Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Quba rayonuna səfər edib

Prezident İlham Əliyev Quba rayonuna səfər edib

19.09.2013 [09:34]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Quba şəhərinin mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycan Prezidentinə məlumat verib ki, ərazisi 5 hektar olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı tamamilə yenidən qurulub. Ərazidə yol və keçidlərə 2500 kvadratmetr asfalt döşənib, geniş yaşıllıq işləri aparılıb. İstirahət məkanında dörd kölgəlik quraşdırılıb, 60 oturacaq qoyulub, işıqlandırma sistemi və parkın ətrafındakı hasarlar yenilənib. Parkda Ulu öndər Heydər Əliyevin portretlərindən ibarət mozaik pannolar yaradılıb. Burada müasir işıqlandırma sistemi ilə təchiz edilmiş musiqili fəvvarə tikilib. Dairəvi şəkilli ikinci fəvvarə dekorativ elementlərlə bəzədilib. Quba rayonunun ən gözəl yerlərindən birində salınan bu parkın yenidən və ən müasir standartlar səviyyəsində qurulması əhalinin istirahətinin təşkilində mühüm rol oynayır.
Sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib.
Son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə kompleksin məlumat mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Dövlətimizin başçısı və xanımı burada kompleksin sxemini əks etdirən stendlərə baxıblar.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov məlumat verib ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.
Dövlətimizin başçısı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, kompleksin önünə əklil qoyub.
Sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva kompleksin muzeyindəki eksponatlarla tanış olublar. Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı burada Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı mərasimdə çıxış edib: “Bu gün biz Quba Soyqırımı Memorial Kompleksinin açılışına toplaşmışıq. 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi, 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər, ekspertlər ezam edilmişdir və böyük tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda mənim tərəfimdən Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına dair Sərəncam imzalanmışdır və 2011-ci ildən işlər başlanmışdır. Bu gün biz memorial kompleksin açılışını edirik.
Deyə bilərəm ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda, memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində insanlar buradan nikbin əhval-ruhiyyə ilə ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bil ki, ekspozisiyanın son nöqtəsidir.
Burada həlak olmuş insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər”.
“Memorial kompleksin ekspozisiyasında Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncam da öz əksini tapır - Azərbaycanlıların soyqırımı Sərəncamı. Orada göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə komissiya yaradılmışdır və komissiyanın görə bilmədiyi işləri artıq müstəqil Azərbaycan dövləti tamamlayır. İlk dəfə olaraq 1998-ci ildə bu soyqırımına hüquqi və siyasi qiymət verilmişdir” - deyə, dövlətimizin başçısı diqqətə çatdırıb.
Erməni faşizminin 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində bir daha özünü göstərdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, məhz Ulu öndər Heydər Əliyevin sovet hakimiyyətinin rəhbərliyindən uzaqlaşdırılmasından iki həftə sonra erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırmışlar: “1987-ci ilin noyabrında - Ulu öndər Heydər Əliyev vəzifədən gedəndən iki həftə sonra bu məsələ qaldırıldı və demək olar ki, o vaxtdan azərbaycanlılara qarşı növbəti soyqırımı prosesi başladı. Təxribatlar törədildi, sovet və dünya mətbuatında bu məsələ ilə bağlı yanlış və təhrif edilmiş rəy yaradıldı. Nəticədə 1992-ci ildə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük”.
Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasında çox böyük işlər görür: “Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında da Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. “Xocalıya ədalət!” kampaniyasının başlanması və uğurla davam etdirilməsində də Heydər Əliyev Fondu, bizim diaspor təşkilatlarımız və əlbəttə ki, Azərbaycan dövləti bir nöqtəyə vurur və artıq tədricən istədiyimizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu proses davam etdirilir.
Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir. Mən xatırlayıram ki, Azərbaycan zabitini - Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etmişdir və mənim addımlarımı pisləmişdir. Mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarmışdır, azadlığa buraxmışdır və ədaləti bərpa etmişdir. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edilmişdi.
Əlbəttə ki, bu hücumların heç bir təsiri ola bilməzdi. Çünki Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvə təsir edə bilməz. Biz ədaləti bərpa etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik. Ancaq nə üçün bu məsələ ilə bağlı öz səslərini ucaldanlar bu gün Ermənistanda faşistlərə qoyulan abidələri görmürlər? Nə üçün terror aktları, o cümlədən Avropa ölkələrində bu aktları törədən erməni terrorçuları sərbəst buraxılır və Ermənistana qaytarılır, orada isə onlara qəhrəman kimi münasibət göstərilir? Nə üçün bunu görmürlər? Bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Bu işğal nə vaxta qədər davam edəcək? Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız artıq 20 ilə yaxındır ki, işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Azərbaycan BMT-yə üzv olarkən vahid dövlət kimi üzv olmuşdur. Heç bir dövlət bizim ərazi bütövlüyümüzü şübhə altına almır. Nə üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir? Bütün bu suallar cavabsız qalır. Biz bu suallara cavabları bilirik. Bu məsələnin həll olunmamasının səbəblərini bilirik və bunu açıq ifadə edirik. Ancaq bu suallar havada qalmamalıdır, bu ədalətsizliyə son qoyulmalıdır”.
