Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakı enerji şirkətlərinin ənənəvi görüş yeridir

Bakı enerji şirkətlərinin ənənəvi görüş yeridir

18.06.2011 [12:25]

XVIII Beynəlxalq Xəzər neft və qaz, neft emalı və neft kimyası sərgisində iştirak edən şirkətlərin nümayəndələri tədbirin təşkilindən razılıqlarını bildiriblər və Azərbaycanda həyata keçirilən enerji siyasətini yüksək qiymətləndiriblər
Bu günlərdə “Bakı Ekspo Mərkəz”də regionun ən böyük neft-qaz sərgisi-XVIII Beynəlxalq Xəzər neft və qaz, neft emalı və neft kimyası sərgisi (“Caspian Oil & Gas-2011”) keçirilib. Tədbirə dünyanın 28 ölkəsindən təqribən 300-dək şirkət qatılıb. Sərginin rəsmi açılış mərasimində dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət rəsmiləri, eləcə də, Azərbaycanda akkreditə olunan xarici ölkələrin səfirləri iştirak ediblər. Rəsmi açılış mərasimində Prezident İlham Əliyevin geniş və əhatəli nitqi, eləcə də, ABŞ prezidenti B.Obamanın sərgi iştirakçılarına ünvanladığı təbrik məktubu tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərgidə təmsil olunan şirkət rəsmiləri öz təəssüratlarını əməkdaşımızla bölüşüblər.
Serkan Aksüyek (“Petkim Holdinq”): “Petkim” şirkəti olaraq sərgidə iştirak etməkdən çox məmnunuq. Biz Bakıda keçirilən ənənəvi neft-qaz sərgisinə bizim sektorda çalışan şirkətlərin ən önəmli bir görüş yeri kimi baxırıq və artıq 3-cü ildir ki, bu sərgidə iştirak edirik. Bəri başdan qeyd edim ki, sərgi çox yüksək səviyyədə təşkil olunub. Açılış mərasimində cənab Prezident İlham Əliyevin iştirakı sərgiyə xüsusi rəng, bir ovqat qatdı. Xarici şirkətlərin təmsilçiləri bir daha əmin oldular ki, Azərbaycan dövləti, onun hökuməti ölkənin karbohidrogen ehtiyatlarının istifadəsinə necə böyük önəm verir. Azərbaycanın çox böyük neft-qaz ehtiyatlarının olması artıq heç kimə sirr deyil. Əsas odur ki, Azərbaycan iqtidarı, hökuməti bu zənginlikdən ölkənin inkişafı, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində çox səmərəli şəkildə istifadə edir. Mən artıq 3 ildir ki, analoji sərgilərdə iştirak edirəm və hər dəfə bura gələndə Bakının inkişaf etdiyinin, şəhərin daha da abadlaşdığının, gözəlləşdiyinin, yeni-yeni yaraşıqlı binaların tikildiyinin şahidi oluram. Bu, bizi çox sevindirir. Bildiyimiz kimi, keçmiş sovetlər dönəmində Azərbaycanın yeraltı sərvətləri mərkəzi hökumət tərəfindən talan edilirdi, Azərbaycan xalqının rifahı naminə istifadə olunmurdu. Artıq Azərbaycan müstəqil dövlətdir və o, indi öz təbii sərvətlərinin sahibinə çevrilmişdir. Bu, ölkə üçün çox önəmli haldır, qardaş ölkə olaraq sevinirik ki, sizin belə bir şansınız var. Bu gün dünyanın aparıcı neft şirkətləri Azərbaycanla əməkdaşlıq edir, ölkənizə sərmayə yatırmağa can atırlar. Bu, hər şeydən əvvəl, ölkədə bərqərar olan siyasi sabitlik, eləcə də Azərbaycan iqtidarının apardığı düzgün və məqsədyönlü siyasətin nəticəsidir. Elə götürək “Caspian Oil & Gas-2011” sərgisini. Dünyanın aparıcı neft şirkətləri- “bp”, “Statoil”, “Total”, “RWE” “OMW”, eləcə də, enerji sahəsində çalışan digər şirkətlər burada təmsil olunurlar. Bir sözlə, Bakı enerji şirkətlərinin ənənəvi görüş yerinə çevrilib ki, bu da Türkiyə şirkəti olaraq bizi çox sevindirir.
