Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Bədənin cəhənnəmindən ruhun cənnətinə

Bədənin cəhənnəmindən ruhun cənnətinə

23.12.2023 [11:40]

Aligyeri Dantenin “İlahi komediya” dini-mistik poeması haqqında

Bu ölməz alleqoriyanı xristianların müqəddəs kitabının təfsiri də saymaq olar. Hərçənd o müqəddəs kitabın heç bir bölümündə, fəslində cəhənnəmin, ərafın, ya cənnətin belə “dəqiq”, təfərrüatlı, təfsilatlı təsviri verilməyib. Bu da, necə deyərlər, Danteyə vəhy göndərilmiş, nazil olunmuş kitabdır.

Şair özü qatı xristian, İsa Məsih aşiqiydi. Hətta o dərəcədə ki, İsadan əvvəl yaşamış Homer, Vergili, Platon, Aristotel... kimi dahiləri, müdrikləri cənnətinə buraxmamışdı. Hamı bilir ki, dünyaya gəlişinin vaxtını, yerini seçmək insanın əlində deyil. Belə isə Dantenin cəhənnəmin sərin yerinə (heç olmasa bu məsələdə insaflı tərpənib) atdığı nəhənglərin suçu nədir, bilmək olmur. Bir sözlə, onun cənnətində yalnız xristian müqəddəslərinə (o da hər müqəddəsə yox), xaçpərəst övliyalara, bir də sevgilisi Beatriçeyə yer var.

***

Dante mistik səfərinə müdrikliyinin oğlan çağında, özü demiş, bu dünyadakı ömrünün tən yarısında, yəni otuz beş yaşında (ancaq dilədiyi ömrü başa vurmaq başıbəlalı şairə qismət olmayacaqdı) qədim Roma şairi, dünya şöhrətli “Eneida” dastanının müəllifi, özünə ustad saydığı Vergilinin bələdçiliyilə çıxmışdı. 1300-cü ilin Pasxa bayramı ərəfəsində başlanmış səfər on gün sürmüşdü. Bu on günlük səfərin təəssüratından üç bölümlük, yüz nəğməlik “Komediya” (Əsərin adına “ilahi” sifəti sonradan, deyilənə görə, intibah dövrünün incilərindən biri “Dekameron”un müəllifi Covanni Bokkaççonun təşəbbüsüylə artırılıb. Onu da xatırladaq ki, o zamanlar “komediya” sözü indiki anlamında işlənmirdi, bu janra faciə ilə bitməyən, nikbin sonluqla qurtaran əsərlər aid olunurdu) yaranmışdı. Yüz nəğmənin otuz dördü “Cəhənnəm”in, otuz üçü “Əraf”ın, qalan otuz üçü də “Cənnət”in payına düşür.

“İlahi komediya” alleqorik əsərdir. Dantenin səfəri insan ruhunun mənəviyyatın (eləcə də mənəviyyatsızlığın) qatlarına səfəridir. Onun vahiməli zülmət meşədə azması öz ağlının, nəfsinin dolanbaclarında azıb itməsinə işarədir. Dantenin yaradıcılığı haqlı olaraq orta əsrlər çağının sonu, yeni dövrün başlanğıcı sayılır. Başqa sözlə, ağır qəflət yuxusundan Avropanın oyanışı, yenidən dirilişi Dantedən başlanır. Bu, ədəbiyyatın tarixin gedişatına nə qədər təsir göstərdiyini, daha da dəqiq desək, tarixi yönəltdiyini bir daha sübuta yetirir.

Qaranlıq meşədə ustadı Vergiliylə tapışması antik dəyərlərin orta çağ zülmətindən yenicə çıxmaqda olan xristian Avropasına gətirilməsiylə yeni bir epoxanın başlandığını müjdələyir. Bu epoxanın adına indi ərəbcə İntibah, latınca Renessans deyilir.

Azdığı meşədə Dante bəbir, aslan, dişi canavar kimi yırtıcılarla qabaqlaşır. Bu vəhşilər insanı pis yola çəkən şəhvət, xudbinlik, tamah kimi ehtirasların simvollarıdır. Qorxudan bağrı yarılan Dantenin hayına ustadı Vergilinin ruhu çatır. Bəlli olur ki, antik şairi onun yardımına sevgilisi Beatriçe göndərib - Danteni bu dünyada himayə eləyən mərhəmətli, vəfalı qadın cənnətdən cəhənnəmin birinci qatına enməklə Vergilidən öz aşiqinin harayına yetməyi, ona yol göstərməyi təvəqqe eləyib. Bundan sonra ustadla şagirdin o dünyaya səfəri başlanır.

***

Cəhənnəmin doqquz qatı var. Onun girişində yazılıb ki, bura gələn ümidlərini eşikdə qoysun.

