Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Avropa İttifaqı üçün ən etibarlı tərəfdaşdır

Azərbaycan Avropa İttifaqı üçün ən etibarlı tərəfdaşdır

15.01.2011 [09:40]

Prezident İlham Əliyev: Bu gün isə biz enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yüksələn xətlə pozitiv inkişaf edən əməkdaşlıq münasibətləri son illər yeni mərhələyə keçid alıb. Tərəflər arasında bütün sahələri əhatə edən çox yüksək səviyyədə əlaqələrin mövcud olması yeni inkişaf dövrünün tələblərinə uyğun olaraq əməkdaşlıq üçün bir sıra meyarları da ortaya çıxarır. ölkəmizdə səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyi məsələlər də qarşılıqlı əməkdaşlığın yeni sahələrini inkişaf etdirməyi nəzərdə tutur. Qeyd edək ki, tərəflər olduqca strateji əhəmiyyət daşıyan məsələləri müzakirə ediblər və bu, həm Avropa İttifaqının, həm də Azərbaycanın maraqlarını tam ifadə edir.
Bu gün “Şərq tərəfdaşlığı” proqramına uyğun olaraq istər Aİ, istərsə də Azərbaycan üçün qarşılıqlı əməkdaşlığın geniş komponentləri mövcuddur. Təbii ki, burada demokratik islahatlar, siyasi, iqtisadi, sosial, humanitar, regional məsələlərlə bağlı layihələr geniş yer tutsa da, trans-enerji, beynəlxalq nəqliyyat-kommunikasiya şəbəkələrinin yaradılması ilə bağlı təşəbbüslər başlıca komponentlər sırasındadır. Yəni, Aİ siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycanı dəstəkləməkdə əzmli olduğunu bəyan etməklə yanaşı, respublikamızla enerji resurslarının Avropa bazarlarına nəqlində sıx əməkdaşlığın dərinləşdirilməsinə böyük səy göstərir. Cənab Barrozu “bizim enerji sahəsində əməkdaşlığımız çox yaxşı qurulubdur” deməklə, Aİ-nin strateji məqsədlərindən biri olan yanacaq marşrutları şəbəkəsinin genişlənməsində Azərbaycanın real imkanlarından faydalanmağın vacibliyinə diqqət çəkib: “Azərbaycan şaxələndirmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynayır. çünki biz bilirik ki, hələ Azərbaycan 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İndi isə artıq növbə qazındır. Elə buna görə də biz bu gün Cənub qaz dəhlizi ilə bağlı Birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqdır. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir”.
Göründüyü kimi, Avropa İttifaqı Azərbaycanın Bakı-Tbilisi-Ceyhandan başlayan strateji nəql siyasətinin davamı kimi daha yeni yanacaq mənbələri və ixrac marşrutlarından faydalanmağı olduqca zəruri sayır. Aİ ölkələri  özünün enerji təhlükəsizliyini daha etibarlı və uzunömürlü etmək üçün məhz respublikamızın enerji imkanlarına güvənir. ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanın həyata keçirdiyi diversifikasiya siyasətini çox yüksək qiymətləndirir və bu prosesdə iştirak etməyin hansı dərəcədə əhəmiyyət daşıdığını yaxşı anlayır.
Bu mənada Azərbaycan və Avropa İttifaqı arasında “Cənub qaz dəhlizi” haqqında Birgə bəyannamənin imzalanması olduqca tarixi hadisə sayıla bilər. Bu saziş siyasi və iqtisadi mahiyyətinə görə, 2011-ci ilin qlobal enerji sektorunda ən mühüm geoiqtisadi hadisə kimi qiymətləndirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi,  “Cənub qaz dəhlizi” haqqında Birgə bəyannamənin imzalanması çox məzmunlu, mühüm bir sənəddir və enerji əməkdaşlığının bütün aspektlərini, Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı əhatə edir: “Bu gün isə biz enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələsi, enerji təchizatının şaxələndirilməsi hasilatçılar, istehlakçılar, tranzit ölkələr üçün eyni dərəcədə vacibdir. Zənnimcə, maraqların kombinasiyası və səylərin bir araya yönəldilməsi və bunun bir növ sinxronlaşdırılması bizim planlarımızın uğurla həyata keçirilməsi üçün əsas ilkin şərtdir. Azərbaycan əvvəldən Cənub enerji dəhlizinə dəstək vermişdir. Əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olmuşdur. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir”.
