Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avropa ilə Asiya arasında etibarlı körpü

Avropa ilə Asiya arasında etibarlı körpü

11.10.2022 [10:24]

Böyük Avrasiya coğrafiyasında inteqrasiyanı Azərbaycanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Xüsusilə də yeni geosiyasi reallıqlar fonunda ölkəmizin regionda rolu yeni məzmun kəsb etməyə başlayıb.

Respublikamızın Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində və Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti getdikcə artır ki, bu da müxtəlif amillərlə şərtlənir.

Azərbaycan yeganə ölkədir ki...

Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz Şərqlə Qərb arasında təbii körpü rolunu oynayır. Tarixən Azərbaycanın ərazisindən müxtəlif istiqamətlərə işlək karvan yolları olub və bu yollarla yüklər daşınıb, insanlar səyahətlərə çıxıblar. Lakin bu gün respublikamızın Avrasiyada önəmi yalnız əlverişli təbii-coğrafi yerləşməsi ilə məhdudlaşmır. Müstəqillik dövründə, xüsusilə də son 19 ildə Prezident İlham Əliyevin səyləri ilə Azərbaycanın böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaratmağa nail olduğu müasir yol-nəqliyyat infrastrukturu respublikamızın Şərqlə Qərb arasında tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız hər iki dəhlizin funksionallığının artmasına, tərəfdaşlarla fəaliyyətlərin uzlaşdırılmasına və tariflərin optimallaşdırılmasına, hüquqi bazanın təkmilləşdirilməsinə güclü siyasi iradə göstərir. Təhlükəsizlik mühiti, uzunmüddətli sabitlik, rahat infrastruktur, dəhlizlərin bir-birinə inteqrasiya edilməsi, quru və su yolları ilə daşımaların mümkünlüyü ölkəmizə marağı və inamı artırır. Qeyd edək ki, ayrı-ayrılıqda bəhs olunan dəhlizlərdə 10-dan çox ölkə təmsil olunur. Azərbaycan isə yeganə ölkədir ki, hər iki dəhlizin fəal iştirakçısıdır.

Əlverişli coğrafi mövqeyə malik ölkəmizin, həmçinin Orta Dəhliz üzrə də önəmi artır. Azərbaycan Orta Dəhliz marşrutunda Avropa ilə Asiyanı birləşdirən açar ölkələrdən biri hesab olunur. Yeni geosiyasi reallıqlar fonunda  bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur. Çindən Avropaya gedən yük qatarları Orta Dəhlizi seçərlərsə, 12 gün ərzində 10 min kilometr  deyil, 7 min kilometr məsafə qət edərlər.

Eyni zamanda, respublikamız 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə sayəsində regionda yeni reallıqlar yaradıb. Üçtərəfli Bəyanatda Azərbaycanın diktəsi ilə bölgədə yeni dəhlizin yaradılması nəzərdə tutulub. Beynəlxalq səviyyədə Zəngəzur dəhlizi kimi qəbul edilən bu marşrut Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək və oradan da Türkiyə vasitəsilə Avropayadək uzanacaq. Bu marşrut da Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya ediləcək. Beləliklə, Azərbaycan öz ərazisində Şərqdən Qərbə və əksinə gedən yükləri və sərnişinləri üç istiqamətə yönəldə biləcək.

Azərbaycanın Avropa üçün artan önəmi

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında həm güclü siyasi dialoq, həm də yüksək dinamikaya malik iqtisadi əlaqələr formalaşıb. Qurumda təmsil olunan 9 dövlətlə ölkəmiz arasında strateji tərəfdaşlıq müqavilələri imzalanıb. Aİ respublikamızın ən böyük ticarət tərəfdaşıdır. Qlobal pandemiyanın pik mərhələsindən sonra - 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 15.4 milyard dollar səviyyəsinə qalxıb. Bu, Azərbaycanın xarici ticarətinin 44 faizi deməkdir. 500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələndirilməsi baxımından çox vacibdir.

