Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev respublikanın şimal-qərb bölgəsinə səfər edib

Prezident İlham Əliyev respublikanın şimal-qərb bölgəsinə səfər edib

13.04.2012 [00:39]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevə Ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, dörd hektar ərazini əhatə edən parkda tikinti işləri bu ilin yanvar-aprel aylarında aparılıb. Burada 10 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb, dekorativ ağac və gül kolları əkilib. Müasir memarlıq üslubunda inşa olunmuş iki fəvvarə Heydər Əliyev parkını daha da gözəlləşdirib.
Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Qazax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Qazaxbəyli-Aşağı Salahlı yolunun açılışında iştirak edib. Dövlətimizin başçısına Qazax rayonunda yolların yenidən qurulması sxemləri təqdim olunub. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, əsaslı şəkildə yenidən qurulmuş Qazaxbəyli-Aşağı Salahlı yolu 5 minə yaxın əhalisi olan 3 kəndi birləşdirir. Uzun müddət təmir olunmadığından yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq.
Bildirilib ki, dövlətimizin başçısının tapşırığı ilə təmir olunan Yuxarı Salahlı-Kəmərli avtomobil yolundan isə 4 kəndin 13 minə yaxın  əhalisi istifadə edəcək. Burada da işlərin əsas hissəsi görülüb.
Prezident İlham Əliyevə təqdim olunan üçüncü layihə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi olub. Bildirilib ki, 53 kilometrlik yol ən müasir standartlar səviyyəsində qurulur. Yolun üzərində bir ötürücü əsaslı şəkildə təmir olunur, iki yeni körpü tikilir.
Sonra Prezident İlham Əliyev Qazaxbəyli-Aşağı Salahlı yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı inşaatçılarla görüşüb. Azərbaycan Prezidenti aprelin 10-da imzaladığı Sərəncamla fəxri adlara layiq görülmüş bir qrup inşaatçını təbrik edib.
Azərbaycan Prezidenti kənd sakinləri ilə görüşüb.
Sakinlər Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə də tanış olub.
Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, inşaat işlərinin də həcmi ilbəil genişlənir. Bu səbəbdən inşaat materiallarına, xüsusilə sementə olan tələbat durmadan artır. Hazırda respublikamızda sement istehsalı bu məhsula olan tələbatı ödəmir. Bunu nəzərə alaraq dövlətimizin başçısının tapşırığı əsasında 2007-ci ildən Qazax rayonu ərazisində yeni sement zavodunun layihələndirmə işləri aparılıb, 2010-cu ilin martından isə tikintisinə başlanılıb.
Müəssisənin direktoru Hikmət Qəribov məlumat verib ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən inşa edilən, ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunda işlərin xeyli hissəsi artıq başa çatdırılıb. Zavodun gündəlik istehsal gücü 2500 ton, illik gücü isə bir milyon ton olacaq. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaq.
Prezident İlham Əliyev zavodun idarəedilməsində istifadə olunan yüksək texnologiya əsasında hazırlanmış aparatlara baxıb.
Diqqətə çatdırılıb ki, bu avadanlıq zavodun kompyuter vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə olunmasına şərait yaradır. Bu, eyni zamanda, təhlükəsizlik normalarının da tam təmin olunmasına imkan verir.
Sonra dövlətimizin başçısı zavodun baş planı, texnoloji prosesi əks etdirən stendlər və müəssisənin maketi ilə tanış olub. Prezident İlham Əliyevə istehsal prosesi barədə məlumat verilib.
Qeyd olunub ki, Qazax sement zavodu istismara veriləndən sonra Azərbaycana idxal olunan sementin həcmi 30 faiz azalacaq. Müəssisənin texnoloji sxemi və baş planı “Azərdövlətmaşlayihə” İnstitutu tərəfindən hazırlanıb. Layihənin mühəndis-məsləhətçi şirkəti Türkiyənin “SC İndustry A.Ş.” şirkətidir. Zavodun inşaat işlərinin həyata keçirilməsinə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın müvafiq departamentləri və Azərbaycanın inşaat-quraşdırma şirkətləri cəlb olunublar. Xüsusi təcrübə tələb olunan işlər üçün çin Xalq Respublikasının “Sinoma” şirkəti dəvət edilib.
