Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev məcburi köçkün ailələri üçün nəzərdə tutulan yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi mərasimində iştirak edib

Prezident İlham Əliyev məcburi köçkün ailələri üçün nəzərdə tutulan yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi mərasimində iştirak edib

12.02.2011 [09:55]

Dövlət başçısı İlham Əliyev qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda və Naftalan şəhərində olub, Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilmiş 42 kilometrlik hissəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində fevralın 10-da Goranboy rayonunda olub. Dövlətimizin başçısı xalqımızın Ulu öndəri Heydər Əliyevin Goranboy şəhərinin mərkəzindəki Heydər parkında ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident İlham Əliyevə Goranboy rayonunda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Prezident İlham Əliyev fevralın 10-da Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edib. Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi Sədaqət Ağayarovanın evində olub. Mənzildə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı çay süfrəsi arxasında ailənin üzvləri ilə söhbət edib.
Sonra dövlətimizin başçısı yeni məhəllədə inşa olunmuş Xocalı şəhər 1 saylı orta məktəbin həyətində pəhləvan Məzahir Qəhrəmanovun nümunəvi çıxışına baxıb və aşıq musiqisini, gənc ifaçıları dinləyib.
Sonra dövlətimizin başçısı qəsəbə sakinləri ilə görüşüb. Prezident İlham Əliyev qəsəbədə yeni mənzil almış məcburi köçkünləri təbrik edərək deyib ki, beşmərtəbəli 3 bina tikilib, hələ 9 bina da tikiləcək: “Böyük bir qəsəbə salınacaq ki, bizim soydaşlarımız, işğaldan əziyyət çəkən, uzun illər yararsız binalarda məskunlaşan soydaşlarımız yaxşı şəraitdə yaşasınlar. Bilirsiniz ki, bu bizim siyasətimizdir və uzun illərdir aparılır. Bildiyiniz kimi, Dövlət Neft Fondundan ilk vəsaitlər Ulu öndər Heydər Əliyevin tapşırığı ilə məhz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir. O vaxtdan bu günə qədər on minlərlə soydaşımız yeni mənzillərə, fərdi evlərə köçürülmüşdür. Son 7 il ərzində qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli üçün 1 milyard 800 milyon manat vəsait xərclənmişdir. 90 min nəfər yeni evlərə köçürülmüşdür. Bütün çadır şəhərcikləri ləğv edilmişdir və yeni yaradılmış şərait bax, bu səviyyədədir. Siz buna layiqsiniz və Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, erməni işğalından əziyyət çəkən insanlara yaxşı şərait yaradılsın”.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, erməni işğalçı qüvvələri  torpaqlarımızı zəbt edib və bu işğala son qoymaq istəmirlər: “Baxmayaraq ki, danışıqlar gedir, amma hələ ki, danışıqların nəticəsi yoxdur. Biz isə öz tərəfimizdən çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Ancaq bununla bərabər, bütün başqa variantları da istisna etmirik. Azərbaycan güclənib, son illər ərzində həm iqtisadi inkişaf, həm də hərbi potensial baxımından çox böyük və şərəfli yol keçmişdir. İndi bizim güclü ordumuz var, o, istənilən anda hərbi yolla doğma torpaqlarımızı işğalçılardan azad edə bilər. Bu amil danışıqlar prosesində də öz müsbət rolunu oynayır. Ancaq Ermənistanın qeyri-konstruktiv siyasəti, qeyri-konstruktiv mövqeyi və müxtəlif yollarla danışıqları uzatmaq taktikası hələlik imkan vermir ki, məsələ öz həllini tapsın. Lakin Azərbaycanın ərazi bütövlüyünün bərpası mütləq baş verəcək, bütün beynəlxalq təşkilatlarda bizim mövqeyimiz üstünlük təşkil edir, beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Biz bundan sonra da bütün imkanlardan istifadə edərək, ərazi bütövlüyümüzün tezliklə bərpası üçün səylərimizi davam etdirəcəyik. Xocalı soyqırımı XX əsrin ən dəhşətli, ən böyük cinayətlərindən biri idi, erməni faşizminin vəhşi və eybəcər sifətini göstərmişdir. Əfsuslar olsun ki, uzun illər ərzində dünya erməniliyi, onun xaricdəki havadarları və erməni lobbisi Xocalı haqqında həqiqətləri gizlədirdilər”.
