Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Xoşbəxtliyin ölümcül dozası

Xoşbəxtliyin ölümcül dozası

06.05.2023 [11:40]

Qustav Floberin “Madam Bovari” romanı haqqında

Əvvəli ötən sayımızda

Məsələ getdikcə ciddiləşir, Emmanın gözünü qan örtür. Onlara qonaq gələn qayınanası ilə deyişəndən sonra madam Bovarinin əlinə yağlı bəhanə düşür, Rodolfdan tələb eləyir ki, onu götürüb qızıyla birgə əyalətdən uzaqlara qaçırsın. Qadının dirəşdiyini görən fı?ıldaqçı aşiq ona yalan vəd verib ardınca saxta bir məktub qaralayır, sonda mürəkkəbin üstünə bir damla su da sıçradır ki, Emma onun iztirab çəkib ağladığını düşünsün. Məktubu alan xanım Bovari özünü evinin çardağından atmaqdan son anda saxlayır, bununla da onun ilk romantik sevdası daşa dəyir.

Qırx gündən çox Emma ölüm yatağından qalxa bilmir. Bu müddətdə zavallı Şarl iş-gücündən ayrılıb arvadının yastığının dibini kəsdirir, qazancı yetmədiyindən borc-xərc eləyib Emmanı dirçəldir. Şarl qəhrəman olmasa da, sakit, təvazökar, zəhmətkeş adamdır, onunla bir də yox, beş ömür dinc, asudə, hətta əyalət səviyyəsində xoşbəxt yaşamaq olar - əlbəttə, əgər qadın iddialı, çılğın, hikkəli deyilsə. Xanım Bovari isə ipə-sapa yatmır, fağır Şarlı kəlməbaşı heç bir səbəbsiz alçaldır, ərinin hər jesti, hər hərəkəti, hətta səbri, təmkini belə, hətta onun əri olduğuna görə özünü bəxtəvər sayması belə qadında hikkə, qıcıq oyadır.

Arvadının eynini açmaq üçün Şarl onu vilayət mərkəzi Ruana operaya baxmağa aparır. Burada onlar köhnə tanışları Leonla rastlaşırlar. Bir vaxtlar Emmaya lal məhəbbətlə aşiq olan məsum, ürkək Leon indi artıq təcrübəli vəkildir, Parisdən belə dolanıb gəlib, üzü üzlər görüb.

Az keçmiş gənc advokat madam Bovarinin içindəki boşluğu doldurmağa girişir. Emma İonvil şəhərciyindən Ruan şəhərinə sevgi yürüşlərinə çıxır, musiqi dərsləri almaq adıyla Leonun görüşünə qaçır. Bu dəfə də Leondan romantik aşiq obrazı yaratmağa çalışır, amma çifayda, bu məşuq da əvvəlkitək bayağı, onun kimi dayaz, miskin bir tipajdır.

Emmanın çılğın xoşbəxtliyi yenə də uzun sürmür, Leon yavaş-yavaş ondan soyumağa başlayır, tez-tez kontora gəlib onu xəbər alan evli qadının ağılsız, ehtiyatsız hərəkətləri ucbatından nüfuzuna ləkə düşəcəyindən, karyerasının korlanacağından, işini, qazancını itirəcəyindən qorxur. Az əvvəl qoynunda rahatlıq tapdığı məşuqundan ikrahla uzaqlaşıb bir zaman tələbəsi olduğu qızlar kollecinin qarşısında xəyala dalan Emma dərin məyusluq keçirir, anlayır ki, bu məktəbdə gizli-gizli boyunu sevdiyi arzuların heç birinə əli çatmayıb, dəlicəsinə can atdığı xoşbəxtliyə qovuşmayıb.

