Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2012-ci ildə Azərbaycan kosmik sənayesi olan ölkəyə çevriləcək

2012-ci ildə Azərbaycan kosmik sənayesi olan ölkəyə çevriləcək

11.02.2012 [13:17]

Cari ildə respublikamız dünyanın kosmosda öz peyki olan azsaylı dövlətləri sırasına daxil olmağa hazırlaşır
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu xarici və daxili siyasət ölkənin iqtisadi potensialının hərtərəfli inkişafının təməlini qoyub. Nəticədə bu gün Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasında özünəməxsus yer tutur. Qlobal maliyyə böhranının təsirlərinə baxmayaraq, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın regional və sahəvi inkişafı reallaşır və əhalinin həyat səviyyəsi ilbəil yüksəlir. Həmçinin, xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artırıb. Prioritet məsələlərdən biri isə hazırda Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi, həmçinin, qeyri-neft sektorunun inkişafı və Azərbaycanda biliklərə, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasıdır. Bu məqsədlə elm, təhsil və informasiya-kommunikasiya texnologiyalarının (İKT) əlaqəli inkişafına ciddi fikir verilir, elmi-texnoloji tutumlu innovativ layihələrin, nanotexnologiyaların tətbiqi istiqamətində ardıcıl tədbirlər görülür. Son illər İKT sahəsinin inkişaf etdirilməsi Azərbaycanın sosial-iqtisadi yüksəlişinə xidmət edən sektor kimi prioritet sahəyə çevrilib və ölkəmizin İKT üzrə göstəriciləri xeyli yüksəlib. Beynəlxalq reytinq agentliklərinin hesablamalarına əsasən, hazırda Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafın səviyyəsi inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qərarlaşıb.
Qeyd edək ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Azərbaycan hökuməti isə iqtisadiyyatın diversifikasiyası üçün qeyri-neft sektorunun inkişafında yeni və iddialı sahə olan müasir kosmik sənayenin yaradılmasını qarşıya məqsəd qoyub. Beləliklə, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri kosmik sənayenin inkişaf etdirilməsidir.
“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamı bu sahədə atılan mühüm addımlardan biridir. Sərəncama əsasən, ölkədə kosmik sənayenin yaradılmasını zəruri edən hal kimi həm də Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması göstərilib. Yəni, kosmosla bağlı planlar təkcə kommersiya layihələri deyil, həm də kifayət qədər mürəkkəb regionda yerləşən ölkəmiz üçün informasiya təhlükəsizliyi məsələsidir. Bu da kosmik sənayenin inkişafı ilə bağlı qəbul edilmiş siyasi qərarın həm də gələcəyə hesablanmış strateji məsələ olduğunu deməyə əsas verir.
Azərbaycanda kosmik sənayenin yaradılması və ölkəmizin fəzaya öz milli peykini çıxartması iqtisadi baxımdan səmərəliliyin artmasına xidmət etməklə yanaşı, yeni iş yerlərinin açılması, iqtisadiyyatın digər sahələrinin inkişafı üçün stimul və s. deməkdir. Bununla da Azərbaycan peyk tutumlarını kommersiya məqsədilə digər ölkələrə satıb qazanc əldə edə biləcək, ölkənin bütün ərazisində, eləcə də, simli rabitənin mümkünsüz olduğu məntəqələrdə keyfiyyətli internet xidməti təmin etmək imkanı verəcək VPN (Virtual private network) və bu kimi sürətli İP xidmətlərindən istifadə edilməsi mümkün olacaq. Nəhayət, telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə malik ikinci ölkə olmaqla regionda bu sahədə mövqeyini daha da möhkəmləndirəcək.
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev İKT sahəsinin Azərbaycanda uğurla inkişaf etdiyini vurğulayıb: “Bu il biz birinci Azərbaycan telekommunikasiya peykini orbitə buraxacağıq. Bu, tarixi hadisə olacaqdır. Azərbaycan kosmik sənaye yaradır. Azərbaycan kosmik sənayeyə malik olan ölkələr sırasına daxil edilir. Bu, uzaqgörən siyasətimizin nəticəsidir. Mən hesab edirəm ki, Azərbaycan bütün mütərəqqi və qabaqcıl texnologiyaları gətirməlidir. Biz gətiririk, tətbiq edirik, kadrları hazırlayırıq. Beləliklə, ölkəmizin həm siyasi çəkisi, həm iqtisadi gücü artacaqdır”.
