Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Masallı və Salyan rayonlarında səfərdə olub

Prezident İlham Əliyev Masallı və Salyan rayonlarında səfərdə olub

15.03.2012 [01:07]

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də cənub bölgəsinə səfəri çərçivəsində Masallı və Salyan rayonlarında da olub, bir sıra obyektlərin açılışında iştirak etmiş, ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayonuna səfərə gəlib. Dövlətimizin başçısı Masallı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə məlumat verilib ki, ümummilli liderin adını daşıyan park yenidən qurulub. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb. Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə çərçivəsində yenidən qurulacaq Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı ikinci layihə çərçivəsində görülən işləri əks etdirən stendlərə baxıb.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin birinci müavini Məmmədsadıq Quliyev Azərbaycan Prezidentinə məlumat verib ki, Masallıda su təchizatı sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Tikintisi 1990-cı ildə dayandırılan təmizləyici kanalizasiya qurğusu da yararsız vəziyyətdədir.
Qeyd olunub ki, yeni layihə əsasında Masallı şəhərində adambaşına düşən suyun həcmi gün ərzində 180 litr hesablanıb. Bu isə 2030-cu il üçün supaylayıcı şəbəkəyə 24 saat ərzində su verməklə ildə 2 milyon 400 min kubmetr su tələbatı deməkdir. Masallı şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün Viləşçay su anbarı əsas mənbə kimi qəbul olunub. Yeni layihə çərçivəsində həcmi 5 min kubmetr olan su anbarının inşası da təklif edilib. İçməli su Viləşçay anbarının çıxışından təxminən 400 metr məsafədə yerləşən təmizləyici stansiyaya öz axını ilə daxil olacaq. Həmin stansiyanın maksimal gücü gündəlik 22 min kubmetr təşkil edəcək. Bu da Masallı və Cəlilabad rayonlarının içməli su ilə təchizatını təmin etmək üçün kifayətdir. Həmin qurğudan gündəlik 6 min 566 kubmetr su eyni ərazidə yerləşəcək yeni anbara veriləcək və buradan su öz axını ilə boru xətti vasitəsilə supaylayıcı şəbəkəyə ötürüləcək.
Bildirilib ki, içməli su şəbəkəsi 5 min kubmetrlik anbarı, uzunluğu 6,8 kilometr, diametri 630 millimetr olan magistral kəmərdən və 121,5 kilometr uzunluğunda, diametri 110-400 millimetrlik paylayıcı su xətlərindən ibarət olacaq. Masallı şəhərindəki bütün evlərin  bu şəbəkəyə qoşulması təmin ediləcək. Yeni layihəyə əsasən, çirkab su şəbəkəsi və daşıyıcı kollektorların ümumi uzunluğu 111,1 kilometr, boruların diametr isə 200 millimetrdən 800 millimetrə qədər olacaq. Toplanan çirkab suları ümumi gücü 37 min əhali ekvivalentinə hesablanmış, saniyədə 242 litr suyu təmizləmək qabiliyyətinə malik, genişləndirilmiş, aerasiya tipli təmizləyici qurğu vasitəsilə emal ediləcək. Bu qurğunun istənilən məsafədən idarə olunması üçün müvafiq SKADA sistemi quraşdırılacaq. Hazırda “Meliorasiya və Su Təsərrüfatı” ASC Masallıdan başqa, “Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə çərçivəsində Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Cəlilabad, Yardımlı və Lerikdə də müvafiq layihələr həyata keçirir.
Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Masallı şəhərinin yeni su-kanalizasiya sisteminin təməlini qoyub.
Dövlətimizin başçısı gilizi təmələ buraxıb və beton qarışığı töküb.
Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Masallı Mədəniyyət Evində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Dövlətimizin başçısı mədəniyyət evinin təmirdən əvvəlki vəziyyətini və təmir işlərinin gedişini əks etdirən stendə baxıb.
Azərbaycan Prezidentinə məlumat verilib ki, 1956-cı ildə inşa olunmuş mədəniyyət evi əsaslı şəkildə təmir edilməyib. Rayonun bu əsas mədəniyyət ocağının təmirinə ötən ilin avqustunda başlanıb.
Qeyd edilib ki, 358 yerlik tamaşaçı salonundan və digər yardımçı otaqlardan ibarət üçmərtəbəli mədəniyyət evinin bütün infrastrukturu hazırda tamamilə yenidən qurulur. Mədəniyyət evi təmirdən sonra yenidən rayonun əsas mədəni-kütləvi tədbirlər mərkəzinə çevriləcək.
Mədəniyyət evində aparılan əsaslı təmir işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev martın 13-də Masallıya səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verib ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanıb. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin  və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını əks etdirən fotoguşələr yaradılıb.
Bildirilib ki, mərkəzin oyun zalı müasir avadanlıqla təchiz edilmişdir. Mərkəzdə rəsm qalereyası da gənclərin ixtiyarına verilib. Burada gənc rəssamların sərgiləri təşkil olunacaq və digər tədbirlər keçiriləcək.