Şirkətin nümayəndəsi Fan Rüi Min məlumat verib ki, sement istehsalında müəssisənin mineral xammala olan tələbatını uzun müddət ödəmək məqsədi ilə faydalı qazıntı yataqları üçün 287,5 hektar torpaq sahəsi ayrılıb. Texnoloji avadanlığın 4 min 033 tonu, yəni 95 faizi idxal olunub və zavodun anbarında saxlanılır. 5,5 min ton qeyri-standart metal konstruksiyaların istehsalı üçün “Akkord”un Mingəçevir və Xırdalan zavodlarına sifarişlər verilib və istehsala başlanılıb. İndiyədək 2,8 min ton metal konstruksiyalar hazırlanaraq zavodun anbarına göndərilib. Texnoloji proses xəttində və qeyri-istehsal binalarında inşaat işlərinin 80 faizi uğurla başa çatdırılıb.
Layihənin sosial və iqtisadi əsaslandırılmasına görə, dağ-mədən, nəqliyyat və digər infrastrukturlar nəzərə alınmaqla, zavodda işçilərin ümumi sayı 650 nəfərə yaxın olacaq. İşçilərin 80 faizi Qazax və ona yaxın olan rayonlardan seçiləcək. Onların bir çoxu təlim proqramı çərçivəsində Türkiyə və çinə göndəriləcək. Zavod ərazisində mühəndislər və işçilər üçün ümumi sahəsi 3,7 min kvadratmetr olan 75 otaqdan ibarət altımərtəbəli, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz olunmuş 250 yerlik üçmərtəbəli yeməkxana, beşmərtəbəli inzibati bina, tibbi klinika, uşaqlar üçün əyləncə meydançasının tikintisi nəzərdə tutulub.
Prezident İlham Əliyev Qazax sement zavodu ilə bağlı texnoloji prosesin videotəsvirlərinə baxıb.
Bildirilib ki, layihənin tələblərinə uyğun olaraq müvafiq dövlət qurumlarından infrastruktur mənbələrin texniki şərtləri alınıb. Bu şərtlərə uyğun layihələr hazırlanıb. Artıq həmin obyektlərdə inşaat-quraşdırma işlərinə, o cümlədən 8 kilometrlik avtomobil yolunun, 18 kilometrlik dəmir yolunun, 14,2 kilometrlik xarici su xəttinin, 26 kilometrlik yüksəkgərginlikli xarici elektrik xəttinin, avtomatlaşdırılmış qazpaylayıcı stansiyanın, sel bəndinin tikintisinə və suvarma kanalının kənarlaşdırılmasına başlanılıb. Bu işlər sürətlə davam etdirilir.
Qeyd olunub ki, layihənin ətraf mühitə və sosial sferaya təsirinin qiymətləndirilməsi işləri aparılıb, Azərbaycan Respublikasının ekologiya normalarına cavab verməsi haqqında rəy alınıb. Məişət və istehsal sularının emalı məqsədi ilə gündəlik gücü 100 kubmetr olan müasir Bakterioloji Təmizləyici Kompleks quraşdırılır. İnşaat planına əsasən, zavod 2012-ci ilin sentyabrında sement, 2013-cü ilin aprelində isə klinker istehsalına hazır olacaq və tikinti işləri tamamlanacaq.
Prezident İlham Əliyev Qazax sement zavodunun tikintisi ilə bağlı görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları emal edən “Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodunun açılışında iştirak edib.
Məlumat verilib ki, illik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 milyon manatdır. Layihənin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6,8 milyon manat güzəştli kredit verilib. Zavod meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. ümumi sahəsi 4,7 hektar olan müəssisədə bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulub. Zavodun fəaliyyətə başlaması respublikamızda meyvə-tərəvəz istehsalının artmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradacaq.
