Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatdı

Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatdı

09.01.2010 [09:22]

Şahin Mustafayev: Artıq sosial-iqtisadi inkişafın yeni mərhələsi başlanıb və bu mərhələnin əsas hədəfləri müəyyən edilib
2009-cu ildə Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatdı. Keçid dövrünün uğurla başa çatması Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir. Artıq Azərbaycanın qarşısında iqtisadi inkişaf baxımından yeni vəzifələr durur. İqtisadi inkişaf naziri Şahin Mustafayev keçid dövrünün reallıqlarını şərh etməklə yanaşı, qarşıda duran vəzifələrlə də bağlı geniş məlumat verib. Onun sözlərinə görə, dünya ölkələrinin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatına keçid yalnız çoxmülkiyyətli iqtisadiyyat və azad rəqabət şəraitində mümkündür. Bu proses, adətən, təkamül yolu ilə baş verir və bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda yeni iqtisadi sistemə transformasiya bir sıra fərqli xüsusiyyətlərə malik olub.
1991-1993-cü illər ərzində ölkə iqtisadiyyatı hər il orta hesabla 16 faiz azalıb
Ş.Mustafayev bildirib ki, 1990-cı illərin əvvəlində Sovetlər İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa səbəb olmuşdu. Bu mərhələnin iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. Belə ki, 1991-1993-cü illər ərzində ölkə iqtisadiyyatı hər il orta hesabla 16 faiz və bunun nəticəsində əhalinin pul gəlirləri real ifadədə 2 dəfə azalmışdı. ölkə istehsal potensialının demək olar ki, yarısını itirmiş, maliyyə-bank sistemi iflic vəziyyətə düşmüşdü. Büdcə kəsiri tamamilə Mərkəzi Bankın emissiyası ilə maliyyələşdirilirdi ki, bu da pul kütləsinin həddindən çox artmasına və manatın kəskin şəkildə dəyərdən düşməsinə səbəb olmuş və inflyasiya özünün ən yüksək mərhələsinə-hiperinflyasiya səviyyəsinə çatmışdı. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun xarici sərmayə qoyulmamışdı.
Nazirin sözlərinə görə, yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, 1994-cü ildə ilk neft kontraktı imzalandı, irimiqyaslı iqtisadi islahatlar başlanıldı. Bunun nəticəsində iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, maliyyə vəziyyəti sabitləşdi, dinamik iqtisadi artım təmin edildi, xalqın güzaranı yaxşılaşmağa başladı, bütün sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edildi. “Belə ki, Ulu öndərimiz tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi və o cümlədən, ixrac 4 dəfə, iqtisadiyyatla məşğul olanların orta aylıq real əməkhaqqı təxminən 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Bu dinamik inkişafı təmin etmiş müdrik sosial-iqtisadi siyasətin bəzi məqamları üzərində dayanmaq yerinə düşərdi. İslahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ən çox diqqət yetirilən məsələlərdən biri bu islahatların mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması olub. Ulu öndərimizin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında həlledici rol oynayıb” - deyə Ş.Mustafayev vurğulayıb. Onun sözlərinə görə, neft-qaz sənayesi ilə bərabər, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsində özəl sektorun rolunun artırılması məqsədilə özəlləşdirmə proqramları qəbul olundu və xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatına transformasiya prosesi sürətləndirildi.
Azərbaycan iqtisadiyyatının həcmi Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 2/3-ni təşkil edib
Nazir qeyd edib ki, keçid mərhələsində həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olub. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanılıb.
Sözsüz ki, keçid dövründə ən başlıca vəzifələrdən biri sahibkarlar təbəqəsinin formalaşdırılması olub. Bununla əlaqədar, sahibkarlığın inkişafına yönəlmiş tədbirlər sistemli şəkildə həyata keçirilib, dövlət tənzimlənməsi liberallaşdırılıb, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi formalaşdırılıb.
