Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə

24.07.2010 [03:36]

Möhtərəm cənab Prezident!
Məlum olduğu kimi, Azərbaycan mətbuatının sözün həqiqi mənasında müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ildə Sovet İmperiyasının süquta uğramasından sonra Azərbaycan Respublikası müstəqilliyini qazansa da, mətbuatımız öz gerçək müstəqilliyinə yalnız 1993-cü ildə, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə nail olmuşdur. Ulu öndərimizin ölkəmizə rəhbərliyi dövründə azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlər aradan qaldırılmış, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi istiqamətində bir sıra fərman və sərəncamlar imzalanmış, mətbuat işçiləri ilə mütəmadi görüşlərin keçirilməsi ənənə halını almış, KİV-lə bağlı problemlərə operativ müdaxilələr olunmaqla həmin problemlərin qısa zamanda həllinə nail olunmuşdur. Təbii ki, bu kimi təqdirəlayiq mütərəqqi addımlar ümummilli liderimiz Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında həm söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunması təsbit edilmiş, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilmişdir. Ulu öndər Heydər Əliyev xalqın azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyə, demokratiyaya xidmət etdiyini çox açıq şəkildə ifadə edərək məhz bu məsələnin ölkənin Konstitusiyasında əksini tapmasına xüsusi diqqət yetirmişdir.
Təbii ki, Azərbaycan Konstitusiyasının qəbul olunması həm də milli qanunvericiliyimizin daha da zənginləşdirilməsi üçün əlverişli əsaslar yaratmış, qanunlarda mövcud olan boşluqların aradan qaldırılması, vətəndaşların daha yaxşı səviyyədə hüquqlarının qorunması istiqamətində yeni qanunların qəbulunu intensivləşdirmişdir. Bu sırada qəbul olunmuş ən mühüm qərarlardan biri, şübhəsiz ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev tərəfindən “ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmandır. Həmin Fərmanda kütləvi informasiya vasitələrinin maddi-texniki durumunun yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması, müvafiq qanun layihələri hazırlanarkən və qanunların qəbul edilməsi zamanı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə, Azərbaycan Konstitusiyasında təsbit olunmuş vətəndaşların fikir, söz və məlumat azadlığı müddəalarının əsas prinsiplər kimi rəhbər tutulması öz əksini tapmışdır. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olunmuşdur. Məlumunuz olduğu kimi, bu, senzuranın ləğvi demək idi. Həmin vaxtdan etibarən, sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlanmışdır. Daha sonra isə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olunmuş, bu qanun KİV təmsilçilərinin azad və müstəqil şəkildə fəaliyyətinə təminat verməklə bərabər, bu fəaliyyətin sərhədlərini də müəyyənləşdirməyə imkan vermişdir. Bundan başqa, 2000-ci il iyulun 30-da “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla KİV-in maddi-texniki təchizatı, söz və məlumat azadlığı sahəsində qarşıya çıxan bir sıra problemlərin qısa zaman kəsiyində aradan qaldırılması ilə bağlı fəaliyyət proqramı hazırlanmışdır. 2001-ci il dekabrın 27-də və 2003-cü il yanvarın 9-da imzalanmış ardıcıl sərəncamlarla qəzetlərin Azərbaycan Nəşriyyatına olan borcları dondurulmuşdur. Görülən bu işlərlə isə Azərbaycanda söz və məlumat azadlığının inkişafı, KİV-in inkişafını şərtləndirən demokratik mühitin formalaşması istiqamətində yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur. Səbəbsiz deyildir ki, Ulu öndər Heydər Əliyevin atdığı bu humanist addımlar həm mətbu orqanlar tərəfindən, həm də bütün ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilirdi. Bunun nəticəsi idi ki, ümummilli liderimiz dəfələrlə “Jurnalistlərin dostu”, “İlin adamı” elan olunmuş, Onun Azərbaycan mətbuatının inkişafı sahəsindəki xidmətləri öz yüksək qiymətini almışdır.
Möhtərəm cənab Prezident!
Fərəhli haldır ki, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu siyasət bu gün Sizin tərəfinizdən uğurla və yeni keyfiyyətdə davam etdirilir. Bu gün demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolunda aparılan islahatlar Sizin həyata keçirdiyiniz siyasətin əsasını təşkil edir. ötən 7 ildə imzaladığınız fərman və sərəncamlara uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilmiş, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunmuş, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilmişdir. Sizin tərəfinizdən 2008-ci il iyul ayının 31-də imzalanmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin mətbuat siyasətini tam mənada ifadə edən təkmil baza rolunu oynayır. Bu konsepsiyadan irəli gələrək isə 2009-cu ilin aprel ayının 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılmışdır ki, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait nəzərdə tutulur. Birmənalı olaraq, qeyd edilməlidir ki, Fondun fəaliyyətə başlaması illərdir ki, mətbuatın inkişafına əngəl olan bir sıra məsələlərin həlli baxımından mühüm nailiyyətlər əldə olunmasına imkan yaratmışdır.
Məhz Sizin diqqətiniz sayəsində bu il milli mətbuatımızın 135 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. İyun ayının 10-da imzaladığınız Sərəncamdan sonra Prezident Administrasiyası tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Azərbaycan milli mətbuatının 135 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün həm Bakıda, həm də Respublikamızın bölgələrində yüksək səviyyəli tədbirlər keçirilmiş, media ilə ictimaiyyət arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edən addımlar atılmışdır. İyul ayının 22-də isə milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə 92 nəfər həmkarımız müxtəlif dərəcəli dövlət mükafatları ilə təltif olunmuşdurlar. Bununla bərabər, mətbuat orqanlarının maddi - texniki təminatının yaxşılaşdırılması məqsədilə 40 KİV-ə birdəfəlik yardım ayrılması Sizin bu sahəyə olan diqqətinizin bariz nümunəsidir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün mənzillərin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılması da dövlətin media sahəsində çalışanlara münasibətini açıq şəkildə ifadə edir.
Möhtərəm cənab Prezident!
Onu da bildirmək istəyirik ki, ölkədə həyata keçirilən uğurlu siyasət nəticəsində yaranmış azad və demokratik mühit “Yeni Azərbaycan” qəzeti olaraq bizə cəmiyyətimizə doğru, tərəfsiz və qərəzsiz məlumatların çatdırılması işində üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə yerinə yetirməyə imkan verir. Həmçinin, Sizin tərəfinizdən atılan mütərəqqi addımlar digər mətbu orqanlar kimi qəzetimizin də fəaliyyətində böyük irəliləyişlərin yaranmasına imkan vermişdir. Bu siyasətin uğurlarını biz gündəlik fəaliyyətimizdə hiss edirik. Milli mətbuat günü ərəfəsində imzaladığınız sərəncamlar qəzetimizin kollektivi tərəfindən yüksək dəyərləndirilir, həmçinin, “Yeni Azərbaycan” qəzetinə birdəfəlik yardım verilməsi, qəzetimizin nümayəndəsinin “Azərbaycan Respublikasının Əməkdar Jurnalisti” fəxri adına layiq görülməsi bir daha “Yeni Azərbaycan” qəzetinə yüksək diqqətiniz kimi qiymətləndirilir. Bu alicənab addımlarınıza görə Sizə sonsuz minnətdarlığımızı bildirir, dövlətçiliyimizin inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi kimi çox ağır və şərəfli işinizdə Sizə uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla, “Yeni Azərbaycan” qəzetinin kollektivi adından baş redaktor Hikmət Babaoğlu

Paylaş:
Baxılıb: 1077 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30