“Azərsun-Holdinq”in idarə heyətinin sədri Abdulbari Gozel bildirib ki, İtaliya, Hollandiya və Türkiyə texnologiyaları əsasında inşa olunan zavodun tikintisinə ötən ilin yanvarında başlanılıb, bu ilin aprelində sona çatdırılıb. Müəssisədə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirakı ilə 1996-2011-ci illərdə “Azərsun-Holdinq”ə məxsus müəssisələrin açılışlarını əks etdirən fotoguşə yaradılıb.
Dövlətimizin başçısı müəssisədə meyvələrin dondurulması sahəsi, avadanlığın yerləşməsi və kartof çipsi istehsalı layihələri ilə tanış olub.
Qeyd edilib ki, hazırda zavodda on növ meyvə 18 dərəcədə dondurulub. İlkin mərhələdə müəssisədə 5 min ton dondurulmuş meyvə xammalı, 2 min ton turşu və tərəvəz istehsalı nəzərdə tutulub. İkinci mərhələdə 6 min tona yaxın kartof, 3 ton sirkəlik üzüm, 3 min ton turşu və üzüm yarpağı istehsalı üçün yeni xətlərin işə salınması planlaşdırılır. Bu istehsal xətti Qafqazda yeganə olmaqla, tam yetişdirilən meyvə və tərəvəzləri tez dondurmaqla uzun müddət saxlamağa və ilin istənilən fəslində istifadəyə hazır vəziyyətdə istehlakçıya təqdim etməyə imkan verəcək. İstehsal xəttinin üstünlüyü ondan ibarətdir ki,  mənfi 40-45 dərəcə temperaturda ani donma zamanı meyvələrin tərkində yaranan buz kristalları çox kiçik ölçüdə olduğundan hüceyrə divarı partlamır və bu səbəbdən meyvələrin buzu əridiyi zaman adi donmadan fərqli olaraq, şirəsi axmadan formasını və dadını tam təbii, olduğu kimi saxlayır.
Sonra Prezident İlham Əliyev çipsi istehsalı və meyvə-tərəvəzin dondurulmasını əks etdirən qısa filmə baxıb.
Azərbaycan Prezidenti dövlətin güzəştli krediti hesabına Gəncə-Qazax iqtisadi rayonu üzrə maliyyələşdirilən və maliyyələşdirilməsi nəzərdə tutulan investisiya layihələrini əks etdirən stendlə də tanış olub.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Gəncə-Qazax iqtisadi rayonu üzrə ümumilikdə 2 min 351 sahibkarlıq subyektinə 83,2 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 38,7 milyon manat güzəştli kreditin verildiyini bildirib. Bu kreditlər hesabına 17 mindən çox yeni iş yeri açılıb. Güzəştli kredit hesabına maliyyələşdirilən yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsindən 15-i istifadəyə verilib ki, bu da müxtəlif sahibkarlıq sahələrini əhatə edir.
Diqqətə çatdırılıb ki, həyata keçirilən layihələr nəticəsində regionda məşğulluğun səviyyəsi artıb, müasir texnologiyalara əsaslanan yeni istehsal, emal müəssisələri yaradılıb, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalına başlanılıb.
Sonra dövlətimizin başçısı müəssisənin laboratoriyası ilə tanış olub.
Bildirilib ki, keyfiyyətə nəzarət laboratoriyasının əsas fəaliyyəti istehsal edilən bütün məhsulların fiziki, kimyəvi və orqanoleptik göstəricilərinin sınağını aparmaqdır. Müasir avadanlıq və kimyəvi maddələrlə təchiz edilən laboratoriyada zavoda daxil olan bütün xammalın analizi aparılır, keyfiyyəti yoxlanılır.
Prezident İlham Əliyev laboratoriya ilə tanış olduqdan sonra müəssisəni işə salıb və istehsal prosesini izləyib.