Dövlət başçısı deyib ki, telekommunikasiya o sahələrdəndir ki, burada müxtəlif və hər bir ölkənin inkişafı üçün vacib olan amillər cəmləşir: “Bu, innovasiyadır, bilikdir, savaddır. Eyni zamanda, bu, böyük biznes sahəsidir. Yəni, ölkə iqtisadiyyatının inkişafı üçün bizə əlavə gəlirlər gələcəkdir. Bu, elmi-texniki tərəqqini şərtləndirən sahədir. Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsi dünyada aparıcı sahə olacaqdır və olmalıdır. Bu sahədə kim qabaqda gedirsə, o da söz sahibi olacaqdır. çünki bugünkü dünya bundan 10 il, 20 il əvvəlki dünya deyildir. Texnologiyalar, informasiya təhlükəsizliyi, kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri artıq ön plana çıxır və gələcək dövrün güclər nisbəti də məhz bu sahədə müəyyən ediləcəkdir. Ona görə, biz bu sahəyə çox böyük diqqət göstərməliyik, göstəririk. Bu siyasət bu gün başlanmır, bir neçə il bundan əvvəl başlanmışdır”.
Əslində, Azərbaycanda kosmik sənaye hələ sovet illərindən mövcud olub. 1974-cü ildən Azərbaycanda Milli Aerokosmik Agentliyi (MAKA) fəaliyyət göstərib. Lakin Sovetlər Birliyi dönəmində kosmik fəaliyyət müttəfiq respublikaların əksəriyyətinin aktiv iştirakı ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Kosmik tədqiqatlar üçün nəzərdə tutulan və müdafiə təyinatlı hər bir məhsul yüzlərlə konstruktor bürosunun, elmi-tədqiqat institutları və sənaye müəssisələrinin sıx əməkdaşlığı şəraitində layihələşdirilib. Sovet İttifaqı süquta uğradıqdan sonra MDB-yə daxil olan ölkələr SSRİ-dən varis qalan kosmik sənaye potensialını qoruyub saxlamaq üçün bir sıra tədbirlər görüb və 1992-ci ilin sonunda Kosmos üzrə Dövlətlərarası Şura yaradılmasına nail olublar. Buna baxmayaraq, müstəqil dövlətlər öz maraqları çərçivəsində kosmos sahəsində əsasən SSRİ-dən miras qalmış ənənələri davam etdiriblər.
Onu da qeyd edək ki, müstəqillik dövründə daha öncə mövcud olan ənənəvi və eyni zamanda, müasir və yeni sənaye sahələrinin inkişafını prioritet məsələ kimi diqqətdə saxlayan Prezident İlham Əliyev Azərbaycanda kosmik sənayenin yeni müstəvidə inkişafını şərtləndirən tədbirlərin görülməsinə dair tapşırıqlarını verib. Dövlət başçısının artıq yuxarıda qeyd olunan Sərəncamı və eləcə də, 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” yerin kosmosdan tədqiqi sahəsində respublikamız üçün perspektiv istiqamətləri müəyyənləşdirib, Müdafiə Sənayesi Nazirliyinin (MSN) nəzdində fəaliyyət göstərən müəssisələrin, o cümlədən, MAKA-nın texniki tərəqqisi üçün yeni imkanlar yaranıb. Həmçinin, Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması, ölkəmizdə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya peyk ailəsinin üzvünə çevrilməsinə, respublikamızda peyk texnologiyalarının istehsalı və tətbiqinə geniş imkanlar açıb. ötən il “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində artıq bir sıra mühüm işlər görülüb.
Onu da qeyd etmək lazımdır ki, peykin orbitə çıxarılması üçün ilk növbədə orbital mövqe əldə etmək lazımdır. SSRİ dağılandan sonra onun hüquqi varisliyi Rusiyaya keçdiyi üçün İttifaqa daxil olan digər ölkələr kimi Azərbaycan da öz orbital mövqeyinə malik deyildi. Lakin Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) ilə danışıqlardan sonra bu təşkilat 3 orbital sahəni Azərbaycanın mülkiyyətinə verib.
