Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib

Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib

16.12.2010 [11:01]

Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyeva tədbirdə iştirak edib
Dekabrın 14-də Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı yubiley mərasimi keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tədbirdə iştirak etmək üçün qurumun Parisdəki mənzil-qərargahına gəlib.
Mehriban xanım Əliyeva əvvəlcə YUNESKO-nun Yunanıstandan olan xoşməramlı səfiri Marianna Vardinoyannisin “Qadın fərdiliyi ilə bağlı problemlərin istiqamətində səylər” kitabının təqdimat mərasimində iştirak edib.
YUNESKO-nun xoşməramlı səfirlərinin də qatıldığı tədbirdə təşkilatın baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı, qurumun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşüb.
Sonra mərasim iştirakçıları birlikdə nahar etdilər. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva naharda iştirak edib.
Marianna Vardinoyannisin “Qadın fərdiliyi ilə bağlı problemlərin istiqamətində səylər” kitabının təqdimat mərasimində çıxış edən YUNESKO-nun baş direktoru İrina Bokova bütün qonaqları və xoşməramlı səfirləri salamlayıb. Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın da iştirak etdiyi mərasimdə İrina Bokova bu kitabın məhz YUNESKO ailəsinin üzvü olan bir şəxs tərəfindən yazılmasını yüksək dəyərləndirib. Bildirib ki, qadınların cəmiyyətin həyatındakı roluna həsr olunan kitab YUNESKO dəyərlərinin təbliği baxımından da mühüm addımdır.
YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis mərasimə gəldiklərinə görə hamıya təşəkkürlərini bildirib. O deyib ki, qadınlar bəşər sivilizasiyasının inkişafında hər zaman mühüm rol oynayıblar və bu kitab da sivilizasiyanın yaranmasında, inkişafında zərif məxluqların iştirakına və əməyinə həsr olunub.
Qeyd olunub ki, qədim dövrlərdən bu günə qədər qadınların cəmiyyətdəki sosiomədəni fəaliyyətinin araşdırıldığı bu kitab YUNESKO irsinə dəyərli töhfədir.
Daha sonra YUNESKO-nun 65 illiyinə həsr olunan yubiley mərasimi keçirilib. Mərasim YUNESKO-nun fəaliyyətinə həsr olunan videofilmin nümayişi ilə başlayıb. Filmdə qurumun keçdiyi yola nəzər salınıb, YUNESKO-nun həyatında baş verən hadisələr illər üzrə fotoşəkillər vasitəsilə diqqətə çatdırılıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin fortepianoda ifası mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin aparıcısı qonaqları və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayıb. Digər aparıcı, Rusiyanın populyar müğənnisi Alsu da təbriklərə qoşulub, mərasimdə keçmiş baş direktorlardan bəzilərinin iştirak etməsindən məmnun olduğunu deyib.
BMT-nin baş katibi Pan Gi Mun YUNESKO-nun 65 illiyi münasibətilə təbriklərini çatdırıb. O deyib ki, dünyada sülhün yaranmasına töhfə verən YUNESKO bu gün də öz ənənəsinə sadiq qalır, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun əldə olunmasında yaxından iştirak edir.
Tədbirə Tailanddan qatılan sənətçi öz rəqsi ilə təbriklərə qoşulub.
Sonra 1974-1987-ci illərdə YUNESKO-nun baş direktoru vəzifəsində çalışmış Amadou-Mahtar Mbou çıxış edib. O, YUNESKO-nun kollektivini və bu təşkilatın dəyərlərinin həyatda təsdiqini tapması uğrunda yorulmadan fəaliyyət göstərən hər bir kəsi təbrik edib. Keşmiş baş direktor dünyada elm, təhsil və mədəniyyət məsələlərinin həllində iştirak edərək planetimizdə sülhün əldə olunmasına yardım göstərən YUNESKO-nun öz missiyasını bu gün də uğurla davam etdirdiyini bildirib.
Sonra Kamerundan olan sənətçilər YUNESKO-nun yubiley mərasimində çıxış ediblər.
