Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Məramlarında qəti, xidmətlərində mətin olan Azərbaycan sərhədçiləri Vətənimizin keşiyində ayıq-sayıq dayanıblar

Məramlarında qəti, xidmətlərində mətin olan Azərbaycan sərhədçiləri Vətənimizin keşiyində ayıq-sayıq dayanıblar

14.08.2010 [09:09]

Ali Baş Komandan İlham Əliyev: Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır
Belə bir deyim var - Vətən sərhəddən başlayır! Sərhəd dövlətin təqdimatıdır, atributlarından biridir. Bir xalq üçün onun bayrağı, gerbi qədər sərhədləri də toxunulmazdır, müqəddəsdir. Ona görə də, hər bir dövlət öz sərhədlərinin toxunulmazlığını təmin etmək üçün genişmiqyaslı tədbirlər həyata keçirir, bu sahədə güclü inkişafı təmin etmək məqsədilə böyük məbləğdə vəsaitlər ayırır. Azərbaycanda da Dövlət Sərhəd Xidmətinin işinin yüksək səviyyədə təşkili, Sərhəd Qoşunlarının maddi-texniki təchizatının gücləndirilməsi dövlətin əsas prioritetlərindən biridir.
Təbii ki, sərhədlərimizin təhlükəsizliyinin təmin olunması Silahlı Qüvvələrin əsas məqsədlərindəndir. Bu işə birbaşa nəzarəti isə Dövlət Sərhəd Xidməti həyata keçirir. ümumiyyətlə ölkəmizdə sərhəd xidmətinin yaranma tarixi ötən əsrin əvvəllərinə təsadüf edib. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti gömrük baxımından ölkənin sərhədlərinin mühafizəsi haqda qanun qəbul edib. Milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən, Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Bununla da, Sərhəd Xidmətinin əsası qoyulub. Lakin Cümhuriyyətin süqutu, həmçinin, Sovet İmperiyasının qurulmasından sonra Azərbaycan da keçmiş SSRİ-nin tərkibinə daxil olub və Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi mövcudluğunu qoruyub saxlayıb.
Qeyd etmək yerinə düşər ki, imperiyanın tərkibində olmağımıza baxmayaraq, 1969-82-ci illərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə digər qoşun birləşmələri kimi, Sərhəd Qoşunlarının da inkişafı üçün mühüm işlər görüldü və bu istiqamətdə lazımi maddi-texniki bazanın formalaşdırılması mümkün oldu. Lakin müstəqilliyimizin ilk illərində Azərbaycan dövlətinin bütün sahələrdə yaşadığı dərin böhran sərhəd xidmətinin təşkilinə də öz mənfi təsirlərini göstərmişdi. Dövlətin başında duran səriştəsiz siyasətçilərin yarıtmaz fəaliyyəti ucbatından illər ərzində böyük zəhmət bahasına qurulmuş sərhəd infrastrukturu tamamilə dağıdılmış, talan edilmişdi. Demək olar ki, ölkəmizin sərhədləri tamamilə nəzarətsiz və açıq qalmışdı. Elə bunun nəticəsi idi ki, ölkəmizdə bir-birinin ardınca təxribatlar, terror aktları törədilirdi. Bütün bunlara isə Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra son qoyuldu. ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda  görülmüş çoxşaxəli işlər bütün digər sahələrdə olduğu kimi, Silahlı Qüvvələrin, o cümlədən, Sərhəd Qoşunlarının inkişafında da əsaslı dönüş yaratdı. Bu bir danılmaz faktdır ki, Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən, bu sahədəki fəaliyyəti ilə dövlətimizin hərb salnaməsinə şanlı səhifələr yazan ümummilli liderimiz Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmətlər göstərib. Ulu öndərin diqqət və qayğısı nəticəsində Sərhəd Xidmətinin yenidən və yüksək səviyyədə təşkili işinə başlanılıb, bu sahədə əsaslı islahatlar aparılıb. Həmçinin, bu inkişafı təmin etmək məqsədilə müvafiq hüquqi baza formalaşdırılıb. Sərhədçilərdə ruh yüksəkliyi yaratmaq məqsədilə bir neçə nəfər göstərdiyi qəhrəmanlığa, intizamlı xidmətə görə mükafatlarla təltif edilib. Sərhəd zastavalarının maddi-texniki təminatı yaxşılaşdırılıb, bəzi rayonlarda isə yeni xidmət məntəqələri yaradılıb. 2002-ci il iyul ayının 31-də isə Ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla sərhəd qoşunları müstəqil qurum - Sərhəd Xidməti kimi fəaliyyətə başlayıb. Həmçinin, Ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncamla avqustun 18-i Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı kimi təsis olunub. Təbii ki, bu addım özü belə dövlətin Sərhəd xidmətinin işinə verdiyi yüksək qiymətin, diqqətin bariz ifadəsidir.