Bundan əlavə, daha bir məqama toxunmaq istərdim. Bildiyiniz kimi, Dövlət Neft Şirkəti (ARDNŞ) “Petkim”də 51 faiz paya malikdir və birgə əməkdaşlığın nəticəsində yaxın vaxtlarda İzmirdə yeni neft emalı zavodunun tikintisinə başlanılacaq. Əslində, zavodun rəsmi təməlatma mərasimi iyunun əvvəllərinə planlaşdırılmışdı. Lakin Türkiyədə parlament seçkiləri yaxınlaşdığından, bu mərasim bir qədər sonraya saxlanıldı və ümid edirik ki, ilin ikinci yarısında, bu, mütləq gerçəkləşəcək. Zavodun inşasına 4-5 milyard dollar həcmində investisiya yatırılması planlaşdırılır. Layihənin 2014-cü ildə reallaşacağı nəzərdə tutulur. Burada təkcə benzin deyil, digər neft-kimya məhsulları - ümumilikdə götürdükdə isə ildə 10 milyon ton neft-kimya məhsulları istehsal olunacaq. Bunun təqribən 2,5 milyon tonunu nafta (neft-kimya məhsullarının əsas xammal maddəsi), 6,5 milyon tonunu ultraaşağı kükürdlü dizel yanacağı, qalanını isə kimya sənayesində istifadə olunan digər maddə və komponentlər təşkil edəcək.
Xatırladım ki, indiyədək də Türkiyədə analoji məhsullar istehsal olunurdu və onlar əsasən xarici dövlətlərə ixrac olunurdu. Layihənin reallaşması həm Azərbaycana, həm də Türkiyəyə böyük mənfəətlər gətirəcək.
Hesab edirəm ki, qarşıdakı illərdə Azərbaycanın iqtisadi qüdrəti daha da artacaq və qardaş ölkənin xarici dövlətlərdə investisiya imkanları daha da genişlənəcəkdir. Bu baxımdan, analoji sərgilərin çox böyük önəmi var və biz “Petkim” olaraq, gələn il də bu sərgiyə qatılmağı planlaşdırırıq.
Vüqar Quliyev (“OMW” şirkətinin ölkə ofisinin rəhbəri): Avstriya şirkəti olaraq Bakıda ənənəvi keçirilən “Caspian Oil & Gas” sərgisinə çox böyük önəm veririk və artıq 4-cü dəfədir ki, bu sərgiyə qatılırıq. Azərbaycan hökumətinin bu sərgiyə belə dəstək verməsi bizi daha da ruhlandırır, gələcək illərdə də bu sərgiyə qatılmağa sövq edir. Məlumat üçün bildirim ki, sərginin rəsmi açılış mərasimində iştirak edən Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bizim stendi də ziyarət etdi, bu, bizi daha da sevindirdi.
Hələlik, Azərbaycanda konkret layihəmiz yoxdur. Bizim regionla əməkdaşlığımız, əsasən, NABUCCO qaz kəməri layihəsi ilə bağlıdır. Bu layihənin tikintisinə isə 2013-cü ildə başlanılacağı gözlənilir. Doğrudur, Azərbaycanın bu layihədə nə dərəcədə iştirak edəcəyi hələlik bəlli deyil. Amma bununla belə, biz Azərbaycanla əməkdaşlığa çox böyük önəm veririk. çünki Azərbaycan öz zəngin təbii sərvətlərindən səmərəli şəkildə istifadə edir. Xarici neft şirkətləri də bunu aydın görür və dəyərləndirirlər, ölkə ilə əməkdaşlıq etməyə daha çox can atırlar.