“Cənub qaz dəhlizi”nin reallaşması o demək deyil ki, bu marşrut “NABUCCO”ya alternativ olacaq, yaxud onun çəkilişini əngəlləyəcək. Məlum olduğu kimi, bu gün dünyada, xüsusilə də, Avropa qitəsində yanacağa olan tələbat ilbəil artır. On ildən sonra Avropada təkcə qaza olan ehtiyac ildə ən azı 50-100 milyard kubmetr artacaq. Bu tendensiya isə yeni qaz mənbələrinin axtarışını, nəql kəmərlərinin çəkilməsini zəruri edir. Yəni, hazırda yeni təməli qoyulan, eləcə də, çəkilişi ilə bağlı sazişlər imzalanan kəmərlərdən başqa, daha yenilərinə də ehtiyac var. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün Bakı-Tbilisi-Ərzurumun davamı olaraq Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya, AGRİ kimi layihələrin çəkilməsi reallaşmaqdadır. Yaxın illərdə işə düşəcək bu nəql kəmərləri Avropa İttifaqının yanacaq təchizatında xüsusi rol oynayacaq. “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi isə Aİ ölkələrinin enerji təminatına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları 2,2 trilyon kubmetr həcmindədir potensial ehtiyatlar hətta bundan da artıqdır. Bu isə ölkəmizin uzunmüddətli  ixrac gücünü artırır: “Bizə proqnozlaşdırılmış, uzunmüddətli, qanunvericiliklə tənzimlənən rəqabətcil bir bazar lazımdır ki, bacardığımız qədər qaz hasil edə bilək. Buna görə də “Cənub qaz dəhlizi” bizim üçün strateji əhəmiyyət daşıyır, bu, qaz potensialımızı realizə etməkdə bizə yardımçı olacaqdır”.
“Cənub qaz dəhlizi”nin reallaşması Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın məzmununda tamamilə yeni bir səhifə açacaq, həmçinin, tərəflər arasında davamlı və möhkəm münasibətlər daha da güclənəcək.
Cənab Barrozunun vurğuladığı kimi bu layihə əməkdaşlıqda tam yeni bir formatın yaranmasına səbəb olacaq: “Cənub dəhlizi sayəsində Azərbaycan çox etibarlı bir çıxış olacaqdır. Bu da bizim inkişafımız üçün uzunmüddətli perspektiv açır. Eyni zamanda, biz çox istəyirik ki, “Şahdəniz” qaz yatağı da yaxın vaxtlarda işlənilsin. ümidvaram, bu, bizə elə bir imkan verəcək. Bəyan edək ki, Azərbaycan XXI əsrdə bu sahədə ən ilkin addımlar atan bir ölkə olacaqdır”.
Yeri gəlmişkən, “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsindən sonra Aİ respublikamızla digər enerji marşrutlarının yaradılması ilə bağlı intensiv işləri davam etdirmək niyyətini də gizlətmir. Bu, həm də “NABUCCO” layihəsi ilə bağlı ola bilər. çünki qeyd etdiyimiz kimi, Avropanın böyük həcmdə yanacaq resursları əldə etməsinə ehtiyacı var. Bu mənada “NABUCCO”nun, yaxud digər nəql marşrutlarının yaradılması da yaxın illərdə diqqət mərkəzində olacaq. Digər tərəfdən, hazırda yeni kəşf olunmuş yataqların istismarı və dünya bazarlarına çıxarılması ən azı 4-5 il vaxt tələb edəcək, bu isə perspektivdə “NABUCCO” üçün tələb olunan ehtiyatların tədarükü üçün yaxşı fürsət ola bilər.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 954 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30