Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Gəncliyin gücü, intellekti Vətənin, dövlətin, millətin gücü və intellektidir

Gəncliyin gücü, intellekti Vətənin, dövlətin, millətin gücü və intellektidir

09.12.2010 [10:00]

Dünyanın hər hansı bir ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı gənc Azərbaycan xalqının milli maraqlarının
qorunması naminə bütün gücü ilə mübarizə aparmaq, Azərbaycan Respublikası Prezidentinə daim dəstək vermək əzmindədir
Bu bir həqiqətdir ki, ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi olan Azərbaycan gəncliyi respublikamızın inkişafında mühüm rol oynayır. Ulu öndər Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə xüsusi önəm verib. Ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də gənc nəslə böyük diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər də deyilənləri təsdiqləyir. Vurğulamaq yerinə düşər ki, Azərbaycan dövləti təkcə ölkə daxilində deyil, eyni zamanda, xarici ölkələrdəki gənc soydaşlarımızın da qayğısına qalır, həmçinin, diaspora quruculuğu, ölkəmiz haqqındakı həqiqətlərin beynəlxalq aləmə çatdırılması işində gənclərin rolunun artırılmasına xüsusi önəm verir.
Bir müddət öncə Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərin (DAG) I Konqresi də məhz bu hədəfə hesablanmışdı. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, 41 gənclər təşkilatının nümayəndələri, dünyanın 23 ölkəsindən 131 gənclər qurumunun, 25 ölkədən 41 diaspor təşkilatının rəhbərləri iştirak ediblər. Eyni zamanda, sözügedən toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT - AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb.
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi ilə əlaqədar Təşəbbüs qrupunun yaradılması, həmçinin, bəyanat, qətnamə və müraciətlərin qəbul edilməsi ilə tarixə düşən toplantıda xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakı ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edilib ki, xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin problemləri barəsində dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılması prosesində fəal iştirak edirlər. Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, onların diaspor quruculuğu işinə qoşulması prosesi bu gün də davam edir və RAGT bu istiqamətdəki fəaliyyəti ilə xüsusi olarq fərqlənir.
RAGT-in fəaliyyəti barədə bir qədər sonra. Hələlik isə, onu bildirək ki, gənclərin diaspora quruculuğunda roluna Prezident Administrasiyasi ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun tədbirdəki çıxışında xüsusi olaraq toxunulub. O, deyib ki, diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı gənclərlə iş, gənclər siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, təhsil siyasətimizin əsas hissəsi isə yeni, sağlam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir. çıxışında gənclərə müraciət edən Əli Həsənov deyib ki, gəncliyin gücü, intellekti Vətənin, dövlətin, millətin gücü və intellektidir.
“Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərindən biri də məhz sağlam və təhsilli gənclik yetişdirməkdir” deyən Əli Həsənov əlavə edib ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli varlığımızı erməni qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatını puça çıxarmaqdır: “Siz yaşadığınız ölkələrdə elə bir önəmli amilə, gücə çevrilməlisiniz ki, sizinlə hesablaşsınlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə nə dərəcədə inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan dövlətinin haqq səsini dünyaya yaymaqda o qədər də böyük əhəmiyyəti olacaqdır. Bu istiqamətdə hər bir ölkədə fəaliyyət göstərən türk diasporu ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə çalışmalısınız. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-birinizi yaxşı tanımalısınız. çünki bir-birinizi tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də, bu tədbirin verdiyi ünsiyyət imkanından yaxşı faydalanmaq lazımdır”.