Onun zəif damarını ilk gündən tutan qəddar sələmçi Lerenin felinə düşüb (yeri gəlmişkən, borcların bir qismi də məşuqlarına aldığı hədiyyələr üzündən yaranır) dünyadan xəbərsiz zavallı Şarlı tam iflasa uğradanda ona nə Leon, nə də Rodolf yardım əli uzadır. Onun çatlaq bütləri qaldırdığı pyedestaldan kəlləmayallaq aşıb çilik-çilik olur. Leonu ağır sözlə təhqir eləsə də, Rodolfu sərt qınasa da, nəticə dəyişmir, bu dəfə ona heç kim, hətta Tanrı da kömək ola bilmir.

Fəqət Rodolfdan ayrı düşdüyü birinci məyusluq dönəmində Tanrı hələ Emmanı tərk eləməmişdi.

Doğrudur, ilk dəfə yerli kilsəyə gedib dərdini danışmaq istəyəndə keşiş onun halından heç nə anlamamışdı, özü də bilmədən Allahla arasını kəsib qadının ibadətinə, tövbəsinə əngəl olmuşdu (Yeri gəlmişkən, maarifçiliyə bir din kimi tapınan əczaçı Volterdən nə anlayırsa, bu abbat da Məsihdən o qədər qanır, bir-birinə qarşı çıxsalar da, eyni medalın iki üzüdürlər, biri dərman alverçisi, o biri din taciridir, biri can, o biri ruh həkimidir, ancaq heç biri də həm canı, həm ruhu xəstə qadının dərdindən agah deyil, üstəlik, paradoksal görünsə də, qadın özünü öldürmək üçün udduğu siçan dərmanını Omenin - insan sağlamlığının keşiyində duran bu tərəqqi aşiqinin aptekindən tapır). Sonralar evdə yatdığı vaxt onu ziyarətə gələn keşiş həyata incə bir sapla bağlı Emmada dinə, ibadətə azacıq meyil yarada bilir. Madam Bovari kasıb balaları üçün don tikir, zahı qadınlara odun göndərir, ac qarınları doyurur, qızını dayədən alıb özü saxlayır, onun bütün şıltaqlıqlarına dözür. Halbuki əvvəllər balaca Bertadan - tək övladından xoşu gəlmirdi, qız anasının gözünə çirkin, eybəcər görünürdü.

Bu da səbəbsiz deyil - Emma hamilə olanda övladının oğlan olmasını arzulamışdı. Flober bunun səbəbini açıqlamasa da, görünür, səbəb budur ki, bu tip qadının mütləq səcdəsinə durmaq istədiyi bir kişiyə ehtiyacı var. Biz adi həyatda da qızına ögey, oğluna doğma münasibət bəsləyən, oğlunu ilahiləşdirən anaları çox görmüşük. Madam Bovarinin də onlardan olduğunu güman eləməyə əsasımız var: Müəllif yazır ki, Tanrıya səcdə qılanda Emma bir zaman yasaq həzzin xumarlığında sevgilisinə pıçıldadığı məstanə sözləri təkrarlayırdı. Yəni demək istəyir ki, madam Bovari Allaha da bir kişi kimi pərəstiş eləyir.

Flober nədən Emmaya bunca ağır hökm kəsir? Ümumiyyətlə, bu, hökmdür, yoxsa aqibət? Tolstoyun Anna haqqında dediyi olmasın, Emma özü zəhər udur, yoxsa onu müəllif zəhərləyir? Müəllif onu niyə zəhərləsin - ərinə xəyanət elədiyinə, nikahın müqəddəsliyinə xor baxdığına görəmi? İnanıram ki, bu yanaşma problemi sadələşdirmək, bayağılaşdırmaq, Flober səviyyəsindən qat-qat aşağı salmaq olardı. Belə olsaydı, bu kitab indi nəinki Azərbaycanda, heç Fransada da kimsəyə gərək olmazdı. Bəs problem nədədir?

