Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfər edib
22.11.2013 [09:38]
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun noyabrın 21-də rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Belarus Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirilib.
Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Dünən təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev qonaqları salamlayaraq deyib: “Hörmətli cənab Prezident!
Hörmətli nümayəndə heyətinin üzvləri!
Sizi Azərbaycanda salamlamağa şadam, xoş gəlmisiniz.
Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır. Biz ikitərəfli münasibətlərə aid məsələləri sizinlə hələ dünən müzakirə etməyə başladıq. Bu gün müzakirələri davam etdirdik, indi nümayəndə heyətlərinin iştirakı ilə işimizi davam etdirəcəyik. Biz ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk. Çox ümid edirik ki, həmin münasibətlər bundan sonra da fəal inkişaf edəcək və dərinləşəcəkdir. Artıq bir neçə dəfə yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərimiz olub. Qarşılıqlı siyasi əlaqələrimiz, siyasi məsləhətləşmələrimiz çox fəaldır. Son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri möhkəmlənmiş, çox yüksək səviyyəyə çatmışdır. Biz iqtisadi əlaqələrdə, sənaye istehsalı sahəsində, humanitar sahədə, energetika sahəsində yaxşı nəticələr əldə etmişik. Lakin ən başlıcası, son illərdə fəal qarşılıqlı əlaqələr bizi bir-birimizə o dərəcədə yaxınlaşdırmışdır ki, artıq nəinki regionda, həm də bütün dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.
Bizim münasibətlərimizin əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil edir. Biz bu baza üzərində sanballı münasibətlər qurmuşuq. Bu gün bizim müəssisələr arasında əlaqələr genişlənir, investisiya layihələri, sənaye istehsalı ilə bağlı layihələr həyata keçirilir, təcrübə mübadiləsi aparılır. Başqa sözlə desək, bizim münasibətlərimiz tamdəyərli xarakter daşıyır. Əlbəttə, Belarus Prezidentinin Azərbaycana səfəri bu münasibətlərə yeni təkan verəcəkdir. Bu gün imzalayacağımız sənədlər də daha fəal əməkdaşlığımıza, bir-birimizi dəstəkləməyə, bir-birimizə kömək etməyə və birgə işləməyə kömək edəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, bir daha xoş gəlmisiniz. Sizə və nümayəndə heyətinin üzvlərinə ən xoş arzularımı bildirirəm”.
* * *
Görüşdə çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko deyib: “Hörmətli İlham Heydər oğlu, mən ilk növbədə dövlətlərimiz arasında yaranan, bizim səfərlərimizdən başqa vaxtlarda da özünü göstərən səmimiyyətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, təbiidir. Yəqin ki, bu, ümumiyyətlə, Sizin xalqın milli xarakterinə və bu xalqın bir hissəsi kimi Sizə də xas olan cəhətdir. Bizim nümayəndə heyətini, məni və ümumiyyətlə, Azərbaycanda belarusları həmişə səmimiyyətlə qəbul etdiyinizə görə sağ olun. Güman edirəm ki, bizim ölkədə Sizin xalqın, Sizin millətin nümayəndələrinə münasibət mənasında Sizin də bizə qarşı heç bir narazılığınız yoxdur və ola da bilməz. Buna görə çox sağ olun.