Qeyd edilib ki, tir otağı iki hissədən ibarətdir. Birinci hissədə 10 metrlik məsafədən atəş açmaq üçün pnevmatik tir otağı yaradılıb. Almaniya avadanlığının quraşdırıldığı bu otaqda pnevmatik tüfəng və tapançadan atəş açmaq mümkündür. Bunların hər ikisi idmanın olimpiya oyunları növüdür.
Diqqətə çatdırılıb ki, otağın ikinci hissəsi interaktiv atıcılıq tiridir. Burada 30-a qədər müxtəlif proqramlardan istifadə etmək imkanı yaradılıb. Onlardan ikisi olimpiya idman növüdür.
Prezident İlham Əliyev pnevmatik tapançadan hədəfə atəş açıb.
Dövlətimizin başçısı kinozalda 3D formatlı filmə baxıb.
Bildirilib ki, Gənclər Mərkəzində multimedia kitabxanası da fəaliyyət göstərəcək. Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq kitabxanada böyük işlər görülüb. Kitabxananın fondunda 5 min nüsxə bədii ədəbiyyat, eləcə də Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş qiymətli kitablar var.
Məlumat verilib ki, kompyuter otağında yüksək sürətli internetə qoşulmuş12 kompyuter var. Burada kompyuter bilikləri üzrə xüsusi kurslar da təşkil olunacaq.
Qeyd edilib ki, açıq tipli kafedə gənclərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Otuz nəfərlik konfrans zalında gənclərlə bağlı istənilən tədbirin keçirilməsi mümkündür. Burada ən son texnologiyaya əsaslanan səs avadanlığı quraşdırılıb. Mərkəzdə gənclər üçün xarici dil kursları da təşkil olunub. Bütövlükdə yeni mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində və onların intellektual səviyyələrinin artırılmasında mühüm rol oynayır.
Prezident İlham Əliyev  Gənclər Mərkəzinin konfrans zalında  Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan gənclərin nümayəndələri ilə görüşüb və çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Masallıda “Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Masallıda 1,2 min tonluq soyuducu anbar kompleksi və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi tikilib. Layihəyə 5 milyon manat investisiya qoyulub ki, bunun da 1 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti təşkil edir.
Qeyd edilib ki, soyuducu anbar və istixana komplekslərinin inşası zamanı “Aqrolizinq” ASC-dən də ümumi dəyəri 2,4 milyon manat olan avadanlıq və köməkçi vasitələr lizinq yolu ilə alınıb. Komplekslərin tikintisinə 2011-ci ildə başlanıb. Layihənin icrası nəticəsində 60 nəfər daimi, 20 nəfər isə mövsümi işlə təmin olunub.
Bildirilib ki, İtaliya avadanlığı ilə təchiz edilmiş soyuducu anbar kompleksi Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi meyvə-tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın tələbatının təmin olunmasına imkan yaradacaq. Türkiyə və Niderland texnologiyası əsasında qurulmuş istixana kompleksində istehsal olunacaq tərəvəz məhsulları xarici ölkələrə də ixrac ediləcək. Daxili və xarici bazarların tərəvəz məhsulları ilə davamlı təmin edilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən də istifadə etməklə istixana kompleksinin ərazisinin daha 2 hektar genişləndirilərək 4 hektara çatdırılması nəzərdə tutulub.
Dövlətimizin başçısına istixana kompleksində məhsulun yetişdirilməsi texnologiyası barədə məlumat verilib. İstixanada müasir standartlara cavab verən pomidor sortları yetişdirilir. Mövsüm ərzində hər hektardan 350-400 ton məhsul götürülə bilər. Burada pomidorla yanaşı, digər məhsulların da yetişdirilməsi mümkündür.
“Masera” MMC-nin soyuducu anbar və istixana kompleksləri ilə tanış olan Prezident İlham Əliyev kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
* * *
Xəbər verdiyimiz kimi, martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonunda olub.
Dövlətimizin başçısı əvvəlcə Salyan şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Dövlətimizin başçısı son bir ildə rayonda həyata keçirilən abadlıq-quruculuq işlərini əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyevə il ərzində görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, dövlətimizin başçısının 2011-ci il 19 aprel tarixli Sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına çoxmərtəbəli kommunal evlərin fasadları müasir memarlıq üslubunda təmir edilib, milli ornamentlərlə bəzədilib, küçələrdə 630 işıqlandırma dirəyi quraşdırılıb. Daxili imkanlar hesabına Ələt-Astara magistral avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində 5 min metrdən çox istinad divarı tikilib və “Gülbax” daşla üzlənib. Küçələr abadlaşdırılıb, geniş ərazidə yaşıllaşdırma işləri görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Kompleksin texniki göstəricilərini əks etdirən stendlərə və eskiz layihələrinə baxan Prezident İlham Əliyevə məlumat verilib ki, Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi müasir memarlıq üslubunda, orijinal layihə əsasında inşa olunur. Kompleksin tikintisinə ötən ilin dekabrında başlanılıb. üçmərtəbəli binanın qarşısında Ulu öndərin əzəmətli abidəsi ucaldılacaq. Abidənin ətrafında fəvvarə kompleksləri tikiləcək.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan stendlərdə Ulu öndərin Salyana səfərlərini əks etdirən fotolar, dahi şəxsiyyətə məxsus sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar toplanacaq. Mərkəzin kitabxanasında ümummilli lider haqqında yazılmış kitablar və digər mətbu nəşrlər saxlanılacaq.
Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında 78 xidməti otaq olacaq. Burada əməkdaşların səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılacaq.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində “Kür” otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, oteldə əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanıb. Dördmərtəbəli oteldə 57 nömrə vardır. Nömrələr yüksək xidmət standartlarına cavab verir. Diqqətə çatdırılıb ki, otelin nəzdində şadlıq sarayı, restoran, bar-kafe və mağaza tikilib. Qeyd edilib ki, oteldə quraşdırılmış liftlər “Gilan” MMC-nin Qəbələ lift zavodunda istehsal olunub. Burada mərkəzləşdirilmiş havalandırma sistemi, transformator quraşdırılıb, su hovuzu tikilib. Otelin ətrafı abadlaşdırılıb.
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Salyan Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1985-ci ildən uyğunlaşdırılmamış binada fəaliyyət göstərirdi. ötən ilin martından Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəz üçün yeni binanın tikintisinə başlanılıb. Bütün lazımi infrastrukturun yaradıldığı Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülüb, ağac və gül kolları əkilib.
Mərkəzin foyesində Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətlərini, həmçinin, ümummilli liderin və dövlətimizin başçısının Salyan rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
Prezident İlham Əliyev mərkəzin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxıb, sərgi salonunda uşaqların əl işləri ilə tanış olub.
Qeyd edilib ki, birinci mərtəbədə kitabxana, emalatxana və xidməti otaqlar var. Burada iki otaq rayon uşaq kitabxanası üçün nəzərdə tutulub. İkinci mərtəbədə Mərkəzin fəaliyyətinə həsr olunan fotolar və uşaqların müxtəlif müsabiqələrdə qazandıqları  diplomlar nümayiş etdirilir. Əyləncəli fizika, gənc şahmatçılar, modelçilik, ibtidai texniki modelləşdirmə, bacarıqlı əllər, gənc dizayner, ingilis dili dərnəkləri də uşaqların intellektual inkişafı üçün nəzərdə tutulub. ümumilikdə, Mərkəzdə 1772 uşaq 10  dərnəkdə məşğul olacaq. Mərkəz müasir avadanlıqla təchiz edilib.
Mərkəzdə yaradılmış şəraitdən məmnunluğunu bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Salyan rayonuna səfəri çərçivəsində əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanış olub. Dövlətimizin başçısına məscidin ərazisində aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat verilib.
Prezident İlham Əliyev bu dini ocağın əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxıb. Dövlətimizin başçısı Babazanan dağında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən müxtəlif dövrlərə aid əmək alətləri, bəzək əşyaları və digər tapıntılarla tanış olub. Sonra Prezident İlham Əliyev Cümə məscidində yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, tarixi abidə olan Cümə məscidi 1865-ci ildə tikilib. Sovet hakimiyyəti illərində məscidin 21 günbəzindən 6-sı sökülmüş və dini məbəddən anbar kimi istifadə olunub. Sonralar məsciddə rayon rəsm qalereyası yerləşib. 1992-ci ildən isə yenidən məscid kimi fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, 2003-cü ildə Kür çayının daşması ilə əlaqədar yaranan qrunt sularının təsiri nəticəsində daha 9 günbəzi uçmuş məscid yararsız vəziyyətə düşüb. 2010-cu ilin fevralından Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məsciddə təmir-bərpa işlərinə başlanılıb, ötən ilin iyununda başa çatdırılıb. Hazırda məscid 18 günbəz, 12 sütun və bir minarədən ibarətdir. Məsciddə ibadət üçün hər cür şərait yaradılıb. Yeraltı sulardan mühafizə məqsədi ilə abidənin ətrafında drenaj sistemi quraşdırılıb.
Bildirilib ki, Cümə məscidi Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunur.
Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak edib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidentinə Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunda görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bu yol Kürsəngi, Birinci Varlı, Yolüstü və Yeni Uluxanlı kəndlərinin ərazisindən keçir. Bundan başqa, bu yol daha iki kəndin - Peyk və İkinci Varlı kəndlərinin 10 mindən çox əhalisinin yol probleminin həllinə də təsir göstərəcək. Yolun ümumi uzunluğu 23,5 kilometr, eni 10 metrdir.
Dövlətimizin başçısına məlumat verilib ki, Kürsəngi-Yolüstü yolu Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına təmir edilib.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30