Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
* * *
Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı, əvvəlcə, sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ilə tanış olub.
Məlumat verilib ki, bu müəssisə 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir.
Prezident İlham Əliyev: Bunların qiyməti neçəyədir?
Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundov: Cənab Prezident, 17 min manatdan başlayır, 130 min manatadək.
Prezident İlham Əliyev: Birinci mərhələdə nə vaxt maşınların istehsalı nəzərdə tutulur?
Emin Axundov: Yaxın zamanlarda - bir ay, ay yarım ərzində.
Prezident İlham Əliyev: Yəni, dərhal?
Emin Axundov: Bəli, cənab Prezident.
Qeyd edək ki, bu zavod gələcəkdə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialını artırmağı da hədəfləyir.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.
* * *
Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir.
Zavodla tanış olan dövlətimizin başçısı müəssisəni işə salıb.
Məlumat verilib ki, burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçiriləcək.
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələnin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək.
Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Fəaliyyətə başlaması ilə ölkədə istehsal avadanlıqları və qurğularına olan tələbatı qismən ödəməklə yanaşı, yeni ixrac imkanları da yaranacaq.
Sahibkar Elxan Bəşirov deyib ki, ilk növbədə, Hacıqabulda iş yerləri açmaq üçün burada istehsalat sahəsi yaratmaq istədik. Bizim işimiz tikinti materialları istehsal etməkdir. Burada xammal olmadığı üçün tikinti materialları istehsal edən zavodlar hazırlamağı qərara aldıq. Bu layihə Azərbaycanda ilk dəfədir ki, reallaşdırılır. Biz “açar-təhvil” prinsipi ilə işləyəcəyik. Belə təcrübə dünyada da var.
* * *
Sonra Prezident İlham Əliyev “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsinin açılışını edib.
Məlumat verilib ki, müəssisədə il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək.
Məhsulun keyfiyyəti və qiyməti məsələsinə gəldikdə isə Cengiz Aygör deyib ki, Azərbaycanda su istehsal edən müəssisələrə qab satırıq. Artıq xarici bazardan məhsul almağa ehtiyac yoxdur. Yerli istehsal qiymətlərə də təsir edəcək. Keyfiyyət və qiymət sahəsində də üstünlüklər var.
* * *
Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti “Plasstech” zavodudur. Müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir.
Prezident İlham Əliyev: Tələbat nə qədərdir?
Sahibkar: Bizdə tələbat 500 ton arasındadır. Ölkədə tələbat böyükdür.
Prezident İlham Əliyev: Bizim tara istehsal edən bir şirkət də var. Mən onların müəssisələrində də olmuşam.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Qeyd edək ki, bu taralardan kənd təsərrüfatı məhsullarının daşınması və qablaşdırılması zamanı istifadə olunur.
* * *
Sənaye məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir.
Müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Qeyd edək ki, Sənaye Məhəlləsini seçərkən sahibkarların ən çox diqqət yetirdiyi məsələ məkanın coğrafi və infrastruktur baxımından əlverişli olmasıdır.
Sahibkar Ramazan Karaşahir deyib ki, Hacıqabul Sənaye Məhəlləsi Ələt Ticarət Limanına yaxın məsafədə yerləşir. Biz müəssisəmizi yaradarkən bu amili nəzərə almışıq. Müəssisəmizdə orqanik tərkibli gübrələr istehsal olunur.
Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye Məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkəmizdə sənayeləşmə artıq iri şəhərlərlə yanaşı, regionları da əhatə edir. Fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 milyon manatdan çox sərmayə yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan çox məhsul satışını həyata keçiriblər.
* * *
Aprelin 20-də Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.
Bildirilib ki, yolun yenidən qurulması 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirəcək. Eyni zamanda, əhalinin həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yoluna, həm də Hacıqabul-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat çıxışı təmin edəcək.
Qeyd edək ki, ölkəmizdə yollar yeniləndikcə, kənd təsərrüfatı, turizm və digər sahələrdə də inkişaf baş verir, bölgələrdə iqtisadi canlanma müşahidə olunur.
* * *
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub.