Birinci qat Limb adlanır, buraya xaç suyuna çəkilməmiş körpələrin, bir də bütpərəstlik dövrünün şöhrətli kişilərinin - qəhrəmanların, alimlərin, filosofların, şairlərin, o cümlədən Vergilinin ruhu yerləşdirilib. Onlara əzab verilmir, buradakı ruhlar sadəcə qəm-qüssə çəkirlər, çünki xristian olmadıqlarına görə onlara cənnətdə yer yoxdur.

Yeraltı səltənətin ikinci qatında kimi hara yerləşdirməyi Minos adlı iblis müəyyənləşdirir. Parisin Yelenası, Antoninin Kleopatrası kimi şəhvət, ehtiras köləsi olan gözəllər bu qatda məskunlaşıblar. Onlar ara verməyən güclü qasırğanın burulğanında daim fırlanır, daşdan-daşa, qayadan-qayaya çırpılırlar.

Üçüncü qata Serber adlı üçbaşlı azman köpək keşik çəkir. Burada tamahkarların, qarınquluların ruhu leysan yağış altında palçıq içində eşələnir. Dante üçüncü qatda bir yerlisiylə rastlaşır, onunla doğma şəhərinin taleyini müzakirə eləyir.

Plutos adlı əcinnənin ixtiyarına verilmiş dördüncü qatda israfçılarla xəsislər cəza çəkirlər. Bunların arasında tanınmış ruhanilər, papalar, kardinallar da var. Buradakılar Sizif əzabına məhkum olunublar - müdam ağır bir daşı dağın zirvəsinə qaldırırlar, ardınca daş üzü aşağı, dağın ətəyinə yuvarlanır, sonra proses yenidən başlanır.

Beşinci qatda kinli, tənbəl ruhlara əzab-işgəncə verilir, onlar çirkli gölməçədə bataqlıq qurbağası kimi yaşayırlar. Kinlilər dayanmadan bir-biriylə savaşırlar, tənbəllərsə bataqlığın dibində mürgü döyürlər.

Növbəti qatda onlar Dit adlı cəhənnəm şəhərinə düşürlər. Burada alovu ərşə dirənən məzarlardan ah-nalə səsləri gəlir. Bu məzarlarda kafirlərin, müqəddəslik libasına bürünmüş dəccalların ruhu od tutub yanır. Altıncı qatda Dante daha bir həmşəhərlisinə, ondan sonra dostunun atasına rast gəlir. Şair antik filosof Epikürü də hansısa günahına görə cəhənnəmin altıncı qatına atıb.

Dağların arasındakı yeddinci qatı öküz başlı rəhmsiz Minotavr qoruyur. Buradakı qaynar, qanlı çayda tiranların, quldurların ruhuna işgəncə verilir. Çayın kənarındakı kentavrlar onların üstünə daim ox yağdırırlar. Həmin adam başlı atlardan biri qəhrəmanları suyun üstündən adladır. Qanlı çayın o tayında onlar yarpaqsız ağaclar, tikanlı kollar görürlər. Məlum olur ki, bunlar da özünə qəsd eləyənlərin ruhudur. Onları cəhənnəm quşları müdam didib-didişdirib bədənlərinə dözülməz yaralar vururlar. Qumara qurşanıb var-yoxunu uduzanların ruhunu isə burada quduz köpəklər daim sağa-sola qovurlar. Sələmçilərə də bu qatda əzab-əziyyət verilir. Respublika vətəndaşı Dante antik Roma diktatoru, respublikanın düşməni Yuli Sezara cəhənnəmin birinci qatında - Limbdə yer ayırsa da, onunla eyni xislətli Makedoniyalı İsgəndəri yeddinci qata yerləşdirib. Anlamaq olmur ki, bu iki tiran arasında hansı mahiyyət fərqi var.

Səkkizinci qat özü də on bölməyə, daha doğrusu, on xəndəyə ayrılır. Qadınları pis yola çəkən aradüzəldənlərə, riyakarlara, kilsə vəzifələrini piştaxtaya çıxaranlara, falçılara, cadugərlərə, münəccimlərə, rüşvətxorlara, oğrulara burada olmazın işgəncələr verilir. İsa Məsihi təkidlə çarmıxa çəkdirən baş yəhudi ruhanisi də bu qatda məskunlaşıb. Adı bəlli Odisseyi (Ulissi) də burada tapmaq olar.

Nəhayət, doqquzuncu - sonuncu qat, yerin təki, planetin dibi. Cəhənnəm sultanı, altı yarasa qanadlı, üç başlı Lüsifer donmuş çayın içində öz səltənətinə keşik çəkir. Burada xainlərə, satqınlara işgəncə verilir. Lüsiferin bir ağzından İsa Məsihə dönük çıxmış İudanın, o biri ağızlarından Sezara xəyanət eləmiş Brutla Kassinin bədəni sallanır. İblis onları çənəsinin altında saqqız kimi çeynəyir. Ən ağır işgəncə İudanın payına düşür.

Bu əzabların sonu yoxdur, cəhənnəm işgəncələri əbədidir.

F.Uğurlu

Paylaş:
Baxılıb: 744 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30