Azərbaycanla Aİ arasında əməkdaşlığın mühüm istiqamətini enerji sektoru təşkil edir. Deyə bilərik ki, ölkəmiz qoca qitənin enerji xəritəsini, əslində yenidən dizayn edib. Bu günlərdə Prezident İlham Əliyev Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etdi. Bu fakt bir daha təsdiqləyir ki, hazırda ölkəmizin qoca qitə üçün önəmi artır. Son illərədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. İndi isə respublikamız “qoca qitə” üçün həm də alternativ “mavi yanacaq” mənbəyi qismində çıxış edir. Azərbaycan çox böyük səylər göstərməklə, qətiyyətli siyasi iradə nümayiş etdirməklə Xəzərdən Türkiyədən keçməklə Avropayadək uzanan Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasına nail oldu. Bir vaxtlar “qoca qitə”nin özündə müəyyən skeptik yanaşmalarla qarşılanan bu layihə indi bir növ xilaskarlıq rəmzinə çevrilib. Dörd mühüm seqmentdən ibarət olan yeni nəql marşrutunun inşası 2020-ci ilin sonlarında tamamlandı. Həmin vaxtdan etibarən Azərbaycan Avropaya 11 milyard kubmetrdən çox “mavi yanacaq” ixrac edib. Ötən il 43.9 milyard kubmetr qaz hasil edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Paralel şəkildə ixrac həcmləri də artır. Ölkəmizdən qoca qitəyə qaz ixracının artırılması üçün Cənub Qaz Dəhlizinin ayrı-ayrı seqmentlərinin genişləndirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində ölkəmizdən Avropaya qaz ixracının artırılması perspektivləri barədə məlumat verərək deyib: “Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq”.

Perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Azərbaycan bərpa olunan enerji mənbələri ilə zəngin olan bir diyardır. Hazırda Azərbaycan həm Xəzər sahillərində, həm də Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə yeni bərpa olunan enerji stansiyaları yaratmaqla özünün elektrik enerjisi istehsalı və ixracı imkanlarını artırmağı hədəfləyib. “Bizim həm qazımız, həm neftimiz, eyni zamanda, elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır, bəlkə də bu haqda danışmaq bir qədər tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Türk birliyində Azərbaycan lider dövlətlərdən biri kimi

Azərbaycan türk dövlətlərinin yaxınlaşmasında qardaş Türkiyə ilə birlikdə liderlik keyfiyyətləri nümayiş etdirir. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində qoyulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə qurumun adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsi haqqında Qərar imzalanıb.

Bu gün respublikamızın Türk dövlətlərinin əksəriyyəti ilə xoş niyyətə əsaslanan yaxşı münasibətləri var.  Azərbaycan-Türkiyə əlaqələri digər Türkdilli ölkələrin əməkdaşlığı üçün yaxşı nümunədir. İki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir. Bu gün iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin məbləği 20 milyard dolları keçib. Öz növbəsində Türkiyə Azərbaycan iqtisadiyyatına təxminən 13 milyard dollar həcmində sərmayə yönəldib.

Azərbaycanla Orta Asiyada yerləşən Türk dövlətləri arasında əlaqələr də yüksək səviyyədədir. Burada ölkə rəhbərlərinin qarşılıqlı səfərləri mühüm rol oynayır. Təkcə cari ildə Prezident İlham Əliyev Özbəkistanda səfərdə olub. Eləcə də, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə səfərə gəliblər. Azərbaycanın və dost Türkmənistanın dövlət başçıları arasında siyasi dialoq da yüksək səviyyədədir. Eyni zamanda, respublikamızla Orta Asiyada yerləşən Türk dövlətləri arasında iqtisadi əlaqələr böyük perspektivə malikdir. Cari ilin birinci yarısında ölkəmizin 4 Türk dövləti ilə ümumi ticarət dövriyyəsi 544.360 milyon dollar olub. Bu, 2021-ci ildə olan ümumi dövriyyədən 66.5 faiz çoxdur. Bəhs olunan dövrdə  Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi 326.673, Türkmənistan ilə 125.910, Özbəkistan ilə 87.478, Qırğızstan ilə isə 4.229 milyon dollar olub.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30