Azərbaycan mətbuatı tarixi inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur
27.07.2010 [11:48]
Söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Bu da təsadüfi deyil. çünki söz və məlumat azadlığı hər şeydən öncə obyektiv həqiqətin üzə çıxarılmasında və tam demokratik idarəetmənin qaydaya salınmasında cəmiyyətə kömək edir. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edən dövlətlər müstəqil fikrin əsas daşıyıcıları olan kütləvi informasiya vasitələrinin inkişafı üçün əlverişli zəmin yaradırlar. Azərbaycan Respublikası da demokratik dəyərlərə sədaqət nümayiş etdirən bir dövlət kimi söz və məlumat azadlığının tam təmin olunmasını, müstəqil mətbuatın inkişafını özünün prioritetlərindən biri elan etmişdir.
Azərbaycanda söz və məlumat azadlığının təmin olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
Təbii ki, Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi gündəmə vəsiqə alması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra bütün digər sahələrdə olduğu kimi, bu sahədə də mövcud olan problemlər tədricən və planlı şəkildə aradan qaldırılmağa başlandı. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlərin keçirilməsi ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə və bu kimi təqdirəlayiq mütərəqqi addımların atılması ümummilli liderimiz Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında həm söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunması təsbit edilmiş, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilmişdir. Ulu öndər Heydər Əliyev xalqın azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini çox açıq şəkildə ifadə edərək məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirmişdir. Konstitusiyanın 47-ci maddəsi ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Həmin maddədə göstərilir ki, “hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”.
Həmçinin, Konstitusiyanın 50-ci maddəsi məlumat azadlığına həsr olunmuşdur. Həmin maddədə deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
O da vurğulanmalıdır ki, Azərbaycan Konstitusiyasının qəbul olunması həm də milli qanunvericiliyimizin daha da zənginləşdirilməsi üçün münbit zəmin yaratmış, qanunlarda mövcud olan boşluqların aradan qaldırılması, vətəndaşların daha yaxşı səviyyədə hüquqlarının qorunması istiqamətində yeni qanunların qəbulu intensivləşmişdir. Bu sırada qəbul olunmuş ən mühüm qərarlardan biri, şübhəsiz ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev tərəfindən “ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmandır. Həmin Fərmanda kütləvi informasiya vasitələrinin maddi-texniki durumunun yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması, müvafiq qanun layihələri hazırlanarkən və qanunların qəbul edilməsi zamanı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə, Azərbaycan Konstitusiyasında təsbit olunmuş vətəndaşların fikir, söz və məlumat azadlığı müddəalarının əsas prinsiplər kimi rəhbər tutulması öz əksini tapmışdır. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olunmuşdur. Bu, senzuranın ləğvi demək idi. Həmin vaxtdan etibarən, sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlanmışdır. Daha sonra isə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olunmuş, bu qanun KİV təmsilçilərinin azad və müstəqil şəkildə fəaliyyətinə təminat verməklə bərabər, bu fəaliyyətin sərhədlərini də müəyyənləşdirməyə imkan vermişdir. Bundan başqa, 2000-ci il iyulun 30-da “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla KİV-in maddi-texniki təchizatı, söz və məlumat azadlığı sahəsində qarşıya çıxan bir sıra problemlərin qısa zaman kəsiyində aradan qaldırılması ilə bağlı fəaliyyət proqramı hazırlanmışdır. 2001-ci il dekabrın 27-də və 2003-cü il yanvarın 9-da imzalanmış ardıcıl sərəncamlarla qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdur. Görülən bu işlərlə Azərbaycanda söz və məlumat azadlığının inkişafı, KİV-in inkişafını şərtləndirən demokratik mühitin formalaşması istiqamətində yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur. Səbəbsiz deyildir ki, Ulu öndər Heydər Əliyevin atdığı bu humanist addımlar həm mətbu orqanlar tərəfindən, həm də bütün ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilirdi. Bunun nəticəsi idi ki, ümummilli liderimiz dəfələrlə “Jurnalistlərin dostu”, “İlin adamı” elan olunmuş, Onun Azərbaycan mətbuatının inkişafı sahəsindəki xidmətləri öz yüksək qiymətini almışdır.
Böyük yolun uğurlu davamı...
Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının ən geniş hədlərinin müəyyənləşdirilməsi üçün atılan addımları da xüsusi qeyd etmək lazımdır. Belə ki, Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dövlət büdcəsi hesabına ödənilmiş, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunmuş, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilmişdir. Təbii ki, bu tədbirləri həyata keçirərkən o qədər ciddi və ölçülmüş addımlar atılmalıdır ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaradılmasına nail olunsun. Məhz bunu nəzərə alaraq, Prezident İlham Əliyev 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzalamışdır. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin mətbuat siyasətini tam mənada ifadə edən təkmil baza rolunu oynayır. Bu konsepsiyadan irəli gələrək 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması haqqında Fərman imzalamışdır. Dövlət başçısının Fərmanına əsasən, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait nəzərdə tutulur. Fondun yaradılmasının başlıca üstünlükləri ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyimiz kimi, mətbuat dövlətin dəstəyindən bəhrələnərək müstəqil maliyyələşmə sistemini yaradır və bu yolla da həqiqi mənada maliyyə müstəqilliyini təmin edir. Eyni zamanda, Fondun fəaliyyəti mətbuat orqanlarını müxtəlif siyasi dairələrin asılılığından azad edərək, mətbuatın ifrat siyasiləşməsinin qarşısını alır.
Prezident İlham Əliyevin mətbuata yüksək dəyər verməsi cəmiyyətin də bu sahəyə marağını artırır
Təbii ki, görülən tədbirlər təkcə bununla məhdudlaşmır. Məlum olduğu kimi, məhz cənab Prezidentin diqqəti sayəsində bu il milli mətbuatımızın 135 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. İyun ayının 10-da Azərbaycan milli mətbuatının 135 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzalanmış Sərəncama uyğun olaraq, həm Bakıda, həm də respublikamızın bölgələrində yüksək səviyyəli tədbirlər keçirilmiş, media ilə ictimaiyyət arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətli addımlar atılmışdır. İyul ayının 22-də isə milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə 92 nəfər həmkarımız müxtəlif dərəcəli dövlət mükafatları ilə təltif olunmuşdur. Bununla bərabər, mətbuat orqanlarının maddi - texniki təminatının yaxşılaşdırılması məqsədilə 40 KİV-ə birdəfəlik yardım ayrılması dövlət başçısının bu sahəyə olan diqqətinin bariz nümunəsidir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün mənzillərin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılması da dövlətin media sahəsində çalışanlara münasibətini ifadə edir. Dövlət başçısının bu cür yüksək münasibəti isə həm də özlüyündə digər ictimai institutların, cəmiyyətin media sahəsinə baxışını formalaşdırır. Prezident İlham Əliyevin milli mətbuatımız haqqında yüksək fikirləri, Onun mətbuatın inkişafı istiqamətində atdığı mütərəqqi addımlar bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə hörməti, diqqəti göstərir. Jurnalistikaya göstərilən qayğı, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi gənclərin yenidən bu maraqlı, maraqlı olduğu qədər də çətin peşəyə həvəs göstərməsinə yol açır.
Jurnalist əməyinin yüksək qiymətləndirilməsi gəncləri bu sahədə daha əzmlə çalışmağa sövq edir
Bu, bir həqiqətdir ki, dövlətimizin maliyyə imkanları artdıqca, iqtisadi qüdrəti gücləndikcə mətbuata verilən maddi və mənəvi dəstək də xeyli genişlənir. Təcrübə də bunu sübut edir ki, ilk öncə mətbu orqanlar vergilərdən azad olunurdusa, sonradan onlara dövlət tərəfindən birdəfəlik yardımlar verilməyə başlanmışdır. Daha sonra isə birdəfəlik yardımlar ildən-ilə artırılmışdır. Prezidentimizin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamı isə bu baxımdan əhəmiyyəti ilə diqqəti xüsusilə cəlb edir. Məlumdur ki, mətbuat işçilərinin sosial vəziyyəti, mənzil problemlərinin həlli ilə bağlı uzun müddət idi ki, müzakirələr gedirdi. Hətta məsələ ilə bağlı “Jurnalist” Mənzil-Tikinti Kooperativi yaradılmış və bugunə qədər fəaliyyət göstərməkdədir. Azərbaycan Prezidenti bu Sərəncamla sübut etmişdir ki, dövlətimiz hər bir vətəndaşın, o cümlədən jurnalistlərin problemlərinə laqeyd deyil və onlara qayğı göstərməyi başlıca vəzifələrdən hesab edir. Dövlətin iqtisadi qüdrəti artdıqca bütün problemlər də öz həllini tapır. Eyni zamanda, dövlətin qayğısı nəticəsində evsizlikdən xilas olmuş jurnalistlərin fəaliyyətində də ciddi dönüş yaranacağı labüddür. Bununla da, mətbuat daha da saflaşacaq və öz fəaliyyətində daha da peşəkarlaşacaqdır.