Siz düzgün dediniz ki, bizim iki ölkə arasında, ümumiyyətlə, istər siyasətdə, istərsə də diplomatiyada heç bir problem yoxdur. Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik. Siz bizi həmişə dəstəkləmisiniz və dəstəkləyirsiniz. Biz də sizi həmişə dəstəkləmişik və dəstəkləyirik. Ticari-iqtisadi sahədə, iqtisadiyyatda da çox sanballı dinamika yaranmışdır. 2006-2012-ci illərdə ticari-iqtisadi əlaqələrimizin genişlənməsinin göstəricisi olan əmtəə dövriyyəsi meyarı altı dəfə artmışdır. Bu, çox sanballı göstəricidir. Lakin əmtəə dövriyyəsinin mütləq həcminin 300 milyon dollar təşkil etməsi qaneedici deyildir. Bizim imkanlarımız daha çoxdur. Allaha şükür, bizim bu həcmi artırmağa imkanımız vardır. Bu problemi Sizinlə indicə müzakirə etdik - bu həcmi burada təkcə yığma əməliyyatları ilə məhdudlaşmayan istehsalatlar yaradılması hesabına artırmağa imkanımız vardır. Bu istehsalatlardan bəzilərinin lokallaşma dərəcəsi 40-60 faiz həcmindədir. Bu artıq müştərək istehsalat deməkdir. Əlbəttə, bizim sizinlə bərabər Azərbaycan torpağında istehsal edə biləcəyimiz məhsullar Azərbaycana sığmaz. Biz bu barədə danışdıq. Mən Prezidentdən xahiş etdim ki, onun beynəlxalq aləmdə nüfuzundan istifadə edərək biz üçüncü ölkələrdə birlikdə ticarətlə məşğul olaq. Bu, çox vacibdir. Biz beynəlxalq bazarlara fəal daxil olmalı və birgə istehsalatların məhsullarını birlikdə sataraq bu hesaba müvafiq mənfəət əldə etməliyik.
İlham Heydər oğlu, bizim mütəxəssislər hökumətlərarası komissiya çərçivəsində sənaye kooperasiyası üzrə işçi qrupu yaradılması barədə fikirləşməyi təklif edirlər. Təkbətək söhbətimizdə Siz bu barədə çox danışmısınız”.
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı: “Hörmətli Aleksandr Qriqoryeviç!
Hörmətli qonaqlar, əziz dostlar!
Aleksandr Qriqoryeviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır. Yüksək səviyyəli səfərlər yetərincə intensiv olur. Bu, Belarus ilə Azərbaycan arasında münasibətlərin göstəricisidir. Son illərdə bu münasibətlər çox böyük yol keçmiş və çox yüksək səviyyəyə çatmışdır. Biz dünən və bu gün ikitərəfli münasibətlərin geniş spektrini müzakirə etmək və gələcəkdə əməkdaşlığı möhkəmlətmək yollarını müəyyənləşdirmək imkanına malik olduq. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və regional təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır.
Bizim əmtəə dövriyyəsini artırmaq üçün çox yaxşı perspektivlər vardır. Əmtəə dövriyyəsinin artmasına baxmayaraq, o, təbii ki, bizim potensialımızı hələ tam əks etdirmir. Biz birgə istehsalatlar yaradılması istiqamətində də fəal iş aparırıq. Dünən Belarusun Azərbaycandakı səfirliyinin yeni binasının açılışı zamanı Belarus tərəfinin dəstəyi ilə Azərbaycanda istehsal olunmuş texnika nümayiş etdirildi. Bu, bizim müəssisələr arasında istehsal əlaqələrinin necə fəal inkişaf etməsinə əyani sübutdur. Çox sevindirici haldır ki, prezidentlər kimi bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və keyfiyyətlə həyata keçirilir.