Məcburi köçkün Tamilla Bilalova onlara yaradılan şəraitə və göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı barədə məlumat verib. Bildirilib ki, 20 hektar sahədə salınan məhəllə bütün müvafiq sosial-texniki infrastrukturu olan 12 beşmərtəbəli binadan, 360 şagird yerlik məktəbdən, 150 yerlik uşaq bağçasından, musiqi məktəbindən və inzibati binadan ibarət olacaq. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında salınan məhəlləyə Naftalan şəhərindəki sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsi köçürüləcək.
Birinci mərhələdə 3 yaşayış binası inşa edilib. Onların ümumi sahəsi 11 min 235 kvadratmetrdir. Məhəllədə park və yaşıllıqlar salınıb, Xocalı soyqırımı qurbanlarına xatirə abidəsi də ucaldılıb. Buraya elektrik, qaz və içməli su xətləri çəkilib.
Daha sonra Prezident İlham Əliyev Xocalı şəhər 1 saylı orta məktəbdə yaradılmış şəraitlə tanış olub. İkimərtəbəli məktəb binasının foyesində ümummilli lider Heydər Əliyevin 2002-ci ilin sentyabr ayında Goranboyun Aşağı Ağcakənd qəsəbəsinin açılışında iştirakı ilə bağlı fotoguşə yaradılıb. Məktəbin sinif otaqlarından əlavə informatika, fizika və riyaziyyat kabinetləri, kimya laboratoriyası, kitabxanası, emalatxana və yeməkxanası da var. İdman zalında isə basketbol, güləş və voleybolla məşğul olmaq mümkündür. Dövlətimizin başçısı burada gənc idmançıların çıxışını izləyib.
Məktəbin ikinci mərtəbəsində Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən, habelə Xocalı faciəsinə dair fotoguşələr yaradılıb.
Məktəb binasının qızdırılması üçün ayrıca qazanxana da inşa olunub.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev yeni yaşayış məhəlləsindəki Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Prezident İlham Əliyev yeni salınmış məhəllədə görüləcək  işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub.
Dövlətimizin başçısı xalqımızın Ulu öndəri Heydər Əliyevin  şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılmış abadlıq-quruculuq işləri, habelə inşası davam edən və layihəsi planlaşdırılan tikinti kompleksləri barədə məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da Naftalanda “Chinar Hotel & SPA Naftalan” kompleksinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdikdən sonra komplekslə tanış olub.
Naftalanda kurort zonasının inkişaf etdirilməsi məqsədi ilə şəhərin inzibati ərazisinin genişləndirilməsi barədə Prezident İlham Əliyevin Sərəncamı burada turizmin inkişafına da təkan verəcək. “Chinar Hotel & SPA Naftalan” kompleksinin istifadəyə verilməsi son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşasının, kurort zonalarının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir. 18,8 hektar ərazidə yerləşən 312 yerlik “Chinar Hotel & SPA Naftalan” kompleksinin əsaslı təmirinə 2007-ci ilin mayında başlanılıb, 2010-cu ilin noyabrında sona çatdırılıb.
Dövlətimizin başçısı kompleksin foyesinin divarlarında çəkilib və Naftalan neftinin tarixinə həsr olunmuş kompozisiyalara baxıb.
200 nəfərin işlə təmin ediləcəyi kompleksin urologiya, dietalogiya, ginekologiya, kardiologiya, qulaq-burun-boğaz, stomatologiya, terapiya və dermatologiya şöbələrinin olduğu poliklinikası İtaliya, Almaniya, çexiya, Türkiyə, Yaponiya və Cənubi Koreyada istehsal edilmiş müasir tibbi avadanlıqla təchiz olunub. Burada ən müasir tibbi avadanlığı olan biokimyəvi, hematoloji, mikrobioloji, immunoloji, seroloji laboratoriyalar fəaliyyət göstərir. Poliklinikada hərəkət orqanları, qulaq-burun-boğaz, uşaq, uroloji, dəri, ginekoloji, periferik damar, periferik sinir və mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsi aparılacaq.
Dövlətimizin başçısı SPA terapiya, fizioterapiya və reabilitasiya, fitnes mərkəzləri ilə tanış olub. Naftalan Terapiya Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, burada 24 vanna otağı var və əsas müalicə vasitəsi Naftalan neftidir. Təkcə Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin dərmanıdır. Bu baxımdan Naftalan terapiyası tibbin bir çox sahələrində əvəzsiz müalicə metodu kimi qəbul edilib.
Birnəfərlik, ikinəfərlik və ailəvi otaqlardan ibarət (cəmi 170 otaq) yataq korpusunda bütün zəruri şərait yaradılıb. Burada qadın gözəllik mərkəzi, internet klub, hədiyyələr dükanı var, elektrikli arabaların və velosipedlərin kirayəsi xidmətləri təşkil olunub. Ərazi yaşıllaşdırılıb, uşaqlar üçün əyləncə guşəsi yaradılıb.
