Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir

Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir

05.08.2021 [09:15]

Prezident İlham Əliyev: Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir
Tarixən Azərbaycanda sənayenin inkişafı əsasən, neft sektoru ilə bağlı olub. On illər ərzində respublikamızda neft hasilatı və emalı sahəsində zəngin ənənələr və güclü maddi-texniki baza formalaşıb. Yeni şəraitdə isə respublikamızda qeyri-neft sənayesinin üstün inkişafının təmin olunmasına güclü siyasi iradə və maddi dəstək göstərilir. Ölkəmizdə müasir sənaye quruculuğu üçün bütün şərtlər təmin edilib. Belə ki, respublikamızda neftdənkənar sənaye müəssisələrinin yaradılmasına sərmayə qoyuluşu güclü şəkildə təşviq edilir, bu məqsədlə hüquqi baza möhkəmləndirilir. Son illərdə Prezident İlham Əliyevin siyasi qətiyyəti ilə reallaşdırılan islahatların böyük bir qismi məhz respublikamızda qeyri-neft sektoru üzrə sənaye quruculuğunun genişləndirilməsinə hesablanıb. Eyni zamanda, ölkədə qeyri-neft sənayesinin inkişafını sürətləndirmək üçün praktiki müstəvidə müvafiq tədbirlər görülür. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışındakı çıxışında ölkəmizdə sənayeləşmə siyasətinin uğurla həyata keçirilməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir. Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedir”.
Yeni müəssisələr ölkənin sənaye potensialını əhəmiyyətli dərəcədə artırıb
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan innovativ əsaslı, elm tutumlu sənaye quruculuğunu özünün strateji prioritetlərindən biri kimi müəyyənləşdirib. Qürurverici haldır ki, son illərdə respublikamızın sənaye xəritəsi həm coğrafi baxımdan genişlənib, həm də yeni-yeni müəssisələr hesabına daha da zənginləşib. Ölkəmizdə sənaye parklarının yaradılması getdikcə daha geniş vüsət alır. Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkında - 10 il bundan əvvəl təxminən 500 hektarda yaradılan Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Sənaye parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir.
Son illərdə Sumqayıt Kimya Sənaye Parkında yaradılan “SOCAR Polymer” və “SOCAR Karbamid” kimi nəhəng müəssisələr bütövlükdə, ölkəmizin sənaye potensialını əhəmiyyətli dərəcədə artırıb. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal etmək gücünə malikdir. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyir və məhsulun izafi qalan hissəsi Türkiyə və Avropa bazarlarına ixrac edilir.
“SOCAR Karbamid” zavodu da geniş istehsal imkanlarına malik olan müəssisədir. Dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR Karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldırıb, bununla da ölkənin xarici valyuta xərcləri azalıb. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulub.
Ölkəmizdə qeyri-neft sənayesi üzrə yeni müəssisələrin yaradılması ənənəsi bir sıra çətinliklərlə müşayiət olunan yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə də davam etdirilib. Ötən il Sumqayıtda tibbi maska və xüsusi geyimlərin istehsalı müəssisələrinin işə salınması respublikamızda pandemiya ilə mübarizənin səmərəliliyinin artırılmasında mühüm rol oynadı. Artıq Azərbaycan müvafiq qoruyucu geyimlərə və tibbi maskaya olan daxili tələbatını sırf yerli istehsal hesabına ödəyir.
Cari ilin yanvar ayında Sumqayıt Kimya Sənaye Parkının ərazisində Prezident İlham Əliyevin iştirakı ilə “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub. “Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən, qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.
Ümumiyyətlə, ölkəmizdə iri və kiçik sənaye müəssisələrinin istifadəyə verilməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Bunun da sayəsində respublika üzrə qeyri-neft sənaye istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. Artıq neçə ildir ki, milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeydə alınır. Bu baxımdan, 2021-ci ilin ilk yarısının göstəriciləri də istisna deyil. Prezident İlham Əliyev bu günlərdə Daşkəsən rayonuna səfəri çərçivəsində “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədikdən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə cari ilin əvvəlindən ölkənin qeyri-neft sənayesində əldə olunan yüksək nailiyyətlərə xüsusi diqqət çəkib. “Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm hansı başqa ölkədə buna rast gəlmək olar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qarabağ bölgəsində də sənaye parkları yaradılacaq
Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda yeni müəssisələrin yaradılması Azərbaycanın sənayeləşmə siyasətində yeni bir istiqamətdir. Ölkənin sənaye xəritəsinin regionlara doğru genişlənməsi bölgələrin tarazlı inkişafının təmin olunmasında, yerlərdə iqtisadi fəallığın artmasında mühüm rol oynayır. Artıq regionlarda dövlət-özəl sektor partnyorluğu sayəsində araya-ərsəyə gələn bir neçə sənaye məhəlləsi uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev ötən ay Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub və “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib. Dövlət başçımızın səfər çərçivəsində fəaliyyəti ilə tanış olduğu “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanılıb. Həmin vaxtdan bəri bu mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.
Prezident İlham Əliyev 2021-ci ilin aprel ayında regionlara növbəti səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib və buradakı müəssisələrlə tanış olub. Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verərək bildirib ki, ölkəmizdə sənayeləşmə artıq iri şəhərlərlə yanaşı, regionları da əhatə edir. Fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 milyon manatdan çox sərmayə yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan çox məhsul satışını həyata keçiriblər. Hacıqabul Sənaye Məhəlləsində yaradılan “Azərmaş” zavodu 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti “Plasstech” zavodudur. Müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir. Sənaye məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir. Müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq. Görülən işlərdən razılığını bildirən dövlətimizin başçısı “Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələnin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək”, - deyə vurğulayıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə ilk olaraq - Ağdam Sənaye Parkının təməlqoyma mərasimi keçirilib. Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 766 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30