Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

04.05.2013 [10:37]

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlib. Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq işləri barədə məlumat verib.
Sumqayıta səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev parkında yaradılmış şəraitlə tanış olub.
Parkın girişində Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, park sakinlərin istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir. Burada şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını mənalı və maraqlı keçirmələri üçün hər cür şərait yaradılıb. İstirahət məkanında balacalar üçün xüsusi attraksionlar quraşdırılıb. Kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu istirahət məkanını Sumqayıtın ən gözəl yerlərindən birinə çevirib.
Prezident İlham Əliyev parkda inşa olunmuş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib.
Mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidenti məscidin axundu ilə söhbət edib. Dövlətimizin başçısına “Qurani-Kərim” hədiyyə olunub.
Daha sonra Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, burada təmir işlərinə 2012-ci ildə başlanılıb. Meydanda 72 metr hündürlükdə dalğalanan bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bundan başqa, əraziyə bitişik park da gözəl tərtibatda yenidən qurulub. Ətrafda geniş abadlıq-quruculuq və yaşıllıq işləri görülüb.
Prezident İlham Əliyev Bayraq Meydanında görülmüş işlərdən razılığını bildirib.
Sumqayıt şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Mərkəzlə tanış olan dövlətimizin başçısına Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib ki, burada ilk dəfə ölkədə tətbiq olunan elektron ərizə doldurma aparatı yerləşdirilib. Mərkəzə müraciət edən vətəndaş elektron ərizəni dolduraraq eyni vaxtda çap etdirə bilər. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz internetə daim açıq olan kompyuterlərlə təchiz edilib və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılıb.
Mərkəzdə, həmçinin vətəndaşların qəbulunun elektron növbə əsasında həyata keçirilməsi üçün ən müasir avadanlıq quraşdırılıb. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq. Vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün 30 gənc seçilib və onlar təlimlərə cəlb olunublar.
Dövlətimizin başçısı könüllülərlə görüşdə deyib: “Artıq “ASAN xidmət” Sumqayıta da gəldi, Bakıdan üç ay sonra. Keçən dəfə Sumqayıtda olarkən demişdim ki, Sumqayıtda Bakı şəhərinə xas olan bütün standartlar tətbiq olunmalıdır. Həm infrastruktur layihələri o səviyyədə icra edilməlidir, həm də ictimai yerlər, xidmət sektoru o səviyyədə olmalıdır.
İndi Sumqayıtda gözəl parklar salınır. Bu gün Heydər Əliyev Parkının vəziyyəti ilə tanış oldum. Sumqayıt doğrudan da ölkəmizin çox gözəl şəhərinə çevrilir və Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də artır, iş yerləri açılır. İndi yeri yaradılan sənaye müəssisələri, texnoparklar kənar bölgələrdən də işçi qüvvəsini Sumqayıta gətirəcəkdir. Yəni, burada iş çox olacaqdır və bu Mərkəz nəinki Sumqayıt sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə xidmət göstərəcəkdir. Bu, sizin üçün də gözəl təcrübədir. İlk növbədə gələcək fəaliyyətiniz üçün, hesab edirəm ki, çox vacib olan təcrübədir. Digər tərəfdən, bax bu valantyorluq sizin niyyətinizi göstərir, onu ifadə edir. Yəni, siz cəmiyyətin fəal üzvlərisiniz. Əgər siz könüllü şəkildə, necə deyərlər, vətəndaşlara və dövlətə təmənnasız kömək etmək istəyirsinizsə, deməli sizin niyyətiniz çox xoşməramlıdır və ölkəmizin ümumi inkişafına tam uyğundur. Bax, belə gənclər olmalıdır, Vətəni sevən, insanlara xoş münasibət bildirən, peşəkar, bilikli və müasir. Mən sizə uğurlar arzulayıram. Sizə bax bu təşəbbüsə görə minnətdarlığımı bildirmək istəyirəm”.
