Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

04.10.2013 [10:11]

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar Sumqayıtda görülən abadlıq və quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, abidənin ətrafında xeyli abadlıq işləri görülüb, yaşıllıq sahəsi artırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Prezident İlham Əliyev xəstəxananın kollektivi və Sumqayıt ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev mərasim iştirakçılarını salamlayaraq deyib: “Mən sizi ürəkdən salamlayıram və Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra yenidən açılışı münasibətilə təbrik edirəm. Çox gözəl, əlamətdar hadisədir. İndi xəstəxanaya yeni həyat verilir. Burada bütün lazımi şöbələr vardır. Əminəm ki, yaxşı xidmət də göstəriləcəkdir və xəstələr burada sağalıb evlərinə dönəcəklər.
Bu xəstəxananın yenidən qurulmasına böyük ehtiyac var idi. Çünki bildiyiniz kimi, xəstəxananın vəziyyəti o qədər də ürəkaçan deyildi və burada keyfiyyətli tibbi xidmət göstərmək üçün də imkanlar çox məhdud idi. Uzun illərdir ki, tikilmişdi, köhnəlmişdi. Əlbəttə ki, əsaslı təmirə ehtiyac var idi. Ölkəmizin hər bir bölgəsində hazırda müasir xəstəxanalar tikilir. Qarşıya məqsəd qoyulmuşdur ki, ölkəmizin hər bir şəhərində ən müasir xəstəxana - ən azı bir xəstəxana olmalıdır. Ancaq nəzərə alsaq ki, son illərdə bölgələrdə 15 diaqnostika-müalicə mərkəzi tikilmişdir, indi bəzi şəhərlərdə ən müasir standartlara cavab verən iki və ya üç tibb müəssisəsi vardır.
Beləliklə, səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülmüşdür. Bütövlükdə, deyə bilərəm ki, son on ildə təqribən 500-ə yaxın tibb müəssisəsi tikilmişdir, təmir edilmişdir. Təsəvvür etmək çətindir ki, əgər biz bu işləri görməsəydik, indi səhiyyə sistemimiz hansı vəziyyətdə ola bilərdi.
Bu, işin bir hissəsidir. Əlbəttə ki, xəstəxanaların təmiri, avadanlıqla təchizatı səhiyyə sisteminin inkişafı üçün çox vacib amillərdir. Ancaq, eyni zamanda, tibbi xidmətin yüksəlməsinə də böyük ehtiyac vardır. Əlbəttə ki, həkimlərin peşəkarlığı və bilikləri burada öz rolunu oynayır, oynayacaqdır. Bilirəm ki, həkimlərin peşəkarlığını artırmaq üçün, xüsusi proqramlar tərtib edilir, onların dünyada gedən proseslərdə iştirakı ilə bağlı məsələlər öz həllini tapır, informasiya mübadiləsi aparılır. Yəni, həkimlər daim işləməlidirlər ki, biz dünyada sürətlə inkişaf edən tibb sahəsinin bütün yeniliklərini Azərbaycanda tətbiq edə bilək.
Bununla paralel olaraq bundan sonra da Azərbaycanda xəstəxana tikintisi davam etdiriləcəkdir. Çünki mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əlbəttə ki, hər bir insan üçün onun sağlamlığı çox vacibdir. Biz çalışmalıyıq ki, insanlar öz sağlamlıqlarını itirməsinlər və keyfiyyətli yüksək tibbi xidmətlə təmin olunsunlar. Bunu etmək üçün bundan sonra da müvafiq göstərişlər veriləcəkdir, tədbirlər görüləcəkdir.
Ancaq deyə bilərəm ki, Azərbaycanda bu sahədə görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda islahatların aparılmasında müsbət meylləri qeyd edir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Əminəm ki, növbəti illərdə səhiyyə sisteminin təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcəkdir.
Azərbaycanda bir dənə də təmirsiz tibb ocağı olmamalıdır, bir dənə də qəzalı vəziyyətdə poliklinika, yaxud da ki, hansısa kənd ambulatoriyası olmamalıdır. Əlbəttə ki, ilk növbədə böyük şəhərlərdə, ondan sonra bütün şəhərlərdə və ondan sonra bütün yaşayış məntəqələrində - harada ki, xəstəxanalar, tibb mərkəzləri var, orada bütün işlər görülməlidir.
Beləliklə, hesab edirəm ki, Sumqayıt üçün çox böyük əhəmiyyət daşıyan bu layihəni də biz uğurla icra etdik. Bütövlükdə insanların sağlamlığı üçün bütün lazımi tədbirlər Azərbaycanda görülür. Tibb xidməti, əlbəttə ki, ön plandadır. Ancaq insanların sağlamlığını şərtləndirən başqa amillər də vardır. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq. Xüsusən də vaxtilə böyük sənaye mərkəzi olan Sumqayıt kimi bir şəhər üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Bir neçə gün bundan əvvəl Taxtakörpü Su Anbarının tikintisi və Taxtakörpü-Ceyranbatan kanalının açılışı nəticəsində Sumqayıtın içməli su ilə təchizatı daha da yaxşılaşacaqdır. Halbuki bu gün şəhər sakinlərinin 83 faizi fasiləsiz təmiz içməli su ilə təmin edilir. Bu məsələlərin bir hissəsi öz həllini tapıbdır. Ancaq şəhər əhalisi artacaq, burada yeni müəssisələr yaradılacaq, ona görə içməli və texniki suya tələbat daha da böyük olacaqdır.
Sumqayıtın ekoloji vəziyyəti daim diqqət mərkəzindədir. Çünki sovet dövründə Sumqayıtın ekoloji vəziyyəti ağır idi. Biz bunu bilirik. Əfsuslar olsun ki, bu köhnə informasiyalar, məlumatlar bu gün də dünya mətbuatında mövcuddur. Ancaq həqiqət elədir ki, bu gün Sumqayıt ən təmiz şəhərlərdən biridir. Çünki vaxtilə havanı çirkləndirən müəssisələr öz fəaliyyətini dayandırmışdır. Yeni müəssisələr isə çox yüksək ekoloji standartlar əsasında tikilir.
Bu gün Sumqayıt yaşıl şəhərdir, gözəl havası, gözəl iqlimi, gözəl təbiəti vardır. Sumqayıt bu gün parklar, bağlar şəhəridir. Parkların sayına görə heç Bakıdan da geri qalmır. Çox şadam ki, Sumqayıtda bu parkların yenidən qurulması prosesi gedir. Mən son on ildə Sumqayıta on dəfədən çox səfər etmişəm və Sumqayıtın inkişafı daim diqqət mərkəzindədir. Çox şadam ki, insanlar üçün vacib olan bu sahə də öz həllini tapır. Sumqayıt parklar, bağlar, ağaclar şəhəridir, yaşıl şəhərdir və burada yenidənqurma işləri aparılır. Binaların bir çoxu əsaslı şəkildə təmir edilir. Sumqayıt üçün ənənəvi istirahət zonaları yenidən qurulur. Burada inkişaf, dizayn, quruculuq işləri Bakı şəhərinin səviyyəsində olmalıdır.
İndi Sumqayıt Bakıya yaxınlaşır. Coğrafi nöqteyi-nəzərdən demək olar ki, birləşib. İndi Bakı ilə Sumqayıt arasında boş yer qalmayıb. Fərdi evlərin, hündürmərtəbəli binaların tikintisi gedir. Ancaq yaşayış səviyyəsinə görə də Sumqayıt Bakıdan geri qalmamalıdır. Çünki böyük şəhərdir, gözəl tarixi, zəhmətkeş insanları vardır. Sumqayıt Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Bu da hesab edirəm ki, çox əlamətdar hadisədir. Çünki Cənubi Qafqazın ən böyük iki sənaye şəhəri Azərbaycan şəhərləridir. Sumqayıtın yeni sənaye mərkəzi kimi inkişafı artıq reallaşır. Bu barədə mən hələ on il bundan əvvəl demişdim, 2004-cü ildə burada böyük elektrik stansiyasının açılışı zamanı demişdim ki, bu stansiyanın tikintisi Sumqayıtda sənayenin inkişafına təkan verəcəkdir və belə də oldu.
Son illər ərzində Sumqayıtda onlarla zavod, fabrik açılmışdır. Onların hamısı dünya standartları səviyyəsindədir. Sumqayıt Texnoparkı bu gün dünya miqyasında seçilən bir texnoparkdır. Xarici qonaqlar, hətta inkişaf etmiş ölkələrdən olan qonaqlar bu texnoparkla tanış olduqda qeyd edirlər ki, doğrudan da çox müasir texnoparkdır. İndi orada 14 zavod fəaliyyət göstərir və 5 zavodun tikintisi davam edir.
Ondan sonra Sumqayıtda gübrə zavodunun tikintisinə başlanmışdır. Bu da ölkəmiz üçün çox vacib olan sahədir. Günəş panelləri zavodunun açılışında mən iştirak etmişəm. Keçən dəfə burada olanda trikotaj fabrikinin açılışında iştirak etmişəm. Burada da daha çox qadınlar üçün iş yerləri açılır və Sumqayıt böyük bir tekstil mərkəzinə çevriləcəkdir. Çünki burada tekstil fabriklərinin sayı getdikcə artacaqdır.
Bu gün isə Sumqayıt Kimya Sənaye Parkının təməl daşı qoyulur. Bu, ölkəmiz üçün çox əlamətdar hadisədir. Çünki bu, yeni bir sənaye şəhəri olacaqdır. Kimya Sənaye Parkında onlarla zavod, fabrik tikiləcəkdir. Onların hamısı özəl sektor tərəfindən tikiləcəkdir. Dövlət sadəcə olaraq, bütün infrastruktur layihələrini icra edir, yer ayrılmışdır, dəmir yolu, ondan sonra elektriklə təchizat, bütün lazımi tədbirlər görülmüşdür ki, investorlar gəlib oraya vəsait qoysunlar. Artıq bu proses başlamışdır.
Sumqayıtda yeni, ekoloji cəhətdən təmiz Kimya Sənaye Parkının yaradılması müstəqilliyimizin üstünlüklərini bir daha göstərir. Çünki vaxtilə burada tikilmiş kimya zavodları ekoloji cəhətdən standartlara uyğun deyildi. Sovet dövründə ümumiyyətlə, ekologiya barədə heç kim düşünmürdü. Sadəcə, nəyin bahasına olursa-olsun məhsulun istehsalı tələb edilirdi.
Bu gün isə müstəqil Azərbaycanda, sosial dövlət olan Azərbaycanda insan amili ön plandadır. Ona görə burada yaradılan, yaradılacaq bütün zavodlar dünya səviyyəsində ekoloji standartlara uyğun olmalıdır. Kimya Parkının yaradılması burada on minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Çünki böyük şirkətlər böyük müəssisələr yaradacaqlar və ondan sonra orta və kiçik sahibkarlar o böyük zavodlarda istehsal olunan ilkin məhsullardan son məhsulu istehsal etmək üçün öz işlərini quracaqlar.
Beləliklə, gələcəkdə Sumqayıtda bütün bu zavod və fabriklərdə işləmək üçün başqa rayonlardan da işçi qüvvəsi gələcəkdir. Bu proses başlamışdır. Qonşu rayonlardan, ətraf yerlərdən indi işçi qüvvəsinin axını müşahidə olunur.
Yəni, Sumqayıtı mən bax belə görürəm: gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlar üçün rahat, yaşamaq, işləmək üçün rahat, gözəl, abad bir şəhər olmalıdır. Sumqayıtın təbiətini, dənizə çıxışını nəzərə alaraq şəhər geniş miqyasda sənaye, turizm, mədəniyyət, istirahət mərkəzi olmalıdır. Bax mən Sumqayıtı belə görürəm. Bu məqsədlərə çatmaq üçün hesab edirəm ki, kifayət qədər işlər görülmüşdür və sumqayıtlılar bütün bu işlərdə fəal iştirak etmişlər. Bütün bu uğurlarla mən sizi təbrik edirəm. Əminəm ki, gələcəkdə bizim bütün planlarımız həyatda öz əksini tapacaqdır. Bir daha sizi təbrik edirəm”.
Sonra 1 nömrəli Sumqayıt şəhər Xəstəxanasının həkimi Mətanət İsmayılova göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Sonra Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub. Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, Sumqayıt şəhər Doğum Evinin və qadın məsləhətxanasının binaları da əsaslı təmir olunub. Prezident İlham Əliyev xəstəxanada xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Sumqayıta səfəri çərçivəsində Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına “Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olub.
Sonra Prezident İlham Əliyev “Kimyaçı” Mədəniyyət Sarayının stendi ilə tanış olub. Dövlətimizin başçısı mərkəzin yenidən qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Dünən, həmçinin, Sumqayıtda “Sağlam qida” aqrar-sənaye kompleksi də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin açılışında iştirak edib. Dövlətimizin başçısı müəssisəni işə salıb. Sonra Prezident İlham Əliyev aqrar-sənaye kompleksinin tərkibinə daxil olan taxıl anbarı və dəyirman kompleksini işə salıb.
Qeyd edilib ki, kompleksdə inşa olunan inzibati və yardımçı binalarda əmək kollektivi üçün iş otaqları, tədris və iclas zalları, yeməkxana və digər zəruri şərait yaradılıb. Aqrar-sənaye kompleksində 600-dək yeni iş yeri yaradılıb.
Dünən Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlini qoyub.
Sonra dövlətimizin başçısı inşaatçılarla görüşüb. Prezident İlham Əliyev deyib: “Bu gün Sumqayıt şəhərinin tarixində çox əlamətdar bir gündür. Sumqayıt şəhərinin yeni sənaye inkişafı dövrü bu gün başlayır. Sumqayıt Kimya Sənaye Parkının təməl daşı qoyulmuşdur. Əminəm ki, qısa müddət ərzində bax bu ərazidə böyük sənaye şəhəri yaradılacaqdır.
Sumqayıt bu gün müasir sənaye şəhəridir. Burada artıq onlarla yeni müasir müəssisə fəaliyyət göstərir. Kimya Sənaye Parkının yaradılması Sumqayıtın inkişafına böyük təkan verəcəkdir. Burada minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaqdır, onlarla yeni müəssisə yaradılacaqdır. Müəssisələrin hamısı yüksək standartlara uyğun olacaqdır. Ən yüksək ekoloji standartlar burada tətbiq ediləcəkdir.
Təqribən 200 hektara yaxın bu ərazi ekoloji fəlakət ərazisi idi. Burada ekoloji normalara riayət edilmirdi. Demək olar ki, bu ərazinin təmizlənməsi böyük bir qəhrəmanlıq idi. Ancaq biz bunu təmizlədik. Ekoloji cəhətdən tam təmiz ərazidir. Burada Azərbaycanı və Sumqayıtı gələcəkdə sənaye mərkəzi kimi təsdiqləyən onlarla müəssisə yaradılacaqdır. Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişafı təmin ediləcəkdir.
Bu gün tarixi gündür. Çünki Azərbaycan öz sənaye potensialını inkişaf etdirir və sənayeləşmə siyasətimiz uğurla davam etdirilir. Qeyri-neft sənayesinin inkişafı prioritetdir. Bu ilin doqquz ayının nəticələrinə görə qeyri-neft sektorumuz 10 faizdən çox artmışdır.
Kimya Sənaye Parkının yaradılması sənaye inkişafının yeni mərhələsi olacaqdır. Bu müəssisələr və Sumqayıt Kimya Sənaye Parkının yaradılması və inkişafı ölkəmizin sənaye potensialını gücləndirəcəkdir. Burada yeni iş yerləri, ən yüksək standartlara cavab verən müəssisələr yaradılacaq, müasir avadanlıq quraşdırılacaq, ixracyönümlü məhsullar istehsal olunacaqdır. Buraya qoyulacaq investisiyaların həcmi milyardlarla ölçülür. Burada həm dövlət investisiyaları olacaq, çünki Dövlət Neft Şirkəti artıq ilkin investisiya layihələrini icra edir. Eyni zamanda, daha da çox özəl sektor burada öz investisiyalarını qoyacaqdır. Biz bütün investorları - daxili və xarici investorları buraya dəvət edirik.