Dövlətimizin başçısı müasir standartlara cavab verən su prosedurları korpusunda türk hamamına, sauna və hovuza baxıb.
Sonra Prezident İlham Əliyev Naftalan şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı İlham Əliyev naftalanlıları təbrik edərək deyib ki, mən çox şadam ki, Azərbaycanda nəinki paytaxtda, paytaxtdan uzaqda yerləşən bölgələrdə də belə gözəl şərait yaradılır.
Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hətəm Qocayev şəhər ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlıq edib.
Görüşdən sonra xatirə şəkilləri çəkdirilib.
Prezident İlham Əliyev fevralın 10-da Naftalanda “Qaşaltı” sanatoriyasının açılışında iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və sanatoriya ilə tanış olub. Dünyada kurort şəhəri kimi tanınan Naftalanın inkişafı Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Hələ 1982-ci il fevralın 19-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi “Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi haqqında” xüsusi qərar qəbul edib, sonrakı illərdə Naftalanda müalicə olunanların sayı 35 mindən 70 minə yüksəlib.
“Qaşaltı” sanatoriya kompleksi “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində inşa olunub. Prezident İlham Əliyev 200 nəfər işçinin çalışacağı beşmərtəbəli sanatoriyanın poliklinika şöbəsi, su prosedurları və yataq korpusları ilə tanış olub. Su prosedurları korpusunda üzgüçülük hovuzu, yod-brom vannası, sualtı idman hərəkətləri üçün hovuz, sauna, türk və fin hamamları var. Kompleksdə istiliklə müalicə kabineti də fəaliyyət göstərəcək. Fizioterapevtik bölmədə ən mütərəqqi müalicə üsulları tətbiq olunacaq. Sanatoriyanın 92 otaqlı yataq korpusunun 83-ü standart, 9-u lüks palatalardır. Fitnes və gimnastika zallarında hərəkət-dayaq sistemlərində olan problemlərin aradan qaldırılması üçün müasir avadanlıq, o cümlədən ölkəmizdə ilk dəfə tibbi trenajorlar quraşdırılıb.
Daha sonra Prezident İlham Əliyev Naftalan vannası otaqları ilə tanış olub. Bildirilib ki, Naftalan neftinin əsas təsiredici maddəsi geniş spektrli müalicə xüsusiyyətlərinə malik naften karbohidratıdır.
Sanatoriyanın geniş əyləncə mərkəzində 3D kinoteatrı, boilinq, bilyard və oyun zalları yerləşir.
Prezident İlham Əliyev Naftalan şəhərində inşası davam etdirilən və layihəsi planlaşdırılan tikinti komplekslərinin sxemlərinə baxıb. Bildirilib ki, Naftalan şəhərində Heydər Əliyev park kompleksinin yeni baş planı hazırlanıb. Onun ərazisində Naftalan Şəhər İcra Hakimiyyətinin üçmərtəbəli inzibati binası tikilir, iyul-avqust aylarında onun başa çatdırılması nəzərdə tutulub.
Dövlətimizin başçısına tikintisi planlaşdırılan Heydər Əliyev Mərkəzinin texniki göstəriciləri barədə də məlumat verilib. Bu mərkəz də Heydər Əliyev park kompleksində tikiləcək.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
*  *  *
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilmiş 42 kilometrlik hissəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı yolun yenidən qurulması layihəsini, magistral avtomobil yolunun təmirdən əvvəlki və  sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, “Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidən qurulması” layihəsi Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış saziş çərçivəsində maliyyələşdirilib. Yolun layihəsi və müsabiqə sənədləri Finlandiyanın “Finnroad Ltd” və “RRİ” firmaları tərəfindən hazırlanıb, müsabiqənin qalibi olan İtaliyanın “Todini Costruzioni Generali S.p.A” şirkəti ilə 2008-ci il oktyabrın 15-də podrat müqaviləsi imzalanmışdı. Tikintiyə texniki nəzarət işlərini isə Böyük Britaniyanın “Scott Wilson” firması yerinə yetirib. İkinci texniki dərəcəli yolun uzunluğu 42 kilometr, eni 15 metrdir. Magistral yolda yağış sularını ötürmək üçün 88 dairəvi və 16 düzbucaqlı boru qoyulub, 2 piyada keçidi və 3 körpü inşa edilib.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev inşaatçılarla görüşüb.
Sonra dövlətimizin başçısı açılışı bildirən lenti kəsib. Prezident İlham Əliyev yenidənqurma işlərindən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.

Paylaş:
Baxılıb: 908 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30