Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni Azərbaycan Partiyası "Silahlı Qüvvələrə Yardım Fondu"na dəstək məqsədilə xeyriyyə konserti təşkil edib

Yeni Azərbaycan Partiyası "Silahlı Qüvvələrə Yardım Fondu"na dəstək məqsədilə xeyriyyə konserti təşkil edib

17.06.2011 [10:10]

Tədbirdən toplanan 25 min manat vəsait “Silahlı Qüvvələrə Yardım Fondu”na köçürüləcək
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə xeyriyyə konserti təşkil edib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin uşaqlıq və gənclik illərini, sovet və müstəqillik dövründə geniş və yorulmaz fəaliyyətini əks etdirən film göstərilib.
Qeyd olunub ki, hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan Yeni Azərbaycan Partiyası xalqın xidmətində olub və öz fəaliyyətində ən yüksək dəyərləri, xalqın ali maraqlarını rəhbər tutub. Bunun nəticəsidir ki, YAP özünün ümummilli fəaliyyəti ilə xalqın dərin etimadını qazanıb.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ənənəvi olaraq keçirdiyi xeyriyyə tədbirlərindən əldə etdiyi vəsaiti “Silahlı Qüvvələrə Yardım Fondu”nun hesabına köçürür. Bu isə bir daha YAP-ın xoşməramlı missiyasını göstərməkdədir.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev hər bir sahəyə olduğu kimi, ordu quruculuğuna da yüksək diqqət və qayğı göstərib. Ulu öndərin ordu quruculuğuna göstərdiyi diqqət müharibə şəraitində olan Azərbaycanın Silahlı Qüvvələrinin mütəmadi inkişafının əsasını qoyub. Ordu quruculuğu sahəsində görülən işlər və aparılan islahatlar silahlı qüvvələrimizin maddi potensialını artırmaqla yanaşı, ordumuzda mənəvi-psixoloji durumun daimi şəkildə yüksəlməsini şərtləndirib. Məhz, bütün bunlar ordu quruculuğu işinin uğurla davam etdirilməsini təmin edib.
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Onun gərgin əməyi sayəsində bu gün ordu quruculuğu sahəsində çox ciddi nailiyyətlər əldə edilib. Məhz, bunun nəticəsidir ki, hazırda Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Vaxtilə Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər olmalıdır. Hazırda isə ölkəmizin hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsini ötüb. Bu, həyata keçirilən sistemli işlərin və görülən tədbirlərin məntiqi nəticəsidir və belə bir qənaətə gəlməyə əsas verir ki, Azərbaycan kifayət qədər hərbi potensiala malikdir, istənilən şəraitdə öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir.
Konsertdə YAP üzvü olan tanınmış sənətçilərdən Xalq artisti Faiq Ağayev, Elza Seyidcahan, Ədalət Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura Suri, Maestro Ceyhun, Elton Hüseynəliyev, Elnur Hüseynov, Sevda Yəhyayeva, Samir Dərgah və digərləri çıxış ediblər.
Milli Məclisin deputatları, Milli Ordunun zabitləri və KİV nümayəndələrinin iştirak etdikləri konsert proqramı böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirdən toplanan 25 min manat vəsait “Silahlı Qüvvələrə Yardım Fondu”na keçiriləcək.