Bu gün dediyimiz kimi, bizim münasibətlərin əsasında çox böyük qarşılıqlı etimad dayanır. Biz bir-birimizə inanırıq, etibar edirik. Biz bir-birimizin sözlərinə inanırıq. Ona görə ki, bizim sözlərimizlə əməllərimiz arasında ayrılıq yoxdur, hətta bəzən bizim razılaşmaları imza ilə rəsmiləşdirməyə ehtiyac olmur. Hərçənd, bu gün imzalanmış mühüm sənədlər ölkələrimizin və xalqlarımızın bundan sonra da yaxınlaşmasına, münasibətlərimizin əvvəlki kimi dinamik inkişaf etməsinə şərait yaradacaqdır. Bizim qarşılıqlı etimadımız elə səviyyədədir ki, hər hansı məsələnin həlli üçün sadəcə söz verməyin və ya vəd etməyin kifayət olduğunu güman etməyə haqqımız vardır. Mənim fikrimcə, əlaqələrimizi səciyyələndirən cəhətlər qərarlar qəbul etmək, həmin qərarların yerinə yetirilməsinə nəzarət, habelə çox müsbət qarşılıqlı münasibətlər mexanizmidir. Ciddi məzmun kəsb edən bu münasibətlər çox sahələri əhatə edir. Bu gün biz təhsil sahəsində, humanitar sahədə, elm, yüksək texnologiyalar, kənd təsərrüfatı, istehsalat, hərbi-texniki əməkdaşlıq, energetika sahələrində mühüm məsələləri müzakirə etdik. Görürsünüzmü, təkcə bu istiqamətlərin sadalanması çox şeydən xəbər verir və hər bir istiqamət üzrə yaxşı nəticələr, konkret layihələr, proqramlar vardır.
Biz prezidentlər tərəfindən qəbul edilmiş qərarların icrasını gələcəkdə də daim nəzarətdə saxlamaq niyyətindəyik və bu gün ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək barədə də razılaşdıq. Artıq yaxşı nəticələr əldə edilmiş sahələrdə səylərimizi artırmalı, yeni istiqamətləri fəallaşdırmalıyıq. Məhz investisiya imkanlarını, Belarusda özəlləşdirmədə Azərbaycan müəssisələrinin iştirakını, habelə birgə istehsal edilmiş məhsulların üçüncü ölkələrin bazarlarına birgə çıxarılması məsələlərini ikitərəfli münasibətlərimizin yeni mövzuları kimi müəyyən etdik. Zənnimcə, biz bu yeni istiqamətlərdə də çox müsbət məqamlar tapacağıq. Biz çalışacağıq ki, bu yeni istiqamətlər ikitərəfli münasibətlərin geniş gündəliyinin tərkib hissəsinə çevrilsinlər.
Mən Belarus Prezidentinin Azərbaycana səfərinin nəticələrindən çox məmnunam. Dünən biz birgə işə başladıq, çox geniş fikir mübadiləsi apardıq, həm ikitərəfli, həm də regional münasibətlərlə bağlı çox mövzulara toxunduq. Bizim aramızda yaxşı qarşılıqlı anlaşma vardır. Qarşılıqlı dəstək səviyyəsi çox yüksəkdir. Ən başlıcası, bütün istiqamətlər üzrə münasibətlərimizi bundan sonra da fəal inkişaf etdirmək əzmindəyik.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram, bir daha deyirəm “Xoş gəlmisiniz”. Əminəm ki, əlaqələrimiz davam edəcək, ölkələrimizə və xalqlarımıza xeyir verəcəkdir. Təşəkkür edirəm”.
* * *
Prezident Aleksandr Lukaşenkonun bəyanatı: “Sağ olun, İlham Heydər oğlu. Fürsətdən istifadə edib, bizim nümayəndə heyətini, ümumiyyətlə bizim adamları, bizim belarusluları burada həmişə səmimi və diqqətlə qarşıladığınıza görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Sizinlə tam razıyam və bunu təsdiq edirəm ki, beynəlxalq əməkdaşlıq baxımından Azərbaycan ilə Belarus arasında heç bir problem yoxdur. Dünya nizamına, bu gün dünyada mövcud olan problemlərə baxışlarımız eynidir. Bununla əlaqədar, beynəlxalq təşkilatlarda problemli məsələlərin bütün spektri üzrə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyəcəyik.
