Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ədalət yalnız sözlə deyil, güclü dövlət iradəsi ilə təmin olunur

Ədalət yalnız sözlə deyil, güclü dövlət iradəsi ilə təmin olunur

17.10.2026 [10:08]

Prezident İlham Əliyev: Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik

2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbə təkcə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, eyni zamanda regionda mövcud olan və illərlə formalaşdırılmış süni, ədalətsiz siyasi reallıqları kökündən dəyişdi. Azərbaycan bu Qələbə ilə həm də beynəlxalq münasibətlər sistemində öz yerini yenidən müəyyənləşdirdi. Uzun illər ərzində erməni işğalına məruz qalan, yüz minlərlə vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşayan bir dövlət olaraq Azərbaycan beynəlxalq tribunalardan haqq səsini ucaldır, ədalətin bərpasını tələb edirdi. Lakin bu çağırışlar çox zaman ya eşidilmirdi, ya da qəsdən diqqətdən kənarda qalırdı.

30 il ərzində cəmi bir neçə dövlət Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edib - digər tərəfdən isə bir sıra böyük güclər və beynəlxalq təşkilatlar məsələni ya “status-kvo”nun saxlanılması adı altında dondurmağa çalışır, ya da prosesə selektiv yanaşma nümayiş etdirirdilər. Bu, beynəlxalq hüququn mahiyyətinə, dövlətlərin suverenliyinə və ədalət prinsipinə zidd bir yanaşma idi. Prezident İlham Əliyev oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışında bildirib ki, ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir”.

Azərbaycan hədəfə alınırdı, təcavüzkar Ermənistan həvəsləndirilirdi...

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı açıq-aşkar hərbi təcavüz, beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, bu sənədlər kağız üzərində qaldı. Münaqişənin həllində vasitəçi kimi yaradılmış ATƏT isə fəaliyyətsizliyi, daha çox isə işğalçıya haqq qazandırmaq imitasiyaları ilə yadda qaldı. Bu siyahıya Avropa Parlamenti, AŞPA kimi təşkilatları da əlavə etmək olar. Ən böyük ədalətsizlik isə ondan ibarət idi ki, bu gün başqa regionlarda baş verən münaqişələrə dərhal reaksiya verən, sanksiyalar tətbiq edən, hərbi və iqtisadi təzyiq mexanizmlərini işə salan dövlətlər Azərbaycan məsələsində eyni prinsipiallığı nümayiş etdirmirdilər. Bu yanaşma isə beynəlxalq hüququn universallığı prinsipini sual altına qoydu. Əgər hüquq yalnız güclü dövlətlərin maraqlarına uyğun hallarda işləyirsə, bu artıq hüquq deyil, siyasi alətdir. Azərbaycan bu riyakarlığı açıq şəkildə gördü və nəticədə anladı ki, ədalət yalnız sözlə deyil, güclü dövlət iradəsi ilə təmin olunur. Vətən müharibəsində qazanılan Qələbə də məhz bu ədalətsizliyə verilən tarixi cavab oldu. Dövlət başçısı bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı: “Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı”.

BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı...

Məhz bu kimi gözyummalar, laqeyd münasibət, ikili standart Ermənistanın siyasi rəhbərlərini də arxayınlaşdırır, işğala haqq qazandırılması onların rahatlanmasına səbəb olurdu. Nəticə etibarı ilə, ölkəmizə qarşı təcavüzdə bilavasitə iştirak etmiş Ermənistan rəhbərləri cəzasız qalırdılar. Bu, digər bir amili də ortaya çıxardı - artıq 2018-ci ildə hakimiyyətə gələn hazırkı siyasi qrup da yeni işğallardan danışır, Qarabağın ilhaqını rəsmiləşdirəcəklərini iddia edirdi. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın əvvəlki rəhbərliyi - Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir: “Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı”.

Nürnberq tribunalının analoqu...

2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror əməliyyatı Bakının qətiyyətini, işğal faktı ilə razılaşmadığının real göstəricisinə çevrildi. Əldə olunan zəfər, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası yalnız hərbi qələbə ilə məhdudlaşmadı, eyni zamanda bölgədə uzun illər davam edən qeyri-müəyyənliyə son qoyan fundamental geosiyasi reallıq yaratdı. Bu gün məhz Azərbaycanın təşəbbüsü və iradəsi ilə irəli sürülən sülh gündəliyi regional inkişafın əsas istiqamətini müəyyənləşdirir. Zirvə Görüşündə Azərbaycan Prezidenti rəşadətli ordumuzun 44 günlük mübarizəsinə və 23 saatlıq antiterror tədbirlərinə geniş toxunaraq bildirib ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi: “Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular. Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur”.

Müharibə bizim seçimimiz olmayıb

Azərbaycan daim sülhü, ədaləti, sabitliyi və əməkdaşlığı dəstəkləyir. Ermənistanın 30 il davam etmiş təcavüzü isə bütövlükdə regionun inkişaf tempinin qarşısını alıb. Biz hətta işğal dövründə belə sülh tezislərinə istinad edərək problemin dinc yolla həllinin tərəfdarı kimi çıxış etmişik. Ermənistan isə Azərbaycanın bu xoş məramından sui-istifadə etməyə çalışıb, beynəlxalq hüququ kobud şəkildə pozub və işğalı davam etdirib. Nəticədə Azərbaycan üçün başqa yol qalmadı. Amma Azərbaycan qalib ölkə kimi yenidən sülh təşəbbüsü irəli sürdü - qlobal dünya Bakının qisasçı deyil, ədalət hissinə söykəndiyinin növbəti dəfə şahidi oldu. Dövlət başçısı nitqində vurğulayıb ki, müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib: “Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31