Yuxarıda da qeyd olunduğu kimi, Prezidentin milli mətubatın inkişafı istiqamətində atdığı addımlar həm də digər ictimai istitutlar üçün də bir çağırış rolunu oynayır. Mətbuata ictimai marağın artması isə qəzetlərin həm də maddi təminatının daha da yaxşılaşmasına şərait yaradacaq. Bu istiqamətdə qəzetlərin əsas gəlir mənbəyi olan reklam bazarının inkişaf edəcəyi də proqnozlaşdırılandır. Baxmayaraq ki, bu məsələ hələ də mətbuat orqanları qarşısında ciddi problemdir və hətta dövlət başçısı səviyyəsində bu problemə münasibət bildirilmişdir. Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılış mərasimində bu məsələyə toxunaraq demişdir ki, bu problemin aradan qaldırılması üçün müəyyən addımlar atılacaqdır: “Əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı hələ ki, o qədər də böyük deyil. Ancaq söylədiyiniz rəqəmlər əlbəttə, göstərir ki, burada bölgü ədalətsiz aparılır. Əgər 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcəkdir.
Ancaq bununla bərabər o da həqiqətdir ki, yazılı media elektron media ilə rəqabət apara bilmir. Yəni, bu həqiqətdir, bu, hər ölkədə belədir. Hətta inkişaf etmiş, böyük ənənələrə malik olan ölkələrdə və media tarixi böyük olan ölkələrdə də kütləvi informasiya vasitələrinin xüsusiyyətləri bunlardan ibarətdir. Siz də bunu yaxşı bilirsiniz. Ancaq bununla bərabər mən bu məsələ ilə məşğul olacağam”.
Regional mətbuatın inkişafında yeni mərhələ...
Dövlətin mətbuata göstərdiyi qayğı və diqqətin əsas istiqamətlərindən birini də jurnalist əməyinin yüksək səviyyədə qiymətləndirilməsi və böyük potensiala malik gənclərin bu sahəyə cəlb edilərək yeni peşəkar kadrların formalaşdırılması təşkil edir. Sözsüz ki, mətbuat işçilərinin əməyinə verilən yüksək qiymət onları öz işlərində daha nümunəvi olmağa sövq edir. Onu da qeyd etmək lazımdır ki, ölkədə mətbuatın müstəqil fəaliyyəti və sərbəst inkişafı üçün yaradılan geniş şərait yeni-yeni kadrları bu sahəyə cəlb edir. Dövlətin ali məktəblərdə jurnalist hazırlığı, ixtisas artırma məsələlərinə, peşəkar jurnalistlərin yetişdirilməsi istiqamətində mütəmadi qaydada gördüyü işlər mətbuat sahəsinə yeni peşəkar kadrların gəlişi prosesini sürətləndirir. Həmçinin, onu da vurğulamalıyıq ki, mediaya artan ictimai maraq, mətbuata peşəkarların üz tutması, KİV-də gedən saflaşma özlüyündə inkişafı da təmin edir. Bu inkişafı mətbuatın intellektual bazası rolunu oynayan region KİV-lərində də görmək olar. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan mətbuatı regionlarda da inkişaf edir. Bölgələrdə çap olunan yerli mətbu orqanlarla yanaşı, radioların və televiziya kanallarının sayı da artmaqdadır. Eyni zamanda, paytaxtımızda fəaliyyət göstərən qəzet, televiziya və informasiya agentliklərinin regionlarda nümayəndəliklərinin açılması tendensiyası da medianın hərtərəfli inkişafından xəbər verir. Bununla belə, regional mətbuatın bir sıra problemləri də mövcuddur. Əsasən maddi-texniki bazanın zəifliyi ilə bağlı olan problemlərin tam aradan qaldırılması məsələsi hökumətin planlarına daxildir.
Beləliklə, Azərbaycan mətbuatına göstərilən dövlət qayğısı və şəxsən Prezident İlham Əliyev cənablarının yüksək diqqəti sayəsində bu gün Azərbaycan mətbuatı problemlərdən xilas olur və mətbuatımız tarixi inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoymaqdadır.
“Yeni Azərbaycan” Analitik Qrupu
Xəbər lenti
Hamısına baxHadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25

