Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2018-ci ilə qədər iqtisadiyyatın real sektoruna 1,5 milyard manat güzəştli kreditlər veriləcək

2018-ci ilə qədər iqtisadiyyatın real sektoruna 1,5 milyard manat güzəştli kreditlər veriləcək

11.02.2014 [09:01]

Prezident İlham Əliyev: ...Banklar da öz sosial məsuliyyətini dərk etməlidirlər və iqtisadiyyatın real sektoruna kredit şəklində daha çox vəsait ayırmalıdırlar
Məlum olduğu kimi, bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri də sahibkarlıq fəaliyyətinin mövcudluğudur. Çünki istənilən ölkədə kiçik və orta sahibkarlığın inkişafı həm də dövlətin iqtisadi sabitliyinin əsas şərtlərindən biridir. Buna görə də, ölkəmizdə bu gün dövlətin əsas hədəflərindən biri də Azərbaycanda sahibkarlığın daha da inkişaf etdirilməsinə yönəlib və sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti yaradılıb. Belə ki, ötən illər ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılıb. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikada iri, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, yüksək keyfiyyətli, idxalı əvəz edən, rəqabətədavamlı ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması istiqamətində işlər görülüb. Xüsusən bölgələrdə kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın qeyri-neft sahəsində yeni iş yerlərinin açılmasına imkan yaradıb. Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF-ın) vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür. Hesabat dövründə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilib. Həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxıb, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, nəticədə ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb.
Fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı sahibkarlığın inkişafına çox böyük diqqət göstərildiyini deyən Prezident İlham Əliyev bildirib ki, xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunub, maliyyə resursları cəlb edilib: “Son 10 il ərzində Azərbaycanda 55 min yeni müəssisə yaradılmışdır. Dövlət xətti ilə bir milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Misal üçün keçən il 275 milyon manat kredit verilmişdir. Bütün bu kreditlər vaxtında qaytarılır. Bu da sahibkarlığın inkişafına yeni dəstək olur. Çünki həmin vəsait yenə də kredit şəklində sahibkarlara verilir. Sahibkarlar da qeyd etməliyəm ki, bu kreditlərə böyük məsuliyyətlə yanaşırlar. Yəni, bütün vəsaiti vaxtında qaytarırlar. Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təxminən bir milyard yarım manat vəsait kredit veriləcəkdir. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaqdır”.
Bundan əlavə, sahibkarların sosial məsələlərin həllində təşəbbüskarlığını artırmaqla onların ölkənin inkişafına dəstək verməsini stimullaşdıran dövlət başçısı indi də bankların özəl sektoru dəstəkləməsinin vacibliyini vurğulayıb. Belə ki, sözügedən çıxışı zamanı Prezident İlham Əliyev bankların sosial məsuliyyətini anlamağa və iqtisadiyyatın real sektoruna daha çox kredit ayırmağa çağırıb: “Hesab edirəm, vaxt gəlib çatıb ki, banklar iqtisadiyyatın real sektoruna daha çox maliyyə resursları ayırsınlar. Hazırda belə deyildir. Ancaq bankların funksiyalarından biri də ondan ibarətdir ki, ölkə iqtisadiyyatına daha da böyük təkan versinlər. Xüsusilə, dövlət də bank sektorunun inkişafına böyük dəstək verir. Əhali tərəfindən banklara inamın artırılması üçün dövlət çox böyük tədbirlər görmüşdür. Bilirsiniz ki, əmanətlər sığortalanır və bu addım banklara inamı böyük dərəcədə artırmışdır. Ona görə, banklar da öz sosial məsuliyyətini dərk etməlidirlər və iqtisadiyyatın real sektoruna kredit şəklində daha çox vəsait ayırmalıdırlar”.
Əlbəttə ki, Prezident İlham Əliyevin real sektorun inkişafına yönəlmiş tədbirlərin bundan sonra daha da genişləndirilməsinə dair tapşırıq və tövsiyələri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib ki, hazırda Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir. Ölkəmizdə həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə möhkəm zəmin yaradıb. Görülən tədbirlər nəticəsində, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın bütün sahələrində müsbət dinamika müşahidə olunmaqdadır.