Təşkil olunmuş xeyriyyə konserti ilə bağlı tədbir iştirakçılarının fikirlərini öyrəndik.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın təşkil etdiyi xeyriyyə konserti ilə bağlı fikirlərini bildirib: “Xeyriyyə konserti Yeni Azərbaycan Partiyası tərəfindən həm 15 İyun Milli Qurtuluş Günü münasibətilə, həm də “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək vermək məqsədilə keçirilir. Bilirsiniz ki, YAP həmişə bu və digər formada Azərbaycan Silahlı Qüvvələrinə maddi və mənəvi dəstək aksiyaları keçirib. Biz belə hesab edirik ki, bu, partiyamızın hər bir üzvünün vətəndaşlıq borcudur. Eyni zamanda, düşünürəm ki, bu konsertin təşkil edilməsi bir tərəfdən YAP-ın ordu quruculuğuna, ordumuzun gücünün və qüdrətinin artırılmasına dəstəyini ifadə edir. Nəzərinizə çatdırmaq istəyirəm ki, tamaşaçıların qarşısında YAP-ın üzvləri olan müğənnilər, mədəniyyət xadimləri çıxış edirlər. Beləliklə, konsert bütövlükdə partiyamızın üzvləri tərəfindən təşkil edilib. Buradan toplanan vəsait “Silahlı Qüvvələrin Yardım Fondu”na köçürüləcək”.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə deyib ki, xeyriyyə konserti YAP-ın növbəti uğurlu tədbiridir: “Bu tədbir həm Milli Qurtuluş Gününə, həm də Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunub. Burada əsas məqsəd “Silahlı Qüvvələrə Yardım Fondu”na vəsait toplanması üçün YAP-ın üzvlərinin maddi və mənəvi imkanlarını bir araya gətirməkdir. Bu xeyriyyə konserti əlbəttə ki, partiyamızın çoxsaylı tədbirlərindən biridir. Tədbir həmçinin, cəmiyyətə bir çağırışdır. Azərbaycan vətəndaşlarına çağırışdır ki, onlar ordunun inkişafını unutmasınlar və daim diqqətdə saxlasınlar. Hesab edirəm ki, bizim tədbirin ardınca da bu kimi xeyriyyə tədbirləri “Silahlı Qüvvələrə Yardım Fondu” üçün keçiriləcək. Bizim məqsədimiz də budur ki, xalq öz ordusuna daim diqqət göstərsin”.
YAP Siyasi Şurasının üzvü, təhsil nazirinin müavini İradə Hüseynova da bu xeyriyyə konsertini təqdir edib. Onun sözlərinə görə, YAP hər zaman maraqlı layihələrlə cəmiyyətimiz üçün faydalı fəaliyyətlə məşğuldur: “Hesab edirəm ki, bu tədbir də insanlar tərəfindən yüksək qiymətləndiriləcək. Azərbaycanın çox parlaq gələcəyi var. Dünyada güclü, dayanıqlı iqtisadiyyatımız ilə tanınırıq və Azərbaycan etibarlı tərəfdaş kimi dünyada öz mövqeyini qorumaqdadır. Biz gələcəyimizə inamla baxırıq. çünki dövlətimizin və xalqımızın keşiyində duran Prezidentimiz var”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə tədbiri əlamətdar bir hadisə kimi dəyərləndirib: “Xoşməramlı aksiya həmişə yüksək qiymətləndirilməlidir. Xeyriyyə konsertində YAP üzvü olan gənc sənətçilər çıxış edirlər. Fikrimcə, bu tədbirin bir məqamı da xalqla ordunun vəhdətini nümayiş etdirməkdir. Ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə “Silahlı Qüvvələrə Yardım Fondu” yaratdı və burada məqsəd vətənpərvərliyin güclənməsinə yönəlmişdi. Bu gün Azərbaycanın dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılmış vəsait işğalçı Ermənistanın bütövlükdə dövlət büdcəsindən çoxdur. Yəni, bəlkə də, ordumuza hansısa maddi dəstək göstərməyə ehtiyac yoxdur. Və bu tədbir ordu ilə xalqın birliyini nümayiş etdirən aksiyadır. Hesab edirəm ki, YAP-ın bu təşəbbüsünə digər siyasi partiyalar və QHT-lər qoşulmalıdırlar, onlar silahlı qüvvələrimizə dəstəklərini əsirgəməməlidirlər. Qarşıdan gələn bayram münasibətilə bütün xalqımızı, o cümlədən, hərbçilərimizi təbrik edirəm”.
