Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir

İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir

22.12.2012 [00:19]

Ötən dövr ərzində həyata keçirdiyi daxili və xarici siyasət strategiyasının səmərəlilik səviyyəsinə, bunun fonunda ölkəmizin milli inkişafının real nəticələrinə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu və güclü aktora çevrilməsinə, eyni zamanda, Özünün liderlik keyfiyyətlərinə görə İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib
Bu, bir gerçəklikdir ki, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental təminatçı faktorunu təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir. Eləcə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək ümummilli inkişafı ən yüksək səviyyədə təmin edir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri, dəyərləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Digər tərəfdən, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir. Yəni, uğurlu sosial siyasətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi, eyni zamanda, perspektiv inkişafın təməl strateji komponentlərini təşkil edir.
Bir məqama da xüsusilə diqqət yetirmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Başqa sözlə, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar.
Güclü lider fenomeni və inkişaf edən Azərbaycan
Liderlik fenomeni tarix boyu dövləti, xalqı müəyyən amal uğrunda səfərbər edən, irəliyə doğru aparan qüvvə kimi çıxış edib. Lider dövrün xüsusiyyətlərindən, situasiyadan, cəmiyyətin siyasi təşkili səviyyəsindən asılı olmayaraq öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, kütlələrə doğru yolu göstərmək bacarığı ilə xalqı arxasınca apara bilən şəxsdir.
Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə sıx bağlıdır. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, tarix XX-XXI əsrlərin qovşağında müstəqil respublikamıza sadaladığımız keyfiyyətlərə sahib olan iki böyük lider bəxş edib. Onlardan biri bütün ömrünü Azərbaycanın inkişafına sərf edən, müstəqil respublikamızın ən çətin günlərində xalqın köməyinə gələn və dövləti dirçəldən Ümummilli lider Heydər Əliyev, digəri isə Onun yolunu inamla davam etdirən, rasional siyasətçi və həqiqi vətənpərvər Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-2012-ci illər Azərbaycan tarixinə hərtərəfli sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin əsasında Ümummilli liderin inkişaf strategiyasının, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Başqa sözlə, Ulu öndərin fəaliyyətinin nəticəsində formalaşan dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi, uzaqgörənliyi sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini fərdi istedadı və liderlik bacarığı ilə yaşadan Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Liderin fəaliyyəti cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına önəmli təsir göstərir. Xalqın lideri, ilk növbədə, insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiq olan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə əsl siyasi lider kimi özünü təsdiqləyib.
Digər tərəfdən, güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta müəyyən mənada qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regional və qlobal miqyasda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri sayəsində bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib. Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu artaraq təkcə regional səviyyədə deyil, regionlararası inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. Ölkəmiz Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.
Beləliklə, müasir Azərbaycanın demokratik hüquqi dövlətçilik prinsipləri əsasında sözün hər bir mənasında müstəqil dövlət kimi inkişafının təməlində milli düşüncəyə, rasional təfəkkürə, möhkəm iradəyə malik lider amili dayanır.
Dinamik iqtisadi inkişaf milli tərəqqini sürətləndirən fundamental faktordur
Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Belə ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir.
Eyni zamanda, Azərbaycan iqtisadiyyatı sosialyönümlülüyü ilə seçilir. Belə ki, aparılan uğurlu, məqsədyönlü iqtisadi siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılması olub.
Digər tərəfdən, Azərbaycan iqtisadi inkişaf modelinin davamlı və səmərəli olmasının ən bariz sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, inkişafın Azərbaycan modeli üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olub: inflyasiya idarəolunandır (hazırda orta illik inflyasiya isə cəmi 1,5 faiz təşkil edir), Mərkəzi Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulub, dövlət büdcəsinin kəsiri isə ÜDM-in 1 faizinə bərabərdir.
Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru (turizm, sənayeləşmə, İKT və s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
Digər tərəfdən, ölkə iqtisadiyyatının dinamik iqtisadi inkişafını təmin edən strateji amillərdən birini də praqmatik enerji siyasəti təşkil edir. Azərbaycan uğurlu və çoxistiqamətli enerji layihələrinin reallaşdırılmasına çalışır. Başqa sözlə, yanacaq resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Azərbaycan hökuməti nümayiş etdirdiyi siyasi iradə ilə trans-enerji layihələrinin çəkilişini mümkün edib, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasını reallaşdırıb. Hazırda BTC neft boru kəməri və BTƏ qaz boru kəməri Avropa və digər beynəlxalq bazarlara Azərbaycan və Mərkəzi Asiyanın neft və qazını çatdırır. Bu cür layihələr Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyənin inkişafı və rifahına xidmət edir, bütöv regionun təhlükəsizliyini möhkəmləndirir.
