Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

20.03.2012 [22:59]

Azərbaycan Prezidenti İlham Əliyev şənlikdə iştirak edib
Azərbaycan xalqının ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə dünən Bakıda ümumxalq şənliyi keçirilib.
Qədim Qız qalasının qarşısındakı meydan yenə də izdihamlı idi. Ətrafdakı binalar al-əlvan plakatlarla bəzədilmişdi. Meydanda Novruzun rəmzi olan nəhəng səməni də var idi.
Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona Novruzu unutdura bilməyib. O, ən çətin zamanlarda belə öz bayramını qoruyub yaşatmış, milli adət-ənənələrini unutmayıb, onları bu günümüzə gətirib çatdırıb.
Hələ respublikamıza rəhbərliyinin birinci dövründə - Ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruzun qədim köklərə malik olduğunu, xalqımızın qəlbində əbədi yaşadığını vurğulayan Ulu öndər Heydər Əliyev bu bayramı imperiyanın sərt rejimi dövründə respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımız nəcib adətlərin, milli dəyərlərin, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb.
Novruz çətinliklərdən keçərək öz haqqına qovuşdu. Novruza ümumxalq mahiyyəti verən Heydər Əliyev bayramlarda xalqla bir yerdə olur, insanları təbrik edir, ona milli birlik və həmrəylik tövsiyə edirdi. Novruzu xalqımızın əziz bayramı kimi səciyyələndirən Heydər Əliyev bu xidməti ilə də xalqın qədim adət-ənənələrinə son dərəcə bağlılığını göstərib.
Təbiətlə əlaqədar olan bu gözəl bayramımızın indi dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir.
Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd edib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan edib. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilib.
İndi Azərbaycan Novruzu yeni siması ilə qarşılayır. Paytaxtımızın və bölgələrimizin abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir. Bu işlərin qədimliyi, tarixiliyi qorumaq, müasir standartlar tətbiq etməklə aparılması ölkədə tarixi keçmişimizə diqqətdən xəbər verir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Qız qalasının qarşısındakı meydana gəliblər.
Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə və xanımına bayram xonçası təqdim ediblər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik ediblər.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar.
Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.
Sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parka gəliblər. Dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.
Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.
Azərbaycanın müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları maraqla qarşılanıb. Prezident İlham Əliyev və Mehriban Əliyeva aşıqların, muğam ifaçılarının çıxışlarını dinləyiblər.
Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrində hazırlanmış sənətkarlıq nümunələri nümayiş olunurdu.
Dövlətimizin başçısına və xanımına hədiyyələr təqdim edilib.
Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyiblər, qədim el sənətlərinin nümunələrinə baxıblar.
Dövlətimizin başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar.
Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıblar. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bayram şirniyyatları ilə çay içiblər.
Dövlətimizin başçısı və xanımı, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa ediblər.
İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar, nağaraçılar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirirdilər.
Milli parkda təşkil edilmiş “Şərq bazarı”nda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən və istehsal olunan ərzaq məhsulları da sərgilənmişdi. Bu sərgi bir daha təsdiqləyir ki, Azərbaycan Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlar uğurla yerinə yetirilir.
Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pəhləvanlar və güləşçilərlə xatirə şəkli çəkdiriblər.
Bahar qız Prezident İlham Əliyevə və Mehriban xanıma bayram xonçası təqdim edib.
Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurub.
Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı Prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edilib. Dövlətimizin başçısına çempionatın oyunlarına bilet satışı barədə də məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər yarışa biletlər aprelin 16-dan “onlayn” satışa çıxarılacaq.
Azərbaycan Prezidenti və xanımı 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzalayıblar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkdan şəhərin mənzərəsini seyr ediblər.
Dövlətimizin başçısı Onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər. Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə axşamdan xeyli keçənədək davam edib.
Paylaş:
Baxılıb: 909 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30