Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Robert Frost psixiatra necə yardım etdi?

Robert Frost psixiatra necə yardım etdi?

02.05.2023 [11:10]

Kənan Hacı

Bəzən hansısa bir əsəri oxuyarkən, heyrətlənirik. “Bu ki, eynən mənim həyatımdır” deyirik. Yazıçılar əksər hallarda oxuculardan bu tipli məktublar alırlar: “Romanınızı oxudum, siz sanki mənim həyatımdan xəbərdar imişsiniz. Romanda baş verən hadisələr eynilə mənim başıma gəlib. Siz bunları haradan bilirsiniz?”

İnsanların həyatı oxşar süjetlərlə zəngindir. Fransız yazıçısı və teatrşünası Jorj Poltinin fikrincə, bütün ədəbiyyatda mövzu və süjetlərin sayı 36-dan çox deyil. Özünün “36 dramaturji situasiya” adlı tədqiqatında bu süjetlərin təsnifatını verir.

İnsanlar bəzən poeziya nümunələrində də öz həyatlarının unudulmuş və ya zədəli anları ilə qarşılaşıb sarsılırlar. Amerika yazıçısı və psixiatrı İrvin Yalomun pasientlərindən biri növbəti qəbulların birində ona rus şairi İosif Brodskinin hansısa məqaləsini təqdim edir və öz həkiminə iradını bildirir: “Siz bu məqaləni oxuyandan sonra mənim terapiyamda yanlış gedən nəsnənin izahını tapacaqsınız”.

İ. Yalom özü də yazıçıdır, onun xəstələri içərisində yazıçılar da olub və bəzən ona öz yazdıqlarını gətirib məcbur edirmişlər ki, oxusun. “Anam və həyatın mənası” əsərində bu haqda təfərrüatları yazıb. Tanınmış psixiatr xəstə ilə canlı dialoqun daha effektiv nəticələr verə biləcəyinə inanır. Lakin Brodskinin məqaləsini oxuyan qadın müstəsna xəstələrdəndir və ona həkim tərəfindən göstərilən xüsusi münasibətin də müəyyən səbəbləri var.

Yalom rus şairinin məqaləsini oxuyur. Brodsku bu mətndə Amerika şairi Robert Frostun pastoral janrında yazdığı “İçəri gəl” və “Həyatdakı məzarlıq” şeirlərini təhlil edir. Yalom ilk baxışda bu şeirlərin onun xəstəsinin terapiyası ilə hansısa əlaqəsinin olmadığını zənn edir. Xatırlayır, yeniyetmə vaxlarında Vaşinqtonun “Veteranlar parkı”nda velosiped sürərkən Frostun həmin “İçəri gəl” şeirini əzbərdən oxuyurmuş. Qaranlıq meşədən uçub xilas olmağa çalışan qaratoyuq şairin puç olmuş ümidlərini, məhv olmuş arzularını simvolizə edir. Təhtəlşüurda kök atmış məyusluq poetik düşüncə vasitəsilə şeirin misralarına sızır.

Quş üçün də büsbütün qaranlıq idi meşə,

Özünə rahat bir yer tapmaq üçün

Uçmağa olsa da hacət,

Elə hey səsi gəlirdi fəqət.

Bu pessimist əhval?-ruhiyyə Robert Frostun poetik stixiyası idi və o, özünün “lənətlənmiş” həyatını bu formada ifadə edirdi. İ. Brodski onun dekadent platformada dayandığını xüsusi olaraq qeyd edir. Çarəsiz xəstəliyə düçar olmuş xəstə isə bu şeirdə onu lap yaxında gözləyən əbədi qaranlığın məşum çöküşünü görür.

“Həyətdəki məzarlıq” şeirində isə xəstənin keçmişindəki silinməz xatirələri oyadan detallar mövcuddur. Müxtəlif taleyə malik fərqli insanlar arasındakı heyrətamiz dərəcədə ortaq məqamları yalnız və yalnız sənət tapıb üzə çıxarır. Yalomun pasientinin şüurunda cücərən bu hipotezalar şeirin taleyinə də birbaşa təsir göstərir. Demək, şeir insanın yaddaşına toxuna bilir, o yaddaşı oyatmaq və fərqli assosiasiyalar yaratmaq gücündədir. İndinin çərçivəsində keçmişin şəklini yaradan şeirlər həmişə yol yoldaşımıza çevrilir.