Dövlətimizin başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.
Pambıqçılıqda əvvəlki illərlə məhsuldarlığı müqayisə edən Prezident İlham Əliyev deyib: Altı il bundan əvvəl mən bu məsələ ilə maraqlananda pambıqçılıq demək olar ki, batırdı, cəmi 30-35 min ton yığılmışdı. Keçən il isə 336 min ton, 10 dəfə çox.
Qeyd edək ki, 2015-ci ildən dövlətimizin başçısının kənd təsərrüfatının bir çox sahələrinə xüsusi yanaşmasının şahidi olduq. Nəticədə məhsuldarlıq dəfələrlə artdı, xüsusi stimullaşdırıcı tədbirlər görüldü. Faktların müqayisəli təhlili onu deməyə əsas verir ki, Azərbaycan üçün ənənəvi sayılan pambıqçılıq dirçəlib. Ölkədə hər hektardan məhsuldarlığın 30 sentnerdən yuxarı olduğu cəmi 3 il qeydə alınıb. Konseptual yanaşmanın tətbiq olunduğu 2015-ci ildə bu rəqəm 2 dəfə aşağı idi. Görülən kompleks tədbirlər artıq tarixi maksimuma yenidən çatmağı şərtləndirib. Ötən il hər hektardan məhsuldarlıq 33,6 sentner təşkil edib.
Sonra fermer Elşən Xəlilovun pambıq tarlasında səpinə start verilib.
Bu il Hacıqabulda 300 hektar sahədə pambıq əkini aparılacaq. Artıq əkinlə bağlı tədarükçü şirkət 34 fermerlə müvafiq müqavilələr imzalayıb, onlar lazımi texnika və toxumla təmin ediliblər.
Prezident İlham Əliyev: Deməli, indi 2600 manat alacaqsan.
Elşən Xəlilov: Bəli, orada hər kiloqrama da 10 manat.
Prezident İlham Əliyev: Alış qiyməti də artıb?
Elşən Xəlilov: Bəli.
Prezident İlham Əliyev: Ona görə dövlət hər şeyi edib. Belə müasir texnikalar, bu traktorlar hamısı bizdə istehsal olunur?
Elşən Xəlilov: Bəli, cənab Prezident.
Prezident İlham Əliyev: Kombaynlar da ən qabaqcıl texnologiyalar əsasında hazırlanıb.
Azərbaycan pambıqçılığın inkişafı üçün mövcud dəstək mexanizmləri sırasına aqrotexniki dəstək, yəni, fermerlərin toxum, gübrə, pestisid, herbisid, dərmansəpən maşınlar, kultivasiya işini həyata keçirən texnikalarla təminatı, dövlət xətti ilə ölkəyə kifayət qədər ən müasir pambıqyığan kombaynların gətirilməsi, satışa yardım - tədarükçü şirkətlərin müqavilə əsasında məhsulun hər tonunu sortdan asılı olaraq 550-650 manata satın alması, subsidiyaların ayrılması daxildir. Dövlət fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat, təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödəyir. Subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür.
* * *
Aprelin 20-də Hacıqabul rayonunda “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqroparkının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qeyd edək ki, kənd təsərrüfatının ən müasir texnologiyalar və elmi əsaslar üzərində inkişafı dövlətimizin başçısının aqrar siyasətinin mərkəzində duran məsələlərdən biridir. Aqroparkların yaradılması və fəaliyyəti məhz bu prinsiplərlə həyata keçirilir.
Prezident İlham Əliyevə məlumat verilib ki, “Agro Dairy” MMC regionlarda kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, müasir texnika və innovasiyaların tətbiqi ilə yüksək məhsuldarlığa malik keyfiyyətli məhsul əldə etmək məqsədilə layihələr həyata keçirir. Onlardan Samux rayonunun Qaraağaclı kəndi ərazisində ümumi sahəsi 2698 hektar, Tovuz rayonunun Ceyrançöl ərazisində 7000 hektar və Padarçöl (Hacıqabul, Şamaxı) ərazisində 5000 hektar olan sahələrdə intensiv bitkiçilik təsərrüfatı yaradılıb, yeni ərazilər əkin dövriyyəsinə cəlb edilib.
