Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Onore de Balzakın etiqadı

Onore de Balzakın etiqadı

15.04.2023 [11:20]

Dahi yazıçının “Qobsek” novellası haqqında

Əvvəli ötən sayımızda…

Qobsek dövranın gərdişindən, dünyanın gedişatından çox yaxşı baş çıxarır, həyatı qızılın, pulun hərəkətə gətirdiyi mexanizm sayır. İşini elə qurub ki, heç kimdən, heç nədən - Allahdan, dövlətdən, cəmiyyətdən, qohum-övladdan asılılığı qalmayıb. Ailəsi, uşağı yoxdur, qohumları - potensial varisləriylə də əlaqə saxlamır; sərvətinin kiməsə qismət ola biləcəyini ağlına belə gətirmək istəmir. Dervili çıxmaqla qonum-qonşunun yanında özünü yoxsul dilənçi kimi göstərir, hətta əlindən saldığı qızıl pulu kimsə yerdən götürüb ona qaytarmaq istəyəndə qızılın özünə məxsus olduğunu danır. Çoxu zadəgan olan borclularının evinə də əyni-başı cır-cındır içində gedir, mərmər sütunlu sarayların bahalı xalılarını çirkli çəkmələriylə palçığa bulamaqdan dərin psixi həzz alır. Bər-bəzəkli aristokrat xanımların, təkəbbürlü cənabların diz çöküb ona yalvarması, hüzurunda əzilib-büzülməsi qoca sələmçiyə əlahiddə zövq verir. Mal-mülk bir yana qalsın, Qobsek insanların vicdanını da satın alır, bununla da həm maddi, həm də mənəvi dünyada at oynadıb hökm sürür.

Aristokratiyanın iflası, burjuyların, bankirlərin, möhtəkirlərin kələkləri onun gözünün qabağında, onun iştirakıyla baş verən cəhənnəm teatrıdır. O, Parisin bətnindəki bütün sirlərdən agahdır, fırıldaqlar, gizli alış-verişlər, şübhəli sövdələşmələr ondan rüsxət almamış işıqlı dünyaya göz açmır. O, zamanın yaratdığı yeni növ tiran, dövrünün İsgəndəri, Sezarı, Napoleonudur. Yeniləşən, dəyişən həyatın nəbzi Qobsekin ovcunda döyünür, qoca sələmçi yaxşı bilir ki, artıq dünyanı silah yox, pul idarə eləyir, bir qızıl kərpic bir alaydan qüdrətlidir, yeyib-içməkdən, gəzib-dolaşmaqdan, bahalı əyləncələrdən, qumardan,

eşqbazlıqdan doymayan ərköyün zadəgan balaları, ərinin hesabına oynaş saxlayan aristokrat xanımlar hərlənib-fırlanıb onun üstünə gələcəklər, hüzurunda diz qatlayıb altun tanrısının səcdəsinə duracaqlar. İndi artıq tacir feodaldan, burjuy aristokratdan, sələmçi cəngavərdən güclü, qızıl qılıncdan ötədir. Qobsekin də içində olduğu “gildiyanın” on üzvü - vur-tut on nəfər sələmçi bütün Parisi barmağında oynadır.

Bütün bunlarla yanaşı, Dervilin yuxarıda misal gətirdiyimiz etirafından da sezildiyi kimi, Qobsek iblisanə peşəsinin şeytani prinsiplərinə sadiq adamdır. Onu heç nəylə kövrəltmək, yumşaltmaq, ələ almaq mümkün deyil. Rəğbət bəslədiyi Dervilə vəkil kontorunu almaq üçün külli miqdarda pulu ağır faizlə, ancaq zəmanətsiz verir. Beş ilə borcunu ödəyib qurtaran Dervil ondan bunun səbəbini, yəni dost bildiyi adama nədən azacıq da olsa güzəştə getmədiyini soruşanda Qobsek deyir ki, oğlum, bununla səni minnətdən qurtardım, indi bizim dostluğumuz daha da möhkəmdir. Qoca şeytan evlər yıxan fırıldaqçı, pozğun aristokrat Maksim de Trayın gözünün içinə “sizin damarlarınızdan qan yerinə çirkab axır” deməkdən belə çəkinmir. Ərinə xəyanət eləyən qrafinya Anastazi de Restonu (bu, adı bəlli romandan tanıdığımız həmin o Qorio atanın aristokrata ərə getmiş qızıdır, ancaq “Qorio ata” romanı “Qobsek”dən hələ dörd-beş il sonra yazılacaq) Qobsek çox ağır cəzalandırır, ancaq onun oğluna atasından qalmış mirası İblisin əmanəti kimi möhkəm qoruyur. Qraf de Restonun övladına çatası mülkü Parisin ən xəsis, ən qəddar, ən tamahkar adamına etibar eləməsi ölümdən Əzrayıla sığınmaq kimi həm çarəsiz, həm də doğru bir gedişdir.