“Həyətdəki məzarlıq” şeiri fermanın məhəccərli pilləkanında baş verən söhbətdən ibarətdir. Qadın pəncərədən harasa baxır və ərini də yanına səsləyir. Əri pilləkanları qalxıb görür ki...

Yaxınlarımızın basdırıldığı o balaca məzarlıq!

O qədər kiçikdir ki, bir pəncərə çərçivəsinə sığır...

Ora böyük deyil yatdığımız otaqdan...

O məzarlıqda ərlə arvadın kiçik yaşda ölmüş oğlu dəfn edilib, ilk övladları... Qadın ərini soyuqqanlılıqda ittiham edir, körpənin qəbrini qazanda da sanki yad bir adam üçün qazdığını deyir. Kədəri bu cür yaşamazlar! Axı kədəri məzara gömmək mümkün deyil, o, qəlbdə əbədi yara kimi qalır. Qadın kişiyə bunu anlatmaq istəyir. Bu, məzarlığı seyr edən bir qəlbin faciəvi narahatlığıdır. Frostun təsvir etdiyi peyzaj təkcə dramatik reallığın ucsuz-bucaqsız məzarlığın sükutu içərisindən uçub gələn əks-sədası deyil. Bu, dünyanın faniliyi içindən baş qaldıran faciəvi özünüdərkin əlamətləridir. O torpaqda ananın canından qopmuş bir parça çürüyür, ana o çürüntünü öz canında, əzalarında hiss edir. Kişi qadından xahiş edir ki, yasa son qoysun. Belə olanda övladlarının da ruhu rahatlıq tapar.

Qadın evdən çıxıb harasa (bəlkə də elə məzarlığa) getmək istəyir, əri onun qarşısını kəsir:

Haraya getməkdir sənin niyyətin?

Əvvəlcə bunu de görüm.

Arxanca gəlib zorla da olsa,

Səni geri qaytaracam,

Buna şübhən olmasın.

İrvin Yalom yazır ki, bu şeir İrenin, mənim pasientimin daxili dünyasına necə işıq salırdı? Əvvəlcə onun müasir mətni oxuya bilməkdən ötrü qədim mətni oxumalı olduğuna dair ilkin yuxusu barədə düşündüm. Açıq-aşkar idi ki, biz İrenin qardaşını itirməsi üzərində hələ çox işləməli idik. Artıq başa düşmüşdüm ki, onun ölümü “domino effekti” kimi təsir göstərərək çox itkilərə səbəb olub. İren bu şeirdə nakam dünyadan getmiş öz qardaşının taleyi ilə rastlaşıb. Anasının iztirablarını xatırlayıb. Bu itkidən sonra valideynlərinin münasibətləri də əvvəlki harmoniyasını itirib.

Məzarlıq ərazisinin dəyişkən mənzərəsi mükəmməl metaforadır. Yataq otağı ilə məzarlıq və bu iki məkan arasındakı məsafə... Dünyanın şəkli incə və aydın xətlərlə çəkilib. Bu, ton çalarları olan akvarel deyil, iki cüzi rəng ləkəsindən ibarət qrafik

rəsmdir. Lakin bu cüzi rəng ləkələri təkcə pəncərədən görünən amansız mənzərəni deyil, həyat və ölüm arasındakı yolu bütün enişi-yoxuşu ilə birgə təsvir edir. Həyatda hər şey təkrarlanır, təzələnir, lakin insanın qəlbində heç nə təkrarlana bilmir. Bax, budur sirr!

Həkim və pasient müstəvisində isə Robert Frostun şeiri yeni məna qazanır. Bu şeirin predmeti həyat və ölüm arasındakı anlardır. İren öz həkiminə izah etməyə çalışır ki, bu şeirdəki fermelə arvadı indiki halda bizik, yəni sən və mən. Xəstə getmək istəyir, həkim imkan vermir. Yalom burada soyuqqanlı ər qismindədir. Tək bircə şeir həkimlə xəstə arasındakı münasibətləri izah edir, onlar arasındakı düyünü açır. Bundan sonra Yalom yazır:

“Necə olmuşdu ki, bir-birimizdən bu qədər uzaqlaşmışdıq? Geriyə boylandıqda emosional səviyyədə başlıca toqquşmamızın səbəbinin mənim ekzistensial rasionalist, onun isə kədərə qapılmış romantik olmasında gördüm”.    

Beləcə, bir şair öz xəstəsinin daxili dünyasına yol tapa bilməyən psixiatra öz şeiriylə istiqamət göstərdi. 

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30