* * *
Prezident İlham Əliyevə mərkəzin səyyar avtobusları ilə bağlı məlumat verilib.
Dövlətimizin başçısı səyyar xidmət avtobusu və İnnovasiyalar Mərkəzinin yeni texnologiyaları ilə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyevə innovasiyalı mərkəzləşdirilmiş parklanma sistemi barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, bu sistemin əsas məqsədi avtomatlaşdırılmış park sistemini tətbiq etməkdir. Bu sistemdən ABŞ və bəzi Avropa ölkələrində artıq istifadə olunur.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda “Gilan” Tekstil Parkının açılışında da iştirak edib. Müəssisə ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, 20 hektar ərazidə tikilən “Gilan” Tekstil Parka parça toxuma, boyama və tikiş fabriklərindən ibarət yüngül sənaye müəssisələri daxildir. Ümumi dəyəri 46 milyon manat olan Gilan Tekstil Parkının ərazisində üç fabrikin tikintisinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumilikdə 15 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Parkın tikintisinə 2011-ci ildə başlanılıb.
Qeyd edilib ki, ümumi sahəsi 7 min kvadratmetr olan parça toxuma fabriki üç əsas istehsal və köməkçi sexlərdən ibarətdir.
Prezident İlham Əliyev fabriki işə salıb və istehsal prosesi ilə tanış olub.
Azərbaycan Prezidenti boyama fabriki ilə də tanış olub.
Dövlətimizin başçısına texnoloji proses barədə məlumat verilib. Qeyd edilib ki, boyama prosesində Almaniyadan idxal olunan boyalardan istifadə edilir. Bu boyalar insan orqanizmi üçün zərərsizdir. Burada, həmçinin parçaların yuyulması, ağardılması və qurudulması da həyata keçirilir. Bir sözlə, fabrikdə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli parça istehsalına imkan verir.
Dövlətimizin başçısı laboratoriya ilə də tanış olub. Diqqətə çatdırılıb ki, laboratoriyada həm yerli, həm də xaricdən alınan parçaların keyfiyyətinə nəzarət olunur.
Fabrikdə yorğan istehsalı üçün ayrıca xətt yaradılıb. Bu xətt ayda 18 min yorğan istehsal etmək gücünə malikdir. Yüksək səviyyəli texnoloji avadanlıqlarla hazırlanan məhsulların keyfiyyətinə zəmanət verilir. Yataq dəsti istehsal xətti də tam avtomatlaşdırılıb.
Prezident İlham Əliyev tikiş fabrikinə gəlib.
Məlumat verilib ki, ümumi sahəsi 6 min kvadratmetr olan tikiş fabriki ən son texnoloji avadanlıqla təchiz edilib. Fabrikdə ayda şərti olaraq 50 min kişi, qadın və uşaq üst geyimləri, NATO standartlarına uyğun hərbi və xüsusi geyimlər istehsal olunur.
Prezident İlham Əliyev müəssisənin işçiləri ilə görüşüb.
Prezident İlham Əliyev fabrikin kollektivini salamlayaraq deyib:
- Görürəm ki, müəssisədə iş şəraiti yaxşıdır. Müasir fabriklərdir. Burada da iş yerləri yaradılıbdır. Burada min nəfər işləyir. Çox gözəl işdir. Böyük investisiyalar qoyulubdur. Həm özəl sektor öz vəsaitini qoyub, həm dövlət kömək göstərib. Azərbaycanda belə gözəl müəssisələr yaradılır ki, vətəndaşlarımız işlə təmin olunsunlar. Əgər belə getsə, Sumqayıtda yaxın zamanlarda ümumiyyətlə işsizlik olmayacaqdır.
