Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Maşınqayırma sənayesi: ötən əsrdən başlayan inkişafın davamı...

Maşınqayırma sənayesi: ötən əsrdən başlayan inkişafın davamı...

26.04.2014 [11:55]

Azərbaycanda sənayeləşmənin inkişaf tarixi ötən əsrin 70-ci illərindən başlayır. Bu da səbəbsiz deyil. Çünki ölkəmizdə postindustrial cəmiyyət quruculuğu modeli Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızda güclü sənaye iqtisadiyyatının təməli qoyulub. Daha dəqiq desək əvvəllər neft maşınqayırması kimi təşəkkül tapmış maşınqayırma sahəsi 1970-1980-ci illərdə əsaslı inkişaf etdirilib və nəticədə bir sıra vacib istiqamətləri əhatə edən maşınqayırma sənayesi kompleksinə çevrilib. Yüksək əmək və elm tutumuna malik olan bu sənaye sahəsi vaxtilə özündə 160-a yaxın müəssisə və təşkilatı, 110 min nəfərdən çox fəhlə və mütəxəssisi birləşdirib, minlərlə çeşiddə məhsul istehsal etmək imkanına malik olub, respublikanın ümumi sənaye istehsalının 1/5 hissəsi məhz bu sahənin payına düşüb.
Beləliklə, Ümummilli liderin respublikanın iqtisadiyyatına, xalq təsərrüfatına dərindən bələd olması həmin vaxtdan etibarən iqtisadiyyatın sənayeləşməyə yönəlməsinə təkan verdi. Ulu öndər Heydər Əliyev respublikamızın aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına, aqrar cəmiyyətdən sənaye cəmiyyətinə, aqrar sivilizasiyadan yüksək sənaye sivilizasiyasına çatmasına fundamental baza yaratdı. Nəticədə ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi.
1970-80-ci illərdə respublikanın neft maşınqayırma sənayesi də öz inkişafının yeni mərhələsinə daxil oldu, bu sahənin strukturunda ciddi dəyişikliklər baş verdi, strateji müəssisələr yenidən quruldu, yeni istehsal sahələri işə salındı. Həmin dövrdə ağır sənayenin sütunu olan Dərin Özüllər Zavodunun inşası sənayeləşmənin genişşəbəkəli dayaqlarını formalaşdırdı.
Məlum olduğu kimi, SSRİ dövründə Azərbaycanda İttifaq əhəmiyyətli Bünyad Sərdarov adına (keçmiş L.Şmit) Bakı maşınqayırma zavodu, Bakı mayesiz transformatorlar zavodu, Bakı məişət kondisionerləri zavodu kimi nəhəng sənaye müəssisələri fəaliyyət göstərirdi. Keçmiş SSRİ Neft Maşınqayırma Sənayesi Kompleksinin dəzgah və avadanlıqları Bakıda istehsal edilirdi.
Ümumiyyətlə, maşınqayırma kompleksi bir-biri ilə qarşılıqlı əlaqədə olan energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, nəqliyyat, kənd təsərrüfatı və s. maşınqayırma sahələrini əhatə edir. Maşınqayırma ağır sənaye kompleksi olaraq xalq təsərrüfatı üçün əmək alətləri, istehlak predmetləri və müdafiə xarakterli məhsullar istehsal edən bir sahədir. Maşınqayırma ümumilikdə xalq təsərrüfatının texniki təminat bazası olaraq, istehsalatda əmək məhsuldarlığını yüksəltməklə, insanların maddi rifahının yaxşılaşmasına və dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir.
XX əsrin 70-ci illərindən başlayaraq inkişaf baxımından əsas yer tutan sənayenin maşınqayırma sahəsi ötən illər ərzində iqtisadiyyatda mühüm iri və rentabelli müəssisələrin fəaliyyəti ilə diqqəti cəlb edib. Xüsusilə də, neft maşınqayırması bu sahədə mühüm rol oynayıb. Neft maşınqayırmasının əsas sütunu olan və neft sənayemizin inkişafında mühüm rolu olan Bakı Dərin Özüllər Zavodu xüsusi əhəmiyyətə malikdir. Yeri gəlmişkən, o zaman respublikanın neft maşınqayırması keçmiş ittifaqın neft-mədən avadanlığının 1/3 hissəsindən çoxunu, neftçıxarma texnikasının isə 70 faizini verirdi. Həmin illərdə ittifaq miqyasında yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Azərbaycanın payına düşürdü.
