Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan regionun sənaye mərkəzinə çevrilir

Azərbaycan regionun sənaye mərkəzinə çevrilir

17.09.2020 [09:58]

Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir
Müasirləşməni starteji hədəf kimi müəyyənləşdirən Azərbaycanda son illərdə innovativ əsaslı sənaye quruculuğu geniş vüsət alıb. Hazırda sənayeləşmə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsini təşkil edir. Əlamətdar haldır ki, respublikamızın sənaye xəritəsi həm paytaxt Bakıda, həm də digər şəhərlərdə və bölgələrdə yaradılan müəssisələr hesabına zənginləşir. Bütövlükdə, respublika üzrə dörd sənaye mərkəzinin yaradılması istiqamətində intensiv iş aparılır. O cümlədən artıq regionlarda bir neçə sənaye məhəlləsi yaradılıb və onlar uğurla fəaliyyət göstərirlər. Azərbaycanda yeni sənayeləşmə siyasətində dünyanın qabaqcıl ölkələrinin müsbət təcrübəsinə istinad edilir. Belə ki, yeni istehsal müəssisələri bir qayda olaraq ən yüksək standartlar, müasir yanaşmalar və çağırışlar nəzərə almaqla yaradılır. Sumqayıt Kimya Sənaye Parkı deyilənlərə yaxşı nümunədir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. Açılış mərasimində dövlətimizin başçısı bildirib ki, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük.
Qeyd edək ki, Azərbaycandakı müasir sənaye quruculuğu beynəlxalq səviyyədə də diqqətlə izlənilir. Bunun təsdiqi olaraq xatırlatmaq yerinə düşər ki, 2020-ci ilin yanvar ayında Azərbaycan Prezidentinin İsveçrə Konfederasiyasına növbəti səfəri çərçivəsində Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
Gələcəkdə Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisə fəaliyyətə başlayacaq
Son illərdə Sumqayıtın iqtisadi potensialının əhəmiyyətli dərəcədə artması ölkəmizdə aparılan sənayeləşmə siyasətinin yaxşı nəticələrə gətirib çıxardığını təsdiqləyir. Belə ki, hazırda Sumqayıt məhz müasir sənaye şəhəri kimi inkişaf etdirilir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir.
Azərbaycanın müstəqillik illərində bu şəhərin yeni siması formalaşıb, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Məlum olduğu kimi, keçmiş sovet dönəmində Sumqayıtdakı sənaye müəssisələrinin əksəriyyəti köhnə texnologiyalar əsasında işləyirdi. Bunun da nəticəsində həm iqtisadi səmərəlilik aşağı səviyyədə idi, istehsal prosesində böyük itkilərə yol verilirdi, həm də şəhərin ekologiyasına ciddi ziyan vurulurdu. İndi həmin müəssisələrin əksəriyyəti istismardan çıxardılıb. Burada yeni yaradılan sənaye istehsalatlarına verilən tələblər isə müasir dövrün çağırışlarına tam cavab verir. Belə ki, müasir texnologiyaların quraşdırıldığı yeni müəssisələr anbara deyil, sırf istehlakçı tələbatına işləyir, keyfiyyət ən yüksək standartlara cavab verir və əlbəttə ki, ekoloji tələblər lazımi səviyyədə qorunur.
Sumqayıtda Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Qeyd edək ki, bu gün Sumqayıt Kimya Sənaye Parkının yerləşdiyi ərazi əvvəllər baxımsız vəziyyətdə idi. Buradakı çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr ekoloji baxımdan da təhlükə yaradırdı. Park fəaliyyətə başlamazdan əvvəl təxminən bir il ərzində ərazidə genişmiqyaslı təmizləmə işləri görülüb, müasir infrastruktur qurulub. Həmçinin parkda müxtəlif təyinatlı sənaye müəssisələrinin yaradılmasına investisiyalar yönəldən rezidentlərə bir sıra güzəştlər edilir. Göstərilən dövlət qayğısının nəticəsidir ki, parkdakı müəssisələrdə istehsal getdikcə artır. 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Yaxın perspektivdə parkın ərazisində daha bir neçə müəssisənin, o cümlədən də şüşə zavodunun istifadəyə verilməsi gözlənilir.
