Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna səfər edib

23.07.2014 [09:44]

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən abadlıq və quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, rayon sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3,6 hektar ərazidə salınmış parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.
Prezident İlham Əliyevə Xızı şəhərinin mərkəzi hissəsinin yenidən qurulması layihəsi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, layihədə nəzərdə tutulan “Xızı Grand Hotel” ən yüksək standartlar səviyyəsində inşa olunacaq.
Dünən Xızıda Heydər Əliyev Mərkəzi açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Sizi ürəkdən salamlayıram. Yenidən Xızıda olmağımdan çox şadam. Bu, Xızıya mənim üçüncü səfərimdir. Yadımdadır, keçən dəfə xəstəxananın açılışını qeyd etmişik.
Bu gün də bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışında bir yerdəyik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl Mərkəzdir, çox gözəl binadır. Həm xarici görünüşü, həm daxili tərtibatı ən yüksək səviyyədədir. Çox böyük zövqlə tikilibdir. Əminəm ki, Xızı rayonunun sakinləri bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər. Çünki bu Mərkəzdən gənclər, yeniyetmələr, yaşlı nəslin nümayəndələri müxtəlif istiqamətlər üzrə istifadə edə bilərlər. Həm funksional, həm memarlıq baxımından çox gözəl bir yerdir. Burada fəaliyyət göstərəcək dərnəklərdə gərək gənclər iştirak etsinlər və bu Mərkəz yaşamalıdır. Çünki belə gözəl bina tikilib və əlbəttə ki, bunun funksional tərəfi də yüksək səviyyədə təşkil edilməlidir.
Mərkəz Ulu öndərin adını daşıyır və bu da təbiidir. Çünki Heydər Əliyev müstəqilliyimizin banisidir. Məhz Onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır, güclənir. Ölkəmiz üçün ən ağır dövrdə xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev müstəqilliyi təmin edib, vətəndaş müharibəsinə son qoyub, ölkəmizi inkişaf yoluna çıxarıb. Bu gün biz bu siyasətə bütün istiqamətlər üzrə sadiqik və ölkəmizin uğurlu inkişafı bu siyasətin nəticəsidir. Bu inkişafı biz Xızı rayonunun timsalında da görürük. Çünki bildiyiniz kimi, Xızı o qədər də böyük rayon deyil, əhali də 15 min civarındadır.
Buna baxmayaraq, Xızının sosial-iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Biz bu tədbirləri ardıcıllıqla görürük ki, bütün insanları narahat edən məsələlər öz həllini tapsın. Magistral yoldan Xızıya gözəl bir yol çəkilib. Bu yol əvvəlki dövrdə o qədər də yaxşı vəziyyətdə deyildi. İndi ən gözəl standartlara uyğundur. Burada digər yol layihələri icra edilir. Bu yaxınlarda kənd yollarının tikintisi üçün əlavə vəsait ayrılmışdır. Altıağac kəndinə qədər gedən yol əsaslı şəkildə tikiləcəkdir. Digər yol layihələri indi həllini gözləyir və o məsələlər də həll olunacaqdır. Şurabad kənd yolu da tikilməlidir. Bu məqsədlər üçün də vəsait ayrılacaq. Yəni, yol infrastrukturu əsasdır və indi ölkəmizin bütün yerlərində kənd yolları prioritet kimi gündəlikdədir. Yol olanda, əlbəttə ki, rahatlıq da, inkişaf da olur. Xızının turizm potensialı çox böyükdür. Burada çox gözəl təbii şərait var - gözəl dağlar, təmiz hava. Bu gün mənə yeni layihə təqdim olundu. Gözəl otelin tikintisi nəzərdə tutulur. Yəni, bu sahədə əlavə tədbirlərin görülməsi, əlbəttə ki, rayonun iqtisadi potensialını artıracaqdır. Çünki ilk növbədə yol olmalıdır, infrastruktur layihələri icra edilməlidir. Hər rayon üçün onun spesifikasına uyğun olaraq iqtisadi inkişaf planı da nəzərdə tutulur, o cümlədən Xızı üçün. Bildiyiniz kimi, üçüncü regional inkişaf proqramında Xızı rayonunun inkişafı üçün bütün lazımi tədbirlər nəzərə alınıb.
Keçən dəfə burada olarkən biz xəstəxananın açılışını qeyd etmişik. Bu, çox gözəl tibb ocağıdır. Həm gözəldir, həm də ki, orada quraşdırılan bütün avadanlıq dünya klinikalarından geri qalmır. Hesab edirəm ki, bu da insanların sağlamlığına çox böyük töhfədir.
