Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan beynəlxalq təhlükəsizlik məsələsini daim diqqətdə saxlayır

Azərbaycan beynəlxalq təhlükəsizlik məsələsini daim diqqətdə saxlayır

30.03.2012 [13:02]

Prezident İlham Əliyevin Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakı bunu bir daha təsdiq edir
Müasir dövrdə nüvə təhlükəsi, terrorçuluq, silah və narkotik maddələr qaçaqmalçılığı, insan alveri, ekoloji gərginlik kimi dünyanı narahat edən qlobal problemlər mövcuddur. Bu problemlərin qarşısının alınması və aradan qaldırılması üçün dövlətlərin siyasi iradə nümayiş etdirməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruridir. Azərbaycan dövlətlərin diqqətini mövcud problemlərə yönəltmək və səyləri birləşdirməyə xidmət edən beynəlxalq tədbirlərdə mütəmadi qaydada iştirak edir. Elə martın 26-27-də Koreya Respublikasının paytaxtı Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə qatılan Prezident İlham Əliyevin çıxış edərək nüvə problemi ilə mübarizədə Azərbaycanın mövqeyini bir daha ifadə etməsi ölkəmizin qlobal təhlükəsizliyə verdiyi önəmin göstəricisidir. Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə və Nüvə Materiallarının Fiziki Qorunması kimi beynəlxalq sazişlərə qoşulan, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq edən Azərbaycan Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının region üçün yaratdığı təhlükəni daim beynəlxalq qurumların diqqətinə çatdırır.
Azərbaycan, həmçinin, regional və qlobal təhlükəsizliyin təmin edilməsi istiqamətində müxtəlif sahələr üzrə beynəlxalq əməkdaşlığa qoşulub. Qlobal təhlükəsizlik sahəsində əməkdaşlıq ölkəmizin də təhlükəsizliyi baxımından prinsipial əhəmiyyət kəsb edir. Bu səbəbdən də, Azərbaycanın müstəqilliyinin ilk dövrlərində ölkənin üzləşdiyi çətinlikləri, regiondakı mürəkkəb vəziyyəti nəzərə alan ümummilli lider Heydər Əliyev 1990-cı illərin ortalarından etibarən respublikanın təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa fəal inteqrasiyasını təmin etdi. BMT-nin üzvü kimi, Azərbaycan təşkilatın Nizamnaməsində əksini tapan, eləcə də, Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi beynəlxalq təhlükəsizliyin qorunması ilə bağlı müqavilələrə qoşulmaqla bu yöndə xarici əlaqələrini inkişaf etdirir. 1999-cu ildə ölkəmiz BMT-nin Kimyəvi Silahlar Konvensiyasına qoşulub. 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sözügedən Konvensiya əsasında yaradılan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Milli Əlaqələndirici Qurumu təyin edilib. Təşkilatla əlaqələr çərçivəsində bu problemlə bağlı Azərbaycanda nəzəri və praktiki maarifləndirici kurslar təşkil olunub.
Eyni zamanda, Azərbaycan ATƏT-in Avropada Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq Avropada Adi Silahlar haqqında Müqaviləni imzalayıb. ölkəmiz həm də kütləvi qırğın silahlarının dünyada yayılmasının qarşısını almağa yönələn beynəlxalq əməkdaşlığı da dəstəkləyir.
Azərbaycan beynəlxalq cinayətkarlığa qarşı da fəal mübarizə aparan ölkələrdəndir. Silah və narkotik qaçaqmalçılığı, transmilli cinayətkar qruplaşmalarla mübarizədə ölkəmiz qonşu dövlətlər, digər ölkələr, həmçinin, beynəlxalq qurumlarla ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq edir. Son zamanlar böyük təhlükəyə çevrilməkdə olan kibercinayətkarlığın qarşısının alınması məsələsi də ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyət sahələrindən biri olan terrorçuluqla mübarizədə Azərbaycan illərdir ki, aktiv iştirak edir. 2001-ci ilin sentyabrında ABŞ-da baş verən məlum terror hadisəsindən sonra əksər ölkələr beynəlxalq terrorçuluqla mübarizə aparmaq üçün qüvvələrini səfərbər etdi. Ermənistanın dövlət terroruna məruz qalan Azərbaycan bu problemin aradan qaldırılmasının dünyada sülh və təhlükəsizliyin bərqərar olunması baxımından əhəmiyyətini yaxşı anlayır. Bu səbəbdən də ölkəmiz elə ilk vaxtlardan İraqda və Əfqanıstanda fəaliyyət göstərən sülhməramlıların işində yaxından iştirak etdi. Hazırda, beynəlxalq koalisiyanın Əfqanıstanda həyata keçirdiyi antiterror və sülhyaratma fəaliyyətinə Azərbaycan hava məkanından və ərazisindən yüklərin daşınmasına icazə verməklə, bir qrup hərbçisini bölgəyə göndərməklə dəstək verir. ölkəmizin terrorçuluqla mübarizəyə verdiyi töhfə beynəlxalq qurumlar və ABŞ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın təhlükəsizlik sahəsində uğurlu əməkdaşlıq qurduğu beynəlxalq təşkilatlar içərisində NATO ilə əlaqələri xüsusi əhəmiyyətə malikdir. 1992-ci ildə ölkəmizin Şimali Atlantik Əməkdaşlıq Şurasına qoşulması ilə təməli qoyulan əlaqələr 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq proqramı”nın qəbulu ilə daha intensiv şəkildə davam etdirilib. 2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası ilə NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” bu qurumla ölkəmiz arasında əlaqələrin daha da genişləndirilməsində böyük rol oynayıb. Alyansın “Şərq tərəfdaşlığı” siyasətində də Azərbaycan özünəməxsus önəm daşıyır. Bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulan bu əlaqələr son illər daha da intensivləşib.
Beləliklə, Azərbaycan çoxşaxəli fəaliyyəti ilə regional və qlobal təhlükəsizliyə nə qədər böyük önəm verdiyini əyani şəkildə nümayiş etdirir. Dövlət başçısının Nüvə Təhlükəsizliyi Sammiti, Münhen Təhlükəsizlik Konfransı kimi beynəlxalq tədbirlərdə iştirakı isə Azərbaycanın bu istiqamətdə prinsipial siyasətini bundan sonra da davam etdirəcəyini deməyə əsas verir.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 927 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30