YAP Siyasi Şurasının üzvü, professor Sudeyif İmamverdiyev də hesab edir ki, partiyamızın təşkil etdiyi xeyriyyə konserti təqdirəlayiq bir tədbirdir: “Burada partiyamızın çoxsaylı üzvləri toplaşıb. Bu, bizim xalqımızın Azərbaycan ordusuna bir dəstəyidir. Ona görə də, çox dəyərli bir təşəbbüsdür. Bu səbəbdən də mən bu tədbirə böyük məmnunluqla gəlmişəm”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyamızın hər zaman cəmiyyətimiz üçün faydalı tədbirlər keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, Milli Qurtuluş Günü və Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş xeyriyyə konserti də bu tədbirlər sırasındadır: “Bu gün dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Ordusu xeyli güclənib və NATO standartlarına uyğun olan silahlı qüvvələrimiz formalaşıb. Təbii ki, hər birimiz öz ordumuzla qürur duyuruq. çünki güclü Azərbaycan ordusu nəinki vətənimizin keşiyində layiqincə dayanır, həmçinin, dünyanın bir sıra qaynar nöqtələrində sülhün keşiyində dayanırlar. Hesab edirəm ki, partiyamızın keçirdiyi xeyriyyə konserti maddi tərəfi ilə yanaşı, mənəvi baxımdan da əhəmiyyətlidir. çünki, ordumuz cəmiyyətdə ona nə qədər dəstək verildiyinin şahidi olaraq sevinir, onda ruh yüksəkliyi daha da artır. Qarşısında işğal olunmuş torpaqlarımızı azad etmək kimi vəzifə dayanan orduya bu cür maddi və mənəvi dəstək daim göstərilməlidir”.
YAP-ın üzvü olan sənətçilər də bu xeyriyyə konsertini yüksək qiymətləndiriblər.
Xalq artisti Faiq Ağayev bizimlə söhbətində Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında fikirlərini bildirib: “Bizim üçün fəxarətli bir gündür. çünki 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmaqla xalqımızı və dövlətimizi fəlakətlərdən xilas etdi. Ona görə də, Milli Qurtuluş Günü bütövlükdə dövlətimiz üçün önəmlidir”.
F.Ağayev Azərbaycan Silahlı Qüvvələrinin bayramının da tariximizdə xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, hələ Xalq Cümhuriyyəti dövründə əsası qoyulan Azərbaycan milli ordusu görkəmli sərkərdələr yetişdirib: “Azərbaycan torpaqlarının bir hissəsinin işğalda olması ordumuza daha çox diqqət yönəltməyimizi zəruri edir. Bu mənada mən YAP-ın bu təşəbbüsünü yüksək qiymətləndirirəm. ümumxalq partiyası olan bu siyasi təşkilat həmişə insanların, dövlətin mövqeyindən çıxış edir. Bu tədbir də fikrimin təsdiqi ola bilər”.
“Evrovision - 2010” mahnı müsabiqəsində ölkəmizi təmsil edən gənc sənətçi Səfurə Əlizadə də xeyriyyə konserti ilə bağlı fikirlərini bölüşərkən, YAP-ın bu tədbirinin yüksək dəyərə malik olduğunu bildirib: “İlk növbədə, 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətini qeyd etmək istəyirəm. Xalqımızın çox çətin anlarında Ulu öndərimiz Heydər Əliyev dövlətimizi məhv olmaq təhlükəsindən xilas edib. Məhz, Onun qətiyyəti və əzəməti sayəsində Azərbaycanımız çətin böhranlardan qurtularaq böyük inkişaf yoluna çıxdı. Ona görə də, hamımız bu bayramı böyük sevinc hissi ilə qeyd edirik. Bu xeyriyyə konserti, həmçinin, Silahlı Qüvvələrimizə dəstək məqsədilə keçirilir. Ordu bizim qürur yerimizdir. Nəzərə alsaq ki, torpaqlarımız hələ də işğal altındadır, onda hər bir vətəndaş ordumuza qayğı ilə yanaşmalıdır. Bu mənada, YAP-ın bu təşəbbüsü yalnız və yalnız alqışlanmalıdır. Mən həmçinin, bu konsertin çox gözəl təşkil edildiyini də vurğulamaq istəyirəm”.
Gənc müğənni Kərim hesab edir ki, belə xeyriyyəçilik xalqımızın mentalitetindən irəli gəlir: “ümumiyyətlə, xeyirxahlıq, humanist addımlar xalqımızın gözəl ənənələrindən biridir. Belə bir xeyriyyə konsertini təşkil edən insanlara minnətdarıq. Eyni zamanda, hesab edirəm ki, bu cür xeyriyyə tədbirləri ildə bir neçə dəfə təşkil edilsə, daha yaxşı olar. çünki bütün bunlar xalqımızın necə gözəl ənənələrə malik olduğunu bütün dünyaya nümayiş etdirir”.
Nardar BAYRAMLI,
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 892 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30