Xızı rayonunda kənd təsərrüfatının inkişafı üçün çox önəmli addım atılmışdır. Suvarma layihəsinə start verildi və bu layihənin reallaşması Taxtakörpü su anbarının tikintisindən sonra mümkün olmuşdur. Taxtakörpü su anbarının tikintisi ölkədə son vaxtlar qeyri-neft sektorunda infrastruktur layihələri arasında bəlkə də ən böyüyüdür, kənd təsərrüfatının inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Samur-Abşeron kanalı, Taxtakörpü su anbarı, elektrik stansiyası, Taxtakörpü-Ceyranbatan kanalı - bu layihələr artıq icra edilibdir. Beləliklə, biz Samur çayının sularından istənilən həcmdə istifadə edirik. İndi isə biz artıq bu kanal üzərində yerləşən rayonların kənd təsərrüfatına da ciddi diqqət göstəririk.
Siyəzən, Şabran və Xızı rayonlarında böyük həcmdə yeni torpaq sahələri dövriyyəyə buraxılacaqdır. Xızı rayonunda isə doqquz min hektar torpaq su ilə təmin ediləcəkdir. Hazırda Xızı rayonunda suvarılan torpaqların sahəsi üç min hektardır. Yəni, indikindən üç dəfə çox torpaq suvarılacaqdır. Beləliklə, fermerlər üçün əlavə imkanlar yaranacaqdır. Fermerlər gərək o torpaqlardan səmərəli şəkildə istifadə etsinlər. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti birlikdə bu işlərlə məşğul olmalıdırlar ki, biz bu torpaqlarda əkiləcək məhsulların nomenklaturasını müəyyən edək.
Yəni, bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük layihədir, böyük töhfədir. Əminəm ki, yaxın vaxtlarda artıq bütün lazımi şəbəkə qurulacaqdır. İndi boru xətləri və kanallar tikilməlidir ki, hazırda səhraya bənzəyən o torpaqlar artıq gülüstana çevrilsin.
Bax, budur bizim konkret gördüyümüz işlər. Xızı rayonunun gələcək inkişafı ilə bağlı, əlbəttə ki, əlavə tədbirlər görüləcəkdir. Mən bilirəm ki, problemlər də vardır. Onların arasında birinci problem içməli su problemidir. Bildiyiniz kimi, indi ölkə üzrə bu problem tədricən öz həllini tapır. Əminəm ki, üçüncü regional inkişaf proqramının icrası nəticəsində bizim bütün şəhərlərimizdə içməli su layihələri təmin ediləcəkdir, o cümlədən Xızı rayonunda.
Bilirəm ki, mənbənin müəyyən edilməsi ilə bağlı müxtəlif çətinliklər vardır. O məsələ də öz həllini tapacaqdır. Yəni, Xızı rayonuna da təmiz içməli su gətiriləcəkdir. Çünki biz indi bu layihələrə böyük diqqət göstəririk. Artıq son vaxtlar bir neçə şəhərə təmiz içməli su gətirilibdir. Eyni zamanda, kanalizasiya layihələri də bərabər aparılır, o cümlədən Xızıda da bu məsələ öz həllini tapacaqdır.
Yəni, son vaxtlar aparılan işlər onu göstərir ki, biz bütün problemləri ardıcıllıqla həll edirik və həll edəcəyik. Misal üçün, bu gün Xızıda qazlaşma doxsan faiz təşkil edir. Amma vaxtilə burada qaz yox idi, yollar yox idi. Yollar tikilibdir. Xəstəxana yox idi, xəstəxana tikilibdir. İndi içməli su layihəsi də icra ediləndən sonra demək olar ki, əsas infrastruktur məsələləri həll olunacaqdır.
Suvarma layihəsinə start verildi. Fermerlərə güzəştli şərtlərlə kreditlər verilir. Təkcə o qalıb ki, insanlar bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər, işləsinlər və öz əməyi ilə ölkəmizi daha da möhkəmləndirsinlər. Bizim ümumi inkişafımız göz qabağındadır. Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır və ölkədə böyük quruculuq işləri aparılır.
İqtisadiyyatımız artır, sosial məsələlər həll olunur. Ölkədə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür. Bir sözlə, bu gün Azərbaycan məhz görülən işlərə görə dünya miqyasında diqqət mərkəzinə çevrilib. Biz bu işləri ardıcıllıqla görürük. Hər bir istiqamət üzrə bu işlər konkret proqram əsasında aparılır, o cümlədən rayonların inkişafı və Xızı rayonunun gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Daha da böyük işlər görüləcəkdir, insanlar daha da yaxşı yaşayacaqlar.
Əminəm ki, dediyim məsələlərin reallaşması nəticəsində biz hələ sizinlə çox görüşəcəyik. Çünki gələcəkdə burada yenə də böyük açılışlar olacaqdır.