Məlumat üçün bildirim ki, “OMW”nin əsas fəaliyyət istiqaməti karbohidrogen ehtiyatlarının istehsalı, emalı və nəqlidir. Şirkət təbii qazın hasilatı, emalı və nəqli sahəsində Mərkəzi Avropada aparıcı şirkət hesab olunur. “OMW” həm də NABUCCO üzrə beynəlxalq konsorsiumun operatorudur. Bildiyiniz kimi, Türkiyə, Almaniya, Macarıstan, Avstriya və Rumıniya şirkətləri bu konsorsiumda təmsil olunurlar.
Sərgidə iştirak etməkdə əsas məqsədimiz enerji sahəsində fəaliyyət göstərən digər şirkətlərlə əlaqələr yaratmaq, əməkdaşlıq imkanlarını araşdırmaqdır. Bu baxımdan, Bakı sərgisini çox müsbət hal kimi qiymətləndiririk və gələn il də bu sərgidə iştirak etməyi düşünürük.
Haike Liebold (“GDF SVEZ”in Bakı ofisinin direktoru): Fransanın “GDF” şirkəti energetika sahəsində dünyanın ən aparıcı şirkətidir və dünyanın bütün qitələrində neft-qaz yataqlarının kəşfiyyatı, qazma işləri, hasilat və nəqli məsələləri ilə məşğuldur. Bundan əlavə, şirkət qaz yataqlarının, eləcə də, ətraf mühitin qorunması ilə bağlı layihələndirmə işlərini də həyata keçirir.
Onun törəmə şirkəti olan “GDF SVEZ” hazırda Azərbaycanla uğurlu əməkdaşlıq edir. Məlumat üçün qeyd edim ki, “Abşeron” yatağında ARDNŞ (40 faiz) və “Total”la (40 faiz) müştərək layihədə iştirak edirik. Hazırda bu yataqda ikinci kəşfiyyat quyusunda qazma işləri aparırıq. Baxmayaraq ki, Fransada “GDF” və “Total” bir-birinə rəqib olan şirkətlərdir, amma Azərbaycan bizi bir layihədə “birləşdirə” bilib. Və hesab edirik ki, Azərbaycandakı birgə işimiz tərəflərə daha çox xeyir verə bilər. çünki Azərbaycanda neft hasilatı sahəsində stabil bir vəziyyət yaranıb, perspektivli strukturlar artıq bəllidir. Amma yaxın gələcəkdə Azərbaycanda böyük qaz yataqlarının kəşfi, eləcə də, istismarı istisna olunmur. Və biz hesab edirik ki, “Abşeron” yatağı bizim ümidlərimizi doğruldacaq və Azərbaycanla olan əməkdaşlığımız uğurla davam edəcək.
ümumiyyətlə, beynəlxalq ekspertlər də təsdiq edirlər ki, Azərbaycanda zəngin qaz yataqları mövcuddur. Əgər xatırlayırsınızsa, sərginin rəsmi açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev də qeyd etdi ki, ölkənizdə 12 trilyon m3-dən artıq qaz ehtiyatları mövcuddur. Və biz bu təbii qaz ehtiyatlarının çıxarılmasına öz töhfəmizi verməyə düşünürük.
Yeri gəlmişkən, bir məqama da toxunmaq istərdim. Azərbaycan təkcə özünün zəngin karbohidrogen ehtiyatları ilə dünyanın diqqətini cəlb etməyib. Bu ölkə Şərqlə Qərbin kəsişdiyi nöqtədir, Avropadan Asiyaya açılan bir pəncərədir. Hesab edirəm ki, xarici şirkətlər də Azərbaycanla əməkdaşlığa üstünlük verərkən, öncə bu amilə diqqət verirlər.
Elə bu səbəbdən də biz Azərbaycandayıq. Artıq ikinci ildir ki, “Caspian Oil & Gas” sərgisinə qatılırıq. ötən illə müqayisədə, bu il stendimiz daha möhtəşəmdir. Elə sərginin özü də çox yüksək səviyyədə təşkil olunmuşdu. Biz hər il dünyanın bir sıra ölkələrində təşkil olunan analoji tədbirlərə qatılırıq. Tam əminliklə deyə bilərəm ki, Bakıda təşkil olunan neft-qaz sərgisi xarici ölkələrdəki sərgilərdən heç də geri qalmır, bəlkə də onları üstələyir.
