Regionlarda yaradılan yeni təsərrüfat sahələrində bol məhsul yetişdirilir
05.08.2016 [09:47]
Respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, torpaq sahələrindən səmərəli istifadə olunması ilə bağlı qarşıya qoyulan vəzifələr uğurla icra olunur
Aqrar sektorun inkişafı, əhalinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının yerli istehsal hesabına ödənilməsi Azərbaycan dövləti tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən biridir. Təsərrüfatlarda məhsuldarlığın artırılmasında intensiv metodların tətbiqi, yeni suvarma üsullarından geniş istifadə olunması, aqrotexniki qaydalara əməl edilməsi və bu qəbildən olan digər tədbirlər mühüm rol oynayır. Yeni iqtisadi şəraitdə Azərbaycan neft amilindən asılılığı aradan qaldırmağa, iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunmasına yönələn ardıcıl tədbirlər həyata keçirir. Müəyyənləşdirilən vəzifələr neft gəlirlərinin azaldığı dövrdə də inkişafın ardıcıllığını qoruyub saxlamağa hesablanıb. Yeni iqtisadi şəraitin meydana çıxartdığı mühüm çağırışlardan biri isə ölkənin regionlarının potensialından geniş istifadə edilməsi, respublikaya valyuta daxilolmalarının artmasına imkan yaradan perspektivli sahələrə maksimum diqqət yetirilməsi zərurəti ilə bağlıdır.
İndiki şəraitdə ölkənin aqrar sektorunda ixractutumlu məhsulların istehsalının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev istər “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı, istərsə də Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqlərində ölkəmizin neft gəlirlərinin azalmasını aqrar sektorda ixractutumlu məhsul istehsalının artırılması, o cümlədən də pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı hesabına kompensasiya etməyin mümkün olduğunu bildirib. Həqiqətən də, Azərbaycanda bitkiçiliyin bu və digər sahələrini geniş inkişaf etdirmək və beləliklə də, xarici istehlak bazarlarında geniş şəkildə təmsil olunmaq, ölkəyə qeyri-neft sektorundan valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində indiki şəraitdə ölkəmizə valyuta daxilolmalarının azalmasının kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya edilməsinin zəruriliyini diqqətə çatdırıb: “İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik”.
Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixractutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin qayğılarının, təklif və istəklərinin, habelə yerlərdə aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb.
Təbii ki, görülən işlər rayonlarda aqrar sahədə əldə olunan nailiyyətlərdə özünü açıq şəkildə göstərir. Təsadüfi deyil ki, bu mövsüm regionlarda bol məhsul əldə olunub. Astara rayonu da uğurlu bir mövsümü yaşamaqdadır. Rayonda ənənəvi sahələrlə yanaşı, çəltikçiliklə məşğul olan fermerlər bu il sahələrdə bol məhsul yetişdiriblər. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, əkilmiş çəltik sahələrinə düzgün aqrotexniki qulluq və havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Keçən il rayonun çəltik sahələrinin hər hektarından 39 sentner məhsul götürülmüşdüsə, cari ildə bu rəqəm 50 sentner təşkil edir. Ötən il 65 hektar sahədə çəltik əkini aparan məhsul istehsalçıları bu il sahələri iki dəfə genişləndirərək 132 hektara çatdırıblar.
Çəltikçilikdə mühüm əhəmiyyət kəsb edən suvarma işi yaxşı təşkil olunduğundan kanallarda sahələrin suvarılması üçün də kifayət qədər su toplanıb. Biçinə hazırlıq dövrü olduğu üçün sahələrə suyun verilməsi dayandırılıb. Avqustun birinci ongünlüyündən rayonun çəltik sahələrində məhsul yığımına başlanılıb. Cari əkin mövsümündə çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərindəki təsərrüfatları əhatə edib.
Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşımı”, “Sədri”, “Daştəsə”, “Şabani”, “Həsəni” kimi ənənəvi toxum növlərinə üstünlük veriblər. Dövlət tərəfindən çəltik əkininə görə məhsul istehsalçılarına subsidiyaların verilməsi fermerlərin bu sahənin inkişafına marağını daha da artırıb. Məhsul istehsalçıları çəltikçiliyin inkişaf etdirilməsində müəyyən çətinliklərlə üzləşdiklərini bildirsələr də, onun səmərəli və gəlirli olduğunu da vurğulayırlar.
Qeyd edək ki, ötən il Astara rayonunda 254 ton düyü istehsal olunub. Cari ildə bu rəqəmin 700 tona çatdırılması nəzərdə tutulub.
Yardımlı rayonunda 21 illik fasilədən sonra əkilmiş tütün sahəsində ilk məhsul yığımına başlanılıb
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkənin aqrar sektorunda yeni təsərrüfat sahələri yaradılır, çayçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq və tütünçülüyün inkişafı istiqamətində tədbirlər görülür. Yardımlı rayonunda isə 21 illik fasilədən sonra 10 hektar ərazidə əkilmiş tütün sahəsində ilk məhsul yığımına başlanılıb. Rayonun “Deman” ərazisindən yığılan tütün yarpaqları sahələrdən birbaşa tədarük məntəqəsinə gətirilir və qurudulmaq üçün kameralara qoyulur.
