyir, xəstəliklərə diaqnoz qoyur, ancaq resept vermirdi, nəticə çıxarmağı oxucunun boynuna atırdı. Buna görə də peşəkar ədəbiyyatçılar, yazıçılar, filosoflar onun əsərlərini fərqli səmtlərə yozur, bəzən hətta bir-birinə daban-dabana zidd nəticələr çıxarırdılar. Bu, o demək deyil ki, Çexov oxucuya mesaj ötürmür, sadəcə, bu mesajlar, göndərmələr yetərincə yaxşı şifrələnib, gərək o şifrələri çözüb oxuya biləsən.

***

Həkimlik təcrübəsi sənətdə Çexovun karına çox gəlmişdi. “İonıç”, “Dövlət xidmətində”, “Qara rahib” kimi hekayələrdə bu təcrübənin bəhrələri aydın görünür. “6 №-li palata” povesti də belə əsərlərdən biridir.

Əsərin qəhrəmanı Andrey Yefimıç Ragin əyalət şəhərindəki xəstəxananın baş həkimidir. Gəncliyində ruhani olmaq istəyirmiş, ancaq atasının təkidiylə tibb təhsili alıb. Təbabətə heç bir meyli, inamı olmasa da, iyirmi ildən artıqdır xəstələri yola verir. Əvvəl-əvvəl xəstəxanada qayda-qanun, səliqə-sahman, təmizlik yaratmağa çalışsa da, sonradan öz cəhdlərinin faydasız olduğunu görüb həvəsdən düşüb. İndi artıq xəstələrə əvvəlkitək can yandırmır, vaxtının çoxunu kitab oxumaqla, həyatın faniliyi haqda düşüncələrə dalmaqla keçirir: “Axı niyə insan oğlu ölməz deyil, - o düşünürdü. - Əgər hər şey torpağa gömülməyə məhkumdursa, sonunda Yer kürəsinin qabığıyla birlikdə soyuyacaqsa, sonra da milyon illər boyunca mənasız, məqsədsiz bir halda Günəşin başına dolanacaqsa, əcəba, sinir mərkəzləri, beyin qırışları, görmə, danışma fitrəti, duyğular, düşüncələr, dahilik nədən ötrüymüş? Soyumaq, ardınca da Günəşin ətrafında avara-avara hərlənmək üçün ilahi ağlı olan ali varlığı yoxdan yaratmaq, sonra da onu sanki lağa qoymaq üçün torpağa çevirmək nəyə gərəkmiş?..”

Doktor Ragin mujik görkəmli, iri gövdəli, ağır yumruqlu, qalın saqqallı bir kişidir. Görkəmi zəhmli olsa da, xasiyyəti bunun tamam tərsidir - qız kimi utancaq, rahib kimi həyalıdır. Qadınlarla, qumarla, əyləncəylə arası yoxdur, evlənmək ağlının ucundan belə keçmir. Stoiklərin təlimiylə maraqlanır, Mark Avrelini oxuyur, içindəki dincliyi, tarazlığı qorumağa, zalım həyatın gözündən yayınmağa, fələyin əli yetməyən yerlərə sığınmağa çalışır. Gəncliyində ruhani olmağı arzulasa da, ruhun varlığına, əbədiyyətə inanmır, poçt müdiri Mixail Averyanıçın bununla bağlı sualına cavabında “inanmıram, inanmağa əsasım da yoxdur” deyir.

Qonağını yola salandan sonra yenidən düşüncələrə dalır: “Maddələr mübadiləsi! Bu ölməzlik iksiriylə özünə təsəlli vermək miskin bir qorxaqlıqdır! Təbiətdə baş verən şüursuz proseslər insan axmaqlığından da alçaqdır, çünki axmaqlıqda, nə qədər olmasa, şüur var, iradə var, təbii proseslərdə isə bunların heç biri yoxdur. Yalnız ölüm xofu qürurunu, ləyaqətini üstələyən bir qorxaq özünə təsəlli verə bilər ki, bir zaman onun cismi otda, daşda, qurbağada yaşayacaq... Ölməzliyi maddələr mübadiləsində axtarmaq - qiymətli bir skripkanı salıb sındırandan sonra onun qabının parlaq gələcəyi olduğuna inanmaq kimi mənasız şeydir”.

***

Doktor Raginin günləri sabit bir rejimlə keçir, bəlli saatda nahar eləyir, bəlli saatda pivə içir, çoxlu kitab oxuyur, öz içində bəs deyincə qurdalanır, özündən eşiyə mümkün qədər çıxmamağa çalışır. Onu çoxdandır xəstələrin əhvalı da maraqlandırmır: nə fərqi var, tezmi-gecmi, onsuz da əvvəl-axır hamı öləcək, ölümün yoluna çıxmaq, ölməkdə olan varlıqların əl-ayağına dolaşmaq faydasızdır. Taleyə, zərurət qanunlarına müticəsinə boyun əyən stoiklər kimi o da qismətiylə barışıb, bu dünyada nəyisə dəyişməyin, düzəltməyin mümkün olduğuna ümidi qalmayıb, ona görə də ağıl məşqlərinə dalmağı, təhəmmüllə ömrü yola verməyi yeganə doğru üsul sayır.

Ardı var...

Fəxri UĞURLU

Paylaş:
Baxılıb: 802 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30