“Agro Dairy” MMC-nin nümayəndəsi: Sizin tapşırığınıza əsasən keçən ildən Samuxda biz təcrübəmizi digərləri ilə bölüşürük.
Prezident İlham Əliyev: Bəli, mən demişdim ki, bu təcrübəni başqa təsərrüfatlara da ötürün. Edirsiniz onu?
“Agro Dairy” MMC-nin nümayəndəsi: Bəli, cənab Prezident, edirik. Keçən ilin oktyabrında biz Hacıqabulda təlim mərkəzi tikdik və payız əkinindən əvvəl fermerləri dəvət etdik, özümüz onları gətirdik və onlara təlim keçdik. Hazırda yazlıq əkinlərinin başlanması ilə əlaqədar biz təlimləri yenidən təşkil etmişik.
“Agro Dairy” MMC-nin Aqronomlar Şurasının rəhbəri Kristof Hartiq işğaldan azad edilmiş Ağdam və Füzulidə olduqlarını bildirib, bu rayonların torpağının münbit olduğunu qeyd edib. Deyib ki, lakin ermənilər torpağı pis vəziyyətə salıblar. Orada torpağın vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən işlər görülməlidir.
Qeyd edək ki, aqroparkda növbəli əkin sistemi, intensiv aqrotexnologiyalar tətbiq edilir, təkrar əkin həyata keçirilir. Nəticədə ildə iki dəfə yüksək keyfiyyətli məhsul almaq mümkün olur. İqtisadiyyat Nazirliyi tərəfindən “Agro Dairy” MMC-yə taxıl və yem bitkilərinin istehsalı layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Bu sənədlə MMC 23,4 milyon manat məbləğində ƏDV-dən və gömrük rüsumlarından azad edilib.
Müəssisə, həmçinin toxumçuluqla məşğul olur və bu sahədə fəaliyyətini “seleksiyaçı-toxumçu-əmtəəlik məhsul istehsalçısı” prinsipinə əsaslanaraq həyata keçirir. Toxum emalında yeniliklərə gəldikdə isə, “Plug & Play” texnologiyasının ölkəmizdə tətbiqinə başlayıb. Layihələrin uğurlu icrası ilə toxum idxalından asılılığının azalacağı gözlənilir.
* * *
Aprelin 20-də Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, yarımstansiyanın istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Yarımstansiyada quraşdırılan müasir tipli eleqaz və vakuum açarları, mikroprosessor tipli rele mühafizə sistemi, Komplekt Transformator Məntəqələri və nəzarət-avtomatika qurğularının elementləri birləşdirilərək vahid “Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzi”nə qoşulub.
Diqqətə çatdırılıb ki, idarəetmə mərkəzi sayəsində “Qarasu” yarımstansiyasından başlayaraq sayğaclara qədər elektrik şəbəkəsi onlayn rejimdə izlənilir, balansa nəzarət olunur, yarana biləcək problemlərin aradan qaldırılması üçün operativ məlumatların toplanılması, emal edilməsi, informasiya sistemlərinin monitorinqi, təhlili sayəsində qabaqlayıcı tədbirlər görülür.
Prezident İlham Əliyev “Qarasu” yarımstansiyasını işə salıb.
Qeyd edək ki, regionların inkişafı proqramlarının vacib tərkib hissələrindən biri əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatıdır. “Qarasu” yarımstansiyası vasitəsilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçirilir.
* * *
Aprelin 20-də Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına aqroparkla bağlı məlumat verilib.
Bildirilib ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2000 baş südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə gələn ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilib.
Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Aqropark yaradılarkən müasir suvarma sisteminin quraşdırılması nəzərə alınıb. Suvarma üçün ümumi tutumu 2,6 milyon kubmetr olan iki süni göl yaradılıb. Ərazidə ən müasir texnologiyaların tətbiqi ilə suvarma sistemi qurulub. Ümumilikdə 77 milyon manat sərmayənin yatırıldığı aqroparkda 200 nəfər daimi işlə təmin olunub. Bundan əlavə, mövsümdə işçilərin sayı 500 nəfərə çatır.