Qadının xoşbəxtlik arzulamağa, öz idealını axtarmağa, sevdiyinə can atmağa haqqı çatırmı? Çatır. Ancaq hər qadının da arzuladığı xoşbəxtliyə yetişməsi mümkündürmü? Çətin. Əgər bu axtarış birinci, ikinci, üçüncü, beşinci... dəfə də arzulanan nəticəni verməsə, arama-axtarma prosesi davam eləməlidirmi? Eləməlidirsə, haracan, haçanacan davam eləməlidir? Bu prosesi çərçivələyən hansısa limit, sərhəd, bənd-bərə varmı? Yoxsa qadın qismətinə qane olub taleyilə barışmalı, ərinin timsalında Yaradanın səcdəsinə durmalıdır? Əgər qisməti onu qane eləmirsə, ər (böyük hərflə) O deyilsə, onda necə? Qadının erotik fədakarlığının həddi-hüdudu varmı? Əgər təbiət kimin üçünsə belə bir hüdud qoymayıbsa, buna bəraət vermək olarmı? Nəhayət, madam Bovari romantikadan məhrum, eşqə yabançı, ölgün, sönük, soyuq Şarla yox, Napoleon kimi cəsur bir generala, ya bir orta əsr cəngavərinə, dahi ixtiraçıya, səhnə ulduzuna, mafiya başçısına, lap elə Qustav Floberin özünə ərə getsəydi, Parisin göbəyində yağ-bal içində, əyləncələr qoynunda, amma kəbininə haram qatmadan ömür sürsəydi, həyatından razı qalacaqdımı, xoşbəxt olacaqdımı?

Bu suallara cavab vermək çətindir, ancaq mən əminəm ki, Emma lap Floberin arvadı olsaydı belə ərinə sadiqliyini qorumayacaqdı, çünki o boyda coşqun bir ehtirasın qarşısına bənd vurmaq heç dahi kişinin də gücü çatası iş deyil.

Nə isə, bu korazehin, korafəhim ehtimalları qoyaq bir qırağa. Məncə, Flober bizə tamam başqa mesaj verir.

Flober deyir ki, ehtiras dağıdıcı, yıxıcı, öldürücüdür. Xoşbəxtlik, fədakarlıq, müqəddəslik illüziyadır. İnsan vəfasız, insafsız yırtıcıdır. Təbiət yaratdıqlarının qənimidir. Bu dünyada hər şey kimi eşq zövqü də gəldi-gedərdir. Atıldığımız səhnədə faciəylə komediya iç-içə oynanır. Həyatın bir gözü gülür, o biri gözü ağlayır - gülən göz ağlayan gözə gülür, ağlayan göz də gülən gözə ağlayır. Hətta sevgi kimi gözəl, möhtəşəm, ülvi bir duyğu da ötəri, aldadıcı, şit, bayağı, gülüncdür. Adına məhəbbət, şəhvət deyilən qüvvə - ağıl, məntiq, din-iman, vicdan, namus, qeyrət tanımayan katastrofik təbiət hadisəsidir.

Flober məhəbbəti şəhvətdən, sevgini ehtirasdan ayırmır, saf, ruhani eşqə əsla inanmır. Buna şübhəsi olan onun “Sadədil” adlı povestini oxusun (yeri gəlmişkən, bu əsər mövzusu baxımından Çexovun “Qadası” hekayəsiylə çox səsləşir), bütün ömrü boyu sevmək, özünü fəda eləmək yanğısıyla qovrulan qulluqçu Felisitenin miskin aqibətindən xəbər tutsun.

Buradan da belə nəticə çıxır ki, ömrü qəzadan qorumaq üçün, ana təbiətin pay verdiyi gerçək əcələ sağ-salamat yetişmək üçün, orqanizmin içindən cücərən doğma ölümə qədərki yad ölümlərin tələsindən yayınmaq üçün arzuları susdurmalı, ehtirasları cilovlamalı, aşırı həzzə dartınan həvəsləri söndürməlisən. Yoxsa madam Bovarini zəhərləyən dərd səni də öldürəcək.

F.Uğurlu

Paylaş:
Baxılıb: 797 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30