Bəhs olunan açılış mərasimində də bildirildiyi kimi, investorların Sumqayıt Kimya Sənaye Parkına marağı böyükdür. Parkda rezidentlərin məskunlaşması artıq 80 faizi ötüb. Ötən il burada tamamlanan iki mühüm sənaye layihəsi bütövlükdə respublikamızda sənaye inkişafına güclü təkan verib. Söhbət “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının tikintisindən gedir. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ilk müəssisə - polipropilen zavodu 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Layihə çərçivəsində növbəti müəssisə - yüksəksıxlıqlı polietilen zavodu 2019-cu il fevralın 18-də işə salınıb. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal etmək gücünə malikdir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2019-cu ilin əvvəlində istifadəyə verilən “SOCAR Karbamid” zavodu da geniş istehsal imkanlarına malik olan müəssisədir. Bəhs olunan istehsalatın dəyəri təxminən 800 milyon avro təşkil edir.
Deyilənlərdən də göründüyü kimi, Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin məskunlaşması sürətlə davam edir və gələcəkdə yer çatışmazlığı problemi yarana bilər. Buna görə də Prezident İlham Əliyev açılış mərasimində sənaye parkının genişləndirilməsinin, yeni oxşar sənaye zonasının yaradılmasının zəruriliyini diqqətə çatdırıb. Bildirilib ki, müvafiq ərazinin seçilməsinə elə indidən başlamaq lazımdır. Çünki ərazinin təmizlənməsi, infrastrukturun qurulması vaxt aparacaq. Potensial investorların müraciətlərinin müsbət cavablandırılması üçün zəruri olan işlərin görülməsi bəri başdan təmin edilməlidir. Prezident İlham Əliyev əlaqədar qurumlara bununla bağlı tapşırıqlarını verib. “Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlayın, yerləri seçin. Çünki yenə də deyirəm, belə templə ki, biz gedirik 2-3 ilə bütün bu yerlər dolacaq və 508 hektarda yer qalmayacaq. Ona görə baxın, harada biz bunu davam etdirə bilərik. Şərt deyil ki, bu əraziyə bitişik olsun, buradan bir qədər kənarda ola bilər, amma əsas odur ki, bu yerə rezident statusu veriləcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Sumqayıt Kimya Sənaye Parkında buraxılan məhsullara həm daxili, həm də xarici bazarlarda böyük tələbat var
Sənaye quruculuğu ilə bağlı Azərbaycanın qarşıya qoyduğu mühüm hədəflərdən biri müxtəlif məhsullara daxili tələbatın sırf yerli istehsal hesabına qarşılanmasından, həmçinin ixrac imkanlarının genişləndirilməsindən ibarətdir. Prezident İlham Əliyev bildirib ki, ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır.
Hazırkı qlobal iqtisadi-maliyyə çətinlikləri dövründə bunlar olduqca mühüm çağırışlardır. Ölkəmiz qarşıya bu kimi hədəflər qoymaqla özünün maliyyə vəsaitlərinə qənaət etmək, həmçinin valyuta gəlirlərini artırmaq məqsədi güdür. Deyilənlər baxımından Sumqayıt Kimya Sənaye Parkının rolu getdikcə artır. Parkda fəaliyyət göstərən müəssisələrdə buraxılan sənaye məhsullarına həm daxili, həm də xarici bazarlarda böyük tələbat var. Biz yuxarıda Sumqayıt Kimya Sənaye parkının ərazisində “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələrinin işə salınmasından söhbət açdıq. Hər iki layihə həm daxili tələbatın ödənilməsi, həm də ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından önəmlidir. Bu gün “SOCAR Polymer” kompleksi daxili bazarın tələbatını tam ödəyir və məhsulun izafi qalan hissəsi Türkiyə və Avropa bazarlarına ixrac edilir. Öz növbəsində “SOCAR Karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldırıb, bununla da ölkənin xarici valyuta xərcləri azalıb. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur.
Qarşıya qoyulan tələblərin ödənilməsi baxımından Prezidenti İlham Əliyev iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 2018-ci il noyabrın 16-da “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin istifadəyə verilməsi də mühüm əhəmiyət daşıyır. Fabrikdə Böyük Britaniya, Almaniya və İtaliya istehsalı olan avadanlıqlar quraşdırılıb. Fabrik beynəlxalq standartlara uyğun istehsal olunan məhsullarını müxtəlif formatlarda və qiymət seqmentlərində istehlakçılara təqdim edir. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb. Əvvəllər ölkəmiz siqaret idxalından asılı vəziyyətdə idi. Açılış mərasimində də bildirildiyi kimi, bəhs olunan fabrikin işə salınması sayəsində respublikamız hər il 300 milyon manata qənaət edir. Tədbirdə Prezident İlham Əliyev müəssisədə istehsalın genişləndirilməsi ilə bağlı tövsiyələrini verib.
Vurğulayaq ki, parkdakı müəssisələrdən ixrac 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30