Məlumat verilib ki, istehsal olunacaq konserv məhsulları və dondurulan meyvələr daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Xammal bazası yerli istehsalla yanaşı, Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı bölgələrindən də tədarük olunur. Bu isə öz növbəsində qonşu ölkədə yaşayan həmvətənlərimizin işlə təmin edilməsinə və maddi rifahının daha da yaxşılaşmasına imkan verəcək. Layihələrin icrası nəticəsində 158 nəfər işlə təmin olunub. Zavod istismar müddəti başa çatmış köhnə tikililərdən ibarət avtomobil bazasının ərazisində inşa olunub. Bu ərazidə 1994-cü ildən məskunlaşan 17 məcburi köçkün ailəsinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə onların yeni inşa olunmuş mənzillərə köçürülməsi və zavodda işlə təmin edilməsi nəzərdə tutulub.
Sonra Prezident İlham Əliyev zavodun işçiləri ilə söhbət edib.
Dövlətimizin başçısı müəssisə ilə tanışlıqdan sonra kollektivə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidentinə məlumat verilib ki, Gənclər Mərkəzinin tikintisinə bu ilin yanvarında başlanılıb, apreldə sona çatdırılıb. Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1160 kvadratmetrdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada, həmçinin Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Bütün lazımi avadanlıqla təchiz edilən konfrans zalında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi və 3D formatlı filmlərin nümayişi nəzərdə tutulub. Mərkəzdə yaradılan rəsm qalereyasında gənc rəssamların sərgiləri təşkil olunacaq.
Dövlətimizin başçısı mərkəzin binasının ikinci mərtəbəsində fəaliyyət göstərən elektron kitabxana ilə tanış olub. Bildirilib ki, kitabxananın fondunda Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar yer alıb. Bildirilib ki, kompyuter otağında sürətli internetə qoşulmuş 9 kompyuter var. Burada kompyuter bilikləri, o cümlədən xalçaçılıq və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır.
Mərkəzdəki kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılıb. Buradakı linqafon otağında isə gənclər üçün xarici dil kurslarının təşkili nəzərdə tutulub. Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Qazax rayonuna səfəri çərçivəsində Şahmat Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş mərkəzin tikintisinə 2011-ci ilin dekabrında başlanılıb. Mərkəzin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, gənclərlə görüşlərini, həmçinin ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət stendlər quraşdırılıb.
Diqqətə çatdırılıb ki, Qazax Şahmat Mərkəzi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan, ötən əsrin başlanğıcında tikilmiş 57 kvadratmetrlik köhnə binada yerləşirdi. Buna görə də mərkəz üçün şəhərin mərkəzində ümumi sahəsi 750 kvadratmetr olan yeni bina inşa edilib.
Prezident İlham Əliyevə məlumat verilib ki, Qazax Şahmat Mərkəzində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb. Mərkəzdə şahmat dərslərinin keçirilməsi üçün zəruri avadanlıqla təchiz olunmuş beş tədris, xidmət, müəllim otaqları, yeməkxana və oyun zalı fəaliyyət göstərir. Yüksək standartlara cavab verən, ümumi sahəsi 167 kvadratmetr olan oyun zalında yerli, regional və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün bütün şərait mövcuddur. Şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılıb. Bu da dərslərin kompyuter vasitəsilə tədrisinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır.
Dövlətimizin başçısı gənc şahmatçıların oyunlarını izləyib.
Qeyd edilib ki, Qazax Şahmat Mərkəzi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Qazax şahmatçıları son illərdə beynəlxalq və respublika səviyyəli şahmat yarışlarında bir sıra uğurlar qazanıblar.
Müasir memarlıq üslubunda tikilmiş mərkəzin binasının və ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunub. Mərkəzin həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılıb, göz oxşayan fəvvarə yaradılıb.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.
Həmin gün dövlətimizin başçısı Ağstafa və Tovuz rayonlarında da səfərdə olub, bir sıra obyektlərin açılışında iştirak edib.
Paylaş:
Baxılıb: 1098 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30