Prezident İlham Əliyev aqroparkın heyvandarlıq kompleksi və süni göl ilə tanış olub.
* * *
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
Müxbir: Cənab Prezident, xoş gördük Sizi. Cənab Prezident, bu gün Hacıqabul rayonuna səfər etdiniz, bir sıra sosial obyektlərin açılışında iştirak etdiniz. Səfər təəssüratlarınız haqqında istərdik məlumat verəsiniz.
Prezident İlham Əliyev: Təəssüratlar çox müsbətdir. Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Bütün ölkə üzrə böyük işlər görülmüşdür. Hacıqabulda bu işlər artıq son mərhələdədir. İnfrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Rayon tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və bu gün artıq yeni yarımstansiyanın açılışı da bunu göstərir. Çünki tələbat artıb. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilmişdir və Hacıqabul şəhəri içməli su ilə təmin olundu. Kənd yollarının çəkilişinə gəldikdə isə, bu yolların 75 faizi yenidən çəkilib. Eyni zamanda, rayonda bir çox sosial layihələr icra edilmişdir. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Yəni, bütün bunlar insanlar üçün gözəl şərait yaradır. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Bütövlükdə bu gün açılışında iştirak etdiyim obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir.
- Cənab Prezident, bu gün Siz iki aqroparkın fəaliyyəti ilə tanış oldunuz. Bu aqroparkların fəaliyyətini necə qiymətləndirirsiniz? Qeyri-neft sektorunun inkişafında bunun rolunu necə dəyərləndirirsiniz?
- Bu, əlbəttə ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir.
Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur.
Hacıqabul rayonu əhali baxımından o qədər də böyük rayon deyil, 77 min əhalisi var. Ancaq burada iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir. Misal üçün, torpağın münbitliyi baxımından Hacıqabul ölkəmizin ən qabaqcıl rayonu deyil. Torpağın keyfiyyəti digər rayonlarla müqayisədə daha aşağıdır. Ancaq, buna baxmayaraq, məhz Hacıqabulda bu aqroparkların yaradılması bizim siyasətimizin uğurlu olmasından xəbər verir. Çünki ən ağır yerlərdən biri də Hacıqabuldur. Mənə bu gün hər iki aqroparkda verilən məlumata görə, suvarılan sahələrdə minlərlə hektar pivot altındadır. Burada taxılçılıqdan məhsuldarlıq hektardan 60 sentnerdir, yəni, altı ton. Müqayisə üçün deyə bilərəm ki, Hacıqabul rayonunda məhsuldarlıq hektardan otuz sentnerdir. Ölkə üzrə təqribən otuz sentnerdən bir qədər çoxdur. Ancaq iri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdir, iki dəfə çoxdur. Əgər bu yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq.
Burada, eyni zamanda, digər məhsullar da yetişdirilir. Bu təsərrüfatda, bu aqroparkda, eyni zamanda, heyvandarlıq da inkişaf etdirilir. İki min baş cins inək gətirilibdir. Onların sayı getdikcə beş minə çatacaq. Burada sağılan süd yaxınlıqda yerləşən Kürdəmir süd zavoduna göndərilir. Beləliklə, südlə daxili təminat daha yüksək faizlərə çatacaq və ümid edirəm ki, yaxın bir neçə il ərzində Azərbaycan özünü südlə tam təmin edəcək.
Bütövlükdə əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Ümumi investisiya qoyuluşu iki milyard manatdan çoxdur. Əgər biz bu işləri özəl sektorla birlikdə görməsəydik, bu investisiyaları heç kim qoymazdı. Çünki dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, eyni zamanda, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır. Özəl sektor isə bu vəsaiti təşkil edir. Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan iki milyard manat vəsait çox böyük vəsaitdir. Bu aqroparklar - “Aqro Dairy” və “Azərsun” aqroparkları son 4-5 il ərzində yaradılmışdır. Bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir.
Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada - “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır.