Sizi bir daha salamlayıram. Sizə ən xoş arzularımı çatdırıram”.
Əməkdar müəllim Xatirə Şahgəldiyeva Azərbaycan Prezidenti İlham Əliyevə rayon sakinlərinin təşəkkürünü çatdırıb və göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib.
Sonda xatirə şəkli çəkdirilib.
Dünən, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı Cəfər Cabbarlının parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub.
Daha sonra Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib.
Başlanğıcını Azərbaycan ilə Rusiya sərhədində Samur çayından götürən və uzunluğu 182 kilometr olan Samur-Abşeron kanalı hazırda respublikanın şimal bölgəsi rayonlarının 150 min hektara yaxın torpaq sahəsini suvarma suyu və Bakı, Sumqayıt şəhərlərini, habelə Abşeron yarımadasını içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintilərinin beynəlxalq maliyyə qurumlarının krediti və Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə başa çatdırılması respublikamızın şimal bölgəsi rayonlarında və Abşeron yarımadasında 150 min hektara yaxın mövcud əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına və 30 min hektar yeni torpaq sahəsini suvarma suyu ilə təmin etməklə onların kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına şərait yaradıb. Buna görə də Prezident İlham Əliyevin tapşırığına əsasən həmin layihənin icrası davam etdirilir.
Dövlətimizin başçısı Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çaylarında sugötürücü və nəqletmə qurğularının tikintisi, Şabran, Siyəzən, Xızı rayonları üzrə suvarılacaq torpaq sahələrinin planı, Samur-Abşeron suvarma sistemi zonasında həmin rayonlardakı mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi, həmçinin Samur-Abşeron kanalı sistemi üzrə mövcud və yeni suvarılan torpaqların planı ilə tanış olub.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə məlumat verib ki, Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyənləşdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqların icrasına əsasən aparılan araşdırmalar nəticəsində “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında 30 min 153 hektar, o cümlədən Şabran rayonunda 13 min 678, Siyəzən rayonunda 7 min 962 və Xızı rayonunda 8 min 513 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib.
Beynəlxalq məsləhətçilər tərəfindən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin davamı olaraq Xızı, Siyəzən və Şabran rayonlarında yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün mütərəqqi suvarma texnikasının tətbiqi ilə meliorativ tədbirlərin, eləcə də mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasının layihə sənədləri hazırlanıb. Birinci növbədə Xızı rayonunun inzibati ərazisi üzrə yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün meliorativ tədbirlərin layihə sənədləri tamamlanaraq tikintiyə hazırlıq işlərinə başlanılıb. Siyəzən rayonu üzrə layihə sənədlərinin hazırlanması başa çatmaq ərəfəsindədir. Şabran rayonunda isə bu işlər davam etdirilir.
Layihəyə əsasən Xızı rayonu üzrə yeni suvarılan torpaq sahələri dəqiqləşdirilərək, onun 9609 hektar və su təminatı yaxşılaşdırılacaq mövcud əkin sahələri 2970 hektar olmaqla cəmi 12 min 579 hektar müəyyən edilib. Layihədə yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun mövcud və yeni suvarılan torpaq sahələrinə verilməsi üçün ümumi uzunluğu 261,4 kilometr, o cümlədən 194,5 kilometr qapalı və 66,9 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 630 hektar sahədə qapalı drenaj şəbəkəsi layihələndirilib.
Bildirilib ki, cari ildə Dövlət Neft Fondundan “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə ayrılmış vəsait hesabına Xızı və Siyəzən rayonlarında yeni suvarılan torpaqlarda meliorativ tədbirlərin aparılmasına başlanılıb. Birinci mərhələdə Xızı rayonunun 3396 hektar yeni suvarılacaq torpaq sahələrində bu işlərin tamamlanması nəzərdə tutulur.
Eyni zamanda, Dövlət Neft Fondunun vəsaiti hesabına Samur-Abşeron kanalının 50-ci kilometrliyində yerləşən Qusarçay, Qudyalçay, Quruçay, Ağçay, Qaraçay və Caqacuqçay şimal çaylarından sugötürücü və nəqledici kanalların tikintisinin layihə sənədləri hazırlanaraq cari ildə Qusarçay və digər iki çayda tikinti işlərinə başlanıb. Bu tədbirin başa çatması ilə Samur-Abşeron kanalına orta sulu illərdə əlavə 322 milyon kubmetrdən çox suyun verilməsinə, bununla da bu çayların zonasında yerləşən mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasına imkan yaranacaq.
Prezident İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlini qoyub.
Dövlətimizin başçısı bölgə üçün çox mühüm əhəmiyyət kəsb edən layihənin yüksək səviyyədə icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Paylaş:
Baxılıb: 777 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30