Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avropanın xilası

Avropanın xilası

17.02.2022 [10:14]

“Qoca qitə” Rusiya qazını əvəzləmək yolunu tapdı

Mübariz ABDULLAYEV

Artıq xeyli vaxtdır ki, Rusiya Ukrayna münasibətlərinin gərginləşməsi qlobal miqyasda müzakirə olunan əsas məsələlər sırasında yer alır. Həqiqətən də, müharibə gərginlikləri əhəmiyyətli dərəcədə artıb. Dünya yeni, dəhşətli bir müharibənin astanasındadır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Vəziyyət elə gətirib ki, hazırda dünyada Avropanın qaz təchizatı məsələsi müharibə mövzusundan az müzakirə olunmur. Müharibə gərginliyi yüksəldikcə Avropanın “mavi yanacaq” təchizatı ilə bağlı narahatlığı da adekvat şəkildə artır. Bəs bu cür narahatlıqların səbəbi nədir və onlar haradan qaynaqlanır?

Rusiya qazı silah kimi

Belə məlum olur ki, indiki dövrdə silahlar yalnız ön cəbhədə, qoşunların təmas xəttində şaqqıldamır. Sən demə, qazdan da rəqibə və onun tərəfini saxlayan ölkələrə qarşı silah kimi istifadə etmək mümkün imiş. Söhbət enerji amilinin siyasi təzyiq vasitəsinə çevrilməsindən gedir. Məsələ burasındadır ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağı təqdirdə bu ölkəyə münasibətdə sanksiyaların əhatə dairəsinin genişləndirilməsi məsələsini gündəmə gətirən Avropa ölkələrinin özlərinin bunun müqabilində qaz təhdidləri ilə üzləşmələri ehtimalı kifayət qədər böyükdür. “Qoca qitə” özünün “mavi yanacaq” təchizatının təxminən 40 faizini Rusiyadan idxal hesabına qarşılayır. Rusiyada əmindirlər ki, Avropa ölkələri bütün hallarda Rusiya qazından imtina edə bilməyəcək. Elə Avropalı ekspertlər də təxminən eyni fikirdədirlər. “Müharibəyə qarşı sanksiyalar” formulu işə düşərsə, Rusiyanın Avropaya qaz nəqlini dayandırması və yaxud azaltması ehtimalı kifayət qədər yüksəkdir. Belə olan halda Avropanın enerji təhlükəsizliyində ciddi problemlər yaşanacağı tam realdır. Özü də nəzərə almaq lazımdır ki, pandemiyanın yaratdığı çətinliklər səbəbindən “qoca qitə”də ayrı-ayrı ölkələr lazımi həcmlərdə qış tədarükü görmək qayğısına qalmayıblar. Qışın başa çatmasına hələ çox qalmasına rəğmən, anbarlar sürətlə boşalır, bir qism ölkələrin isə ümumiyyətlə, qaz saxlama anbarları yoxdur. Buna görə də “qoca qitə”dən həy?canlı xəbərlər gəlir. Avropanın ayrı-ayrı ölkələri müharibə baş verəcəyi təqdirdə Rusiyadan kəsiləcək qazı başqa mənbələrdən almaq üçün digər təchizatçılarla intensiv danışıqlar aparmaq məcburiyyətində qalmışdılar.

“Rusiya energetikadan silah kimi istifadə edə bilər”. Bu fikri Avropa Komissiyasının prezidenti xanım Fon der Lyayen ifadə edib. Avropa Komissiyasının rəsmisi fikirlərinə davam edərək vurğulayıb:  “Biz müşahidə etdik ki, qaza yüksək tələbat olduğu dövrdə “Qazprom”  Avropaya “mavi yanacaq” tədarükünü azaltdı. Yüksək tələbat şəraitində özünün gəlirlərini artırmağa çalışmaması şirkət tərəfindən qəribə davranış sərgiləməsi anlamına gəlir. Belə davranış artıq Rusiyanın enerji daşıyıcılarının etibarlı təchizatçısı imicinə xələl gətirib”.

“Qoca qitə”də Rusiya qazından asılılıqdan qurtulmaq testi

Alınan xəbərlərdən belə məlum olur ki, müharibə başlayacağı təqdirdə Rusiyadan ehtimal olunan enerji təhdidlərinə “qoca qitə”də cavab ssenariləri hazırlanıb. Avropa Komissiyasının prezidenti Fon der Lyayen bildirib ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya mümkün hücumu fonunda qazın kəsilməsinə hazırlıqlarını görüb. “Biz son həftələrdə Rusiyadan Avropa İttifaqına qaz təchizatının tam və yaxud qismən dayandırılması şəraitində bütün ssenarilər üzərində işləmişik. İndi deyə bilərəm ki, biz cari qış mövsümündə öz təhlük?sizliyimizi təmin etmişik”, - deyə Fon der Lyayen vurğulayıb.

Avropa Komissiyasının prezidentinin sözlərinə görə, “qoca qitə” digər qaz təchizatçılarının təkliflərindən faydalana bilər. Elə Avropa Komissiyasının yüksək səviyyəli rəsmisinin “Rusiyanın qazı olmadan da keçinə bilərik” açıqlamasındakı əminlik də bununla bağlıdır. Son vaxtlarda Avropada qaz təchizatı ilə bağlı iki ssenari üzrə hazırlıqlar görülüb. Avropanın və onun müttəfiqlərinin baş sındırdıqları birinci ssenari ondan ibarətdir ki, müharibə şəraitində Rusiya Avropaya qaz təchizatını dayandırmayacaq. “Hadisələrin bu cür inkişafı halında ciddi itkilərə məruz qalacaq yeganə ölkə Rusiya olacaq. Rusiya bilir ki, bu, (qaz ixracı) onun büdcəsinin əhəmiyyətli hissəsidir. Əslində, bu ixrac dayanarsa, onlar üçün ağır zərbə olacaq. Onların ixrac etməyə məcbur olduğu yeganə məhsulun karbohidrogenlər olduğu bəllidir”. Bu fikri  ABŞ prezidenti Co Bayden bir neçə gün bundan əvvəl Almaniyanın yeni kansleri Olaf Şolzla Ağ evdə keçirdiyi görüşdə ifadə edib. Ağ ev rəsmisi, həmçinin növbəti dəfə “Şimal axını-2”nin taleyinin Rusiyanın Ukraynanı “işğal edib etməməsi” ilə əlaqələndirib. O, diqqətə çatdırıb ki, müharibə baş verərsə, qaz kəmərinin işə salınması ümumiyyətlə, qadağan olunacaq.

Avropanın hazırlıqlar gördüyü ikinci istiqamət hadisələrin ən pis ssenari üzrə inkişafı ilə bağlıdır. “Rusiyadan qaz təchizatı dayandırılacağı təqdirdə Avropa nə ilə isinəcək?” Xarici KİV-lərdə verilən məlumatlarda bildirilir ki, yanvar ayında Avropa İttifaqında bu suala cavab tapılması istiqamətində gərgin iş aparılıb. Əvvəla, ABŞ Avropaya qaz təchizatının dayandırılacağı təqdirdə “qoca qitə”nin “mavi yanacaq”a tələbatının əhəmiyyətli hissəsini öz imkanları hesabına ödəyəcəyi vədini verir. Bu vədlər tam real görünür. Co Baydenin sözlərinə görə, ABŞ administrasiyası bunun necə həyata keçirilə biləcəyini araşdırır və xarici tərəfdaşlarla danışıqlar aparır.

Daha bir xəbər də xüsusi diqqət çəkir. Avropanın yanvar ayında  Rusiya qazından asılı olmadan yaşamaq ehtimalını artıq test etdiyi bildirilir. Məlumata görə, yanvar ayında “qoca qitə” xaricdən rekord həcmdə - 11,46 milyon ton miqdarında LNG (dondurulmuş qaz) alıb. “Qoca qitə”nin Rusiyadan aylıq qaz idxalı isə 12.4 milyon tona bərabərdir. Belə çıxır ki, Avropa daha bir kiçik həml edib qaz anbarlarına ayda daha 1 milyon ton qaz vurulmasına nail olsa, Rusiya qazını tam şəkildə əvəzləyə bilər.

Bu arada Yaponiya da Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə, Avropaya qaz nəql etmək imkanlarının olduğunu bildirib. Bunu Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Haqiuda Koiçi deyib. Məlumat verilir ki, ABŞ və Avropa İttifaqının rəsmi nümayəndələri bir sıra Asiya ölkələrinə, xüsusən də Yaponiya, Cənubi Koreya və Hindistana “qoca qitə”yə qaz tədarükü ilə bağlı müraciət ediblər. Gündoğar ölkə Avropanın bu müraciətinə qarşılıq verməyə hazırdır.

Digər variantlar da istisna deyil. Fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Azərbaycan “qoca qitə”yə “mavi yanacaq” tədarükünü artırmağa imkanları olduğunu bəyan etdi. Hələlik Azərbaycan “Şahdəniz” yatağından çıxarılan qazı Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırır. Ölkəmizdə, həmçinin yeni yataqların istismara hazırlanması və istehsalın genişləndirilməsinə hazırlıq işləri aparılır. Bundan sonra ölkəmizin hazır infrastrukturla Avropaya yeni qaz həcmləri ötürmək imkanları daha da artacaq. Ötən il respublikamız Avropaya 8 milyard kubmetrdən çox “mavi yanacaq” ixrac etməyə nail oldu. 2022-ci ildə bu rəqəmin 10 milyard kubmetrədək artırılacağı proqnozlaşdırılır.

Rusiya və Ukrayna arasında müharibə başlayacağı təqdirdə “qoca qitə”nin enerji təhlükəsizliyinə, həmçinin Qətər də dəstək verə bilər. Hətta İsraildən və İrandan da “qoca qitə”yə “mavi yanacaq” tədarükü ssenariləri nəzərdən keçirilir. Beləliklə, cəmi bir neçə ay bundan əvvəl Avropa panika içində idi. Onda müharibə başlayacağı təqdirdə Rusiya qazını hansı mənbədən əvəzləyəcəyini yəqinləşdirə bilməyən “qoca qitə”də əsəblər tarıma çəkilmişdi. Aradan müəyyən vaxt ötəndən sonra təsdiqləndi ki, Avropanın qaz təchizatını yeni mənbələr hesabına qarşılamaq tam realdır. 

Paylaş:
Baxılıb: 683 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30