Sözügedən toplantıda o da xüsusi olaraq vurğulanıb ki, 2009-cu ilin aprelində Moskvada RAGT-nin təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olub. Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması istiqamətində çox önəmli addımlar atıb. Dünyanın müxtəlif regionlarında-Avropada, Amerikada, Asiyada, MDB məkanında fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları Xocalı soyqırımı barədə yaşadıqları ölkələrin ictimaiyyətinin, beynəlxalq təşkilatların, parlament və hökumət üzvlərinin, kütləvi informasiya vasitələrinin məlumatlandırılması məqsədilə mütəşəkkil aksiyalar, elmi-praktiki konfranslar, etiraz yürüşləri keçirirlər. Onlar müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında əsl həqiqətləri bu barədə məhdud informasiyaya malik dövlət və siyasət adamlarına, jurnalistlərə, eləcə də, sadə vətəndaşlara çatdırmağa çalışırlar. Xaricdə təhsil alan azərbaycanlı gənclər xalqımızın zəngin mədəni irsinin ən fəal təbliğatçılarıdırlar.
Yeri gəlmişkən, təkcə Moskvada deyil, bütün Rusiyada azərbaycanlı gəncləri öz ətrafında sıx birləşdirmiş RAGT-nin daim yeni-yeni axtarışlarda və fəaliyyətdə olduğunu sözügedən qurumun atdığı son addımlar da təsdiqləyir. Məsələn, bu günlərdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, RAGT-nin sədri Leyla Əliyeva Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində olub. Səfər çərçivəsində Rusiyanın Ural Federal Dairəsində-Sverdlovsk, çelyabinsk və Tümen vilayətlərində RAGT-nin regional bölmərinin nümayəndələri ilə görüşən Leyla Əliyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, məqsədləri və yaxın perspektiv üçün vəzifələri barədə gənclərə məlumat verib, gənclər təşkilatı tərəfindən həyata keçirilmiş iri aksiyalar və tədbirlər, həmçinin, birlikdə həyata keçirməli olan yeni layihələr haqqında söhbət açıb. Yekaterinburqda gənclərlə əlaqədar çox maraqlı hadisələrin baş verdiyini, festivallar, konfranslar, konsertlər və digər tədbirlərin keçirildiyini vurğulayan Leyla Əliyeva əmin olduğunu bildirib ki, bizim gənclər RAGT-nin dəstəyi ilə müxtəlif mədəni tədbirləri daha fəal həyata keçirəcək və Vətənimizi ləyaqətlə təmsil edə biləcəklər.
RAGT sədri onu da deyib ki, təşkilatın coğrafiyası daim genişlənir və bu, bizi sevindirir: “Rusiyanın bir sıra tədris müəssisələrində azərbaycanlı gənclər klubları fəaliyyət göstərir və RAGT ilə birlikdə çoxlu mədəni tədbirlər-konsertlər, fotosərgilər, konfranslar, seminarlar, Azərbaycan Mədəniyyəti Günləri və Həftələri keçirilir”.
L.Əliyeva “Xocalıya ədalət” adlı beynəlxalq kampaniyanı RAGT tərəfindən Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən ən mühüm aksiyalardan biri adlandırıb. Bu kampaniyanın məqsədi Azərbaycanın bu şəhərinin sakinlərinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqındakı həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır. Onun sözlərinə görə, RAGT gənclərin həyatının bütün sahələrini əhatə etməyə çalışır-idman tədbirləri, xeyriyyə aksiyaları keçirir, tələbələrimizin təhsil almasına kömək edir.
RAGT-nin saytının fəal şəkildə işlədiyini, tezliklə qurumun televiziyasının yaradılacağını və RAGT jurnalının ikinci nömrəsinin çapdan çıxacağını söyləyən Leyla Əliyeva çıxışının sonunda deyib: “Mən böyük inamla deyə bilərəm ki, bu illər ərzində bizim birgə səylərimiz, təşəbbüskarlıq və Vətənə sevgimiz sayəsində RAGT çox işlər görməyə, böyük uğurlar qazanmağa nail olmuşdur. Lakin qarşıda görüləsi işlər, layihələr çoxdur və mən əminəm ki, biz birlikdə çox yaxşı işlər görə, Vətənimizi layiqincə təmsil edə bilərik”.
Bir sözlə, sözügedən görüşdə də vurğulandığı kimi, RAGT-nin yaradılması təkcə Sverdlovsk vilayətində deyil, bütün Rusiyada azərbaycanlı gənclər hərəkatının təşkilatlanmasına böyük təkan verib. Bu gün Rusiyada azərbaycanlıların yeni, Rusiya cəmiyyətinə fəal inteqrasiya etməyə çalışan nəsli formalaşır. Yuxarıda sadalanan faktlar isə onu deməyə əsas verir ki, müasir Azərbaycan gəncləri hansı ölkədə yaşamasından və hansı sahədə təhsil almasından asılı olmayaraq, öz xalqının tarixi, mədəniyyəti, onun milli maraqlarının sərhədləri barədə çox dəqiq və aydın təsəvvürə malikdirlər. Və Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçılarının Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə də qeyd olunduğu kimi dünyanın hər hansı bir ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc Azərbaycan xalqının milli maraqlarının qorunması naminə bütün gücü ilə mübarizə aparmaq, Azərbaycan Respublikası Prezidentinə daim dəstək vermək əzmindədir.
Bir sözlə, qeyd olunan məqamlar ölkəmizin gələcəyi və bu gələcəyin sahibləri olan gənclərimiz haqqında nikbin düşünməyə əsas verir. Elə buna görə də, Prezident İlham Əliyev Azərbaycan gəncliyinə böyük etimad bəslədiyini ifadə edərək deyib: “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 949 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30