Çıxışında “Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları işləmir. Beynəlxalq təşkilatların qərarları kağızda qalır, ədalətsizlik davam edir” - deyən dövlət başçısının sözlərinə görə, belə olan halda əlbəttə ki, güclənən Azərbaycan dövləti yalnız öz gücünə güvənməlidir və öz gücünə güvənir: “Necə ki, bu memorial kompleksin son ekspozisiyasında əks olunduğu kimi, 95 il bundan əvvəl Qafqaz İslam Ordusunun fəaliyyəti və yerli qüvvələrlə birlikdə aparılan döyüşlər nəticəsində Bakı ermənilərdən təmizləndi. Gün gələcək əgər beynəlxalq hüquq normaları bərpa olunmazsa və Ermənistan öz işğalçı siyasətini davam etdirərsə Ordumuz son sözünü deyəcəkdir. Bunu etmək üçün bu gün bizim gücümüz vardır.
Bu gün Azərbaycan Ordusu bu bölgənin - Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün Azərbaycan müstəqillik illərində bizim üçün yaradılan imkandan tam şəkildə istifadə edibdir. Əgər müstəqillik qazanılanda Ermənistan ilə Azərbaycan arasında iqtisadi və hərbi sahədə paritet var idisə, artıq bu paritetdən çoxdan əsər-əlamət qalmayıbdır. Son 10 il ərzində böyük bir yol keçmişik. On il bundan əvvəl Azərbaycanın və Ermənistanın dövlət büdcələri təxminən eyni səviyyədə idi. Bu gün bizim dövlət büdcəmiz Ermənistandakından təxminən 10 dəfə çoxdur. Bizim təkcə hərbi məsələlərə xərclədiyimiz vəsait Ermənistanın bütün dövlət büdcəsindən təxminən 30-50 faiz artıqdır. Yəni, biz bütün başqa parametrlər üzrə böyük üstünlük əldə etmişik - iqtisadi sahədə, siyasi sahədə, dünya birliyində oynadığımız rol baxımından. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünya tərəfindən böyük dəstəyə malikdir. Bu gün biz artıq fəzaya çıxmışıq. Bizim peykimiz vardır. Bizim iqtisadi inkişafımız çox sürətlidir, o cümlədən bax, bu zonada - Quba-Qusar zonasında son illərdə çox böyük işlər görülmüşdür. Şəhərlər, kəndlər abadlaşır, investisiya qoyulur. Bizim demoqrafik vəziyyətimiz çox müsbətdir. Artıq 9 milyon yarıma yaxın əhalimiz vardır.
Yəni, bütün bu amillər bizim gücümüzü təsdiqləyir və düşünülmüş siyasətin nəticəsidir. Ermənistan isə artıq öz hərəkətləri və bəyanatları ilə açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini öz gücünə təmin edə bilmir. Biz bunu çoxdan bilirdik. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bütün tərəflər bunu bilir. Ancaq bu gün Ermənistan məcburdur ki, özü bunu etiraf etsin. Bizim qarşımızda nə qədər aciz, nə qədər gücsüz olduğunu, qorxu içində yaşadığını etiraf etsin. Mən bir dəfə demişəm ki, erməni xalqı bizdən qorxmamalıdır, öz rəhbərliyindən qorxmalıdır. Qaniçən, yırtıcı, quldur, cəllad rəhbərliyindən qorxmalıdır ki, bu gün onlar öz xalqına divan tuturlar, öz xalqını gülləbaran edirlər. İndiki Ermənistan rəhbərliyi nə qədər çox hakimiyyətdə qalsa, Ermənistan bir o qədər də tez tamamilə çökəcək və tarixi ədalət bərpa ediləcəkdir. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bütün amillər - güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq, vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.
Bu gün tarixi gündür. Bir daha demək istəyirəm ki, Quba Soyqırımı Abidə-Memorial Kompleksinin yaradılması tarixi məna daşıyır. İlk dəfə olaraq Azərbaycanda belə memorial kompleks yaradılır və bu yaddaş daim bizim qəlbimizdə yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət etsin!”.
Sonra Quba rayon sakini İsa Şirinov, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev və Qusar rayon sakini Qorxmaz Muradov çıxış ediblər.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə ağac əkiblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva idarənin binasında yaradılmış şəraitlə tanış olublar. Prezident İlham Əliyevə “SCADA” sistemi barədə də məlumat verilib. Sonra Prezident İlham Əliyev şəbəkəyə suyun verilməsini bildirən düyməni basıb. Bununla Quba şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi uğurla yerinə yetirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısına və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, müasir memarlıq üslubunda inşa olunan bina şəhərin gözəlliyini daha da artırır. Üçmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış olublar. Konfrans zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, 25 yerlik zal müasir tələblərə cavab verir. Memarlıq və tikinti şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə Quba şəhərinin baş planı, rayonun elektron xəritəsi və görülən işlərlə bağlı geniş məlumat verilib. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev mərkəzin 250 yerlik akt zalı ilə tanış olub. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş “Yaşıl teatr”ın açılışında iştirak edib.
Azərbaycan Prezidentinə və xanımına Heydər Əliyev adına parkda inşa olunmuş Bayraq kompleksi barədə də məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında yaradılan şəraitlə tanış olub. Heydər bağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti Qırmızı qəsəbənin sakinləri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubanın Qırmızı qəsəbəsi ərazisində, Qudyalçay üzərindəki tağlı “Qırmızı körpü”nün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Burada dövlətimizin başçısına və xanımına Quba-Qusar-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu üzərində salınmış körpülər barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına və xanımına körpünün əsas parametrləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubaya səfəri çərçivəsində Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubaya səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubaya səfəri çərçivəsində rayonun Əski-İqriq kəndində beşulduzlu “Rixos Quba Azerbaijan” otelində görülən işlərlə tanış olub. Dövlətimizin başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Sentyabrın 18-də Prezident İlham Əliyev Qubada Azərbaycan Milli Qolf Klubunun açılışında iştirak edib. Burada Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.

Paylaş:
Baxılıb: 1121 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30