Burada bir haşiyə çıxmaq istərdim. Bizim şirkət, eyni zamanda, su hövzələrinin neft tullantılarından, eləcə də, digər zərərli maddələrdən təmizlənməsi ilə də məşğul olur. Bu baxımdan Azərbaycanda analoji layihələrdə də iştirak etməyi planlaşdırırıq. ümid edirik ki, “GDF SVEZ”in Azərbaycanla əməkdaşlığı təkcə “Abşeron” ilə məhdudlaşmayacaq. Biz Fransa şirkəti olaraq, bu gözəl ölkə ilə uzunmüddətli, özü də müxtəlif sahələrdə əməkdaşlıq etməyi planlaşdırırıq.
Odur ki, böyük məmnuniyyətlə gələn il də bu sərgidə iştirak edəcəyik.
David Skeels (“RWE” şirkətin Azərbaycandakı icraçı direktoru): Bəri başdan söyləyim ki, sərgi haqda zəngin təəssüratlarımız var. Bu il üçüncü dəfədir ki, sərgiyə qatılırıq. Sərgi möhtəşəm keçdi. Prezident İlham Əliyevin iştirakı sərginin statusunu daha da artırdı, onu möhtəşəm etdi. ümumiyyətlə “Casrian Oil & Gas” sərgisinə marağımız ildən-ilə artır. ötən il stendimiz daha kiçik idi. Bu il isə pavilyonun tam mərkəzində, özü də böyük bir stend qurmuşuq. Sərginin açılışında iştirak edən dövlət başçısı cənab İlham Əliyev də stendimizlə tanış oldu. Bu, bizi çox sevindirdi.
Qeyd etmək istərdim ki, baş ofisi Hamburqda yerləşən “RWE” Almaniyada enerji sektorunda aparıcı şirkətlərdəndir. Böyük Britaniyada, Şimal dənizində hasilat işləri ilə məşğul olur. Xəzər regionunda isə Türkmənistanda da fəaliyyət göstəririk. Orda gələn il bir blokda hasilat işləri ilə məşğul olacağıq.
Azərbaycanda təmsil olunan bölümümüz isə neft və qazın hasilatı ilə məşğuldur. Bildiyiniz kimi, “RWE” həm də NABUCCO layihəsinin iştirakçısıdır. Eyni zamanda, Azərbaycanın dənizdəki “Naxçıvan” qaz yatağında istismar üzrə operatorluq edəcəyik. Bu məqsədlə tərəflər arasında ilkin Anlaşma protokolu imzalanıb. Hazırda ARDNŞ-lə aparılan danışıqlarda gələcək sazişin kommersiya şərtləri razılaşdırılır. İlin axırında yataqda hasilatın pay bölgüsü üzrə sazişin imzalanması nəzərdə tutulur.
Amma biz fəaliyyətimizi təkcə “Naxçıvan” bloku ilə məhdudlaşdırmaq istəmirik.
Bir qədər əvvəl şirkətimizin vitse-prezidenti Hans-Herman Ecke Bakıda səfərdə olub. ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüşdə Xəzər regionunda şirkətin digər sahələrdə də həyata keçirmək istədiyi layihələr müzakirə olunub. ümid edirəm ki, bizim Azərbaycanla əməkdaşlığımız daha uğurlu olacaq və biz də hasilat sahəsində qazandığımız təcrübəni Azərbaycanda neft sənayesinin inkişafına sərf edəcəyik.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1289 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sülhə qarşı olanlar

13 Sentyabr 11:59

Gündəm

Start verildi...

13 Sentyabr 11:23

İqtisadiyyat

Analitik

100 saylı əmr!

13 Sentyabr 10:46  

Analitik

Analitik

Makronizmin son gülləsi...

13 Sentyabr 09:11  

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30