On üç il sərasər onunla sıx ünsiyyətdə, az qala ata-bala münasibətində olmuş, onun səmimi söhbətlərini dinləmiş, üstəlik, vəkillik təcrübəsinin sayəsində insanları yaxşı tanıyan Dervil boynuna alır ki, bunca müddətdə Qobsekə heç o da dərindən bələd ola bilməyib, çünki qoca sələmçi həmişə qırxıncı otağını yeddi qıfıl altında gizlədib. Can verən sələmçinin son nəfəsinə çatanda vəkil onun soyuqdan büzüşdüyünü görür, sobanı qalamaq istəyəndə Qobsek ona imkan vermir, bu halında belə kömürə qənaət eləyir. Az sonra bəlli olur ki, məsələ qənaətdən daha ciddiymiş, qoca sobanın külü altında qızıl, gümüş sikkələr gizlədibmiş, heç kimə etibar eləmədiyindən xəstə vaxtı üstünə axan faizləri banka göndərməyibmiş.

Qobsek canını tapşırmamış özündə güc tapıb vəsiyyətnamə tərtib eləyir. Onun mirasının kimə çatacağını biz illər sonra yazılacaq “Kurtizanların parlayışı və iflası” romanının son səhifələrində biləcəyik: qədim peşənin qurbanına çevrilmiş yəhudi qızı Ester Qobsekin dərya sərvətindən barına bilmir, xoş xəbər eşq üzündən başı bəlalar çəkən zavallı qıza yetişməmiş Ester canına qəsd eləyir...

Qobsek İblisin dərgahına çəkiləndən sonra Dervil açarları götürüb hər iki mərtəbədəki bağlı otaqları gəzməyə başlayır. Bu otaqlardan nələr çıxmır! Bütün qiymətli əşyalar - toz basmış mebellər, şamdanlar, lampalar, vazalar, servizlər, qravürlər, şəkillər, silahlar; çay, qəhvə tayları, tütün kisələri, şəkər qutuları, rom çəlləkləri, daha nələr, nələr bir yana qalsın; çürümüş paştetlər, iylənmiş balıqlar, qurd basmış ət şaqqaları, həşəratların daraşdığı başqa ərzaqlar, ürək bulandıran üfunət, baş çatladan kif... Bu mənzərə oxucunun qarşısında qoca sələmçinin təhtəlşüuru kimi açılır, onun psixoloji portretini tamamlayır. Öynəsini yavan çörəyi südlü qəhvədə isladıb yeməklə yola verən Qobsek baba bunca ləziz təamları nəinki bir özgəsinə, özünə də qıymamışdı. Yazıçı bununla şeytani məntiqin nə qədər məntiqsiz, absurd, nə qədər puç, əfsanə, nə qədər çürük olduğunu göstərir.

Onore de Balzak demonik obrazlar yaratmağın böyük ustasıdır. Təkcə elə “Qorio ata”da Votren, “Kurtizanların parlayışı və iflası” romanında abbat Karlos Errera adıyla meydana çıxan “ölümaldadan” ləqəbli keçmiş katorqa məhbusu Jak Koleni xatırlamaq yetər. Bu adam İblisin, Fələyin təcəllasıdır, ayaq basdığı hər yeri cəhənnəmə döndərir, pak, sadədil gəncləri yoldan çıxarıb girovuna çevirir, cəmiyyətə rəxnə salıb ortalığı çaxnaşdırır, hamını bir-birinə vurur. Di gəl, məsələn, çağdaşı, nəsildaşı, dostu Viktor Hüqodan fərqli olaraq Balzak öz şeytanlarını tanrıyla, peyğəmbərlə, məsihlə mübarizə meydanına itələmir. Balzakın demonları xaosda at oynadırlar, Balzak sosial harmoniya adına bir şey tanımır. Onun üçün xaos dünyanın təbii halıdır, o, həyatı çaxnaşma meydanı, şər mülkü, şeytan səltənəti kimi qavrayır. Sözdə katolik kilsəsinə sayğı, inam bəsləsə də, əsərlərində bu inamın ifadəsini görmürük. Hüqo on doqquz il katorqa həyatı yaşamış Jan Valjanı dinin, etiqadın gücüylə peyğəmbərlik, xilaskarlıq mərtəbəsinə qaldırır, Balzakın katorqalısı isə dəccallıq sevdasına mübtəladır.

Fransua Moriakın Marsel Prust haqqında dediyi sözləri Balzaka da aid eləmək olar: onun yaradıcılığında Allah yoxdur. Əvəzində insanları nəhəng çarxıyla əzib keçən, kainata qaranlıq pərdə tutan, dünyanı soyuq məzara çevirən ucsuz-bucaqsız, amansız, imansız fələk var. Ondan yaxa qurtarmağın tək yolu bəşər övladının canına müsəllət elədiyi nəfsi onun özünə qaytarıb boyunduruqdan azad olmaqdır. Hüqodan, Dikkensdən, Dostoyevskidən, Tolstoydan fərqli olaraq Balzak fələkdən Allaha sığınmaq, Tanrıya güvənmək, başqa sözlə, peyğəmbərlik yolu seçmir. Onun təfəkkürü mistik yox, poetik təfəkkürdür, düşüncəsi optimist yox, pessimist düşüncədir. Balzak peyğəmbər deyil, şairdir, onun metodu missionerlik yox, zahidlikdir. Katolik kilsəsinə etiqad bəslədiyini desə də, Balzakın həyata baxışı, dünyagörüşü buddistlərin, stoik lərin idealına yaxındır - ehtiraslara könül verməyən sakit, dinc fərdi yaşayış, təmiz vicdan, saf düşüncə, ruhi müvazinət. Əlli bir illik ömrünün son iyirmi ilini o məhz belə yaşamışdı.

F.Uğurlu

Paylaş:
Baxılıb: 787 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30