Həqiqətən, bizim əmtəə dövriyyəmizin həcmini daha da artırmaq, daha da yaxşılaşdırmaq lazımdır. Ona görə ki, iki dövlətin imkanları bu il olmasa da, gələn il nail ola biləcəyimiz 300 milyon dollardan xeyli artıqdır. Mən əminəm, bu səfərin xüsusiyyəti ondan ibarətdir ki, biz öz həmkarlarımızla, hökumətlərarası komissiya ilə birlikdə əməkdaşlığın yeni istiqamətini tapdıq. Bu gün biz Azərbaycan biznesmenlərini və Azərbaycan dövlətini Belarus ərazisində maraqlandıra biləcək layihələrə daha geniş sərmayə qoyulması məsələsində Prezidentdən də dəstək aldıq. Bizim kooperasiya əlaqələrimiz necə əməkdaşlıq etmək lazım olduğunu göstərir. Bu gün biz bu haqda da danışdıq. Razılaşdıq ki, bu istiqaməti gücləndirəcəyik. Biz əvvəlcə Azərbaycan ərazisində adi texnikanın yığılmasından başlamışdıq. Bu gün artıq bir sıra istehsalatlar - traktorların, avtomobillərin, avtobusların yığılması istehsalatları artıq 40-60 faiz lokallaşdırılmışdır. Bu, Azərbaycan Respublikasının çox yüksək potensialına dəlalət edir. Ona görə biz yığma əməliyyatlarından müştərək müəssisələrə keçdik. Bu gün artıq müştərək müəssisələrdə minlərlə vahid texnika istehsal edirik. Prezidentlə biz belə bir faktı da qeyd etdik ki, bizim Azərbaycanda artıq istehsal etdiyimiz bütün məhsullar Azərbaycana sığmır, beləliklə, qarşımızda bir məsələ yaranmışdır - üçüncü ölkələrin bazarlarına çıxmaq və birgə istehsal etdiyimiz məhsulları birgə satmaq. Yəni, biz artıq xeyli yol keçmişik, birgə məhsul yaratmışıq, sabah həmin məhsulu İranda, başqa respublikalarda satacağıq.
Sizin biznesmenlər və Sizin dövlət tərəfindən Belarusa fəal sərmayə qoyulması əməkdaşlığın yeni istiqamətidir. Əgər biz gənclərə və təhsilə böyük diqqət ayırmasaydıq, bu mümkün olmazdı. Mən həmişə deyirəm ki, İlham Heydər oğlu bizim aramızda ən ziyalı və savadlı Prezidentdir və o, bu məsələyə böyük diqqət yetirir. Görünür, bu səbəbdən o, bütün dünyada normal təhsil olan yerlərə Azərbaycan gənclərini göndərməyə çalışır. Gənclər də əlbəttə, yeni texnologiyaları buraya, öz vətənlərinə gətirəcəklər, onlar yüksək bilikli adamlar olacaqlar. Bu gün bizdə yüz əlli azərbaycanlı tələbə təhsil alır. Onlar bizim üçün heç bir problem yaratmırlar. Ağıllı, sakit gənclərdir, normal təhsil almağa çalışırlar. Bax bu mütəxəssislər hər il Azərbaycanın iqtisadiyyatına cəlb edilir və sanballı nəticə verirlər. Bunlar olmasa, təhsil olmasa - bilirəm ki, texniki peşə təhsili üzrə də yeni layihələr vardır, - normal əməkdaşlıq mümkün deyildir.
