Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünya idman ailəsinin Azərbaycana artan inamı

Dünya idman ailəsinin Azərbaycana artan inamı

31.07.2026 [10:26]

Ölkədə idmanın inkişafına və onun kütləviliyinin təmin olunmasına böyük önəm verən Azərbaycan eyni zamanda beynəlxalq idman ictimaiyyətinin böyük etimadını qazanıb. Bunun təsdiqi olaraq respublikamız tez-tez dünya idman gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu və mühüm qərarların qəbul edildiyi tədbirlərə ev sahibliyi edir. Elə bu günlərdə Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq səviyyəli yarışların bir qayda olaraq yüksək səviyyədə təşkil olunduğuna diqqət çəkilib. Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qəbulda Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxunub və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd edib.

Azərbaycanda mötəbər beynəlxalq yarışların keçirilməsi ənənəsi

Azərbaycan Prezidentinin Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşü ölkəmizdə növbəti mötəbər beynəlxalq turnirin keçirildiyi günlərə təsadüf edib. Söhbət Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatından gedir.  İyulun 27-də paytaxtımızdakı Milli  Gimnastika Arenasında  çempionatın təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç çıxış ediblər.

Bəhs olunan mötəbər çempionata ev sahibliyi hüququnun ölkəmizə verilməsi  dünya idman ictimaiyyətinin Azərbaycana artan inamının növbəti  göstəricisidir. Təbii ki, bunu şərtləndirən fundamental amillər var. Bu inam ilk növbədə Azərbaycanın güclü dövlət olmasından qaynaqlanır. Aydındır ki, dünyada böyük maraqla izlənilən yarışları iqtisadi potensialı, maliyyə imkanları aşağı səviyyədə olan ölkələrin təşkil etməsi mümkün deyil. Müstəqil Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq güclü dövlətə çevrilib və bunu müxtəlif sahələrdə hər zaman təsdiqləyir. Eyni zamanda, uzunmüddətli sabitlik, yüksək səviyyədə olan vətəndaş həmrəyliyi, cəmiyyətimizin tolerantlığı və bu kimi digər amillər ölkəmizin üstünlüyünü şərtləndirir.

Öz növbəsində Azərbaycan da göstərilən etimadı bir qayda olaraq yüksək səviyyədə doğruldur. Dünya idman ailəsində ev sahibliyi hüququnun Azərbaycana verilən yarışların mütləq qaydada yüksək səviyyədə keçiriləcəyinə qəti inam formalaşması son dərəcə qürurvericidir. Artıq gözəl bir ənənə yaranıb - ölkəmiz ev sahibliyi etdiyi beynəlxalq yarışlara ciddi hazırlıqlar görür, özünün yüksək standartlarını müəyyənləşdirir və sonradan bu standartlar dünya səviyyəsində qəbul olunur.

İndiyədək respublikamızda yaddaşlarda gözəl təəssüratlarla qalan bir sıra beynəlxalq səviyyəli yarışlar böyük uğurla baş tutub. Onlardan yalnız bir neçəsini sadalamaq yerinə düşər.  “Qoca qitə”nin tarixində 2015-ci ilin yayında ilk dəfə təşkil olunan Birinci Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi bizim üçün daimi qürur mənbəyi olaraq qalacaq. Birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib.

Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edilmişdi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növü idi. Oyunlarda idmançılar 253 dəst medal uğrunda yarışıblar.

Birinci Avropa Oyunlarından sonra İslam dünyası IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana həvalə edib. Bu Oyunların da miqyası çox böyük idi. İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzv dövlətləri Oyunlara qatılıblar. Oyunlarda 21 idman növü üzrə 54 dövlətin 3000-dən çox idmançısı mübarizə aparıb. Atletlər 269 dəst medal uğrunda yarışıblar.

İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycan təkcə son illərdə  gimnastikanın dörd növü üzrə Dünya Kubokuna, yeniyetmə cüdoçular arasında Avropa Kubokuna, bədii gimnastika üzrə 39-cu Avropa çempionatına ev sahibliyi edib. Dünyanın ən güclü snayperlərinin iştirakı ilə keçirilən atıcılıq üzrə Dünya kuboku dəfələrlə respublikamızda baş tutub.

Paytaxt Bakı 2016-cı ildən başlayaraq dünyada çox məşhur olan Formula-1 yarışlarına ev sahibliyi edir. Hazırda paytaxtımızda növbəti Formula -1 yarışlarına intensiv hazırlıqlar görülür.

Ötən ilin payızında isə respublikamız III MDB Oyunlarına böyük uğurla ev sahibliyi etdi. Bu yarışlara 13 ölkədən 1624 idmançı və 2 337 nümayəndə qatılmışdı. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.

Bəhs olunan qəbulda ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladıb, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini deyib. Qeyd edək ki, təkcə son 5 ildə Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku, Paris-2024-ə seçim xarakterli Avropa Olimpiya Təsnifat turniri, U23 Avropa çempionatı və digər yarışlar böyük uğurla keçirilib.