Bu gün Hacıqabul rayonunda, eyni zamanda, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq. 2017-ci ildə mənim Sərəncamımla yaradılmış bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub. Bu müəssisələrə də on milyonlarla manat sərmayə qoyulub. Bu da dövlət tərəfindən irəli sürülmüş təşəbbüsdür. Biz sahəni müəyyən etdik, infrastruktur layihələri icra etdik, bütün kommunikasiyaları çəkdik, hətta anqarları da dövlət hesabına inşa etdik. Sahibkar da gəlib burada öz sərmayəsini qoyub və müasir səviyyəli məhsullar istehsal olunur. Bu məhsullar da daxili tələbatı təmin edəcək.
Bu müəssisələrin arasında ən böyüyü, əlbəttə ki, avtomobil zavodudur. Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir və biz buna da nail olacağıq.
Baxın, əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir, məhsuldarlıq yüksəlir, insanlar işlə təmin edilir. Beləliklə, bizim gördüyümüz işlər öz praktiki nəticələrini verməkdədir.
- Cənab Prezident, işğaldan azad olunan ərazilərdə aqroparkların yaradılacağını qeyd etdiniz. Ümumiyyətlə, orada görülən işlər haqqında fikirlərinizi bilmək istərdik.
- İndiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək. Yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib.
Bununla paralel olaraq, əsas infrastruktur layihələrinə start verildi. Bu haqda mən dəfələrlə Azərbaycan ictimaiyyətini məlumatlandırmışam. Azad edilmiş ərazinin elektrik təchizatı hesab edirəm ki, bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır və hələ ki, hava şəraiti o qədər də münasib deyil, qar əriməyib.
Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir.
Bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar.
Bildiyiniz kimi, birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək - “Ağıllı kənd” layihəsi. Bu layihə üç kəndi - 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq. Zəngilanda olarkən mənə bu layihə ilə bağlı məruzə edildi və indi təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır. Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar.
Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Digər şəhərlərimizin də baş planları hazırlanır.
Kəndlərin bərpasına gəldikdə, burada da biz işlərimizi mərhələlərə bölməliyik. İlk növbədə, biz mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.
Xaricdən bir çox təkliflər gəlməkdədir, bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın.
Bildiyiniz kimi, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Bu, bir qədər sonra baş verəcək. O bölgədə hələ ki, qar əriməyib. Hava limanı üçün nəzərdə tutulan yerdə indi praktiki işlərin görülməsi mümkünsüzdür. Gözləyirik, yəqin ki, may-iyun aylarında artıq bu istiqamətdə də işlərə start veriləcək.
Yəni, gördüyünüz kimi, biz bütün istiqamətlər üzrə dərhal bu işlərə başlamışıq. Müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Çox böyük həcmli bir işdir. Çünki mən demişəm, bir daha demək istəyirəm, azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Yəni, hesab edirəm ki, bu, təsəvvür üçün, kifayət qədər aydın mənzərədir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir. Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.
Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.
- Cənab Prezident, Hərbi Qənimətlər Parkının açılışında Siz Azərbaycan ərazisinə atılan “İsgəndər-M” raketi barədə danışdınız və dediniz ki, bununla bağlı Rusiyadan cavab gözləyirsiniz. Bununla bağlı bir cavab verildimi?
- Bu sözləri deyəndən sonra ertəsi gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir.
Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, eksport - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib.
Biz ümid edirik ki, “İsgəndər-M” raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik. Azərbaycan xalqı bütün vacib məsələlərlə bağlı dolğun məlumat alacaq, necə ki, bu günə qədər alıb. Necə ki, Ermənistandan fərqli olaraq bu müharibə dövründə mən tam həqiqəti demişdim. İndi isə Ermənistan rəhbərləri susurlar. Onlara sual veriləndə ki, siz “İsgəndər-M” raketlərindən istifadə etmisiniz? Susurlar. Ağızlarına su alıblar. Halbuki biz bilirik ki, necə atılıb, nə vaxt atılıb və daha çox şey bilirik.