Bunu qeyd etmək bizim üçün çox xoşdur ki, lap yaxın vaxtlarda burada, Azərbaycan torpağında Belarus Mədəniyyəti Günləri keçirilmişdir. Hətta mənə verilən məlumata görə, yaxın vaxtlarda bizim artistlər Qara Qarayevin “Yeddi gözəl” baletini tamaşaya qoyacaqlar. Bu, çox mühüm hadisə olacaqdır. Buna görə də biz həm səfiri, həm də Azərbaycandan olan qardaşlarımızı bu tamaşaya dəvət edirik. Əgər hər iş normal getsə, biz burada bir neçə tamaşa göstərməyə hazırıq. Görürsünüzmü, biz təhsil, mədəniyyət sahəsində və digər humanitar istiqamətlər üzrə bir-birimizlə nə qədər sıx bağlıyıq. Biz əməkdaşlığa hazırıq və sizdən yeni təkliflər gözləyirik. Əgər sizin üçün maraqlıdırsa, siz bizim neft-kimya sahəsinə, kənd təsərrüfatına, xüsusən sizin Prezidentin diqqət yetirdiyi istiqamətə - əczaçılıq sənayesinə sərmayə qoya bilərsiniz. Mən bu təklifləri tamamilə dəstəkləyirəm. Vaxtilə bizim də qarşımızda belə bir məsələ yaranmışdı, bu məsələ hələ də aradan qalxmayıb - ölkənin əczaçılıq baxımından müstəqilliyini, dərman təhlükəsizliyini təmin etmək məsələsi. Buna biz də hazırıq, İlham Heydər oğlu da bu gün təsdiq etdi ki, o, burada tibbi preparatlar buraxılışı üzrə obyektlər tikintisi layihəsini dəstəkləməyə hazırdır. Biz öz texnologiyalarımızı təklif etməyə və ən qısa müddətdə təbii ki, Azərbaycan Prezidentinin nüfuzundan və təsirindən istifadə etməklə üçüncü ölkələrdə də satacağımız dərman preparatlarının qablaşdırılmasından başlanmış onların istehsalına qədər bütün yolu keçməyə hazırıq.
Hörmətli İlham Heydər oğlu, mənim Sizi ənənəvi olaraq Minskə dəvət etməyim qalır. Bizim yaxşı təcrübəmiz vardır. Hər il gah Minskdə, gah burada - Bakıda görüşürük. Bu, həm bizi müvafiq formada saxlayır, lakin daha çox həmkarlarımızı səfərbər edir ki, onlar da yaxşı formada olsunlar. Ona görə ki, bizim görüşlərdən əvvəl işlərin sürətini artırmaq lazımdır. Bizim iş qrafikimizin belə tərtib edilməsinə görə, çox təşəkkür edirəm, düşünürəm ki, bu, bizim üçün çox faydalı olacaqdır.
Bir daha təsdiq etmək istəyirəm ki, dövlətlərimiz arasında əməkdaşlıqda qapalı mövzular yoxdur. Biz heç kəsdən gizlətmirik ki, qida məhsulları istehsalından başlamış müdafiə nazirliklərini maraqlandıran, Azərbaycan Respublikasının və Belarusun müdafiə qabiliyyətinin tələb etdiyi məsələlərə qədər hər sahədə əməkdaşlıq edirik. Bir daha vurğulayıram ki, biz heç kəsdən gizlətmirik və gizlətməyəcəyik. Azərbaycan Prezidenti ilə bizim çox etimadlı münasibətlərimiz var və mən əminəm ki, dövlətlərimiz arasında münasibətlər də eynilə bu cür olacaqdır. Xüsusən ona görə ki, bizim başqa çarəmiz yoxdur, bu münasibətlərin əsasını biz yaratmışıq, buna görə də qarşımızda bir vəzifə durur - dinamika, dinamika və yalnız irəli. Biz buna hazırıq və görürəm ki, Azərbaycan tərəfindən olan həmkarlarımız da buna hazırdırlar.
Səmimiyyətə, qarşımızda duran problemli məsələlərin həllinə görə çox sağ olun”.
* * *
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə rəsmi nahar verilib.
Dövlət başçıları naharda çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Hörmətli Aleksandr Qriqoryeviç.
Hörmətli qonaqlar, əziz dostlar.
Sizi Azərbaycanda bir daha ürəkdən salamlamaq istərdim. Sizin səfəriniz bizim dostluq münasibətlərinin inkişafında böyük əhəmiyyətə malikdir. Dünən və bu gün biz bu barədə çox danışmışıq və əminəm ki, nümayəndə heyətlərinin üzvləri də fəal ünsiyyət saxlayıblar. Hesab edirəm ki, biz münasibətlərimizin dinamikasını və nəticələrini tamamilə eyni cür qiymətləndiririk. Mən 2006-cı ildə Belarusa ilk rəsmi səfərimi, sonra 2007-ci ildə Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Mətbuat konfransında Sizin qeyd etdiyiniz kimi, o vaxtdan biz ən azı ildə bir dəfə görüşürük. MDB sammitlərində iştirakımızı da nəzərə alsaq daha tez-tez görüşürük. Yeri gəlmişkən, lap yaxın vaxtlarda mən yenə Minskdə oldum. Aleksandr Qriqoryeviçə demişəm, MDB sammitinin gözəl təşkilinə, sammitin yaxşı nəticələrinə görə Belarusu bu tərkibdə bir daha təbrik etmək istərdim”.