Fabrikin işçisi: Cənab Prezident, xoş gəlmisiniz! Sizi fabrikimizdə görmək bizim üçün böyük xoşbəxtlikdir. Bu gün ölkəmizin hər yerində yeni müəssisələr açılır. Eləcə də Sumqayıtda açılan bu müasir fabrik bizi çox sevindirdi. Bu şəraitə, göstərdiyiniz diqqət və qayğıya görə çox sağ olun.
Müəssisənin digər işçisi: Cənab Prezident, biz Sizinlə fəxr edirik, qürur duyuruq. Siz xalqımız, dövlətimiz üçün çox böyük işlər görürsünüz. Ölkəmizdə gördüyünüz bütün işlərə, Sumqayıtın gözəlləşdirilməsinə görə Sizə minnətdarıq.
Fabrikin daha bir işçisi: Cənab Prezident! Siz yorulmadan ölkəmiz üçün çox işlər görürsünüz, çox çalışırsınız. Biz Sizin səfərlərinizə, çıxışlarınıza baxarkən çox sevinirik. Çox fəxr edirik ki, bizim belə rəhbərimiz vardır. Sizə, ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Biz Mehriban xanımı da çox sevirik, cənab Prezident. Bütün qadın kollektivimiz adından Ona salamlarımızı çatdırırıq.
Prezident İlham Əliyev: Sağ olun. Sumqayıt doğrudan da gözəlləşir, müasirləşir. Gözəl parklar salınır, binalar təmir olunur. İstirahət yerləri, bulvar salınır. Yəni, doğrudan da müasir şəhərə çevrilir. Sumqayıt bir böyük sənaye mərkəzi kimi artıq inkişaf yolundadır. Burada həm ağır, həm yüngül sənaye, kimya sənayesi ənənəvi olaraq inkişaf edir. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir. Mən çox şadam ki, burada gözəl iş şəraiti vardır, maaş da yüksəkdir. Yəni, işləmək üçün bütün şərait var. Sizə yeni uğurlar arzulayıram.
Daha sonra müəssisə ilə tanışlığı davam etdirən dövlətimizin başçısına məlumat verilib ki, parça toxuma, boyama və tikiş fabriklərinin kompleks formada yaradılması və ən müasir texnologiyaların tətbiq edilməsi yüksək keyfiyyətli trikotaj məhsullarının istehsalına, eyni zamanda, parça və trikotaj məhsullarının maya dəyərinin aşağı salınmasına şərait yaradır. Belə müasir kompleksin Qafqazda ilk dəfə Azərbaycanda inşa olunması respublikamızda gedən uğurlu sənayeləşmə siyasətinin göstəricisidir. Sənaye parkında işçilərin rahat çalışmaları üçün hər bir şərait mövcuddur.
Prezident İlham Əliyev müəssisənin yeməkxanası ilə də tanış olub. Vurğulanıb ki, məhsul istehsalının həcminin və çeşidinin artırılması məqsədilə tekstil parkında iplik, toxuma və hörmə fabriklərinin tikintisinə başlanılıb. Bu müəssisələr işə düşdükdən sonra əlavə 2 min yeni iş yeri açılacaq. Ümumilikdə, “Gilan” Tekstil Parkında 4 min nəfərin işlə təmin olunması nəzərdə tutulub. Sumqayıt şəhərinin sənaye potensialının inkişafına 83 milyon manat dövlət güzəştli kreditlərinin verildiyi dövlətimizin başçısının diqqətinə çatdırılıb.
Prezident İlham Əliyev Sumqayıtla yanaşı Mingəçevir şəhərinin də sənaye potensialının gücləndirilməsinin vacibliyindən danışıb. Qeyd olunub ki, artıq Mingəçevirdə də sənaye parkının yaradılması istiqamətində tədbirlərə başlanılmış və bununla əlaqədar müvafiq layihələr üzərində iş aparılır. Dövlətimizin başçısı “Gilan” Tekstil Parkının sərgi zalında müəssisədə istehsal olunan məhsulların nümunələrinə baxıb.

Paylaş:
Baxılıb: 1071 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30