Qeyd edək ki, bu kontekstdə Azərbaycanın oynadığı mühüm rol 2006-cı ilin noyabr ayında bir daha təsdiqləndi. Həmin vaxt Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Joze Manuel Barroso Brüsseldə “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar. Bu sənəd Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirdi və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən etdi. Eləcə də, Azərbaycan və Türkiyə arasında cari ilin iyunun 26-da İstanbulda imzalanan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşması da dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.
Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi strategiyanın fonunda müşahidə olunan gerçəkliklərdən biri də rasional sosial siyasətdir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətlərinə diqqət yetirsək, görərik ki, vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Təbii ki, ölkənin büdcə vəsaitlərinin artması sözügedən sahədə kompleks islahatların reallaşdırılmasına, əhalinin həyat şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb.
Qeyd etmək lazımdır ki, həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində bu gün pensiyaçıların 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. Məsələn, 2012-ci ilin oktyabrın 1-nə olan məlumata görə, əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatıb.
Ümumiyyətlə, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən bu günədək dövlətimizin başçısı tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 Sərəncam verilib. Bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib.
Həmçinin, Prezident İlham Əliyevin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci il yanvarın 1-dən 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən isə 16,7, 2009-cu il yanvarın 1-dən 20,8, 2010-cu il yanvarın 1-dən 1,5, 2011-ci il yanvarın 1-dən 5,7 və nəhayət, 2012-cu il yanvarın 1-dən 7,9 faizlik artım tətbiq edilib.
Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artıb.
Xatırladaq ki, 2011-ci ildə həyata keçirilən islahatlar çərçivəsində pensiyaların iş stajları əsasında yenidən hesablanması ilə 900 minə yaxın pensiyaçının pensiyası iyulun 1-dən orta hesabla 40 faiz yüksəlib. Bundan başqa, müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 120 manat məbləğində əlavələr hesablanıb.
Ümumiyyətlə, hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Məşğulluğun yüksək səviyyədə təmin olunması öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə imkan verir. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi operativ addımların atılması nəticəsində insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Təkcə onu demək kifayətdir ki, son 7 ildə ölkəmizdə 950 min yeni iş yeri açılıb, minlərlə yeni müəssisə fəaliyyətə başlayıb. Bunların 80 faizi bölgələrin payına düşür. Ötən ilin yekunlarına görə, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz təşkil edib. Bununla bərabər, bölgələrdə icra edilən regional inkişaf proqramları nəticəsində ilin 6 ayında 46 min yeni iş yeri açılıb ki, onlardan 37 mini daimidir. Bu proses davam etdirilir, yeni müəssisələr tikilir.
Ölkəmizdə icra olunan ünvanlı yardım proqramı isə hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir.
Əhalinin sosial problemlərinin həlli ilə yanaşı, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi hökumətin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət başçısı tərəfindən müvafiq Fərman və sərəncamlar imzalanıb. Belə sənədlərdən biri Prezident İlham Əliyev tərəfindən cari il iyunun 13-də imzalanan Sərəncamdır. Sərəncama əsasən, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin, rahat həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və “ASAN xidmət (Azerbaijan Service and Assessment Network)” mərkəzləri fəaliyyət göstərəcək. Sözügedən qurumun yaradılmasında məqsəd vətəndaşlara geniş spektrli sadələşdirilmiş xidmət göstərmək, onların vaxt itkisinin qarşısının alınması, eləcə də, bürokratiya, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək və dövlət orqanlarına etimadı artırmaqdır. Qurumun həyata keçirəcəyi işlər sırasına doğumun, nikahın, ölümün qeydə alınması, həmçinin, adın, soyadın dəyişdirilməsi haqqında sənədlərin alınması, mülkiyyət hüququna dair bir sıra sənədlərin verilməsi, notariat fəaliyyəti və s. aiddir.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Müasir Azərbaycanın intensiv tərəqqisinin fonunda regionların sosial-iqtisadi inkişafı...
Dövlətimizin başçısı kimi fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyev Bakı və Bakıətrafı qəsəbələrin inkişafını da prioritet məsələ kimi daim diqqətdə saxlayıb. Məhz bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilib. Lakin təkcə Bakı deyil, eləcə də, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bir sözlə, çoxkomponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edən regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
Prezident İlham Əliyevin gərgin əməyinin və əzmkarlığının nəticəsi olaraq hazırlanan və Onun birbaşa nəzarəti altında davam etdirilən sözügedən iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafında yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.
Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla belə bir real tezisi meydana çıxarır: son 8 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik tam modernləşən dövlətə çevrilib.