Prezident İlham Əliyev müstəqilliyin ilk dövrlərində Belarusun bəzi çətinliklərlə qarşılaşmasına baxmayaraq, uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu qeyd edərək deyib: “Biz məsələləri məhz qarşılıqlı rəğbət, qarşılıqlı dəstək və əlbəttə qarşılıqlı maraqlar nəzərə alınmaqla həll edirik. Təsadüfi deyildir ki, ölkələrimiz həmişə, bütün beynəlxalq qurumlarda bir-birini dəstəkləyir və həmrəylik nümayiş etdirirlər. Fikrimcə, bu da bizim qarşılıqlı münasibətlərin, qarşılıqlı hörmətin göstəricisidir. Əlbəttə, bu münasibətlər sayəsində biz artıq bu gün gələcək haqqında fikirləşirik. Son bir neçə ildə münasibətlərimizin dinamikası, mənim fikrimcə, ümumiyyətlə, ölkələrimiz, dövlətlərimiz arasında münasibətlərin tarixində xüsusi yer tutur”.
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonun bu səfərinin də yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək bildirib: “Səfərin yekunlarını, imzalanmış sənədləri, əldə etdiyimiz razılaşmaları, növbəti görüşə qədər həyata keçirəcəyimiz tədbirləri çox müsbət qiymətləndirirəm. Ümidvaram ki, gələn il komissiyanın həmsədrləri bizə yeni uğurlar barədə məruzə edəcəklər. Əminəm ki, onlar hesabat verəcəklər ki, prezidentlərin tapşırığı hətta vaxtından əvvəl yerinə yetirilmişdir, bizim münasibətlərin bir sıra istiqamətləri üzrə olduğu kimi”.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında əlaqələrdə olduğu kimi, dünyada baş verən bir çox proseslərlə bağlı hər iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü məmnunluqla qeyd edib.
* * *
Prezident Aleksandr Lukaşenko Azərbaycanda bütün sahələrdə əldə edilən uğurların Belarus Respublikasında məmnunluq hissi yaratdığını söyləyib. O, budəfəki səfəri zamanı Bakıda gördüklərinin onda xoş təəssürat yaratdığını bildirərək deyib: “Bizim dünənki tədbirlər axşam vaxtı keçirildi. Biz axşam Bakısını, gecə Bakısını gördük. Bunlar Sizin öz torpağınızda yaratdıqlarınızı çox gözəl təcəssüm etdirir”.
Belarus Prezidenti ölkəsində Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə böyük marağın olduğunu xüsusi vurğulayaraq bildirib: “Biz əməkdaşlığı hökmən inkişaf etdirəcəyik. Mən çox istəyirəm ki, qısa müddətdən sonra deyə bilək ki, biz əmtəə dövriyyəsini, müştərək layihələrin sayını ikiqat artırmışıq və əməkdaşlığımızın istiqamətləri çoxalmışdır”.
Belarus dövlətinin başçısı Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsini Azərbaycan xalqının həyatında uğurlu hadisə kimi dəyərləndirərək deyib: “Müəyyən müddətdən sonra xalq Sizə misilsiz etimad göstərmişdir. Bu gün artıq heç kəs şübhə etmir ki, mənim fikrimcə, nəinki Azərbaycanın daxilində, hətta bütün dünyada hər bir normal adam deyərdi: Bəli, Azərbaycan xalqının qüdrətli lideri vardır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44