Yəni, Azərbaycanda maşınqayırma sənayesi hələ sovetlər dövründə bir sıra strateji müəssisələrin güclü istehsal imkanlarına görə seçilib. Gəncə Avtomobil Zavodu, B.Sərdarov adına zavod, Bakı və Sumqayıtdakı strateji maşınqayırma müəssisələri rentabelli iş fəaliyyətinə, potensial imkanlarına görə, həmçinin, regionda bir çox iqtisadi subyektlərin maddi-xammal təminatında və ehtiyat hissələrlə təchiz olunmasında xüsusi rol oynayıb. Bu müəssisələr istehsal etdiyi materiallar - maşın və onların hissələrinin istehsalına görə, postsovet məkanında fərqlənib. Eyni zamanda, respublikamızın maşınqayırma sənayesi müəssisələri iqtisadiyyatın milli gəlir baxımından mühüm sahəsi hesab olunub, ümumi sənaye strukturunda xüsusi çəkiyə malik olub.
Eyni zamanda, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələndən sonra bazar iqtisadiyyatının bütün prinsiplərini uğurlu şəkildə təmin edən liberal iqtisadiyyatın inkişafına təkan verilib. Ötən əsrin sonlarından başlayaraq sənayenin bütün sektorlarının, o cümlədən, maşınqayırmanın inkişafı üçün xüsusi proqramlar icra edilib. Müəssisələrin özəlləşdirilməsi, səhmdar cəmiyyətlərə çevrilməsi, eləcə də, postsənaye dövründə mühüm əhəmiyyətə malik müəssisələrin maddi-texniki bazasının yenidən qurulması, yeni istehsal sahələrinin yaradılması maşınqayırmanın tamamilə yeniləşməsinə, real bazara uyğun fəaliyyət göstərməsinə səbəb olub. Son illər maşınqayırma müəssisələrinin yeni texnologiyalar əsasında təchizatı isə onların həm istehsal güclərinin, həm də yeni çeşiddə məhsullar buraxılışı üçün imkanlarının artmasına səbəb olub.
Hazırda respublikamız maşınqayırma sənayesində istehsal olunan rəqabətqabiliyyətli məhsulların buraxılışına malikdir. Bu sırada avtomobillərin istehsalı xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, avtomobil sənayesi maşınqayırmada əsas sahə kimi nəzərə çarpır və dünyada avtomobil istehsalı rəqabətinin dərinləşdiyi bir ərəfədə Azərbaycan öz milli brendi ilə tanınmağa çalışır. Ölkəmiz artıq bir neçə ildir ki, bölgədə ən iri avtomobil müəssisəsi olan Gəncə Avtomobil Zavodunun istehsal etdiyi maşınlarla məşhurdur. Həm yük, həm də minik maşınlarının istehsalına malik olan zavod illik gücünü artırmaq potensialına görə də fərqlənir. Zavodda Belarusla birgə istehsal olunan kənd təsərrüfatı üçün traktorlar yerli tələbatın ödənilməsində mühüm rol oynayır. Bir neçə ildən sonra bu maşınların qonşu dövlətlərə ixracı da nəzərdə tutulur.
Yeri gəlmişkən, maşınqayırma sənayesi təkcə, paytaxt Bakını və iri şəhərləri əhatə etmir. Belə ki, hazırda bu gün bu sənaye sahəsi regionlarda inkişaf etməyə başlayıb və bölgələrdə çox iri maşınqayırma zavodları mövcuddur. Xüsusilə də, avtomobil istehsalı regionlarda geniş vüsət almağa başlayıb. Şamaxıda, Naxçıvanda yeni texnologiyaların tətbiqinə əsaslanan maddi-texniki bazanın yaradılması sayəsində müasir avtomobillərin buraxılışı sürətlənməkdədir. Bu gün Naxçıvanda “Lifan” avtomobillərinin istehsalı, Mingəçevir və Zəyəmdə kənd təsərrüfatı maşınlarının hazırlanması maşınqayırma sənayesi üçün mühüm rol oynayır. Eləcə də, digər markalı maşınların buraxılışı ilə bağlı layihələrin həyata keçirilməsi planlaşdırılır.