Məlum olduğu kimi, Azərbaycanın “Azersat” adlanan ilk milli peykinin istehsalı üçün elan edilmiş beynəlxalq tenderi ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti udub. Milli peyki orbitə isə Fransanın “Air Lan Space” şirkətinin hazırlayacağı raket çıxaracaq. Məlumat üçün bildirək ki, Azərbaycanın öz peykinin yaradılması işini bir neçə ildir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) aparsa da, sonradan Prezidentin Sərəncamı ilə bunun üçün ayrıca dövlət müəssisəsi olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan rusiyalı akademik Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış “Silk Sat” proqramı dəstək verir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarını cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur. Peykin əsas idarəetmə mərkəzi Qala qəsəbəsində, ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanda yerləşəcək.
“Azersat” peykinin orbitə buraxılması layihəsinin ümumi dəyərinə gəldikdə isə, bu vəsaitin həcmi 200 milyon manata (250 milyon ABŞ dolları) yaxındır. Təkcə peykin istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti ilə imzalanan müqavilənin dəyəri 112 milyon manat təşkil edir. Bu vəsaitə peykin istehsalı ilə yanaşı, yerüstü idarəetmə strukturunun yaradılması və kadrların hazırlanmasına xərclənəcək pulun həcmi də daxildiır.
Azərbaycanın ilk telekommunikasiya süni peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. İlkin hesablamalara görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulub. Azərbaycan peykin imkanlarının yalnız 20 faizindən istifadə etmək niyyətindədir. Geridə qalan 80 faizi hissəsi isə digər ölkələrin icarəsinə veriləcək. Artıq peykin imkanlarının 40 faizi Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflərin qəbulu davam edir. RİTN-dən verilən məlumata görə, ilkin mərhələdə riskləri aşağı salmaq məqsədilə 1 Mbit internetin sürəti 350 dollar həcmində müəyyənləşdirilib. Müqayisə üçün bildirək ki, digər ölkələr interneti bundan 28 faiz baha, yaxud 450-500 dollara alır.
Qeyd edək ki, cari ilin oktyabrında Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanaraq Kuru kosmodromuna gətirilməsi, sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılıb. Milli Telekommunikasiya Peyki Layihəsi bütünlüklə dövlət hesabına maliyyələşdirilir. Artıq 2013-ci ilin yanvarın 1-dən etibarən Azərbaycan bu peyk vasitəsilə telekommunikasiya xidmətləri göstərməyə başlayacaq. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması 2013-cü ildə baş tutacaq. Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə təxminən 2015-ci ilə planlaşdırılır.
Nazirlər Kabinetinin sözügedən iclasında dövlət başçısı bir daha vurğulayıb ki, hazırda dünyada aparıcı sahələrdən olan informasiya-kommunikasiya texnologiyalarına qoyulan investisiya gələcəkdə əlavə dividendlər gətirməklə həm ölkəmizin iqtisadi inkişafına, eləcə də, kosmik sənaye sahəsinin genişlənməsinə təkan verəcək: “İnvestisiya qoymaq istəyənlər görəndə ki, Azərbaycan dövləti də bu sahəyə böyük diqqət göstərir, kosmik sənaye yaradılır, birinci peyk buraxılır, çox böyük maraqla yanaşırlar. Yenə də qeyd edirəm, bu, birinci peykdir, sonuncu deyildir. Ondan sonra ikincisi, üçüncüsü olacaqdır. Yəni, güclü sənaye yaradılacaqdır”.
Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədr müavini Zahid Oruc deyib ki, bu gün Azərbaycanda informasiya texnologiyaları sferasına xüsusi diqqət göstərilməkdədir: “Bu sahəyə əhəmiyyətli dərəcədə maliyyə vəsaiti ayrılır. Bu da olduqca təqdirəlayiq haldır. çünki müasir dövrdə nanotexnologiyalardan, strateji əhəmiyyətli informasiya resurslarından və texnologiyalarından kənar dövləti və onun milli təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Ona görə ki, milli dövlətlər müasir dövrdə strateji qərarların qəbul və icra olunmasında informasiya resursları və texnologiyalarından xüsusi olaraq istifadə edirlər. Eyni zamanda, informasiya texnologiyalarının təhlükəsizliyi məsələsi də fundamental strateji problem qismində çıxış etməkdədir. İndi informasiya təhlükəsizliyini təmin etmədən milli təhlükəsizliyin təmin olunmasına nail olmaq mümkün deyil. Məhz buna görə də, milli dövlətlər bu sahəyə xüsusi diqqət yetirməkdədirlər. Daha da dəqiqləşdirsək, həm informasiya texnologiyalarının inkişaf etdirilməsi, həm də informasiya təhlükəsizliyinin təmin olunması milli dövlətlərin strateji hədəfləri qismində çıxış edir”.
