Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Türkiyə Azərbaycandan nəql edilən qazın həcmini artırmaq istəyir

Türkiyə Azərbaycandan nəql edilən qazın həcmini artırmaq istəyir

19.05.2009 [09:34]

Prezident İlham Əliyev: Biz neft sahəsində olduğu kimi, qaz sahəsində də şaxələndirmə siyasətimizi uğurla aparırıq.
Bu siyasət bizim maraqlarımıza cavab verir və əminəm ki, bizim üçün dost, qardaş ölkələrin maraqlarına da cavab verir
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan təkcə Türkiyənin deyil, ümumilikdə, Avropanın enerji ilə təminatında həlledici ölkədir
Azərbaycanın enerji siyasətində ən başlıca yerlərdən birini tutan qardaş Türkiyə neft və qaz layihələri ilə bağlı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Rəsmi Ankara qarşıdakı illərdə ölkənin qaza olan tələbatının ödənilməsində daha çox Azərbaycan qazından yararlanmağı düşünür. Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, yaxın illərdə Azərbaycanda istehsal olunan qazın həcminin artması Türkiyənin respublikamızdan əldə olunan yanacağın həcminin çoxaldılması ilə bağlı müraciət etməsinə səbəb olacaq. Baş nazirin fikrincə, hazırda Türkiyə il ərzində təxminən 35 milyard kubmetr qaz istifadə edir və qazın istehlakında Azərbaycanın payı ötən il 4 milyard kubmetr təşkil edib. Türkiyə yanacağın həcmini iki dəfə artıraraq 8 milyard kubmetrə çatdırmaq istəyir.
Türkiyənin baş naziri Varşavada enerji məsələlərinə dair müzakirələrdə bildirib ki, Azərbaycandan alınan təbii qazın qiymətinin artırılması ilə bağlı müxtəlif dairələr tərəfindən spekulyasiyaların aparılması, bu məsələnin başqa məcraya yönəldilməsi yolverilməzdir. Qeyd edək ki, R.T.Ərdoğan ötən həftə ölkəmizə səfəri zamanı da bu məsələyə münasibətini bildirib və indiki halda yanacağın qiymətinin ədalətli olmadığını söyləyib. İndiki tarifləri ədalətli rəqəm hesab etməyən baş nazir Azərbaycan hökuməti ilə müzakirələrin aparılmasının vacibliyini də qeyd edib. Türkiyənin hökumət başçısı dünya bazarındakı qiymət tariflərinə diqqət çəkərək yeni tariflərlə bağlı qəbul olunacaq qərarı dəstəkləyəcəklərini gizlətməyib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən görüşündə bütün iqtisadi sahələrdə, o cümlədən, enerji sahəsində daha sıx təmasların yaradılması barədə qarşılıqlı anlaşma əldə olunub, həmçinin, Türkiyə Azərbaycanla yanacağın tarifləri ilə bağlı sazişin bəndlərinin tələblərinə uyğun olaraq yeni qiymətlər əsasında qaz sahəsində əməkdaşlığın davamlılığına nail olub.
Azərbaycan “Şahdəniz” layihəsinin birinci mərhələsində olduğu kimi, ikinci mərhələsində də qardaş ölkənin yanacaqla təminatında aparıcı rol oynayacaq. Prezident İlham Əliyev bəyan edib ki, “biz neft sahəsində olduğu kimi, qaz sahəsində də şaxələndirmə siyasətimizi uğurla aparırıq. Bu siyasət bizim maraqlarımıza cavab verir və əminəm ki, bizim üçün dost, qardaş ölkələrin maraqlarına da cavab verir. Hesab edirəm ki, indiki mərhələdə çox ciddi addımlar atılmalıdır ki, qaz sahəsində əməkdaşlıq daha yeni müstəviyə qalxsın. Bu gün əldə edilmiş razılaşmalar daha çox regional xarakter daşıyır. Ancaq həm bizdə potensial var, həm potensial istehlakçılarda maraq var ki, bu əməkdaşlığın həcmi böyüsün və əməkdaşlıq genişlənsin. Azərbaycan etibarlı tərəfdaş kimi bu sahədə öz rolunu davam etməyə hazırdır”.
Rəcəb Tayyib Ərdoğan Polşada  keçirilən görüşlərdə dünya enerji bazarındakı vəziyyətə toxunarkən Azərbaycanı təkcə Türkiyənin deyil, ümumilikdə, Avropanın enerji ilə təminatında həlledici ölkə adlandırıb. Baş nazir respublikamızın həyata keçirdiyi diversifikasiya siyasətinin mühüm uğurlarına diqqət çəkərək dünyanın enerji təhlükəsizliyində Azərbaycanın verdiyi töhfəni xüsusi qiymətləndirib. Türkiyənin Azərbaycanla təbii qaz sahəsində ikitərəfli əməkdaşlığına toxunan baş nazir bu istiqamətdə ölkəsinin  səylərini artıracağını da bildirib. Bundan başqa, Türkiyənin Avropaya nəql olunan yanacağın ixrac marşrutları ilə bağlı, xüsusilə də, NABUCCO-nun çəkilişinə dair təklif olunan detalları dəstəkləyən Ərdoğan yeni yaradılan bütün ixrac marşrutlarını bölgənin və Avropanın təhlükəsizliyinin daha da möhkəmlənməsinə səbəb olacağına inandığını xatırladıb. Türkiyənin baş naziri deyib ki, Avropa İttifaqı NABUCCO layihəsinin çəkilişi üzrə işləri sürətləndirməlidir. Türkiyənin bu layihə üzrə öz üzərinə düşən işləri görməyə hazır olduğunu bəyan edən baş nazir qaz nəqli xətləri ilə bağlı müvafiq işləri görmək imkanlarını da diqqətə çatdırıb. Ərdoğanın sözlərinə görə, Türkiyə bu layihədə tədarükçü deyil, istehlakçı və tranzit ölkə rolunda çıxış edir. Onun fikrincə, tranzit ölkə olaraq  Türkiyənin sözügedən layihəni dəstəkləməsinə şübhə olmamalıdır.
Yeri gəlmişkən, Türkiyənin enerji və təbii qaynaqlar naziri Tanər Yıldız deyib ki, Azərbaycandan alınan qazın həcminin artırılmasından əvvəl qiymətlərlə bağlı yeni razılaşma əldə olunmalıdır. Nazirin fikrincə, yaxın günlərdə iki ölkənin futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşü ərəfəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə tariflərlə bağlı son detalları müzakirə edəcəklər. Tanər Yıldız bildirib ki, son aylarda “Şahdəniz” yatağının birinci fazası üzrə Türkiyəyə verilən qazın qiymətinə dair ARDNŞ ilə 7 dəfə danışıqlar aparılıb. Gələn həftə ARDNŞ prezidenti R.Abdullayevlə yenidən görüşəcəyini deyən T.Yıldız tariflərlə bağlı ümumi məxrəcə gələ biləcəklərini xatırladıb. Energetika naziri qazın qiymətinin hər iki tərəfi qane edəcəyini vurğulayaraq Türkiyənin Rusiyadan aldığı qiymətdən aşağı olacağını da istisna etməyib.
 ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1480 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30