Bu gün, bu tarixi gündə mən bir daha investorlara müraciət etmək istəyirəm ki, Azərbaycanda çox gözəl investisiya iqlimi vardır. İnvestisiyalar dövlət tərəfindən qorunur. Azərbaycanda genişlənən daxili bazar vardır. Eyni zamanda, burada istehsal ediləcək məhsullar ixrac üçün də yararlı olacaqdır.
Burada xüsusi güzəştlər, xüsusi vergi qaydaları tətbiq ediləcəkdir. Buraya investisiya qoyan şirkətlər ən gözəl şəraitlə təmin ediləcək və böyük həcmdə investisiya qoymaq istəyən üçün böyük güzəştlər olacaqdır.
Mən əminəm ki, bu layihənin çox gözəl gələcəyi olacaqdır. Çünki bu günə qədər bizim təşəbbüsümüzlə reallaşan bütün layihələr uğurla icra edilibdir. Bir dənə də həyatda öz əksini tapmayan təşəbbüsümüz olmamışdır. Bütün təşəbbüslər nəticədə çox gözəl inkişafa gətirib çıxarır.
Bu gün, bir daha demək istəyirəm ki, tarixdə qalacaqdır. Sumqayıtın yeni sənaye inkişafı günüdür. Sumqayıtın böyük, müasir sənaye şəhəri olmasının başlanması günüdür. Əminəm ki, gələcəkdə biz burada yaradılacaq bütün müəssisələrin açılışlarında iştirak edəcəyik.
Hesab edirəm ki, gələcəkdə bax bu 200 hektara yaxın olan ərazi də bizə kifayət etməyəcəkdir. Çünki həm daxili, həm xarici investorlar buraya gələcəklər, burada işləyəcəklər, investisiyalar qoyacaqlar, görəcəklər ki, bu investisiyaların nə qədər gözəl səmərəsi vardır. Beləliklə, Sumqayıt bundan sonra daha da böyük sənaye şəhərinə çevriləcəkdir.
Mən bu tarixi gündə sizi, sumqayıtlıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Çox şadam ki, bu təşəbbüs də reallaşır. Çox şadam ki, bu gün dediyim kimi, yeni sənaye inkişafı dövrü başlayır. Bir daha təbrik edirəm. Sizə uğurlar arzulayıram”.
Oktyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyev ərazinin maketinə baxıb. Bildirilib ki, polad boru zavodundan əlavə yaxın zamanda burada mexaniki və hidrotexniki avadanlıq zavodları istifadəyə veriləcək. Prezident İlham Əliyevə mexaniki və hidrotexniki avadanlıq zavodlarının texniki göstəriciləri və burada istehsal olunacaq məhsullar barədə geniş məlumat verilib. Dövlətimizin başçısı zavodu işə salıb.
Prezident İlham Əliyev istehsal prosesi ilə tanış olub. İlkin mərhələdə xammal kimi alınmış 30 tonluq rulonlar tam avtomatik olaraq spiral qaynaq aparatına bağlanılır və rulonlar açılıb ütülənərək bükülməyə verilir. Qaynaq prosesi bitdikdən sonra boru xüsusi müayinədən keçir. Sonrakı mərhələdə boru hidrotest vasitəsilə yoxlanılır. Zavodda məhsulun keyfiyyətini tam yoxlamaq üçün rentgen müayinəsi aparatı da quraşdırılıb. Sonra boru üzərindəki pas və çirkdən təmizlənmək üçün qumlama və boyama bölmələrinə ötürülür.
Diqqətə çatdırılıb ki, zavodda 500 nəfər işlə təmin olunacaq. Burada istehsal edilən polad və polietilen borular əsasən daxili bazarda olan tələbatın ödənilməsinə yönəldiləcək. Bu tələbat tam ödənildikdən sonra istehsal olunan boruların xaricə, o cümlədən Rusiyaya, Qazaxıstana, Gürcüstana, Türkmənistana və digər ölkələrə ixrac edilməsi planlaşdırılır.

Paylaş:
Baxılıb: 1050 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30