Millət vəkilinin sözlərinə görə, bütün bu sadalananların fonunda müasir dövrdə milli dövlətlər kosmik sənayenin formalaşdırılması və inkişaf etdirilməsinə, eyni zamanda, bu istiqamətdə ən modern informasiya texnologiyalarından istifadə olunmasına xüsusi diqqət yetirirlər. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda da kosmik sənayenin formalaşdırılması və inkişaf etdirilməsi, eyni zamanda, bu istiqamətdə ən modern informasiya texnologiyalarından istifadə olunması yönündə mühüm addımlar atılır. Bu istiqamətlərdə dövlət və hökumət strukturlarının birbaşa vəzifələri, eyni zamanda, strateji tədbirlər planı müəyyənləşdirilmişdir. Bu istiqamətdə qurumlararası koordinasiyalı fəaliyyət də xüsusi əhəmiyyət kəsb edir” - deyə, o bildirib.
Məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili, professor Kamilə Əliyeva deyib ki, kosmik sənayenin inkişafı bir daha Azərbaycanın modern və qüdrətli dövlət kimi dünya ölkələri sırasında layiqli yerini almasını təsdiqləyir: “Müasir dövrdə kosmik sənaye təkcə kosmosu fəth etmək vasitəsinə deyil, həm də qlobal və regional sosial-iqtisadi məsələlərin, elmi-texniki problemlərin həlli üçün əsas vasitəyə çevrilib. Kosmos sahəsi elmi-texniki araşdırmalara, o da dolayısı ilə innovasiyalara yol açır. Artıq Avropa institutları tərəfindən kosmik texnologiyalar ölkələrin rəqabətədavamlılığı üçün əsas instrument kimi qəbul edilib. Kosmik rabitə digər rabitələrə nisbətən 5 dəfə ucuzdur. Bu baxımdan, Azərbaycanın kosmosa buraxacağı peykin yaxın illər ərzində gəlir gətirəcəyini düşünmək olar”.
Kosmik sənayenin inkişafının ölkəmizin elm sahəsinə də müsbət təsir edəcəyini diqqətə çatdıran millət vəkili vurğulayıb ki, Azərbaycan süni peykini kosmosa çıxarmaqla informasiya əsrində daha böyük uğurlara iddialı olduğunu nümayiş etdirir.
Milli Məclisin üzvü Leyla Abdullayeva isə kosmik sənayenin inkişafının, eyni zamanda, ölkəmizdə elm və təhsilin daha da inkişaf etməsinə təkan verəcəyini bildirib: “Cənab Prezident sözügedən iclasda kosmik sənayenin inkişafının ölkəmizə gətirəcəyi dividendlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, bu, elmi-texniki tərəqqini şərtləndirən sahədir. Bu, eyni zamanda, innovasiyadır, bilikdir, savaddır”.
ölkəmizin bu istiqamətdə atdığı addımların bir təhsil işçisi kimi onda böyük fərəh hissi doğurduğunu deyən Leyla Abdullayeva bunu, eyni zamanda, həyata keçirilən islahatların davamı kimi dəyərləndirib: “Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan, daha doğrusu, 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra təhsilin səviyyəsini qaldırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanılıb. İstər orta, istərsə də ali təhsil sahələrində aparılan islahatların da məqsədi həm yüksəkixtisaslı kadrların hazırlanmasına, həm də respublikamızın elmi-texniki potensialının gücləndirilməsinə xidmət edir. Təbii ki, ali təhsil müəssisəsində hazırlanan mütəxəssislər respublika iqtisadiyyatının bütün sahələrində çalışır, alimlər tərəfindən əldə olunan elmi-texniki nailiyyətlər iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunur və ölkəmizin sosial-iqtisadi inkişafını təmin edir. öz növbəsində, dövlət tərəfindən bu sahəyə xüsusi diqqət göstərilir”.
Millət vəkili onu da əlavə edib ki, Azərbaycanda kosmik sənayenin inkişafı, eyni zamanda, elm və texnologiyanın modernləşməsini və yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirir.
SEVİNC
Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30