A.Hüseynovun sözlərinə görə, ötən 10 ildə ölkəmizdə həyata keçirilən Dövlət proqramlarının uğurla icrası real sektorun da inkişafına əsaslı zəmin yaradıb: “Dövlət bu istiqamətdə fəaliyyətini daha da genişləndirir, konkret proqramlar üzrə uğurlu tədbirlər həyata keçirir. Bundan sonra real sektor üzrə inkişafın daha da sürətlənməsi üçün əlavə tədbirlərin görülməsinə, o cümlədən, bu sahəyə investisiya axınının genişlənməsinə zərurət var. Ona görə də, düşünürəm ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı bu məsəlyə toxunması və bununla bağlı konkret tapşırıqlarını verməsi olduqca əhəmiyyətlidir”.
YAP Siyasi Şurasının üzvü A.Hüseynov qeyd edib ki, hazırda Azərbaycanda 44 bank fəaliyyət göstərir. Bu bankların balansında 20,4 milyard aktivləri, 15 milyar manatdan da çox kredit portfeli var: “Bankların verdiyi kreditlərin tərkibinə nəzər salsaq görərik ki, istehlak kreditləri üstünlük təşkil edir. Ölkəmizdə pul-kredit siyasəti elə qurulub ki, bu siyasət inflyasiyanın qarşısını almağa imkan verir. Məsələn, 2013-cü ilin yekunlarına görə, ölkəmizdə inflyasiyanın ümumi səviyyəsi 2,4 faiz təşkil edib. Vətəndaşlar da inamla əmanətlərini banklarda yerləşdirə bilirlər. Çünki vətəndaşların banklara qoyduğu 30 min manatadək olan vəsaitlər sığortalanıb. Ən aşağı illik 8-9 faiz divident əldə etməyə imkan verir. Yəni inflyasiyanı nəzərə alsaq vətəndaş kifayət qədər gəlir əldə edə bilir. Bankların real sektora kreditlər yönəltməsi isə istehsalın artmasına, eləcə də, bankların daha artıq gəlir əldə etməsinə səbəb olacaq, idxaldan asılılığı azaldacaq”.
İqtisadçı Vüqar Bayramov isə deyib ki, ölkə Prezidentinin kommersiya banklarının biznesə, real sektora kreditlər yönəltməsi ilə bağlı bəyanatı strateji bir bəyanatdır. Çünki nəzərə almaq lazımdır ki, kommersiya banklarının real sektora daha çox kredit qoyması yerli istehsalın inkişafına təkan verəcək. Yerli istehsalın inkişafı isə ölkədə əldə edilən valyutanın daxildə qalması deməkdir: “Real sektor deyəndə ölkədəki yerli sənaye və istehsal sektoru nəzərdə tutulur. Buraya yerli məhsulların istehsalı o cümlədən, sənaye, aqrar məhsulların istehsalı daxildir. Nəzərə alsaq ki, 2013-cü ildə Azərbaycanda kommersiya banklarının kredit portfeli 15,3 milyard manata qədər yüksəlib və bunun 9,8 faizi, yəni 1,5 milyard manatı sənaye və istehsal sektoruna yönəldilən kreditlərdir. İstehlak kreditlərinin payı 38 faizdən çoxdur. Mikrokreditləri də nəzərə alsaq, kredit portfelinin təxminən yarısını istehlak və mikrokreditlər təşkil edir. İstehlak kreditlərinin payının artması müşahidə edilib və 2013-cü ildə istehlak kreditinin payı əvvəlki ilə nisbətən 38 faiz artıb. İstehlak kreditlərinin payının artması insanlarda olan pul kütləsinin həcminin artmasına gətirib çıxarır ki, 2013-cü ildə nağd pul kütləsinin həcmi 16,4 faiz artıb. Pul kütləsinin həcminin artması artıq inflyasiyanın cilovlanması baxımından arzuolunan deyil. Baxmayaraq ki, nağd pul kütləsinin həcmi artıb ölkədə inflyasiya 2,4 faiz qeydə alınıb. Hökumət bütün mümkün imkanlardan istifadə edərək 2013-cü ildə inflyasiya səviyyəsini nəinki birrəqəmli, eyni zamanada, tənzimlənən həddə saxlaya bilib. Cənab Prezidentin real sektora kreditlərin yönəldilməsi ilə bağlı bəyanatı həm inflyasiyanın uzunmüddətli dövrdə cilovlanması baxımından əhəmiyyətlidir, eyni zamanda, istehlak kreditlərinin nağd şəkildə insanlara verilməsinə gətirib çıxarır. İstehsal sektoruna kommersiya banklarının daha çox kredit yönəltməsi həm də idxaldan asılılığın aradan qaldırılması üçün vacibdir. Bu, eyni zamanda, yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Biznesin kreditləşdirilməsi daha böyük vəsaitlər hesabına maliyyələşməsi deməkdir. Baxmayaraq ki, SKMF il ərzində orta hesabla 200 milyon manatdan artıq vəsaiti güzəştli şərtlərlə sahibkarlara verir. Nəzərə almaq lazımdır ki, sahibkarların kreditə olan tələbatı yüksəkdir. Buna görə də, ölkə Prezidentinin də qeyd etdiyi kimi, SKMF-nin fəaliyyəti ilə yanaşı, kommersiya banklarının də real sektora kreditlər ayırması vacibdir. Biznes kreditləşməsi ölkədə faiz siyasətinə də təsir göstərəcək, kredit faizlərinin aşağı düşməsinə gətirib çıxaracaq. Daha aşağı faizlərlə kreditlərin verilməsi istehsal xərclərinin azalması deməkdir və ölkə ərazisində istehsal olunan məhsulların daha ucuz başa gəlməsinə xidmət edəcək. Bu mənada, ölkə Prezidentinin bankların ölkə iqtisadiyyatının real sektorunu maliyyələşdirməsi ilə bağlı bəyanatı həm yerli istehsalın dəstəklənməsi, həm idxaldan asılılığın azaldılması, həm məşğulluq siyasətinə töhfə verilməsi, eyni zamanda, bank sektorunda təklif olunan kredit faizlərinin aşağı salınması baxımdan strateji əhəmiyyətə malikdir”.
Sevinc NURİYEVA

Paylaş:
Baxılıb: 1167 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30