Ş.Mustafayev xüsusi vurğulayıb ki, keçid dövrünün ilk illərində həyata keçirilmiş uğurlu strategiya nəticəsində ölkənin maliyyə imkanlarının genişlənməsi inkişafın yeni mərhələsinə - sıçrayışlı sosial-iqtisadi inkişafa qədəm qoyulmasını təmin etdi: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, konservativ xarici borclanma strategiyası həyata keçirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifah göstəriciləri davamlı olaraq yaxşılaşıb. Yaradılmış münbit iqtisadi şərait davamlı və sürətli iqtisadi inkişafı təmin edib. Belə ki, 2004-2008-ci illər ərzində ümumi daxili məhsulun həcmi 2.6 dəfə artaraq, 1990-cı ilin səviyyəsini 2 dəfə üstələyib. Bu dövr ərzində Alıcılıq Qabiliyyəti Pariteti məzənnəsi ilə adambaşına düşən üDM təqribən 2.5 dəfə artaraq 8634 dollar təşkil edib, pul gəlirlərinin ümumi artımı inflyasiyanı 1.8 dəfə üstələyib, yoxsulluq səviyyəsi 13 faizə enib, ölkədə 760 mindən çox yeni iş yeri açılıb, xarici borcun üDM-ə nisbəti 7.9 faiz olub. 2008-ci ildə Azərbaycan iqtisadiyyatının həcmi Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 2/3-ni təşkil edib”.
Ş.Mustafayevin sözlərinə görə, ümumilikdə, müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilib və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla icra olunur.
İqtisadi İnkişaf naziri onu da qeyd edib ki, ölkəmizdə sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, özəl sektorun üDM-də xüsusi çəkisi 85 faizə çatıb. Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 70 milyard dolları ötüb ki, bunun da yarısı xarici investisiyaların payına düşür.
Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb
“Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi. Dünyanın aparıcı ölkələrində gedən kəskin ressesiyaya baxmayaraq, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam edib. 2009-cu ilin yanvar-noyabr aylarında üDM-nin real artımı 9 faiz, o cümlədən, neft-qaz sektorunda 15.1 faiz təşkil edib. Bu dövrdə kənd təsərrüfatı 3.3 faiz, rabitə 12.8 faiz, ticarət 9.4 faiz, nəqliyyat isə 7.7 faiz artıb.
Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilib, “Doing Business 2010” hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlayıb. 2009-2010-cu illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlib. Bütövlükdə, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. Təsadüfi deyil ki, bu günlərdə nüfuzlu “Standard and Poors” beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının hazırkı durumunu” “stabildən” “Pozitivə” yüksəldib” - deyə nazir vurğulayıb.
Ş.Mustafayevin sözlərinə görə, iqtisadiyyatımızın bugünkü vəziyyəti keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Belə ki, bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsi və dövlət, özəl və bələdiyyə mülkiyyətinin fəaliyyəti üçün rəqabət şəraiti yaradılıb. özəl sektorun xüsusi çəkisi sənayedə 91.1 faiz, tikintidə 66.9 faiz, kənd təsərrüfatında 99.8 faiz, ticarət və restoranlarda 99.3 faiz, nəqliyyatda 77.7 faiz, rabitədə 81.3 faiz, sosial və sair xidmətlərdə 42 faiz təşkil edib.
Eyni zamanda, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilib, bazar institutları formalaşdırılıb və xarici iqtisadi fəaliyyət liberallaşdırılıb.
Makroiqtisadi sabitliyin qorunub saxlanılması qarşıya əsas məqsəd kimi qoyulub
Artıq keçid dövrünün başa çatması ilə əlaqədar sosial-iqtisadi inkişafın yeni mərhələsi başlanıb və bu mərhələnin əsas hədəfləri müəyyən edilib. Bu barədə iqtisadi inkişaf naziri bildirib ki, makroiqtisadi sabitliyin qorunub saxlanılması qarşıya əsas məqsəd kimi qoyulub: “ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq. Dövlət idarəetməsinin təkmilləşdirilməsi və büdcə xərclərinin səmərəliliyinin artırılması struktur islahatlarının sürətləndirilməsi baxımından önəmli vəzifə kimi qarşıya qoyulub”.
2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsi iki dəfə azaldılacaq
Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı sürətləndiriləcək.
Ş.Mustafayevin sözlərinə görə, növbəti illərdə də sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcək. Bu siyasət 2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsinin iki dəfə azaldılmasına, işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin artırılmasına, sosial infrastrukturun inkişaf etdirilməsinə, təhsil və səhiyyədə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına və davamlı inkişafa nail olmağa imkan verəcək.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1709 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sülhə qarşı olanlar

13 Sentyabr 11:59

Gündəm

Start verildi...

13 Sentyabr 11:23

İqtisadiyyat

Analitik

100 saylı əmr!

13 Sentyabr 10:46  

Analitik

Analitik

Makronizmin son gülləsi...

13 Sentyabr 09:11  

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30