Tədarük məntəqəsində “Adesco” şirkətinin istehsalı olan 3 tütünqurutma kamerası quraşdırılıb. Hər kamera bir dəfəyə 6 ton tütün qəbul etmək imkanına malikdir. Yığılan məhsulun satış məsələsi də həll olunub. Şəki şəhərində fəaliyyət göstərən “İlham MMC” ilə bağlanmış müqaviləyə əsasən qurudulmuş tütün məhsulu müəssisəyə satılır. Rayonda birinci yığım zamanı 3 hektar sahədən 6 tona yaxın tütün yığılıb. Uzun fasilədən sonra əkilmiş tütün sahələrindən bu il 30 ton məhsulun yığılması nəzərdə tutulub. Növbəti illərdə isə rayonda tütün əkininin 50 hektara çatdırılması planlaşdırılıb.
Astara rayonunda isə bostan məhsullarının əkininə diqqət artırılıb. Məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi rayonda bostançılığın inkişafı üçün geniş imkanlar açıb. Cari ildə rayonda 527 hektar sahədə bostan məhsulları əkilib. Bu, ötən illə müqayisədə 182 hektar çoxdur. İndiyədək 332 hektar sahədən 4310 ton məhsul yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 13 ton təşkil edib. Astarada bostançılıqla məşğul olan məhsul istehsalçıları əvvəlki illərdə yığıma iyul ayının sonlarından başlayırdılarsa, bu il təxminən iki həftə tez başlayıblar.
Əkin sahəsinə göstərilən düzgün aqrotexniki qulluq və hava şəraitinin əlverişli keçməsi məhsuldarlığa da öz təsirini göstərib. Bazarda qarpız və yemiş bolluğu olsa da, Astarada yetişdirilən və ekoloji cəhətdən təmiz olan bostan məhsullarına tələbat çoxdur. Rayonda məhsul yığımı avqustun sonlarınadək davam edəcək.
Tovuzda fermerlər bu il 8197 hektar kartof sahəsində bol məhsul yetişdiriblər
Zaqatala rayonunun taxılçıları üçün builki mövsüm çox uğurlu olub. Belə ki, fermerlər 12 min 221 hektar taxıl sahəsindən 37 min 965 ton məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 3,8 min ton artıb. Hər hektardan orta məhsuldarlıq 31,1 sentner təşkil edib. Məhsuldarlıq ötən illə müqayisədə 3 sentner artıb. Bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, tədarük olunan taxılın 26 min 933 tonu buğda, 11 min 32 tonu isə arpadır. Artıq təsərrüfatlarda payızlıq dənlilərin səpini üçün yay şumunun çıxarılmasına başlanılıb.
Tovuzda da fermerlər bu il 8197 hektar kartof sahəsində bol məhsul yetişdiriblər. Rayon statistika idarəsindən bildiriblər ki, bu günədək 6 min 10 hektar sahədən 131 min 4 ton məhsul yığılıb. Hər hektarda orta məhsuldarlıq 218 sentner təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof yığılan sahələr 1423 hektar, tədarük olunan məhsul 46 min 6 ton, hektardan orta məhsuldarlıq isə 32,7 sentner çoxdur. Hazırda Tovuzun dağ kəndlərində kartof yığımı davam edir.
Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə verdiyi tapşırıqların icrası istiqamətində Ağcabədi rayonunda zəruri işlər görülür. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı nəzərə alınaraq, bu il rayonda 3661 hektar sahədə pambıq əkilib. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi filialı və “CTS Aqro” MMC-nin Ağcabədi pambıq istehsalı və emalı zavodu ilə bağlanan müqavilə əsasında becərirlər. Bu il müqavilə əsasında “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi filialı ilə 2265 hektar, “CTS Aqro” MMC-nin Ağcabədi pambıq istehsalı və emalı zavodu ilə 1298 hektarda, “CTS Aqro” MMC-nin Ağdam filialı ilə 97,7 hektarda çiyid səpini həyata keçirilib. Müqavilə bağlamış fermerlər toxum, gübrə, dərman və texnika ilə təmin edilirlər. Növbəti il rayon ərazisində 8 min hektar sahədə pambıq əkilməsi üçün tədbirlər görülür.
Hazırda pambıq sahələrində qozalama dövrüdür. Sahələrdə suvarma, zərərverici və xəstəliklərə qarşı mübarizə və digər aqrotexniki tədbirlər görülür.
Beləliklə, sadalananlardan da aydın göründüyü kimi, respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, torpaq sahələrindən səmərəli istifadə olunması ilə bağlı qarşıya qoyulan vəzifələr uğurla icra olunur.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23

