Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ötən il cəbhə bölgəsində yerləşən rayonlar üçün də uğurlarla yadda qalıb

Ötən il cəbhə bölgəsində yerləşən rayonlar üçün də uğurlarla yadda qalıb

21.02.2017 [09:32]

2016-cı ildə sözügedən rayonlarda tikinti, abadlıq və quruculuq işləri davam etdirilib, infrastruktur layihələri həyata keçirilib
Məlum olduğu kimi, həyata keçirilən düşünülmüş siyasət və görülən işlər nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar əldə edilib. Və bu istiqamətdə 2016-cı il də uğurlarla yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində də qeyd etdiyi kimi, 2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verirlər. Onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirib. Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşıb. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür.
Heç şübhəsiz, Azərbaycanın əldə etdiyi bu uğurlarda 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının xüsusi payı var. Məhz həmin proqramların icrası nəticəsində bölgələrimizin siması dəyişib, regionlarımız inkişaf edib ki, bu inkişafdan cəbhə bölgəsində yerləşən rayonlara da pay düşüb.
Elə həmin rayonlarda ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına dair əldə edilən nəticələr də belə deməyə əsas verir. Məsələn, 2016-cı ildə Füzuli rayonunda ümumi məhsul buraxılışının həcmi 151,8 milyon manat olub. Rayonun iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələri hesabına 52,7 milyon manat vəsait qoyulub ki, onun da 49,8 milyon manatı və ya 89,7 faizi tikinti-quraşdırma işlərinə yönəldilib. AZƏRTAC-ın məlumatına görə, bu faktlar 2016-cı ilin yekunları ilə bağlı Füzuli rayonunda keçirilən yığıncaqda səsləndirilib.
Qeyd olunub ki, hesabat dövründə rayonda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanılıb, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər, tikinti-quruculuq işləri davam etdirilib. Diqqətə çatdırılıb ki, 2016-cı il füzulililər üçün Prezident İlham Əliyevin noyabrın 12-də Füzuli rayonuna səfəri və aprel ayında Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini işğaldan azad etməsi ilə yaddaqalan və əlamətdar olub. Dövlətimizin başçısı səfər zamanı Horadiz şəhərində xalça kombinatının, avtovağzal kompleksinin, Dövlət Rəsm Qalereyasının, 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun açılışında iştirak edib, məcburi köçkünlər üçün salınan yeni qəsəbədə görülən işlərlə və ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub. Səfərdən sonra Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalanıb. Hesabat dövründə Horadiz şəhərində işğal zamanı yandırılmış və dağıdılmış Qurban Namazəliyev küçəsi yenidən qurulub, rayon statistika və kənd təsərrüfatı idarələri üçün inzibati binalar, Əhmədbəyli kəndində 30 çarpayılıq xəstəxana tikilərək istifadəyə verilib. Hazırda 3-cü Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının satışı üçün bazarın, Horadiz-Arayatılı avtomobil yolunun kənarında istixana kompleksinin tikintisi davam etdirilir.
Onu da vurğulamaq yerinə düşər ki, son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Artıq altıncı ildir ki, Füzuli rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Füzuli taxılçıları ötən il 35 min 818 hektar sahədən 121,1 min ton taxıl əldə ediblər. Keçən il rayonda hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı yaradılıb, aqroparkın yaradılması istiqamətində isə iş aparılır. 2016-cı ildə rayonda ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılıb. 520 tona yaxın pambıq, 3 tondan artıq barama istehsal olunub. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon ərazisində 12 subartezian quyusu qazılıb.
Cəbhə bölgəsində yerləşən Tərtərdə də tikinti-quruculuq işləri geniş vüsət alıb. Belə ki, keçən il erməni silahlılarının cəbhədə törətdikləri təxribatlara baxmayaraq, Tərtər şəhərində tikinti, abadlıq və quruculuq işləri davam etdirilib, infrastruktur layihələri həyata keçirilib. Bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında məlumat verilib.
