Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2013-cü ildə də respublikada korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə davam etdiriləcək

2013-cü ildə də respublikada korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə davam etdiriləcək

07.02.2013 [01:12]

Prezident İlham Əliyev: Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik
Məlum olduğu kimi, yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda çıxış edən dövlət başçısı bütövlükdə ötən ilin ölkə iqtisadiyyatı üçün çox uğurlu il olduğunu bildirib. Dövlət başçısı çıxışında, eyni zamanda, respublikamızda həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması, habelə, əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində son illər ərzində böyük uğurlar əldə edildiyini də vurğulayıb. Prezident İlham Əliyev bununla belə, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da ciddi aparılmasının vacibliyini bildirib: “Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilmişdir. Bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcəkdir. Burada biz müxtəlif alətlərdən istifadə edirik. Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcəkdir. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik”.
Göründüyü kimi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə dövlətin prioritet istiqamətlərindən biridir. Və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi (KQMİ) tərəfindən 2012-ci ildə də bu istiqamətdə ciddi addımlar atılıb. Bu fikirlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında bir daha səsləndirilib. Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov ötən ildə bu sahədə görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına ölkədə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların, təşkilati və institusional tədbirlərin səmərəliliyi artırılıb. Hesabat ili ərzində bu sahədə bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilib. Belə ki, ölkə başçısının 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə 2012-2015-ci illər üçün nəzərdə tutulmuş “Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları”nın təsdiq edilməsi, eyni zamanda, 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan “ASAN xidmət” mərkəzlərinin yaradılması bu istiqamətdə görülən böyük işlərdir.
Qeyd olunub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci il ərzində vətəndaşların 1198 müraciətinə baxılıb, həmçinin 229 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 58 faizi üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə idarə tərəfindən zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 5143 müraciət daxil olub, həmin müraciətlərin 34-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə, vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib. Prokurorluq orqanlarına korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bu kateqoriyadan olan cinayətlərin aşkar edilməsi, qarşısının alınması istiqamətində səmərəli nəticələr əldə etməyə zəmin yaradıb.
Belə ki, hesabat dövrü ərzində törədilmiş və hazırlanan cinayətlər barədə İdarənin əməliyyat qurumları tərəfindən 369 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 29, o cümlədən, korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Qeyd olunan cinayət işlərindən 23-ü üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin işlər arasında torpaq sahəsi ayrılması üçün Bakı şəhəri, Binə qəsəbə bələdiyyəsinin sədri və onun müavininin 4.500 manat, hesablanmış cərimənin silinməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə dövlət əmək müfəttişliyinin rəis müavininin 1.500 manat, vətəndaşın 2-ci ali təhsil almaq üçün Universitetə qəbul edilməsi məqsədilə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliminin 40.000 manat, həmçinin, Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində vətəndaşı cinayət məsuliyyətindən azad etmək üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkilinin 1.500 ABŞ dolları rüşvət almaları faktı ilə əlaqədar işlər olub. 2012-ci il ərzində idarənin İstintaq şöbəsi tərəfindən 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Əvvəlki illərlə müqayisədə hesabat dövrü ərzində korrupsiya cinayətlərinin ən təhlükəli formalarından olan passiv rüşvətxorluq (rüşvət alma) ilə istintaq olunan cinayət işlərinin sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da istintaq və əməliyyat qurumlarının səmərəli fəaliyyətinin birbaşa nəticəsidir. Məhkəmələrə göndərilmiş cinayət işlərindən 52 şəxs barəsində 32 iş rüşvət alma, 51 şəxs barəsində 33 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 75 şəxs barəsində 44 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq və digər faktlarla əlaqədar olub.
2012-ci il ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş cəmi 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma mərhələsində 25 milyon 972 manat manat və ya 49,82 faiz ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində ən müxtəlif formalarda təzahür edən korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı çoxsaylı istiqamətlər üzrə aparıldığından idarənin mütəxəssislər qrupunun əməkdaşları bu məqsədlə müxtəlif peşə sahələri ilə əlaqədar prokurorlara və müstəntiqlərə ixtisaslı məsləhətlər və tövsiyyələr verərək digər şöbələrlə qarşılıqlı fəaliyyət göstərib.
Hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Belə ki, daxil olmuş cinayət xarakterli məlumatların araşdırılması, eləcə də, kütləvi informasiya vasitələrində verilmiş yazıların təhlili son vaxtlar çoxmənzilli yaşayış binalarının inşa edilməsi və belə binalarda mənzillərin vətəndaşlara satılması sahəsində kütləvi və ciddi qanun pozuntularına, dələduzluq hallarına yol verildiyini aşkara çıxarıb. İdarənin preventiv tədbirlər və təhqiqat şöbəsi tərəfindən 2012-ci ilin aprel ayında “Çoxmənzilli yaşayış binalarının tikilməsi üçün mənzil-tikinti kooperativlərinin yaradılması və mənzillərin satılması sahəsində problemlər və onların aradan qaldırılması yolları barədə” təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib.
Hesabat dövrü ərzində korrupsiya ilə barışmaz mübarizə prokurorluq orqanlarında da həyata keçirilib. Belə ki, 2012-ci il ərzində 3 prokurorluq işçisi barəsində 2 cinayət işi istintaq edilərək baxılması üçün aidiyyəti məhkəmələrə göndərilməklə müvafiq ittiham hökmləri çıxarılıb. Bundan əlavə korrupsiya hüquqpozmalarına yol vermiş prokurorluq işçiləri barəsində idarənin Daxili Təhlükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində 4 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılmaqla, onlardan 1-i tutduğu vəzifədən azad edilib, 1-i isə prokurorluq orqanlarından xaric edilib. Göründüyü kimi, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarekteri daşımır və Azərbaycanın işguzar nüfuzuna xələl gətirən belə neqativ halların aradan qaldırılması istiqamətində ciddi mübarizə tədbirləri davam etdirilir.
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 1016 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30