Hazırda ölkəmizdə avtomobil bazarı daha çox xarici ölkələrin istehsal məhsulları hesabına təmin olunsa da, yaxın illərdə yerli və müştərək müəssisələrin istehsal fəaliyyətinin güclənməsi nəticəsində milli brendlər bu bazarda xüsusi yer tutmağa başlayacaq. Bununla yanaşı, respublikamızın İrana maşın ixracı da nəzərdə tutulan strateji hədəflərə aiddir. Dünyanın ən nəhəng maşınqayırma müəssisələrinin Azərbaycanda öz istehsal sahələrini yaratmaq niyyətlərinin gerçəkləşməsi isə bu sahənin yüksək inkişafını təmin etmiş olacaq. Onu da nəzərə almaq lazımdır ki, maşınqayırma sənayesi yüksək gəlir gətirən sahə hesab olunur. Eyni zamanda, bu sənaye bölməsi öz işçi qüvvəsinin həcminə görə də, iri sahə sayılır. Bu mənada maşınqayırma sənayesinin davamlı şəkildə inkişafı minlərlə iş yerinin yaradılmasına öz töhfəsini vermiş olacaq. Bu isə paytaxt Bakı ilə yanaşı, regionlarda yaşayan insanların məşğulluğunun təmin olunması, sosial vəziyyətlərinin yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb etmiş olur.
“Azərbaycan Respublikasında maşınqayırma sənayesinin İnkişaf Proqramı”na uyğun olaraq son illər bu sahəyə dövlət dəstəyi tədbirləri gücləndirilmişdir. Sənəddə maşınqayırma sahəsinin inkişaf etdirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının təmin edilməsi, maşınqayırma sənayesi məhsullarına olan daxili tələbatın ödənilməsinə nail olunması, ölkənin ixrac potensialının artırılması, maşınqayırma sənayesinin inkişafı əsasında digər istehsal və xidmət sahələrinin inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaradılması məqsədi daşıyır.
Proqrama uyğun olaraq ölkədə, neft-mədən və neft-kimya sənaye sahələri üçün avadanlıqların, maşın və mexanizmlərin istehsalının genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, bu məhsullar üzrə ixrac potensialının artırılması, sahənin elmi-texniki bazasının möhkəmləndirilməsi, yeni neft-mədən avadanlıqlarının işlənilməsi və sınaq nümunələrinin hazırlanması, təcrübə-sınaq mərkəzlərinin yaradılması, beynəlxalq standartların tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin, böyük potensiala malik olan elektrotexnika sənayesi müəssisələrinin istehsal potensialından səmərəli istifadə edilməsi məqsədi ilə: kütləvi tələbat olan müasir məişət cihazlarının və aparatlarının istehsalının və çeşidinin genişləndirilməsi, keyfiyyətinin artırılması, energetika sahəsində kütləvi istifadə olunan texniki təyinatlı elektrotexniki məhsulların istehsalının genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, vaxtilə avtomobil və kənd təsərrüfatı yönümlü mexanizm və ehtiyat hissələrinin istehsalı üzrə ixtisaslaşmış müəssisələrin potensialından səmərəli istifadə edilməsi, maşınqayırma üzrə yeni istehsalatların yaradılması, xüsusən, Gəncə və Bakı avtomobil zavodlarının bazasında ilk növbədə daxili tələbatı ödəmək üçün müasir yük avtomobillərinin və kiçik avtobusların yığma istehsalatlarının yaradılması nəzərdə tutulub.
Kamran İsmayılov,
AMEA-nın İqtisadiyyat
İnstitutunun doktorantı

Paylaş:
Baxılıb: 2000 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30