Bir halda ki, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, bir şey də deyə bilərəm. Mən bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmirəm. Çünki hətta, o versiyalarda da, - düzdür, bu, mətbu orqanlar tərəfindən irəli sürülüb,- hər halda, biz hansısa sistemli yanaşma görürük. Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Bu, bizə qarşı açıq ittihamdır. Bizi nədə ittiham edirlər, saxtakarlıqda? Bir adam deyə bilər ki, Azərbaycan nə vaxtsa saxtakarlıq edib? Yox. Biz yüzlərlə saxta faktlar ilə üzləşmişdik, riyakar faktlar ilə üzləşmişdik, vədlərin yerinə yetirilməməsi faktları ilə üzləşmişdik. Biz heç vaxt belə saxtakarlığa yol verməmişik. Biz bunu nə üçün edək? Bunun məqsədi nədir? Biz indi noyabrın 10-da imzalanmış Bəyanatın icrası ilə məşğuluq. Biz bölgədə sülhün əbədi olmasını istəyirik. Biz təhlükəsizlik tədbirlərini gücləndiririk. Nə üçün biz bu təxribatı törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun. Ona görə istərdim ki, bu məsələyə aydınlıq gətirim.
O ki qaldı, qaçaqmalçılıq versiyasına. Bu, əlbəttə ki, araşdırılmalıdır. Çünki müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir. Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır. Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, - reyslərin nömrələrini də vermişdik, yazmışdıq, - bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini də göstərmişdik. Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir. Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib - Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar.
Yəni, biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır.
- Çox sağ olun, cənab Prezident.
- Sağ olun.

 
  • Oxunub:  4230  |  
  • Tarix:  21-04-2021  |  
  •    Çap et   |  
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı

18 May 12:14
Təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 May 12:10
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
18 May 12:06
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası həyata keçiriləcək
18 May 11:59
“Həyat dolu küçələr” kampaniyasına başlanılıb
18 May 11:46
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
18 May 11:38
Ombudsman “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciət yayıb
18 May 11:36
İşğaldan azad edilən ərazilərin turizm marşrutları hazırlanır
18 May 11:25
Belarusun müdafiə naziri Azərbaycana səfərə gəlib
18 May 11:20
Prezident İlham Əliyev: Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir
18 May 11:07
Laçın bu gün azaddır və 18 may tarixini artıq Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi qeyd edir
18 May 10:50
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisinə başlanılıb
18 May 10:48
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
18 May 10:21
PUA heyətləri təlim tapşırıqlarını icra edir
18 May 10:09
Prezidentin Mətbuat Xidmətinin məlumatı
18 May 10:00
18 may - Beynəlxalq Muzeylər Günüdür
18 May 09:55
“Avroviziya-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb
18 May 09:50
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb
18 May 09:31
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı
18 May 09:17
Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi
18 May 09:14
Əyani tədris qismən bərpa olundu
18 May 09:13
Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18 May 09:12
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür
17 May 20:23
Gürcüstan rəsmiləri Dmanisidə baş vermiş hadisələrə münasibət bildiriblər
17 May 20:11
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17 May 20:09
“Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin təqdim edilməsi həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi
17 May 19:47
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb
17 May 19:31
Milli Məclisdə Fransa xəbər portalının nümayəndə heyəti ilə görüş keçirilib
17 May 17:58
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
17 May 17:54
Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb
17 May 17:26
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladlarının qayğıları ilə maraqlanıblar
17 May 17:10
“Həqiqətin onomastikası” kitabı işıq üzü görüb
17 May 17:01
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb
17 May 17:00
Fərid Şəfiyev: ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər
17 May 16:50
Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb
17 May 16:49
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib
17 May 16:37
Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb
17 May 16:35
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
17 May 16:33
Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq
17 May 16:21
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
17 May 16:05
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
17 May 16:04
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
17 May 15:54
Misir portalı: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
17 May 15:46
İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur
17 May 15:39
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
17 May 15:28
Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır
17 May 15:27
Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir
17 May 15:18
Rauf Əliyev: Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir
17 May 15:15
Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib
17 May 15:14
Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir
17 May 15:13
Anar Məmmədov: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi mühüm tarixi hadisədir
17 May 15:05
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır
17 May 14:51
Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb
17 May 14:46
Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi
17 May 14:42
Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA