Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Torpaqlardan daha səmərəli istifadə ilə bağlı tədbirlər həyata keçirilməkdədir

Torpaqlardan daha səmərəli istifadə ilə bağlı tədbirlər həyata keçirilməkdədir

06.12.2010 [10:08]

Qərib Məmmədov: Komitə respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı strategiyaya da öz töhfəsini verməkdədir
Dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Yeni Azərbaycan Partiyasının (YAP)  mərkəzi qərargahında mətbuat konfransı keçirib. Qərib Məmmədov respublikamızda həyata keçirilən torpaq islahatları və torpaqdan səmərəli istifadə ilə bağlı aparılan davamlı işlər barədə ətraflı məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycan dövlətçiliyinin memarı ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə MDB dövlətləri içərisində respublikamızda torpaq islahatı proqramı hazırlanıb. Həmin proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradılıb. Azərbaycan MDB-də torpaq islahatlarına start verən ilk ölkə olub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, digər ölkələrdən fərqli olaraq respublikamızda torpaqlar vətəndaşlara pulsuz olaraq əvəzsiz verilib.
Qərib Məmmədovun qeyd etdiyinə görə,  MDB-nin digər ölkələrindən fərqli olaraq Azərbaycan vətəndaşları yararsız və ya az yararlı torpaqlarla deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin olunublar. Nəticədə 3 milyon 500 min vətəndaş, 874 min ailə torpaq mülkiyyətçisinə çevrilib. Bununla yanaşı, ölkəmizdə fiziki və hüquqi şəxslərə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və digər hüquqlar verilib ki, bu da Azərbaycanda torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut edir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri bildirib ki, Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət ölkəmizin yeni inkişaf mərhələsində əldə etdiyi nailiyyətləri daha da artırır. Q.Məmmədov deyib ki, respublikamızın inkişafında iqtisadi və siyasi əhəmiyyət kəsb edən torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qanunvericiliklə verilmiş səlahiyyətləri çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirməkdədir.
Qərib Məmmədov aqrar islahatların birinci mərhələsinin tam başa çatdığını və bu mərhələdə ləğv olunmuş 2042 kolxoz və sovxozun əsasında üç mülkiyyət formasının yaradıldığını diqqətə çatdırıb. Hazırda ölkəmizdə torpaqdan istifadəyə görə, üç mülkiyyət - dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları mövcuddur. ümumi torpaq sahələrində dövlət torpaqlarının payı 56,9 faizdir. Bura meşə, yay və qış otlaqları, su fondu və digər dövlət əhəmiyyətli obyektlər daxildir. Bələdiyyə əraziləri və torpaqlarının sahəsi isə 2032744 hektar təşkil edir ki, bu da ümumi torpaq fondunun 23,5 faizi deməkdir. Yeri gəlmişkən, son illər bələdiyyələrin birləşdirilməsi ilə bağlı aparılan tədbirlər nəticəsində yerli özünüidarəetmə orqanlarının sayı 1718-ə düşüb. Komitə yeni hüquqi status almış bütün bələdiyyələrin torpaqlarının zəruri yerquruluşu xəritələrini tərtib edərək özlərinə təhvil verib. Bundan başqa, yerli özünüidarəetmə orqanlarının sərhədlərinin müəyyənləşdirilməsi, sərhədlərin əsas döngə nöqtələrində mərz nişanlarının basdırılması və nəticənin xəritələşdirilərək Milli Məclisə təqdim edilməsi üçün zəruri tədbirlər görülüb.
Azərbaycanın aztorpaqlı ölkə olduğunu qeyd edən Qərib Məmmədovun sözlərinə görə, respublikamızda adambaşına 0,18 hektar torpaq sahəsi düşür. İşğal olunmuş əraziləri nəzərə alsaq, bu sahə bir az da azalır. Buna görə də torpaqları qoruyub, gələcək nəsillərə ötürmək lazımdır. Torpaq elə bir təbii tarix cisimdir ki, əgər normal torpaqəmələgəlmə şəraiti olarsa, 300 ilə bir sm torpaq qatı əmələ gələ bilər. Bu şərait olmasa, təbii ki, proses getməyə də bilər. Ona görə də, komitə və digər müvafiq dövlət qurumları torpağın eroziyadan, şorlaşmadan, neftlə çirklənmədən və digər amillərdən qorumaq məqsədilə sistemli işlər həyata keçirməkdədir. 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması ilə əlaqədar DTXK bir sıra nazirlik və dövlət şirkətləri ilə birgə eroziyaya uğramış və neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində işləri sürətləndirib. Təkcə Abşeron yarımadasında 30 min hektar torpaq çirklənməyə məruz qalıb, həmin ərazilərin 15 min hektarı neftlə çirklənmiş torpaqlardır.
Torpaq bazarındakı vəziyyət barədə məlumat verən DTXK-nin sədri bu sahədə son illər mühüm dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb. Əvvəllər bələdiyyə torpaqlarının özəlləşdirilməsində bir sıra qanunsuzluqlar baş verirdi. ümumiyyətlə, ötən müddət ərzində təxminən 7 min torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib. Bu hallar həm dövlət, həm bələdiyyə, həm də xüsusi mülkiyyətdə olan torpaqlar üzrə qeydə alınıb. Son 3 ildə isə belə halların qarşısı alınıb. Belə ki, Prezident İlham Əliyevin imzaladığı “Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanına uyğun olaraq, bələdiyyə torpaqları torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilməkdədir. Qəbul edilən normativ hüquqi sənədlərə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinın və hərraclarının təşkilatçısı səlahiyyəti verilib. 2007-ci ilin dekabr ayından tətbiq olunan yeni qaydalara əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarələr yalnız torpaq hərracları və ya müsabiqələr yolu ilə keçirilir. Bu isə prosesin tam şəffaf şəkildə həyata keçirilməsinə səbəb olur. İndiyədək torpaq alqı-satqısı üzrə 3700-dən çox hərrac keçirilib.
Azərbaycanda torpaq islahatlarının ikinci mərhələsinə uyğun olaraq torpaqlardan səmərəli istifadə ilə bağlı məqsədyönlü işlər aparılmaqdadır. Qərib Məmmədov komitənin regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdə də yaxından iştirak etdiyini xatırladıb. Komitə torpaqların inventarizasiyası və digər işlərin aparılması üçün mühüm addımlar atıb. Bundan başqa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı strategiyaya da öz töhfəsini verməkdədir. Qərib Məmmədovun sözlərinə görə, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qarşısında bir sıra vəzifələr qoyulub. Belə ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlavə əkinə yararlı torpaqların müəyyənləşdirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində əlavə olaraq əkinə 900 min hektara yaxın torpaq cəlb olunmalıdır. Bu istiqamətdə torpağın şorakətləşməsi, eroziyaya uğraması, şəhərləşmə prosesi ilə bağlı torpağın dövriyyədən çıxarılması və s. kimi təsirlərin qarşısının alınması da komitəyə həvalə olunub.
Azərbaycanın qonşu dövlətlərlə sərhədlərinin delemitasiyası və demarkizasiyası ilə bağlı vəziyyətə gəlincə, Qərib Məmmədov Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı prosesin tam başa çatdırıldığını söyləyib. Belə ki, Rusiya prezidenti Dmitri Medvedevin oktyabr ayında ölkəmizə səfəri zamanı sərhədlərin delemitasiyasına dair imzalanan sazişə uyğun olaraq məsələ ilə bağlı yekun sənəd hazırlanıb və oktyabrın 27-də Həştərxanda Azərbaycan və Rusiya xarici işlər nazirləri tərəfindən imzalanıb. Hər iki tərəf sərhəd xəritələrini hazırlayıb və noyabr ayında təsdiq edib. Hazırda Rusiya ilə Azərbaycan arasında təkcə sərhədlərin demarkasiyası işi ilə bağlı məsələ tamamlanmamış qalır ki, bunu da Azərbaycan tərəfi həyata keçirəcək.
Qərib Məmmədov ölkəmizdə torpaqlardan daha səmərəli istifadə etmək və kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək məqsədilə kiçik fermer təsərrüfatlarının birləşməsini də vacib sayır. Komitə sədrinin sözlərinə görə, dünyada kiçik torpaqların böyüklərə birləşdirilməsi praktikası tətbiq edilir. Torpaqların birləşdirilməsi ondan daha səmərəli istifadə yollarından biridir. Vətəndaşlar torpaq sahələrinə sahibdirlər, kiçik təsərrüfatlarda müasir texnologiyanı tətbiq etmək mümkün deyil. Kiçik fermer təsərrüfatları birləşib iri fermer təsərrüfatları yaratmalıdırlar ki, bunu həm müasir texnologiya, gübrə sistemi, həm də kollektiv cins sistemi tətbiq etməklə yüksək məhsul əldə etmək mümkün olsun. Bu, həm də yeni texnikanın, avadanlığın tətbiqi, torpaqların gübrələndirilməsi, kollektorların tikintisi baxımdan olduqca məqsədəuyğundur.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1404 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sülhə qarşı olanlar

13 Sentyabr 11:59

Gündəm

Start verildi...

13 Sentyabr 11:23

İqtisadiyyat

Analitik

100 saylı əmr!

13 Sentyabr 10:46  

Analitik

Analitik

Makronizmin son gülləsi...

13 Sentyabr 09:11  

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30