Dünya idman ailəsinin Azərbaycana artan inamını təsdiqləyən daha bir faktı qeyd edək. Xatırladaq ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

Paytaxtda və regionlarda yaradılan müasir idman infrastrukturu

Dünya idman ictimaiyyətinin Azərbaycana artan inamını şərtləndirən amillər sırasında son 23 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında paytaxtda və regionlarda yaradılan müasir idman infrastrukturunun önəmini ayrıca qeyd etmək lazımdır. Zəruri infrastruktur yaradılmadan böyük idmanda uğurlar qazanmaq da mümkün deyil. İlham Əliyevin 1997-ci il 31 iyul tarixində Milli Olimpiya Komitəsinin  (MOK) Prezidenti  seçildikdən sonra böyük diqqət göstərdiyi sahələrdən biri də bütün ölkə boyu müasir idman infrastrukturunun yaradılması oldu. İlham Əliyevin paytaxt Bakının qəsəbələrində və regionlarda İdman-Olimpiya komplekslərinin tikilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs böyük sosial mahiyyət daşıyır. Məmnunluq hissi ilə vurğulamaq istərdik ki, hazırda bu proses respublikanın bütün bölgələrini əhatə edib. Artıq ölkə üzrə 50-yə yaxın Olimpiya-İdman Kompleksi idmansevərlərin istifadəsinə verilib. Eyni zamanda, MOK-un  rəhbərinin səyləri ilə mövcud idman arenalarının yenidən qurulması, idman obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ardıcıl şəkildə davam etdirilir.

Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır.  Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılmışdı. Təşkilat Komitəsinin səmərəli fəaliyyətinin nəticəsi olaraq həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, atletlər kəndi barədə də ən xoş sözləri söyləmək mümkündür.

O cümlədən, ötən ilin payızında Azərbaycanın regionlarında keçirilən III MDB Oyunlarına hazırlıq çərçivəsində də yeni müasir idman obyektləri istifadəyə verilib. O cümlədən Prezident İlham Əliyevin iştirakı ilə Gəncə İdman Sarayının açılışı baş tutub. Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb.

III MDB Oyunlarının açılışından bir gün əvvəl - 2025-ci il sentyabrın 27-də isə Prezident İlham Əliyev Gəncə Şəhər Stadionunun açılışına qatılıb. Ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib.

Azərbaycanı fərqləndirən cəhət ondan ibarətdir ki, respublikamızda idman infrastrukturunun yaradılmasında ən yüksək standartlar tətbiq edilir. İndiyədək istifadəyə verilən idman obyektlərində beynəlxalq səviyyəli yarışları keçirmək üçün bütün imkanlar var.

Azərbaycan idmançılarının dünya arenalarında qazandıqları parlaq qələbələr

Azərbaycan idmançılarının dünya arenalarında parlaq qələbələr qazanmaları, himnimizi səsləndirmələri, bayrağımızı ucaltmaları son dərəcə qürurvericidir. Mötəbər beynəlxalq turnirlərə ev sahibliyi hüququnun Azərbaycana həvalə edilməsi və yarışlara hazırlıq cərçivəsində paytaxtda və regionlarda müasir idman infrastrukturunun qurulması ölkədə idmanın inkişafına güclü təsir göstərir. Son illərdə beynəlxalq yarışlara lisenziyalar qazanan idmançılarımızın sayı əhəmiyyətli dərəcədə artıb. Müxtəlif beynəlxalq turnirlərə qatılan Azərbaycan idmançıları  yüksək nəticələr göstərirlər.

İdmançılarımızın Olimpiya Oyunlarında uğurlu çıxışları respublikamızda idmanın inkişafına əyani sübutdur.  Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusi hazırlaşır. İdmançılarımız sonuncu  - “Paris - 24” 33-cü Yay Olimpiya Oyunlarında daha uğurlu nəticələr qazanmağa nail olublar. Qeyd edək ki, Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub. Bütövlükdə, idmançılarımız Parisdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris Olimpiadasında 5-ci pillədə qərarlaşmaqla tarixi uğura imza atıb. Yekun nəticələrə görə, Azərbaycan son Olimpiya Oyunlarında dünya ölkələrinin sıralamasında 30-cu yerdə qərarlaşıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.

Prezident İlham Əliyevlə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin görüşündə dövlətimizin başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğulayıb. Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edilib, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunulub. Həqiqətən də, idmanın güləş növü Azərbaycanda  çox populyardır. Bu sahədə ölkəmizdə zəngin ənənələr formalaşıb və güləşçilərimiz öz uğurları ilə bu ənənələri getdikcə daha da zənginləşdirirlər.

Son illərdə respublikamızda güləş üzrə maddi-texniki bazanın gücləndirilməsi üçün müxtəlif infrastruktur layihələri həyata keçirilib. Həmçinin kütləviliyin artırılması məqsədilə intensiv təbliğat işləri aparılıb. Titullu güləşçilərin iştirakı ilə ustad dərsləri, məşqçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ümumrespublika seminarları təşkil edilib. Güclü irsin formalaşdırılması məqsədilə aşağı yaş qrupları üzrə güləşin inkişafına xüsusi diqqət ayrılıb. Bu da U15 və U17 yaş qruplarında böyük uğurlara nail olunmasına töhfə verib. Bütövlükdə güləşçilərimiz 2022-2025-ci illərdə müxtəlif beynəlxalq yarışlarda 1031 medal qazanıblar. Bunların 293-ü qızıl, 292-si gümüş, 446-sı isə bürünc medal olub. Milli komandalarımız müxtəlif yaş qruplarında dəfələrlə Avropa və dünya çempionatlarında ilk üçlükdə yer alıb. Yunan-Roma güləşçilərimiz 2023 və 2024-cü illərdə dünyanın ən güclü komandası titulunu qazanmağa müyəssər olub.

O cümlədən idmançılarımız bu günlərdə Bakının ev sahibliyi etdiyi U17 dünya çempionatında da uğurlara imza atıblar. Artıq çempionat çərçivəsində yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. 3 gümüş və 3 bürünc medal qazanan millimiz 107 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. Rusiya (127) birinci, İran (96) isə üçüncü yeri tutub.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31