Tərtər rayon İcra Hakimiyyətindən qəzetimizə verilən məlumata görə, yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Sahib Həsənov bildirib ki, ötən il Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Kənd Təsərrüfatı İdarəsi üçün yeni binaların, 100 yerlik uşaq bağçasının və şahmat məktəbinin tikintisi başa çataraq istifadəyə verilib, erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində dağılmış mülki əhaliyə məxsus evlər bərpa edilib. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 ədəd çoxmərtəbəli yaşayış binasının fasad hissəsi və giriş blokları rənglənib. Prospekt və küçələr asfaltlanıb, təmir-abadlıq işləri aparılıb. “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası başa çatıb. Şəhər ərazisində müxtəlif gücdə 37 komplekt transformator məntəqəsi tikilib. Hazırda tarix-diyarşünaslıq muzeyinin inşasında son tamamlama işləri aparılır, Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır.
Yığıncaqda çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, dövlətimizin başçısı ötən il rayona iki dəfə səfər edib, “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” və “Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalayıb. Məhz bu diqqət və qayğının, həmçinin rayonun sosial-iqtisadi inkişafı sahəsində atılan müvafiq addımların nəticəsidir ki, 2016-cı ildə iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 181,6 milyon manat olub. Məhsul və xidmətlərin 72,6 faizi istehsal sahələrinin, 27,4 faizi xidmət sahələrinin payına düşüb. Ötən il Tərtər rayonunun da daxil olduğu Yuxarı Qarabağ iqtisadi rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 25,7 faiz, Tərtər rayonunda isə 46,4 faiz artıb. Ümumi məhsulun 49,8 milyon manatını kənd təsərrüfatı, 46,7 milyon manatını ticarət və xidmət sahəsi, 76,6 milyon manatını tikinti-quraşdırma işləri, 5,5 milyon manatını sənaye, 2,4 milyon manatını nəqliyyat və anbar təsərrüfatı, 0,6 milyon manatını informasiya və rabitə sahələri təşkil edib.
2016-cı ildə erməni silahlılarının cəbhədə törətdikləri təxribatlara, yaşayış məntəqələrini artilleriya atəşinə tutmasına baxmayaraq, Ağdam rayonunun da sosial-iqtisadi inkişafı davam edib, geniş tikinti, abadlıq-quruculuq işləri aparılıb. Bu barədə Ağdam rayon Quzanlı qəsəbəsində 2016-cı ilin yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun hesabat məruzəsində bildirilib ki, dövlətimizin başçısı may ayının 1-də cəbhə bölgəsinə səfər edib, düşmənin atəşi nəticəsində yanan evə baxış keçirib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Səfərdən sonra isə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalanıb. Tamamilə dağılmış 8 ev Sərəncama əsasən yenidən tikilib, 15 ev bərpa edilib, 27 ev əsaslı, 400-dən çox ev cari təmir olunub.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı dekabr ayının 3-də rayona növbəti səfəri zamanı Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin açılışında və Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak edib, ötən ilin aprelində düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin tikintisi və bərpası işləri ilə tanış olub.
Məlumat verilib ki, 2016-cı ildə rayon Kənd Təsərrüfatı İdarəsinin binası istifadəyə verilib, ağsaqqallar evində, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının, rayon İcra Hakimiyyətinin binalarında və mərkəzi meydanda yenidənqurma işləri aparılıb. Hazırda Muğam Mərkəzinin, 360 şagird yerlik məktəbin tikintisi, Mahrızlı kənd tam orta məktəbinin, Səfərli və İmamqulubəyli kənd uşaq bağçalarının əsaslı təmiri işləri davam etdirilir.
Bildirmək yerinə düşər ki, ötən il rayonda aqrar sahədə uğurlar əldə edilib. Məsələn, ötən il rayonda 2450 kiloqram barama, 833,4 ton pambıq, 57 min 569 ton taxıl, 49 min 806 ton tərəvəz, 7607 ton kartof, 992 ton meyvə, 7948 ton şəkər çuğunduru istehsal edilib.
Sözügedən yığıncaqda da vurğulandığı kimi, rayonun sosial-iqtisadi inkişafı, həmçinin abadlıq-quruculuq sahəsində işlər 2017-ci ildə də davam etdiriləcək. Məsələn, 2017-ci ildə 3 min hektarda pambıq əkilməsi, barama istehsalının artırılması, Muğam Mərkəzinin, xalçaçılıq müəssisəsinin, 360 şagird yerlik tam orta məktəbin tikintisinin, Mahrızlı kənd tam orta məktəbinin, Səfərli, İmamqulubəyli kənd uşaq bağçalarının əsaslı təmirinin başa çatdırılması, Heydər Əliyev adına parkın yenidən qurulması, dövlətimizin başçısının Sərəncamı ilə 20 məcburi köçkün ailəsi üçün evlərin tikilməsi və 30 ədəd subartezian quyusunun qazılması qarşıda duran əsas vəzifələrdir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30