Prezident İlham Əliyev bir neçə gün öncə Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyasının açılış mərasimindəki nitqində Sərhəd Xidmətinin inkişafında Ulu öndərimiz Heydər Əliyevin müstəsna rolu olduğunu qeyd edərək əlavə etdi ki, ümummilli liderimizin rəhbərliyi altında qısa müddət ərzində bütün sərhədlərimizdə tikinti-quruculuq işləri başlanıb, sərhəd mühafizə infrastrukturu yaradılıb: “Sərhəd Xidmətinin formalaşması işində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, demək olar ki, sərhədlərimiz açıq idi. Sərhəd infrastrukturu mövcud deyildi. Əvvəlki illərdə yaradılmış sərhəd infrastrukturu isə dağıdılmışdı. Bizim demək olar ki, bütün sərhədlərdə heç bir infrastruktur yox idi. Ulu öndərin rəhbərliyi altında qısa müddət ərzində bütün sərhədlərimizdə tikinti-quruculuq işləri başlanmışdır, sərhəd mühafizə infrastrukturu yaradılmışdır və bu proses bu gün uğurla davam etdirilir”.
Bəli, cənab Prezidentin də bəyan etdiyi kimi, ölkəmizdə bu gün Ulu öndər Heydər Əliyev siyasəti uğurla davam edir və bu siyasət bütün sahələrdə yüksək inkişaf meyillərinin yaranmasını şərtləndirib. Biz bu inkişafı sərhəd qoşunlarının, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin son illərdə keçdiyi yola nəzər salaraq, aydın görə bilirik. ölkəmizə rəhbərlik etməyə başlayandan bütün sahələrə böyük diqqət göstərən Prezident İlham Əliyev Vətənimizin təhlükəsizliyini, xalqımızın rifahını qoruyan sərhədçilərə xüsusi münasibət bəsləyib. Mütəmadi olaraq, sərhəd zastavalarına baş çəkən Ali Baş Komandan sərhədçilərlə görüşüb, onların sosial-rifah halını daim diqqətdə saxlayıb.
Prezidentin 2005-ci il dekabrın 27-də təsdiq etdiyi “Azərbaycan Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”na əsasən görülən işlər Azərbaycanda Dövlət Sərhəd Xidmətinin inkişafına, bu istiqamətdə görülən tədbirlərin təkmilləşdirilməsinə geniş imkanlar açıb. Proqram çərçivəsində görülən işlərin məntiqi yekunu olaraq, ölkəmizdə müasir sərhəd mühafizə infrastrukturu yaradılıb, sərhəd qoşunlarının maddi - texniki təmsinatı yüksək səviyyəyə çatdırılıb. Bu məqsədlə Türkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin yeni bazası, aviasiya bazaları, “Sərhədçi” İdman-Olimpiya Mərkəzi, Şüvəlan qəsəbəsində hərbi hissə, “Sərhədçi” istirahət mərkəzi, Xudat şəhərində yaşayış massivi, Horadiz, Şəki, Zaqatala, Şəmkir və Göytəpə sərhəd dəstələrinin qarnizonları, Astara rayonunda katerlər divizionu, Xızı rayonunda səhra təlim poliqonu, Novxanıda müasir atçılıq mərkəzi, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksi, hərbi hissələrdə sərhəd komendantlığı və zastavası kompleksləri tikilərək istifadəyə verilib. Dövlət Proqramı çərçivəsində ümumən 589 bina inşa edilib. Görülən bu işlərlə yanaşı, sərhəd qoşunlarının maddi - texniki təchizatının gücləndirilməsi üçün kifayət qədər geniş tədbirlər həyata keçirilib. Belə ki, son illər ərzində sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə müasir silahlar, avadanlıq, uçuş və üzmə vasitələri alınaraq xidməti istifadəyə verilib. Görülən bu işləri daha da sürətləndirmək, bu sahədə çalışan kadr potensialını gücləndirmək və savadlı kadrları yetişdirmək məqsədilə Prezident İlham Əliyev 2007-ci ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Bir neçə gün öncə isə bu akademiyanın təntənəli açılış mərasimi keçirilib.
Şübhəsiz ki, bu Akademiyanın yaradılması böyük nailiyyətdir, böyük hadisədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, akademiyada oxuyan kursantlar öz gələcək fəaliyyətləri üçün lazım olan bilikləri burada alacaqlar və bu Akademiya sərhəd qoşunları üçün lazımi kadrları yetişdirən əsas mərkəz olacaq.
Təbii ki, dövlətin gördüyü işlər sərhədlərimizin toxunulmazlığının təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan sərhədçiləri dövlətimizin yüksək diqqət və qayğısını hiss edərək, məramlarında qəti, xidmətlərində mətindirlər. çünki, onlar bu gün güclü, qüdrətli, inkişaf edən Azərbaycan dövlətinin əsgərləri, sərhədçiləridir. Ali Baş Komandan İlham Əliyev də sərhədçilərimizin xidmətlərini yüksək qiymətləndirərək dövlət sərhədlərinin etibarlı şəkildə qorunduğunu bildirib: “Bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülübdür. Bu gün Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah-sursat, texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır. Artıq iki ildir ki, ardıcıl şəkildə keçirilmiş hərbi təlimlər və Sərhəd Qoşunlarının bu təlimlərdə fəal iştirakı bunun bariz nümunəsidir”.
Aqşin ŞAHİNOÄžLU
Paylaş:
Baxılıb: 1045 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30