1987-1999-cu illərdə qurumun baş direktoru işləmiş Federiko Mayor da mürəkkəb dünyamızda YUNESKO dəyərlərinin hər zaman aktual olduğunu deyib. Bildirib ki, dünyada sülhün əldə olunmasına böyük töhfələr verən YUNESKO yarandığı gündən bu ali məqsəd uğrunda çalışıb.
Mərasimə Boliviyadan dəvət alan müğənni də öz maraqlı ifası ilə təbriklərə qoşulub.
1999-2009-cu illərdə YUNESKO-nun baş direktoru olmuş Koişiro Matsuura çıxış edərək deyib ki, II Dünya müharibəsindən sonra yer üzündə sülhün əldə olunması üçün belə bir təşkilatın yaradılmasına ehtiyac var idi. YUNESKO-nun yaradılması ilə bu sahədə mövcud olan boşluq doldurulub və onun fəaliyyəti bütün dövrlərdə sülh məqsədlərinə xidmət edib. Koişiro Matsuura XXI əsrdə də YUNESKO-nun bu missiyasının davam etdiyini bildirib.
Türkiyə, Yunanıstan və Kanadadan gələn musiqiçilərin də ifası maraqla qarşılanıb.
“65 ildə YUNESKO bizim dünyanın bir parçasına çevrilib”, - deyən YUNESKO-nun baş konfransının sədri Devidson Həpbörn qurumun fəaliyyətində humanizm ideyalarının hər zaman hakim olacağını vurğulayıb.
YUNESKO-nun icra şurasının sədri Eleanora Mitrofanova təşkilatın həyata keçirdiyi proqramlar sırasında əsas diqqəti təhsillə bağlı layihələrin icrasına yönəldib.
Mərakeş və Livandan dəvət olunan musiqiçilər ərəb ritmləri ilə salona xüsusi ovqat gətiriblər.
Sonra YUNESKO-nun XXI əsrdəki fəaliyyətində prioritet elan etdiyi sahələrdən bəhs edən filmin nümayişi olub.
Yubiley mərasiminə YUNESKO-nun baş direktoru İrina Bokova yekun vurub. Baş direktor deyib ki, “YUNESKO dünyanın yaddaşıdır, bəşəriyyətin maddi-mədəni irsini qoruyan ən mötəbər təşkilatdır. Bu təşkilatın fəaliyyəti dünyada sülhün qorunmasının təməl prinsiplərini təşkil edir. YUNESKO-nun tarixinin böyük ideallara söykəndiyini deyən İrina Bokova bu dəyərlərin yaranmasında YUNESKO ailəsinin mühüm səylər göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dünyada təhsilin, elmin, mədəniyyətin qorunmasında və inkişafında yaxından iştirak edən YUNESKO bu yüzillikdə də həmin prinsiplərinə sadiq qalacaq, müxtəlif ölkələrdə və regionlarda mədəni irsin təbliğinə mühüm töhfələr verəcək. Sonda baş direktor bir daha yubiley münasibətilə təbriklərini çatdırıb.
Qeyd edək ki, YUNESKO 1945-ci ilin noyabrında yaradılıb. Mərkəzi qərargahı Parisdə yerləşən təşkilata dünyanın müxtəlif bölgələrində yerləşən 67 büro və altbölmələr daxildir. Hazırda 191 ölkə bu təşkilatın üzvüdür. YUNESKO-nun əsas məqsədi irqindən, dilindən və dinindən asılı olmayaraq, xalqların təhsil, elm və mədəniyyət sahələri üzrə əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin  möhkəmlənməsinə yardım etməkdir. YUNESKO bu məqsədlərini təşkilata üzv ölkələrdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırır.
Azərbaycan da BMT-nin ən mötəbər qurumlarından olan YUNESKO-nun fəal üzvlərindəndir. Azərbaycan-YUNESKO əməkdaşlığında ölkəmizin birinci xanımı Mehriban Əliyevanın böyük əməyi var. Məhz Mehriban xanımın xidmətləri sayəsində 2003-cü ildə muğam YUNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilib. Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. 2004-cü ildən YUNESKO-nun xoşməramlı səfiri olan Mehriban Əliyevanın YUNESKO dəyərlərinə sadiqliyinin nəticəsidir ki, bu gün ölkəmizin bir çox mədəniyyət abidələri bu qurumun maddi-mədəni irs siyahısına daxil edilib. Müxtəlif vaxtlarda YUNESKO-nun baş direktorları ölkəmizə gəlib və Azərbaycanın tarixi, mədəniyyəti, milli dəyərləri ilə tanış olmaq imkanı qazanıblar. Bir sözlə, Azərbaycan-YUNESKO əməkdaşlığı hazırda özünün inkişaf dövrünü yaşayır.

Paylaş:
Baxılıb: 920 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30