Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xaricdə yaşayan azərbaycanlı gənclərin ölkəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır

Xaricdə yaşayan azərbaycanlı gənclərin ölkəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır

12.01.2012 [16:00]

Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm faktordur
Bu bir həqiqətdir ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Daha dəqiq desək, Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısını daima öz üzərində hiss edib. Məhz dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” da gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqləyir. Əksər ekspertlərin vurğuladıqları kimi, sözügedən Dövlət Proqramı gələcəyin, yeni inkişaf onilliklərinin, innovasiyaların məhz gənclərin elmi bilikləri, fiziki və intellektual gücü hesabına təmin olunacağını ifadə edir.
Məlumat üçün bildirək ki, bu mühüm dövlət sənədinin bazasında gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, eləcə də, onların milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində çoxşaxəli tədbirlər planı dayanır. Sözügedən proqramda gənclərin təhsil, iş şəraitinin yaxşılaşdırılması, peşəkar gənc kadrların hazırlanması, gənc sahibkarların dəstəklənməsi, ailə institutunun möhkəmləndirilməsi, gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması və digər bir çox vəzifələrin həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulub.
Bu sırada, “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda da gənclərlə bağlı çox mühüm müddəalara yer verildiyini qeyd etmək yerinə düşər. Belə ki, həmin proqramda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək hüquqlarının qorunması, əhalinin sosial müdafiəsi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi, bu sahədə səmərəli dünya təcrübəsinin tətbiq edilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, ümumilikdə respublikamızda sosial siyasətin yeni tələblərə uyğun olaraq inkişaf etdirilməsi və digər məsələlər öz əksini tapıb.
Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, yaxın onillik ölkəmizdə gənclərin fəaliyyəti üçün ən əlverişli bir dövr kimi tarixə düşəcək. Heç şübhəsiz bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində mümkün olacaq. Və yuxarıda vurğuladığımız kimi, gənclərin milli ruhda tərbiyəsi, onların vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi də dövlət siyasətinin başlıca prioritetlərini təşkil edir ki, bu sırada da xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin qorunub saxlanılması, onların ölkəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu da səbəbsiz deyil.
Belə ki, diaspor quruculuğunda və Azərbaycan lobbisinin formalaşmasında gənclərin fəal iştirakı daha ciddi nailiyyətlər qazanmağa imkan yaradır. Bu mühüm amili nəzərə almaq və onun real həyatda öz təsdiqini tapmasına stimul yaratmaq məqsədilə ötən dövrdə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. öz növbəsində, xarici ölkələrdə yaşayan gənclərimiz də diaspor quruculuğu işində fəal iştirak edir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin təbliği işinə öz töhfələrini verirlər. Son illərdə xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması işi də geniş vüsət alıb. Bu istiqamətdə mühüm addımlar atılıb. Gənc soydaşlarımız dövlətin yaxın dəstəyi və yardımı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılmasına çalışırlar.
Hazırda müxtəlif ölkələrdə azərbaycanlı gənclərin 50-dək təşkilatı fəaliyyət göstərir. ötən müddət ərzində Benilüks Azərbaycanlı Gənclərinin Koordinasiya Şurası, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, çexiya-Azərbaycan Tələbə və Gənclər Birliyi, İstanbulda “Azərbaycan Birlik Təşkilatı”, “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatı və digər təşkilatlar təsis edilib, həmçinin, Azərbaycan diasporun gənclərinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumu keçirilib və Ukraynada yaşayan Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurası yaradılıb. Eyni zamanda, Gürcüstan azərbaycanlı gənclərinin I Qurultayı keçirilib və Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı təsis edilib.
Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclərin təşkilatları arasında xüsusi yeri şübhəsiz ki, 2009-cu il aprelin 18-də Moskvada yaradılmış və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva seçilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tutur. RAGT-in yaradılmasının Azərbaycan diasporunun, Rusiyada yaşayan azərbaycanlı gənclərin həyatında nə dərəcədə böyük hadisə olması artıq təşkilatın təsis konfransında məlum idi. Belə ki, həmin toplantıda Rusiyanın 60-dan çox bölgəsindən 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak ediblər. Hazırda RAGT bütün Rusiya Federasiyasını əhatə edir. Bu gün Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı Rusiyada Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, dövlətimizin maraqlarının müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin təbliği işinə olduqca mühüm töhfə verir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması məsələsindən danışarkən, 2010-cu il noyabr ayının 27-28-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin keçirilməsini də qeyd etmək yerinə düşər. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin keçirdiyi bu tədbir xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə xidmət edib. Onu da qeyd edək ki, tədbirdə Azərbaycandan 41, dünyanın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edib. Toplantının sonunda bir sıra sənədlər, o cümlədən, Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsini nəzərdə tutan “Dünya azərbaycanlı gəncləri I konqresinin qətnaməsi” qəbul edilib.
Bir sözlə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün xaricdə yaşayan azərbaycanlı gənclərin əsas vəzifələrindən birinə çevrilib. Gənc soydaşlarımız tərəfindən təsis olunmuş diaspor təşkilatları bu sahədə uğurlu layihələr həyata keçirir, müasir informasiya texnologiyalarından istifadə edərək xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatları yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmağa çalışırlar. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 1918-ci il mart soyqırımları ilə bağlı gənclər tərəfindən dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq etiraz aksiyaları, elmi-praktik konfranslar, foto və rəsm sərgiləri təşkil olunur.
Qeyd olunan faktlar isə bir daha göstərir ki, azərbaycanlı gənclər hansı ölkədə yaşamasından asılı olmayaraq, milli maraqlarımızın müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişafına öz töhfələrini verməyə çalışırlar. Gənclərimiz qloballaşan dünyanın müasir reallıqlarını nəzərə alaraq, respublikamızın sosial-iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi naminə səylərini əsirgəmir və əsl vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. Məhz buna görə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinə böyük etimad bəsləyir: “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir”.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 962 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30