Həmçinin, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı iqtisadi inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının pozitiv mənada dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. Regionların inkişafı ilə bağlı birinci proqram vaxtında və yüksək göstəricilərlə icra olunub, ikinci proqramın icrasından ötən müddət ərzində ölkə üzrə çox əhəmiyyətli işlər görülüb və bütün bunlar Azərbaycanın ümumi iqtisadi gücünü artırıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.
Bir sözlə, regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Yerli istehsalın genişlənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edib, özəl sektorun inkişafına zəmin yaradılıb.
Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapıb
Bu gün Azərbaycanda ərzaq təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilən Regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər və 2009-2013-cü illər, dövlət proqramları və nəhayət, 2008-ci ildə qəbul edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın prioritet məqsədlərindən biri də ölkədə ərzaq təhlükəsizliyinin təminatı olub. Çünki etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil vətəndaşların əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Məsələn, son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının artması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlayıb, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Belə bir dövrdə Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Məhz bu sahədə görülən səmərəli işlər Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradıb.
Milli təhlükəsizliyin tərkib hissələrindən biri olan ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, habelə hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edib. Xüsusən də, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin inkişafında vacib təkan rolunu oynayıb. Dövlət Proqramında ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulub. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Görülən işlər sırasında ərzaq məhsullarının saxlanması üçün anbarların, soyuducu kameraların tikintisi, fermerlərin fəaliyyətinə dövlət dəstəyi, ölkəyə yeni kənd təsərrüfatı texnikasının gətirilməsi və digər çoxsaylı tədbirlər daxildir.
Əhalinin etibarlı ərzaq təminatının başlıca şərtlərindən biri makroiqtisadi sabitliyə əsaslanan davamlı inkişafın əldə olunması və əhalinin gəlirlərinin fizioloji normalara əsaslanan tələbatının ödənilməsini təmin etməsidir. Son beş ilin iqtisadi göstəricilərinin təhlili göstərir ki, Azərbaycan bu illər ərzində nəinki makroiqtisadi sabitliyi qoruyub saxlayıb, hətta iqtisadi artıma görə dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Əlavə edək ki, cari ilin iyulunda İngiltərənin “Economist İntelligence Unit” araşdırma mərkəzinin tərtib etdiyi ərzaq təhlükəsizliyi reytinqinə əsasən Azərbaycan 105 ölkə arasında 67-cidir. Reytinq ərzaq bolluğu, insanların yüksək gəlirləri, başqa mal və məhsullarla müqayisədə ərzağa daha az pul xərclənməsi, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və inkişafa böyük sərmayə yatırılması meyarlarına əsaslanıb.
Demokratik inkişafın milli modeli - Azərbaycan nümunəsi
Prezident İlham Əliyevin rasional daxili siyasət kursunun effektiv nəticələrindən birini də Azərbaycanın demokratiya yolunda inamla irəliləməsi təşkil edir. Ümumiyyətlə, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil qismində isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsi çıxış edir.
Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirir.
Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları da Azərbaycanın demokratiya yoluna sadiq qaldığını və demokratikləşmə prosesini sürətləndirdiyini bəyan etməkdədirlər. Bu da onun göstəricisidir ki, müstəqilliyin ilk iki ilindəki (1991-1993) dərin kataklizmlərdən fərqli olaraq bu gün Azərbaycan həyata keçirilən sistematik islahatların fonunda demokratiya yolunda qəti və ardıcıl addımlar atmaqdadır.
Nəticə etibarilə, siyasi-hüquqi islahatların milli maraqlara və dəyərlərə müvafiq surətdə reallaşdırılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesi istiqamətində sistematik işlərin görülməsi demokratikləşmə prosesinin daha effektiv və operativ xarakter almasını şərtləndirib. Bütün bunların fonunda isə qeyd etmək olar ki, Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Xalq-iqtidar birliyi milli inkişafımızın əsas formuludur
Qeyd edilməsi zəruri olan başlıca məsələlərdən biri də budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkəmizin milli inkişafını şərtləndirən fundamental faktorlardan biri də həyata keçirilən rasional islahatlardır. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, onların reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycanda görülən işlər olduqca yüksək qiymətləndirilir. Siyasi hüquq və azadlıqların, xalqın ali iradəsinin təmin olunmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, inamla davam etdirilir.
Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına spesifik töhfələr verməkdədir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahə və sektorlarda ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri verməkdədir. Həmçinin, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə demokratik inkişafı da sürətləndirməkdədir.
Bunlarla yanaşı, xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyinin təmin olunmasını şərtləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bir sözlə, gələcəklə bağlı planlarımız çoxdur və əminəm ki, Azərbaycan xalqının iradəsi, xalqla iqtidar arasında olan birlik, həyata keçirdiyimiz məqsədyönlü daxili və xarici siyasət XXI əsrdə qarşıya qoyduğumuz məqsədlərə çatmağa kömək edəcəkdir”.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30